“Jurnalistika istedad tələb edən
bir sahədir”
Əflatun Amaşov: “Mətbuat
Şurası bu ilin sonuna kimi jurnalistlərin
ixtisaslarının artırılması ilə bağlı
müəyyən proqramlar həyata keçirəcək”
Son günlər gündəmdə olan məsələlərdən biri də medianın inkişaf imkanları və jurnalist peşəkarlığının artırılması ilə bağlı məsələlərdir. Suallarımızı Mətbuat Şurasının sədri Əflatun Amaşov cavablandırır.
-KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun həyata keçirdiyi layihələrlə
bağlı təkmilləşdirilməyə ehtiyac varmı?
-Təkmilləşdirilmə bütün dövrlərdə olmalıdır. Fəaliyyətdə olan hər hansı bir qurum həm vaxtın tələbinə görə, həm də gördüyü işləri saf-çürük etməklə təkmilləşdirmə apara bilər ki, fəaliyyətini daha yaxşı qura bilsin. Zaman ötdükcə, fondun da fəaliyyəti təkmilləşəcək. Fondun əsas məqsədi KİV-lərin maddi durumunun yaxşılaşmasına yardım etməkdir. Fondun cəhdi ildən-ilə çoxalacaq. Jurnalistikanın inkişafı üçün nələr lazım olacaqsa, ediləcək.
-Mətbuat Şurasında Bakı
Dövlət Universiteti ilə birgə jurnalistlərin peşəkarlığının
artırılması üçün hər hansı bir
qurumun yaradılması ideyası varmı?
-Jurnalistlərin peşəkarlığının artırılması çox vacib şərtlərdən biridir. Dünyanın hər yerində jurnalistlərin ixtisas artırması ilə bağlı kurslar olur, bununla bağlı ali məktəblər fəalliyyət göstərir. Artıq Azərbaycanda da bu sahədə müəyyən işlərin görülməsi gündəmdədir. Mətbuat Şurası bu ilin sonuna kimi jurnalistlərin ixtisaslarının artırılması ilə bağlı ekspertlərin iştirakı ilə müəyyən proqramların hazırlanmasını həyata keçirəcək.
Bu ilin sonundan müxtəlif sahələr üzrə jurnalistlərin ixtisaslarının artırılması ilə əlaqədar kurslara başlayacağıq. Kurslar getdikcə mütəmadi xarakter alacaq. Mənə elə gəlir ki, artıq sistemli şəkildə belə kursların həyata keçirilmə vaxtı çatıb. Belə ki, kursları həyata keçirə biləcək hansısa bir tədris müəssisəsinə, jurnalist kadrların yenidən hazırlanması ilə bağlı müəssisənin yaranmasına ehtiyac var və bu, Mətbuat Şurasının gündəmindədir. Bunun üzərində işləyirik.
-İxtisasartırma kurslarına
beynəlxalq ekspertlər də dəvət olunacaqmı?
-Jurnalistikanın təhsil problemləri elədir ki, bunlar yalnız ölkə daxilinə sığışan problemlər deyil. Əlbəttə, xarici ölkələrdən də mütəxəssislərin dəvət olunması, öz təcrübəsini Azərbaycan jurnalistikası ilə bölüşməsi vacib şərtlərdən biridir.
-Orta məktəblərdə media
dərslərinin keçirilməsi məsələsinə
münasibətiniz necədir?
-Mənim bu fikrə münasibətim çox müsbətdir. Biz artıq orta məktəblərdə orta məktəb şagirdlərindən ibarət redaksiyaların formalaşması və elektron KİV-lərin yaradılması ilə bağlı layihə həyata keçirmək istəyirik. Orta məktəblər üçün jurnalistikanın təqdimatı, bu barədə vəsaitlərin hazırlanması məsələsi də Mətbuat Şurasının gündəmindədir və vacib şərtlərdən biridir. Biz jurnalistikanı məhz orta məktəblərdən təbliğ etməliyik ki, şagirdlər jurnalistikanın nə olduğunu bilsinlər. Düşünsünlər ki, onlar jurnalist olsalar, cəmiyyətə hansı faydaları verə bilərlər.
-Jurnalistika ixtisasına qəbulda
qabiliyyət imtahanlarının olması vacib şərtdirmi?
-Bu imtahanların keçirilməsi uzun müddət MŞ-nin gündəliyində idi. Hətta biz BDU-nun rəhbərliyi ilə bununla bağlı müzakirələr də apardıq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət etdik. Mətbuat Şurası jurnalistika fakültələrində monitorinqlər keçirdi və məlum oldu ki, orda təhsil alan tələbələrin əksəriyyəti jurnalist olmaq arzusunda olmayıb.
Sadəcə olaraq, topladıqları bala görə burda oxumağa razılaşıblar. Onlara təhsili başa vurduqdan sonra jurnalist işləyəcəkləri ilə bağlı sual verəndə məlum olub ki, xeyli hissəsi jurnalist olmayacaq. Bu nəticədən sonra biz belə bir təşəbbüs irəli sürdük. Hələlik, bu məsələ öz həllini tapmayıb. Jurnalistika istedad tələb edən bir sahədir.
-ATƏT-in Media Azadlığı
üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti
MŞ-yə alternativ qurumun yaradılmasının
mümkünlüyündən danışıb. Ümumiyyətlə,
xarici ölkələrdə belə təcrübə
mövcuddurmu?
-Azərbaycanda alternativ dəbdədir. Partiya, ictimai birlik yaranır, sonra onun alternativi yaradılır. Orada söhbət tamam başqa məsələdən gedirdi. Mənim mövqeyim bir az sərt oldu. M.Haraşti Azərbaycana gəlib, mətbuatın vəziyyəti ilə bağlı araşdırmalar aparıb. Araşdırmalarında o demək olar ki, ictimai fikrə təsir edən heç bir qəzetin redaksiyasında olmayıb.
MŞ-də və başqa jurnalist təşkilatlarında olmur. Bir qrup insanla stol arxasında görüşüb. Həmin insanlar da, adətən, Azərbaycan hökumətinə qarşı müxalifətdə olanlardır. Biz təklif edərdik ki, o, Azərbaycan məbuatı ilə bağlı fikir öyrənmək üçün hamı ilə görüşsün, müstəqil insanlarla jurnalist qurumlarlarında olsun. Bundan sonra təmsil etdiyi təşkilatın adından bəyanatla çıxış etsin.
Qaldı ki alternativlik məsələsi. Mətbuat Şurasının alternativinin yaradılması ilə bağlı bir neçə dəfə cəhd olub. Bunlar da həmişə fiaskoya uğrayıblar. Hətta adlarını “qara siyahı”ya saldığımız qəzetlər də özlərinin şuralarını yaradıblar. Bunlar təbiidir. Hər bir quruma jurnalistlər qiymət verir və hər bir qurum fəaliyyəti ilə qiymətləndirilir.
Elçin Bayramlı
Səs.- 2009.- 13 oktyabr.- S. 10.