Telekanallar yalnız biznes maraqlarına işləməməlidir

 

Nuşirəvan Məhərrəmli: “Akademik Ramiz Mehdiyevin məqaləsində çox gözəl vurğulanır ki, ictimaiyyəti narahat edən mövzular çox azdır

 

 

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ölkə telekanallarının durumu ilə bağlı ötən həftəAzərbaycanqəzetində dərc olunmuş məqaləsində toxunulan məsələlər cəmiyyətdə müzakirələrə səbəb olub. Əməkdaşımız məqalədə toxunulan məsələlərə Milli Televiziya Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə müsahibədə aydınlıq gətirməyə çalışıb.

 

 - Nuşirəvan müəllim, ölkə teleməkanında yaranmış durum və bununla bağlı akademik Ramiz Mehdiyevin yazdığı məqalədə göstərilən problemlər, sizcə, situasiyanın dəyişməsinə gətirib çıxaracaqmı?

 

- Azərbaycan teleməkanında şou-biznes xarakterli verilişlərin həddən artıq çoxalması sevindirici hal deyil. Bu, müğənnilərin, aktyorların, şou-biznes adamlarının cəmiyyət üçün yararlı insan obrazını yaradır, gənclərin tərbiyəsinə mənfi təsir göstərir, onların asan qazanca meyilini artırır.

Ümumiyyətlə, verilişlərin keyfiyyəti də, onlara tamaşaçı marağı da çox aşağıdır. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Tamaşaçı marağı ona görə azalıb ki, çanaq antenləri vasitəsilə insanlar dünyadakı ən yaxşı kanallara baxırlar. Bizim kanallar çalışmalıdırlar ki, yaxşı verilişlər hazırlasınlar və tamaşaçılarımız lazım olan informasiyaları öz kanallarımızdan alsınlar.

 

- Bəzi qəzetlər yazır ki, hazırkı durumun yaranmasının əsas səbəbi azadlığın olmaması, ictimai-siyasi verilişlərin azlığıdır.

 

- Xeyir, bu, doğru yanaşma deyil. Bilirsiniz, insanlar özlərinə iləsə bəraət qazandırmalıdırlar. Əslində, reallıq başqa cürdür. Efirin müəyyən hissəsi yalnız siyasi xəbərlərə ayrılır, yerdə qalan vaxt bədii filmlər, musiqili-əyləncəli verilişlər göstərilir. Burda söhbət şou-biznesdən gedir.

Hazırda hamını narahat edən məsələ bayağı şou-biznes nümunələridir, aparıcıların Azərbaycan dilini, tariximizi, ədəbiyyatımızı bilməməsi, küçə ləhcəsində danışmasıdır. Onlar bu yolla tamaşaçı toplamaq istəyirlər.

Televiziya yüksək peşəkarlıq, məsuliyyət tələb edən sahədir. Televiziya sahəsində çalışanlar bu məsuliyyəti dərk etməlidirlər. Rəhbərlərdən tutmuş jurnalistlərə, sıravi işçilərə qədər.

 

- Sizcə, televiziyaların radioların efirdə şou verilişlərinin çox olması hansı səbəblərlə bağlıdır?

 

- Burada müxtəlif səbəblər var. Bunlardan biri reklam uğrunda mübarizədir. Kanallar arasında sağlam rəqabət olmalıdır. Telekanallar reytinqli verilişlər hazırlamağa çalışırlar. Bizdə isə reytinqi daha çox şou proqramları toplayır. Maarifçilik xarakterli verilişlərin reytinqi sıfır dərəcəsindədir.

 

- Televiziyalar yaranmış durumdan çıxmaq üçün, ilk növbədə, nədən başlamalıdır?

 

- Telekanallar öz üzərlərində çalışmalı, bu sahəyə yalnız biznes kimi baxmamalıdırlar. İlk növbədə, keyfiyyətə, kadr məsələsinə önəm verməlidirlər. Jurnalistlərin peşəkarlığı artırılmalıdır. Müəyyən şuralar da yarana bilər. Artıq ATV kanalı Bədii Şura yaradıb, bir sıra dəyişikliyə başlayıb, yeni layihələri olacaq. Biz isə aparıcılar üçün xüsusi kurslar təşkil edəcəyik.

 

- Bəzi radio aparıcıları öz mövqelərini dinləyicilərə az qala zorla qəbul etdirməyə çalışırlar.

 

- Çünki radiolarda, xüsusən tok-şou xarakterli verilişlərdə mövzu seçimi məsələsi bərbad vəziyyətdədir. Bəzən xalqımıza uyğun olmayan elə mövzular çıxarırlar ki, müzakirəyə... 18-20 yaşlı üç-beş oğlan pultun arxasında oturur öz məsuliyyətini dərk etmədən danışır. Biz bununla bağlı radiolara xəbərdarlıq etmişik.

 

- Sizcə, bundan sonra efirdə ictimai-siyasi verilişlərin artması gözlənirmi?

 

- Bu da mümkündür. Akademik Ramiz Mehdiyevin məqaləsində çox gözəl vurğulanır ki, ictimaiyyəti narahat edən mövzular çox azdır. Yalnız İctimai Televiziyada belə verilişlərə rast gəlmək mümkündür.

 

- Həmin məqalədə televiziyalardakı SMS-göndərmələr tənqid edilib.

 

- Biz bu məsələni qaldırmışıq. Artıq ATV kanalı onları ləğv edib. Mən bunu digər kanallara da tövsiyə edərdim. Çünki bu SMS-lərin əksəriyyəti tanışlıq xarakteri daşıyır, bəzən onların məzmunu milli-mənəvi dəyərlərimizə zidd olur.

 

- Nəzərdə tutulan dəyişikliklər telekanallara maddi ziyan vuracaq. Bunun üçün hansısa formada kompensasiya nəzərdə tutulubmu?

 

- Cəmiyyətdə narazılığın olmaması xatirinə telekanallar bu itkiləri anlayışla qarşılamalıdır. Əks halda onlar daha böyük gəlirdən məhrum ola bilərlər.

 

- Regionlarda yeni telekanalların açılması gözlənirmi?

 

- Bu proses gedir. Amma regionlarda ciddi kadr problemi var. Üstəlik, maddi-texniki bazanın zəifliyi, reklam bazarının məhdudluğu bizi bu məsələdə ehtiyatlı olmağa vadar edir.

 

- Televiziyaların fəaliyyətinin tənzimlənməsi üçün qanunvericilikdə hər hansı dəyişiklik edilməsinə ehtiyac varmı?

 

- Biz problemlərin hamısını inzibati yolla həll etməyə çalışmırıq. Televiziya, radio yaradıcı sahədir. Burada məsuliyyət həmin sahədə çalışan insanların üzərinə düşür. Onlarda bir vətəndaşlıq hissi olmalıdır. Biz İnzibati Xətalar Məcəlləsinə yalnız bir maddənin əlavə olunmasını təklif etmişik- milli-mənəvi dəyərlərin pozulmasına qarşı sanksiyalarla bağlı bənd əlavə etmək.

Ancaq bu məsələdə ekspertlər arasında müəyyən fikir ayrılığı var bu, müəyyən mübahisələrə gətirib çıxarır. Bəzən bir insanın etdiyi hərəkəti bir qrup insan normal qarşılayır, digər qrup əksinə. Ona görə televiziya rəhbərlərinin üzərinə qoyulan məsuliyyət artırılmalıdır.

 

- Dublyajla bağlı problemlərin həlli ilə bağlı hansı planlarınız var?

 

- Bu məsələ xeyli vaxtdır gündəmdədir. Azərbaycanda xarici telekanalların yayımı dayandırılandan sonra dublyajla bağlı məsələ aktuallaşdı. Hətta Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun mədəniyyət turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə geniş görüş keçirib məsələni kanal rəhbərləriylə müzakirə etdik. İstədik ki, Mədəniyyət Turizm Nazirliyinin tərkibində mərkəzləşmiş dublyaj redaksiyası yaradaq. Çox təəssüf ki, onlar razılaşmadılar, dedilər özümüzdə var. Odur ki, bu məsələ qaldı.

Hesab edirəm ki, əvvəlki dövrlə müqayisədə bu sahədə xeyli irəliləyiş var. Bunu qeyd etmək lazımdır. Hərçənd keyfiyyət hələ bizim istədiyimiz səviyyədə deyil. Bəzən dublyajda səslərin uyğunluğu gözlənmir ya filmdə 20-30 aktyor iştirak etdiyi halda tərcümə 2-3 adamın dilindən səsləndirilir. Təbii ki, bu da filmin baxımlılığını azaldır.

 

- Necə hesab edirsiniz, Ramiz Mehdiyevin məqaləsindən sonra teleməkanda hansısa dəyişiklik olacaqmı?

 

-         Biz dəfələrlə bu məsələni qaldırmışdıq, deputatlar da, ekspertlər . Amma bunlar ayrı-ayrılıqda olurdu. İndi isə cəmiyyətin narazılığı geniş şəkildə müzakirəyə çıxarılır.

 

 

Elçin Bayramlı

 

 

Səs.- 2009.- 13 oktyabr.- S. 6.