İnanırıq ki, Türkiyə hökuməti Azərbaycanın
işğal olunmuş
torpaqları azad edilməyincə, Ermənistanla
sərhədlərin açılmayacağı
haqqında verdiyi sözün üstündə
dura biləcək
Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi, Milli Məclisin
deputatı Əli Əhmədovun yap.org.az-a müsahibəsi
- Əli müəllim, məlum olduğu kimi, oktyabrın 10-da Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalandı. Bu hadisə Türkiyə və Azərbaycan ictimaiyyətinin haqlı narahatlığına və narazılığına səbəb olub. İstərdik ki, siz də bu hadisə ilə əlaqədar öz münasibətiniz bildirəsiniz.
- Əvvəla, qeyd etmək istəyirəm ki, Azərbaycan dövlətinin və hökumətinin Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması və gələcəkdə sərhədlərin açılması ilə əlaqədar oktyabrın 10-da imzalanmış protokollarla əlaqədar mövqeyi Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda aydın ifadəsini tapıb. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev də həm protokollar, həm də bu protokolların imzalanması ilə əlaqədar Azərbaycanın yaşadığı bölgə ətrafında yaranacaq proseslərlə bağlı verdiyi geniş müsahibədə tam aydın münasibətini ifadə edib.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, bir çox beynəlxalq güclər Ermənistanı düçar olduğu coğrafi izolyasiyadan çıxarmaq üçün müxtəlif ssenarilər hazırlayıblar və bu ssenariləri ardıcıl surətdə həyata keçirməyə səylər göstərirlər. Ermənistan belə bir vəziyyətə özünün işğalçılıq siyasəti nəticəsində düşüb. Ermənistan ölkəmizin 20 faiz torpağını işğal edib və 1 milyondan çox insanı məcburi köçkün vəziyyətinə salıb. Təbii ki, müharibə vəziyyətində olduğundan Ermənistanla Azərbaycan arasında bütün kommunikasiyalar kəsilib. Türkiyə 1993-cü ildə Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanla sərhədlərini qapayıb. Eyni zamanda, 1 il öncə bölgəmizdə yaşanan məlum hadisələrlə əlaqədar olaraq Ermənistanın Gürcüstan üzərindən mövcud olan əlaqələri də kəsilib.
Biz prinsip etibarilə Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılmasının əleyhinə deyilik. Amma bu prosesdə Ermənistanın yürütdüyü təcavüzkar siyasəti nəticəsində düşdüyü vəziyyətdən çıxarılması üçün ədalətli və düzgün yol, təəssüf ki, seçilməyib. Bu yol Ermənistanın işğalçılıq siyasətindən geri çəkilməsi, işğal altında saxladığı Azərbaycan torpaqlarını azad etməsindən ibarətdir. Bu addımlar atılarsa, onda kommunikasiyaların açılması və yaranmış vəziyyətin də aradan qaldırılması mümkün və ədalətli olar. Təəssüflər olsun ki, Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasını alqışlayan Minsk Qrupu Dağlıq Qarabağ probleminin çözülməsini ön planına çəkmək istəmədi. Ortada yalnız Türkiyə rəsmilərinin bəyanatları var. Baxmayaraq ki, Türkiyə və Ermənistan arasında sərhədlərin açılmasına Qafqazda sülhün yaranması və əməkdaşlığın genişləndirilməsi prizmasından yanaşılır, amma işğal faktı aradan qaldırılmadan, bu istiqamətdə atılan addımlar Qafqazda gərginliyin aradan qaldırılmasına yox, əksinə, onun daha da artmasına və xroniki hal almasına xidmət edir. Eyni zamanda, təəssüf doğuran xüsusi məqam ondan ibarətdir ki, bu istəklərin həyata keçirilməsində Türkiyədən istifadə olunur.
Azərbaycan ictimaiyyətinin Türkiyənin hakim dairələrinin bəyanatlarına inamı hələ də qalır. Ümid edirik ki, Türkiyənin vasitəsilə belə bir siyasətin həyata keçirilməsi mümkün olmayacaq. İnanırıq ki, Türkiyənin rəsmi nümayəndələrinin - baş nazirinin, prezidentinin, xarici işlər nazirinin Azərbaycanın işğal olunmuş torpaqları azad edilməyincə, Ermənistanla sərhədlərin açılmayacağı haqqında bəyanatları ciddi əsaslara söykənir və bu bəyanatların müəllifləri öz sözlərinin üstündə dura biləcəklər. Amma proseslərin birinci raundu bu inamı müəyyən qədər zəiflətdi. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, Azərbaycanın maraqlarının əleyhinə olaraq həyata keçirilə biləcək proseslər, xüsusilə də, Türkiyənin iştirakı və vasitəsilə reallaşan proseslər bölgədə sülhə və əmin-amanlığa yox, bunun əksinə xidmət edəcək.
- Məlumdur ki, Türkiyə bu addımı beynəlxalq güclərin təzyiqlər nəticəsində atır. Sizcə, Türkiyə bu təzyiqlərə sona qədər duruş gətirə biləcəkmi?
- İndiyəqədərki müzakirələrdə bildirilirdi ki, danışıqlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə paralel aparılır. Protokolların imzalanmasından əvvəl Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşün nəticəsiz başa çatması ondan xəbər verir ki, Ermənistan tərəfi danışıqlar prosesində verdiyi vədlərin üstündə dayana bilmədi və yaxud dayanmaq istəmədi. Digər tərəfdən, danışıqlar prosesinə nəzarət edən və təşəbbüsün müəllifləri qismində çıxış edən tərəflər də Ermənistanı öz vədlərinə əməl etməyə məcbur etmədilər. Və nəticə etibarilə, prosesin birinci mərhələsi Ermənistan tərəfindən verilən vədlərin yerinə yetirilməməsi şərti ilə həyata keçirilmiş oldu. Bu məntiqi və reallığı nəzərə alsaq, sonrakı mərhələlərdə də Ermənistanın işğal etdiyi torpaqları azad etmək istiqamətində hər hansı addımların atılmasını gözləmək çətindir. Etiraf etmək lazımdır ki, oktyabrın ayının 10-da sözügedən protokollar imzalandıqdan sonra Türkiyənin manevr etmək imkanları daralır. Protokollar imzalanana qədər Türkiyənin manevr imkanları daha geniş idi və həmin mərhələdə Ermənistanı verdiyi vədləri yerinə yetirməyə məcbur etmək şansı daha çox idi. Amma protokollar imzalanandan sonra bu imkan çox çətinləşir. Bununla belə, Türkiyə Böyük Millət Məclisi protokolları təsdiq etməyə bilər və inanırıq ki, etməyəcək. Doğrudur, uydurma “erməni soyqırımı”nın tanınması amilindən təzyiq vasitəsi kimi istifadə edilə bilər. Lakin bir daha inanmaq istəyirik ki, bu təzyiqlərə rəğmən Türkiyə hökuməti öz sözünün üstündə duracaq. Biz, eyni zamanda, Türkiyə ictimaiyyətinin Azərbaycanın maraqlarını müdafiə edəcəyinə inanırıq. Güman edirəm ki, Türkiyə ictimaiyyəti, həmişə olduğu kimi, bu dəfə də Azərbaycanın mənafeyinə zidd olan addımların atılmasına sərt təpkilər göstərəcək.
- Əgər protokollar parlamentdə təsdiq olunarsa, bu, Azərbaycan-Türkiyə münasibətlərinə nə dərəcədə təsir göstərə bilər?
- Biz bu günə qədər Türkiyə ilə qədim tarixə, mənəviyyata, dilə, dinə, eyni köklərə söykənən dostluğumuzdan və qardaşlığımızdan qürur duymuşuq. Hər dəfə bu münasibətləri ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi “bir millət, iki dövlət” fəlsəfəsindən çıxış edərək dəyərləndirmişik və həmişə bildirmişik ki, Türkiyə və Azərbaycan bir millətin iki dövləti olaraq möhkəm dostluq və qardaşlıq telləri ilə fəaliyyət göstərdikdə, daha güclü və qüdrətli olurlar. Hər iki ölkədə bu dostluğun və qardaşlığın qorunmasına səylər göstərilib və nəticədə münasibətlər bugünkü səviyyəyə çatıb. Azərbaycanın maraqlarının əksinə olaraq, Türkiyə tərəfindən addımlar atılacaqsa, bu, bizim dostluq və qardaşlığımızın üzərinə böyük bir kölgə salacaq. Bu, bizi daha güclü edən birliyimizin üzərinə kölgə salacaq. Eyni zamanda, türk birliyinə böyük zərbə olacaq. Qətiyyətlə deyə bilərəm ki, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalına son qoyulmadan Türkiyə - Ermənistan sərhədlərinin açılması, nəinki bağışlanmaz səhv, habelə, Türkiyə - Azərbaycan münasibətləri tarixinə çətin silinən ləkə kimi daxil olardı. Hesab edirəm ki, Türkiyə hakimiyyəti belə bağışlanmaz səhvə heç zaman yol verməz.
Əli Əhmədov
Səs.- 2009.- 13 oktyabr.- S. 4.