Parlamentin payız sessiyası
öz işinə başladı
Əli Əhmədov: “Azərbaycanın
inkişafının ən gözəl nümunəsi
dünyanı iqtisadi tənəzzülün
bürüdüyü bir vaxtda ölkəmizin
iqtisadiyyatının daha da qüdrətlənməsidir”
Dünən Milli Məclisinin payız sessiyasının ilk iclası keçirildi. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sessiyanın açılışı münasibətilə deputatları təbrik edən Milli Məclisin sədri Oqtay Əsədov qanun yaradıcılığı fəaliyyətində onlara uğurlar arzuladı. Bu günlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Milli Məclisin yeni binasının açılışının olduğunu diqqətə çatdıran spiker, bu səbəbdən də, parlamentin payız sessiyasına xoş əhval-ruhiyyə ilə başladığını qeyd etdi. O.Əsədov parlamentin yeni inzibati binasının inşasının dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətin, ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin bariz nümunəsi olduğunu bildirdi. Spiker onu da vurğuladı ki, yeni binada deputatların səmərəli fəaliyyəti üçün hər bir şərait yaradılıb: “Hər bir deputat ayrıca iş otağı ilə təmin edilib. Binada tədbirlərin - komitə iclaslarının, konfransların, seminarların keçirilməsi üçün müxtəlif zallar mövcuddur. Yeni korpusda, həmçinin, müasir standartlara cavab verən arxiv və kitabxana, birinci mərtəbədə böyük şüşəli salon, eləcə də böyük tədbirlərin keçirilməsi üçün 15-ci mərtəbədə möhtəşəm iclas salonu yaradılıb. Bütün bunlar ixtiyarınızdadır. Artıq komitə sədrləri və deputatlar hansı mərtəbələrdə fəaliyyət göstərəcəklərini bilirlər. Bu gündən başlayaraq yeni iş otaqlarına keçə bilərlər”.
Spiker O.Əsədov daha sonra Milli Məclisin 2009-cu il yaz və növbədənkənar sessiyalarının yekunları barədə danışdı. Bildirdi ki, Milli Məclis 2009-cu il yaz və növbədənkənar sessiyaları ərzində 99 qanun və qərar qəbul etmişdir: “Bütün bunlar dövlətimizin qanunvericilik bazasının daha da möhkəmləndirilməsində və təkmilləşdirilməsində mühüm rol oynamışdır. Ötən sessiyada parlamentin beynəlxalq əlaqələri də inkişaf edibdir. Ötən sessiyada Milli Məclisin nümayəndə heyətləri 29 ölkəyə 40-dan artıq səfər etmiş, üzv olduğumuz beynəlxalq təşkilatların işində fəal iştirak etmişlər. Eləcə də beynəlxalq təşkilatları və xarici ölkələrin parlamentlərini təmsil edən 50-dən artıq nümayəndə heyəti ilə Azərbaycan Milli Məclisində görüş keçirilib”.
Sentyabrın 29-da Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının ilk plenar iclasının keçirildiyini xatırladan spiker O.Əsədov Türk PA-nın katibliyinin qərargahının Bakıda yerləşəcəyini diqqətə çatdırdı.
Üçünçü çağırış Milli Məclisin sonuncu ilinə qədəm qoyduğunu deyən spiker parlamentin qarşıdakı iki sessiyada da səmərəli işləməsini arzuladı: “Payız sessiyasında bizi gərgin iş gözləyir. Bu sessiyada 2010-cu ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan digər məsələlər müzakirə ediləcək. Milli Məclis bu ilin payız sessiyasında da səmərəli işləyəcəyinə əminəm və deputatlarımıza qanun yaradıcılığı fəaliyyətlərində uğurlar arzulayıram”.
Gündəlikdə dayanan qanun layihələrinin müzakirəsinə keçməzdən əvvəl deputatlar bir sıra məsələlərlə bağlı fikirlərini bildirdilər, təkliflərlə çıxış etdilər. Çıxış edənlər Milli Məclisin yeni inzibati korpusunun istifadəyə verilməsini və Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının ilk plenar iclasının keçirilməsi yüksək qiymətləndirdilər.
Deputat Fazil Mustafa diqqəti son günlərdə ölkəmizin regionlarında baş verən təbii fəlakətlərə çəkərək dedi ki, əgər Bakıda da güclü yağışlar yağsa, ciddi fəlakətlər yarana bilər. Paytaxtın güclü yağışlara hazır olmadığını vurğulayan F.Mustafa bu istiqamətdə ciddi tədbirlərin görülməsinin vacibliyini qeyd etdi.
Deputatlara payız sessiyasında səmərəli fəaliyyət arzulyan Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli parlamentin qanun yaradıcılığı fəaliyyətinə göstərilən diqqət və qayğıdan böyük razılıqla söz açdı. Komitə sədri deputatlar adından dövlət başçısı cənab İlham Əliyevə və spiker Oqtay Əsədova təşəkkürünü ifadə etdi. Daha sonra Hadi Rəcəbli Milli Məclisin 2009-cu il payız sessiyasının qanunvericilik işləri planının məqbul olduğunu diqqətə çatdırdı.
Milli Məclisin yeni binasının inşasının və istifadəyə verilməsinin Azərbaycanda parlamentarizmin inkişafı baxımından böyük önəm kəsb etdiyini deyən deputat Azay Quliyev qanun yaradıcılığı ilə bağlı bəzi təkliflərini də diqqətə çatdırdı. O, “Sosial sifariş haqqında” və “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihələrinin Milli Məclisin plenar iclasında müzakirə olunmasını təklif etdi.
Deputat Zahid Oruc bildirdi ki, Milli Məclisin yeni inzibati korpusunun istifadəyə verilməsi, bütövlükdə, Azərbaycan xalqının həyatında böyük hadisədir. Türkiyə ilə Ermənistan arasında əlaqələrin yaradılması ilə bağlı aparılan müzakirələrə toxunan Z.Oruc dedi ki, bu, Azərbaycanın milli maraqlarına mənfi təsir edə bilər. Bu məsələ ilə bağlı Türkiyə cəmiyyətinə, bu ölkənin siyasi elitasına müraciət olunmasını təklif edən Z.Orucun fikrincə, Türkiyə “yol xəritə”sini birinci olaraq Azərbaycanla imzalamalıdır.
Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov da Milli Məclisin yeni binasının istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Naxçıvana son səfərindən söz açan Eldar İbrahimov və dövlət başçısının diqqəti və qayğısı nəticəsində blokada vəziyyətində olan muxtar respublikanın dinamik inkişafda olduğunu diqqətə çatdırdı. Komitə sədri Naxçıvan televiziyasının bütün Azərbaycan ərazisində yayımlanmasını təklif etdi.
Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Ziyafət Əsgərov payız sessiyasının açılışı və yeni inzibati korpusun istifadəyə verilməsi münasibətilə deputatları təbrik etdi, yaradılmış gözəl şəraitdən səmərəli istifadə etməyi arzuladı. İlk olaraq Fazil Mustafanın qaldırdığı məsələyə münasibət bildirən Ziyafət Əsgərov dedi ki, fəlakətlərin baş verməməsi üçün bütün qabaqlayıcı tədbirlərin görülməsi daim dövlətin nəzərindədir. Bu yaxınlarda dövlət başçısının sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinə 20 milyon manatın ayrılması da bunu təsdiq edir.
Türkiyə-Ermənistan münasibətlərinin qurulmasına dair aparılan müzakirələrin, həqiqətən də, narahatlıq doğurduğunu vurğulayan Z.Əsgərov onu da əlavə etdi ki, bu günlərdə ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Məhmət Əli Şahin Türkiyənin Azərbaycanın maraqlarına zidd addım atmayacağını bir daha bəyan etdi.
Z.Əsgərov onu da bildirdi ki, türkdilli dövlətlərin başçılarının bu günlərdə Naxçıvan keçiriləcək sammiti blokadada olan muxtar respublika barədə, o cümlədən, Azərbaycanın bu bölgəsinin dinamik inkişafı barədə əsil həqiqətlərin dünyaya çatdırımasında mühüm əhəmiyyət kəsb edəcək.
Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. İlk olaraq Azərbaycan Respublikası Milli Məclisinin 2009-cu il payız sessiyasının qanunvericilik işləri planı müzakirə edildi. Deputat Elmira Axundova qanunvericilik işləri planında sosial yönümlü məsələlərin artırılması təklifi ilə çıxış etdi.
Deputat Z.Orucun təklifi isə dövlət idarəçiliyi ilə bağlı qanunvericiliyin yaradılması barədə oldu. Ölkəmizdə dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi istiqamətində görülən işləri müsbət dəyərləndirən deputat bununla bağlı ayrıca qanunvericiliyə ehtiyacın olduğunu dedi. Millət vəkili Azərbaycan Prezidentinin Dağlıq Qarabağın azərbaycanlı icmasının fəaliyyətinin gücləndirilməsinə göstərdiyi diqqət və qayğıdan da söz açdı, Milli Məclisdə əslən Qarabağdan olan deputatlardan ibarət parlament formasında deputat qrupunun yaradılmasını təklif etdi.
Deputat Əli Məsimli payız sessiyasının qanunvericilik işləri planına daxil edilən məsələləri yüksək qiymətləndirdi və onların qəbul edilməsinin ölkəmizin qanunvericilik bazasına mühüm töhfələr verəcəyini diqqətə çatdırdı.
Deputat Gövhər Baxşəliyeva da payız sessiyasının qanunvericilik işləri planından razılıqla söz açdı, xüsusən, “Elm və dövlət elmi-texniki siyasəti haqqında” qanun layihəsinin plana daxil edilməsinin elmi ictimaiyyət tərəfdən böyük məmnunluqla qarşılandığını dedi. Onun sözlərinə görə, bu qanun layihəsinin qəbulu Azərbaycan elminin yeni mərhələyə daxil olmasına gətirib çıxaracaq. Eyni zamanda, Gövhər Baxşəliyeva qanunvericilik işləri planında sosial məsələlərə diqqətin bir qədər də artırılmasını təklif etdi.
YAP İcra katibi, millət vəkili Əli Əhmədov da yeni sessiya və parlamentin yeni korpsunun istifadəyə verilməsi münasibətilə deputatları təbrik etdi. Ə.Əhmədov qeyd etdi ki, parlamentin yeni korpusu Azərbaycandakı inkişafın, modernləşmənin ən bariz nümunəsidir. Azərbaycanın inkişafının ən gözəl nümunəsi dünyanı iqtisadi tənəzzülün bürüdüyü bir vaxtda ölkəmizin iqtisadiyyatının daha da qüdrətlənməsidir. Ölkəmizin 2009-cu ilin arxada qoyduğumuz müddətinin yekunları həm iqtisadiyyatın, həm də digər sahələrin dinamik inkişaf etdiyini göstərir.
Ə.Əhmədov müxalifət təmsilçilərinin fikirlərinə də münasibət bildirdi. “Mən təklif edərdim ki, müxalifət nümayəndələri Azərbaycanda iqtisadiyyatın və digər sahələrin inkişafı barədə danışmağı unutmasınlar” -deyən Ə.Əhmədovun sözlərinə görə, bu gün Azərbaycanda siyasi qüvvələrin nisbəti vətəndaşların seçiminin nəticəsidir. Əgər cəmiyyətdə müxalifətə, onun nümayəndələrinin dediyi fikirlərə diqqət yoxdursa, bu, insanların onlara olan etimadsızlığının göstəricisidir. Müxalifət bunun səbəbini özündə axtarmalıdır. Əgər Yeni Azərbaycan Partiyasına və onun nümayəndələrinə Azərbaycan vətəndaşları etimad göstərirlərsə, parlamentdə yerlərin çoxunu YAP təmsilçilərinə rəva bilirlərsə, buna görə YAP-ın hər bir nümayəndəsi qürur və iftixar hissi keçirir.
YAP İcra katibi, millət vəkili Ə.Əhmədovun sözlərinə görə, Azərbaycanda siyasi rəqatəbin olmaması barədə fikirlər də tamamilə əsassızdır. Əslində, Azərbaycandakı müxalifət rəqabət qabiliyyətinə malik olmayan müxalifətdir. Buna görə də YAP-la rəqabət apara bilmir: “Bu gün siz yalnız və yalnız qarayaxma, yalan danışmaqla özünüzün mövcudluğunuzu sübuta yetirmək istəyirsiz. Amma hesab edirəm ki, siyasi arenada mövcud olmaq, çəkiyə malik olmaq üçün böhtan və şər atmaq yetərli üsul və vasitə deyil”.
Günün ikinci yarsında Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyinə daxil olan 30 məsələlərin müzakirəsi aparıldı.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2009.- 1 oktyabr.- S. 6.