YAP- 17 il dövlətçilik uğrunda

 

Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyev tərəfindən xalqı bəlalardan xilas etmək məqsədilə yaradıldı

 

(Əvvəli ötən sayda)

 

Məlum olduğu kimi, noyabrın 21-i ümumxalq partiya olan Yeni Azərbaycan Partiyasının təsis olunması günüdür. Düz 17 il öncə, Azərbaycanda yaranmış ağır durum yeni bir siyasi təşkilatın- YAP-ın yaranma zərurətini meydana gətirdi. Ulu öndər Heydər Əliyevin yaratdığı partiya ötən zamanda ölkəni bəlalardan qurtardı və inkişaf yoluna doğru istiqamətləndirdi. Bu yazıda Yeni Azərbaycan Partiyasının 17-ci ildönümü ilə bağlı hakim partiyanın keçdiyi şərəfli tarixi yola nəzər salmağa çalışacağıq. Beləliklə, ilk öncə, bir suala aydınlıq gətirmək lazımdır. Yeni Azərbaycan Partiyası hansı tarixi zərurətdən yarandı? Bu suala partiyanın veteranlarının verdiyi cavabların daha doğru olacağı qənaətindəyik.

 

 

“YAP Azərbaycanın yeni tarixini şərəflə yazdı”

 

YAP İdarə Heyətinin üzvü, millət vəkili Arif Rəhimzadə:

 

- YAP-ın yaranma zərurətindən danışarkən, o dövrün ictimai-siyasi proseslərini diqqətlə analiz etmək lazımdır. 80-ci illərin axırlarında- 90-cı illərin əvvəllərində respublikaya rəhbərlik etmiş şəxslərin qətiyyətsizliyi və düşünülməmiş addımları nəticəsində Azərbaycan torpaqları bir-birinin ardınca düşmənlərin əlinə keçməyə başlamış, ölkədə dərin böhran yaranmışdı.

Müstəqilliyin ilk illərində Azərbaycan Respublikası öz tarixinin mürəkkəb dövrünü yaşayırdı. Azərbaycan xalqının müstəqilliyinin əleyhinə olanlar müxtəlif təxribatlardan və digər çirkin vasitələrdən istifadə edirdilər ki, bu da, öz növbəsində, ölkədə ictimai-siyasi duruma ciddi surətdə mənfi təsir göstərirdi.

Anarxiya və dağıdıcılıq siyasəti ölkədə baş alıb gedir, ağır iqtisadi vəziyyət, sabitliyi pozmaq istəyən qüvvələrin azğınlığı, bir-birinin ardınca həyata keçirilən təxribatlar, dövlət çevrilişi cəhdləri, mütəşəkkil cinayətkarlığın təhlükəli xarakter alması ictimai-siyasi və sosial ziddiyyətlərin kəskinləşməsinə rəvac vermişdi.

Belə bir məqamda Yeni Azərbaycan Partiyasının yaranması hamının ürəyindən oldu. Xalq ulu öndər Heydər Əliyevin partiyası ətrafında sıx birləşərək problemlərin həll ediləcəyinə inanırdı.

1990-ci ildən başlayaraq Azərbaycanda dərinləşməkdə olan ictimai-siyasi, hərbi böhran 1993-cü ilin yayında özünün kulminasiya nöqtəsinə çatdı. Getdikcə anarxiya, başıpozuqluluq uçurumuna yuvarlanan Azərbaycan iyunun əvvəllərində real vətəndaş qarşıdurması ilə üz-üzə qaldı.

 Xalq isə üzünü dahi öndərimiz Heydər Əliyevə tutaraq, Onu köməyə çağırırdı. Həmin dövrdə xalqın müxtəlif təbəqələrinin neçə-neçə nümayəndə heyəti Naxçıvana gedərək ulu öndər Heydər Əliyevdən Bakıya dönüb ölkəyə rəhbərlik etməsini xahiş etmişdi.

Azərbaycanın müxtəlif bölgələrindən Naxçıvana göndərilən teleqramların, məktubların sayı-hesabı yox idi. Ölkəni idarə etmək iqtidarında olmayan mövcud iqtidar da Heydər Əliyevin Bakıya gəlməsini ondan inadla xahiş edirdi. Müdrik şəxsiyyət öz xalqının köməyinə gəldi və Azərbaycan növbəti bəlalardan azad oldu.

90-cı illərdə mütəşəkkil dəstələrə qarşı aparılan qətiyyətli mübarizənin ən mühüm nəticələrindən biri də o oldu ki, əvvəlki illərin xofu insanların canından çıxmağa başladı, onlarda qanunun gücünə, hakimiyyətə, dövlətçiliyə inam yarandı.

Azərbaycan iqtisadiyyatının düşdüyü çətin durumdan çıxarılması, bu sahədə yeni iqtisadi münasibətlərin formalaşdırılması üçün Heydər Əliyevin yeritdiyi siyasət və onun nəticələri göz qabağındadır. Bu gün ölkə iqtisadiyyatı əvvəlki illərin böhranından qurtulmuş və tədricən, dönmədən inkişaf yolu ilə irəliləməkdədir.

Bu yöndə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri- iqtisadiyyatın inkişafına mane olan, xalqın əmlakına göz dikən, korrupsiya və rüşvətxorluğa qurşanan ünsürlərə qarşı barışmaz, qətiyyətli və amansız mübarizə aparmaqdır.

Respublikada sabitliyin bərqərar olunması xalqın iqtidara və hüquq-mühafizə orqanlarına inamının artmasına, cəmiyyətdə mövcud olmuş qorxu və cinayətkarlar arasında hökm sürmüş cəzasızlıq əhval-ruhiyyəsinin aradan götürülməsinə səbəb olmuşdur. Ayrı-ayrı siyasətbazların milli taleyimizə pərdəarxası oyunlarına,siyasi anarxiya və eksperimentlərinə son qoyulmuşdur.

Bir sözlə, ulu öndər Heydər Əliyevin yaratdığı, cənab İlham Əliyevin hazırda rəhbərlik etdiyi YAP Azərbaycanın yeni tarixini şərəflə yazdı.

 

 

“Azərbaycanın fəlakətlərdən qurtulmasında YAP-ın böyük rolu olub”

 

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin vitse-spikeri Bahar Muradova:

 

- Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan yox olmaq təhlükəsi ilə üzləşmişdi. O vaxtkı hakimiyyətin səriştəsizliyi və yürütdüyü yanlış siyasi xətt ölkəni böhran həddinə gətirib çıxarmışdı. Belə bir məqamda Azərbaycanı kim xilas edə bilərdi? Bu şəxsiyyət yalnız ümummilli liderimiz Heydər Əliyev ola bilərdi. Ona görə ki, O, dövlət siyasətini yaxşı bilirdi, uzun illər Azərbaycana rəhbərlik etmişdi.

Ondan sonra da SSRİ-nin Siyasi Bürosunda və Nazirlər Sovetində rəhbər vəzifələrdə çalışmışdı. Hətta Ona 14 vəzifə tapşırılmışdı. O da bunların öhdəsindən layiqincə gəlirdi. Onu dünyanın bütün siyasətçiləri, Rusiyanın bütün generalları tanıyırdılar. Onların hamısı ulu öndərlə hesablaşırdılar.

Ulu öndər Moskvadan Naxçıvana getdi və orada Ali Məclisin Sədri seçildi. Ölkədə vəziyyət böhran həddinə çatanda, ölkənin tanınmış ziyalıları, ictimai xadimləri Heydər Əliyevə “Səs” qəzetində müraciət ünvanladılar. Sonra isə buna bütün xalq qoşuldu. Heydər Əliyev “Səs” qəzeti vasitəsilə bu müraciətə cavab verdi. O vaxt Heydər Əliyev deyirdi ki, mənim heç bir vəzifəyə ehtiyacım yoxdur. O, ona görə Naxçıvanda Ali Məclisin Sədri seçilməsinə razılıq vermişdi ki, Naxçıvanı düşdüyü ağır blokada şəraitindən qurtarsın.

Ulu öndər Heydər Əliyev muxtar respublikadan rus qoşunlarını çıxartdı, Qars müqaviləsini təzələdi, Türkiyə və İranla iqtisadi əlaqələr yaratdı. Daha sonra isə, bütün Azərbaycanı böhrandan çıxarmağa ehtiyac var idi. Ona görə də, O, xalqın təkidli tələbini nəzərə alaraq, Bakıya gəldi və dərhal vətəndaş müharibəsinin qarşısını almaq üçün Gəncəyə yola düşdü. Müdrikliyi və uzaqgörənliyi ilə qardaş qırğınının qarşısını aldı və ölkədə sabitlik yaradıldı.

 Dahi öndər Heydər Əliyev Ali Sovetin Sədri seçildi, sonra isə Prezident səlahiyyətlərini icra etməyə başladı. Həmin vaxtda Füzuli rayonu bütünlüklə işğal olunmuşdu ki, ulu öndərin səyləri nəticəsində rayonunun yarısı işğaldan azad edildi. Bundan sonra, O, Azərbaycanın ətrafında yaranmış informasiya blokadasını sındırdı və ölkə həqiqətlərini bütün dünyaya bəyan etdi. Bütün beynəlxalq təşkilatlara və xarici dövlətlərə tarixi sənədlər və xəritələrlə Azərbaycan torpaqlarının işğal edildiyi faktını sübut etdi.

Hesab edirəm ki, o zaman xalqın və onun önünə düşən ziyalıların mövqeyi haqlı idi. Tarix bunu göstərir. Azərbaycan xalqı ağır böhrandan qurtuldu və dövlətimiz öz müstəqilliyini qorudu. Belə olmasaydı, ölkəmiz indi bir neçə yerə parçalanmışdı və torpaqlarımızın yarısı işğal olunmuşdu. Amma gördüyünüz kimi, Azərbaycan indi dünyada ən sürətlə inkişaf edən güclü dövlətçiliyə malik olan bir ölkəyə çevrilib. Bu uğurların əldə edilməsində YAP-ın böyük rolu var.

 

 

“Heydər Əliyev və Onun yaratdığı partiya Azərbaycan tarixində yeni və silinməz səhifələr açdı”

 

YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev:

 

- Mən də həmin dövrün prosesləri barədə bəzi maraqlı detalları qeyd etmək istəyirəm. Əsas hadisələrin baş verdiyi dövr 1988-1993-cü illəri əhatə edir. Həmin illər Azərbaycan üçün çox böyük təhlükə yaranmışdı. Müstəqilliyimiz əldən gedə və Azərbaycan dünya xəritəsindən silinə bilərdi.

Qeyd etdiyimiz kimi, ölkənin bir neçə bölgəsində separatizm meyilləri güclənmişdi. Qərbi Azərbaycandan və Qarabağ bölgəsindən 100 minlərlə qaçqın və məcburi köçkün gəlmişdi. Onların sayı sonradan 1 milyona çatdı. Belə bir vəziyyətdə dövlət iflic vəziyyətinə düşmüşdü. 1895-ci ildə “Daşnaksütyun” partiyası yarananda, onun proqramında dənizdən-dənizə “Böyük Ermənistan” dövlətini yaratmaq planı qeyd olunmuşdu.

Bu siyasət sovet dövründə də gizli şəkildə aparılırdı. Sovet hökuməti dağılandan sonra, yəni, ulu öndər Heydər Əliyev keçmiş SSRİ-nin Siyasi Bürosunun üzvlüyündən və Nazirlər Sovetinin birinci müavini vəzifəsindən uzaqlaşandan sonra bu siyasət xeyli gücləndi. Bundan sonra, məqsədli olaraq, 20 Yanvar hadisəsi törədildi.

Bu dövlətə və xalqa rəhbərlik edən səriştəsiz liderlər bu hadisələrdən bir vasitə kimi istifadə edirdilər. Elçibəyin səriştəsi və təcrübəsi olmasa da, xalq arasında nüfuzu var idi. O, hələ sovetlər dövründə Sibirə sürgün olunmalı idi. Heydər Əliyev isə həmin vaxt DTK-nın generalı kimi, xalqının maraqlarına xidmət etmişdi. Elçibəyi,  Süleyman Rüstəmi, Bəxtiyar Vahabzadəni, Rəsul Rzanı xilas edən Heydər Əliyev oldu.

1992-ci il oktyabrın 16-da “Səs” qəzetində Heydər Əliyevə “91-lər”in müraciəti dərc olundu. Ayın 24-də isə ulu öndər müraciətə elə bu qəzetdə də cavab vermişdi. İyun ayının 9-da Heydər Əliyev Bakıya gəldi və ayın 10-da Gəncəyə getdi. O zaman Onu Ali Sovetə Sədr seçmək istəyirdilər.

Ulu öndər dedi ki, qan tökülən vaxtı mən vəzifə tuta bilmərəm. İlk növbədə, ölkədə sabitlik yaratmaq, vətəndaş müharibəsinin qarşısını almaq lazımdır. O, dövlətçiliyi qorumaq və milləti ağır vəziyyətdən çıxarmaq üçün 5 şərtin vacibliyini göstərmişdi. Heydər Əliyevin gəlişi Azərbaycanı təkcə siyasi, iqtisadi və sosial böhrandan qurtarmaqla yanaşı, həm də ölkənin gələcək inkişafına və dövlətçiliyin möhkəmlənməsinə zəmin yaratdı. Dahi öndər Heydər Əliyev xalqını və dövlətini böyük bəlalardan xilas etdi.

Eyni zamanda, Heydər Əliyev XX əsrin ikinci yarısı Azərbaycan tarixinin yaradıcısıdır. Qurtuluş Günü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyini, Xocalı və 31 Mart Soyqırımlarını xalqın qan yaddaşına həkk etdirdi. Tarixi keçmişi dərin təhlil edən ümummilli liderimiz həmin günlərlə bağlı qərarlar qəbul etdi. Bu baxımdan, demək olar ki, Heydər Əliyev və Onun yaratdığı partiya Azərbaycan tarixində yeni və silinməz səhifələr açdı. Buna görə bütün Azərbaycan xalqı Ona minnətdar olmalıdır.

 

 

“Yeni Azərbaycan Partiyası ümumbəşəri prinsiplərə əsaslanan bir təşkilatdır”

 

YAP-ın veteranı, millət vəkili Zeynəb Xanlarova:

 

- YAP Azərbaycanın ən ağır dövründə yaranıb. Partiyanın yaranmasının ətrafında olan danışıqlar Naxçıvanda cərəyan edirdi. Həmin vaxtlar proseslər dərinləşmişdi, Dağlıq Qarabağ məsələsi və SSRİ-nin dağılma təhlükəsi bir-birinin ardınca çıxış yolu tələb edirdi. Amma çıxış yolunun aydın cavabı yox idi.

Hər kəsin gözü Naxçıvana- Heydər Əliyevə dikildi. O vaxtlar texniki imkanları zəif idi, Naxçıvana gediş-gəliş də çətin idi. Hamı Naxçıvandan bir səs, çağırış gözləyirdi.  

Aydın idi ki, Heydər Əliyevin böyük siyasətdə görmək arzusu reallaşmağa başlayırdı. Bizim təsis konfransımız 1993-cü ilin 13 fevralında baş tutdu. Konfransın binasının qarşısına çox adam yığışmışdı.

Sonradan məlum oldu ki, həmin şəxslərin bir hissəsi mülki geyimli hüquq-mühafizə orqanlarının işçiləridir. Bundan sonrakı tarix isə aydındır. Heydər Əliyev, həqiqətən də, yeni modelli bir partiya yaratdı.

Yəni, Yeni Azərbaycan Partiyasının yaranması bilavasitə Heydər Əliyev şəxsiyyəti ilə bağlıdır və bu prosesdə iştirakçı olmaq istəyən hər bir şəxs öz istəyini Heydər Əliyevlə bölmək istəyirdi. Kimin problemi olurdusa, Heydər Əliyevə üz tuturdu. Yəni O, xalqın, sözün həqiqi mənasında, ümid yeri idi.

İnsanlar çətin məqama düşəndə ən güclü insan axtarır. O zaman Azərbaycanda durum o dərəcədə gərgin idi ki, ən güclü siyasətçiyə ehtiyac var idi. Ona görə də, xalqın hər bir zümrəsi Heydər Əliyevə üz tutdu. Çünki ondan qüdrətli və güclü siyasətçi Azərbaycanın siyasi arenasında yox idi.

Yeni Azərbaycan Partiyası ümumbəşəri prinsiplərə əsaslanan bir təşkilatdır. Digər tərəfdən, partiya ətrafında sədaqətli insanları birləşdirən bir təşkilat olmalı idi. Bu gün Heydər Əliyev siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla aparılır və Onun rəhbərliyi ilə ölkə günü-gündən inkişaf edir. Partiya çox mübariz və aparıcı şəxsləri ətrafında birləşdirməkdə davam edir.

 

 

(Ardı var)

 

Elçin Bayramlı

 

Səs.- 2009.- 17 noyabr.- S. 8-9.