Beynəlxalq Musiqi Festivalı
M.Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında simfonik musiqi konserti ilə
başlanmış Beynəlxalq Musiqi Festivalı ölkəmizin
mədəni həyatında bu əlamətdar hadisəyə
həsr edilib.
Konsertdən əvvəl
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, əməkdar
incəsənət xadimi, respublikanın xalq artisti, YUNESKO-nun təsis
etdiyi “Dünya artisti” fəxri adına layiq
görülmüş bəstəkar Firəngiz Əlizadə
yubiley gecəsinə toplaşanlar qarşısında
çıxış etmişdir. Sonra mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev tədbir
iştirakçılarını salamladı. O, dünyaya
neçə-neçə böyük musiqiçilər bəxş
etmiş bu yaradıcılıq birliyinin tarixinə qısaca nəzər
salmış və xalqımızın ümummilli lideri Heydər
Əliyevin ənənələrini davam etdirərək, milli
mədəniyyətin inkişafına böyük
qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyevə
təşəkkürünü bildirdi.
Konsertin əvvəlində
istedadlı gənc dirijor, beynəlxalq müsabiqələr
laureatı Əyyub Quliyevin idarə etdiyi Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında
ölməz “Koroğlu” operasının uvertürası səslənmiş,
sonra respublikanın xalq artisti, bəstəkar Aqşin Əlizadənin
violonçel və simfonik orkestr üçün
“Poema”sının əzəmətli sədaları salona
toplaşanların ruhuna hakim kəsilmişdir. Violonçeldə
solo partiyasını Azərbaycanın əməkdar artisti Əyyub
Əliyev ifa etdi. Konsertin birinci bölməsi Azərbaycanın
xalq artisti, bədii rəhbər Gülbacı
İmanovanın idarə etdiyi Dövlət Xor
Kapellasının, Azərbaycanın xalq artisti, professor Ramiz
Quliyevin və qiraət ustası Azad Şükürovun
ifasında Oqtay Rəcəbovun xor və simfonik orkestr
üçün yazdığı, Qarabağ müharibəsinin
qəhrəmanı, jurnalist Çingiz Mustafayevin nurlu xatirəsinə
həsr edilmiş “Çingiz” oratoriyası ilə başa
çatdı.
Azərbaycan Bəstəkarlar
İttifaqının 75 illiyinə həsr edilmiş Beynəlxalq
Musiqi Festivalının başlanmasından xəbər verən
konsertin ikinci hissəsi də böyük marağa səbəb
oldu. Əməkdar incəsənət xadimi Sevda
İbrahimovanın fortepiano və orkestr üçün “4
nömrəli konserti” (fortepianoda solo partiyasını Azərbaycanın
əməkdar artisti, pianoçuların bir sıra beynəlxalq
müsabiqələrinin laureatı Murad Adıgözəlzadə
ifa edirdi), habelə, Rüfət Ramazanovun “Qara Qarayevə
ithaf” əsəri musiqi sərraflarının gurultulu
alqışlarına layiq görüldü.
Həmin axşam səslənmiş
əsərlərdən biri - Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı, ölkəmizin birinci xanımı
Mehriban Əliyevaya həsr edilmiş “Dünyanın
qızılgülü” muğam-simfonik misteriyası barədə
ayrıca danışmaq vacibdir. Bu əsərin müəllifi
hazırda Kanadada yaşayan həmvətənimiz, Torontoda və
Vaşinqtonda “İpək yolu” kamera orkestrlərinin bədii rəhbəri,
Azərbaycanın əməkdar incəsənət xadimi
İsmayıl Hacıyevdir. Tanınmış şair və
yazıçı Şərəf Cəlilinin sözlərinə
bəstələnmiş “Misteriya” respublikanın xalq artisti Əminə
Yusifqızının ifasında melodik deklamasiyadan
başlandı.
Bu əsərin dinləyicilərə
təqdim olunmasında professor Ramiz Quliyev (tar), İkinci
Respublika Muğam Müsabiqəsinin laureatı Güllü
Muradova (xanəndə) və Mərkəz Əliyevdən
(kamança) ibarət trio və respublikanın əməkdar
artisti Yeganə Axundova (solo royal) da iştirak edib.
Konsert
proqramı zəmanəmizin böyük bəstəkarı
Qara Qarayevin “Yeddi gözəl” baletindən təntənəli
“Zəfər” melodiyası ilə başa çatdı.
Qeyd edək
ki, konsertdə səslənən, dinləyicilərə
yüksək zövq verən əsərlər Bakıda ilk dəfə
ifa edildi.
Zümrüd
Səs.- 2009.- 14 noyabr.- S. 12.