“AZƏRBAYCANIN EFİR MƏKANI: PROBLEMLƏR VƏ VƏZİFƏLƏR”

 

“Səs” qəzeti və “Səs” İnformasiya Agentliyi Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə bu mövzuda növbəti dəyirmi masa keçirdi

 

(Əvvəli ötən sayımızda)

 

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycan” qəzetində dərc edilən “AZƏRBAYCANIN EFİR MƏKANI: PROBLEMLƏR VƏ VƏZİFƏLƏR” məqaləsi ictimai rəydə geniş müzakirə mövzusuna çevrilib. Məqalədə bəzi televiziyaların fəaliyyətlərinin haqlı olaraq tənqid olunması cəmiyyətin istəyi kimi dəyərləndirilir. Mövzunun aktuallığını nəzərə alan “Səs” qəzeti və “Səs” İnformasiya Agentliyi Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsinə dəyirmi masanın bu dəfəki mövzusunu “AZƏRBAYCANIN EFİR MƏKANI: PROBLEMLƏR VƏ VƏZİFƏLƏR”ə həsr etmişdir. Dəyirmi masada millət vəkilləri Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Aynur Quliyeva, Jalə Əliyeva Xəzər Televiziyasının baş müşaviri Qulu Məhərrəmli, media-ekspert Zeynal Məmmədli, filologiya elmlər doktoru, professor Buludxan Xəlilov, filologiya elmlər doktoru, professor Nizaməddin Şəmsizadə, “İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurasının üzvü Vüqar Rəhimzadə, “Azad Azərbaycan” qəzetinin baş redaktoru Asəf Abbasov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, İctimai Televiziyanın (İTV) “Media haqqında hər şey” proqramının məsul işçisi Rizvan Cəbiyev, sənətşünaslıq doktoru, professor, Azərbaycan Dövlət Televiziyasının (AzTv) “Maarifçilik” redaksiyasının baş redaktoru İlham Rəhimli, İTV-nin proqram direktoru Rafiq Nəbiyev iştirak edirdilər.

Dəyirmi masanı giriş sözü ilə açan “Səs” qəzetinin baş redaktoru və “Səs” İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycan” qəzetində dərc edilən “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsinin cəmiyyətin maraqlarını ifadə edən məqalə olduğunu qeyd etdi. Bildirdi ki, ölkəmizdə KİV-in inkişafı dövlət quruculuğunun tərkib hissəsi kimi qəbul olunur. Ulu öndərimiz Heydər Əliyev söz və mətbuat azadlığına xüsusilə diqqət yetirmiş, azad mətbuatın formalaşıb, inkişaf etdirilməsinə diqqət ayırmışdır: “Dahi öndərimiz Heydər Əliyev KİV-lərin maddi-texniki bazasının genişlənməsinə xüsusi diqqət göstərmiş, demokratik proseslərin, azərbaycançılıq ideyalarının təbliğində KİV-in roluna böyük əhəmiyyət vermişdir. Məhz bu diqqət və qayğının nəticəsi olaraq, ulu öndərimiz “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür.

Baş redaktor ulu öndərimiz Heydər Əliyevin KİV-in fəaliyyətinə toxunarkən, söylədiyi tarixi fikrini “Biz senzuranı ləğv etdik, Konstitusiya ilə təsbit olunmuş söz azadlığını, mətbuat azadlığını tamamilə təmin etdik. Mətbuata geniş imkanlar yaratdıq. Mətbuat Azərbaycanda, həqiqətən, çox sərbəstdir, azaddır. Bu, o deməkdir ki, söz azaddır, fikir azaddır” deyərək, onu da bildirdi ki, mətbuatın inkişafına göstərilən diqqət və qayğı bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması barədə ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi sərəncam KİV-in inkişafına göstərilən diqqət və qayğının göstəricisidir.

B.Quliyev akademik Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsinin KİV-in inkişaf etdirilməsi üçün aparılan dövlət siyasətinin tərkib hissəsi olduğunu bildirdi: “Ölkə ziyalılarının qeyd etməli olan mövzunun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən qələmə alınması Azərbaycanın milli-mənəvi dəyərlərinə hörmətin təntənəsidir. Tam əminliklə demək olar ki, televiziyalar tənqiddən nəticə çıxaracaqlar. Bu aktual mövzunun ictimai müzakirəyə çıxarılmasına görə, hörmətli Ramiz müəllimə “Səs” qəzeti olaraq, minnətdarlığımızı bildiririk”. “Səs” qəzetinin baş redaktoru dəyirmi masa iştirakçılarına bu mövzu ətrafında müzakirələrin aparılmasını və televiziyalarda hökm sürən çatışmazlıqların, problemlərin aradan qaldırılması üçün təkliflərin irəli sürülməsinin vacibliyini söylədi.

 

TELEVİZİYA KANALLARIMIZIN YAYIM KONSEPSİYASI YOXDUR

 

Qulu Məhərrəmli:

 

- Büdcədən maliyyələşən televiziyaların yayım siyasətinə yenidən baxılmalıdır. Onların efirində özəl televiziyalarla rəqabət apara biləcək verilişlər yayımlanmalıdır. Özəl televiziya kanallarında isə yayım siyasəti bir qədər fərqlidir. ANS istisna olmaqla, Azərbaycanda televiziya kanallarının yayım konsepsiyası olmadığından, onlar bir-birinə çox oxşayır. ANS də gözünün odu alınmış bir televiziyadır. Burada cəmiyyəti düşündürən proqramlar var idi. Təəssüflər olsun ki, həmin verilişlərin bir qismi aradan qaldırıldı. Bu telekanal da şou bazarına meyilləndi. Ramiz Mehdiyevin bu məqaləsi telekanalların qarşısında sarı işıq yandırır. Televiziyaların süni şəkildə yaratdığı qadağaları aradan qaldırır. Qeyd edim ki, onların xəbər qaynaqları çox məhdudlaşıb. Son illər hansısa nazirin kanallara gəldiyini, ümumiyyətlə, görmürük. Müsahibələr hansısa nazirliyin idarə rəisi səviyyəsində götürülür. Ona görə də televiziyaların nüfuzu aşağı düşüb. Yəni, kanalların xəbər proqramlarına tamaşaçılar güvənmir. Bu itirilmiş nüfuzu və etimadı bərpa etmək üçün dövlət, hakimiyyət və televiziyalar birgə çıxış yolu tapmalıdır.

 

Jalə Əliyeva:

 

- Televiziya məkanında xətaya yol verən insan 8 milyonluq bir nüfuzun mənəviyyatını tamamilə yox edir. Telekanallarımız bütün dünyaya yayımlandığından, xaricdə yaşayan həmvətənlərimiz Azərbaycan haqqında buradan məlumat alır. Əsası ulu öndər tərəfindən qoyulan söz azadlığı var və senzura aradan götürülüb. Telekanallarda hər şeyi qara rəngdə görə bilmərik. Yerli telekanallarımızda dəyərli verilişlər və peşəkarlar var. Əsas məsələ onların daha da qabardılması və digərlərini, bu istiqamətdə inkişaf etdirilməsindən ibarətdir. Ancaq telekanallarımız bu məsuliyyəti dərk etmir və özlərinin maddi gəlirlərini güdürlər. Nəticədə, üst-üstə bu qədər problemlər meydana gəlir. Televiziya rəhbərləri düşünməlidir ki, hazırlanan səviyyəsiz verilişlərlə neçə ailəyə zərbə vurur və gənclərin gələcəyini korlayır. Bu barədə Milli Məclisdə dəfələrlə müzakirələr təşkil olunub. Həmin görüşlərə televiziya kanallarının rəsmi nümayəndələri də dəvət olunub. Onlar bizimlə söhbətində bildiriblər ki, şirkətlər ciddi verilişlərə reklam qoymaq istəmirlər. Sual edirlər ki, bəs biz haradan maliyyələşək?

 

QANUNLARIN HƏYATA KEÇİRİLMƏSİ ÜÇÜN YA STRATEJİ PROQRAM, YA DA NƏZARƏT FUNKSİYASI OLMALIDIR

 

Aynur Quliyeva:

 

- Daha çox bu vəziyyətdən çıxış yollarını müzakirə etməliyik. Qeyd olunduğu kimi, bu məsələlər milli qanunvericiliyimizdə mükəmməl tənzimlənib. Problem ondadır ki, qanunları qəbul etsək də, onların işləmə mexanizmini tapa bilmirik. Yəni, bu qanunlar kağız üzərində qalır. Problemin kökünü burada axtarmaq lazımdır. Bu qanunların həyata keçirilməsi üçün ya strateji proqram, ya da nəzarət funksiyası olmalıdır. Düşünürəm ki, bu məsələləri günlərlə müzakirə etsək də, vəziyyət istədiyimiz səviyyədə dəyişməyəcək. Problemlərin mövcud olmasının səbəblərindən biri də peşəkarlığın olmamasından qaynaqlanır. Düzdür, başqa ixtisas üzrə təhsil alan insandan gözəl jurnalist olur. Ancaq düşünürəm ki, jurnalist işləyən bir şəxsin mütləq jurnalist təhsili olmalıdır. Həmin insan jurnalistikanın əsaslarını, Azərbaycan dilinin qrammatikasını və qanunlarımızı bilməlidir. Problemin kökünü, eyni zamanda, təhsildə axtarmalıyıq. Əgər orta məktəbi bitirən insan Azərbaycan dilində yazıb-oxuya bilmirsə, bu, çox ciddi problemdir. Digər məsələ isə televiziya rəhbərlərinin bu savadsız insanları efirə çıxarmalarıdır. Bu, yolverilməz haldır. Sanki onların professionallarla işləmək həvəsi yoxdur. Hətta bu gün onlar televiziya məkanımızda, demək olar ki, yoxdur. Çünki istedadlı adamların şıltaqlıqlarına dözmək və onlarla işləməyi bacarmaq lazımdır. Bizim dəyərlər sistemimiz artıq məhv olmaq üzrədir. Milli Məclisin iclasında da bildirmişəm ki, hər yerindən duranın Üzeyir Hacıbəyovu təqlid etməsi əsil biabırçılıqdır. Çünki Ü.Hacıbəyov dəyərdir, milli sərvətimizdir. Bu milli sərvətlərimiz televiziyaların efirində öldürülür. Əvvəllər övladının müğənni olmasını istəyən nadir valideyn tapılardı. Bu gün isə, ata-analar övladlarının əlindən tutaraq, onları ulduz yarışmalarına aparır. Axı, SMS yarışı ilə müğənni olmaq mümkün deyil. Müğənni olmaq istəyən adamın musiqi təhsili olmalıdır. Televiziyalar vasitəsi ilə bu cür ulduz yarışmalarının yayımlanması asan yolla populyarlaşmağın, varlanmağın yollarını göstərir. Ona görə də, bu gün gənclərin əksəriyyəti müğənni olmaq istəyir. Bu faktlar tarixən formalaşmış baxışlarımızın son zamanlar sürətlə dəyişməsinin göstəricisidir.

 

Rafiq Nəbiyev:

 

- Bu gün telekanallarımızın bu vəziyyətdə olmasının səbəbkarı ziyalılarımızdır. Bunlar Azərbaycan teleməkanının yığılıb qalmış problemləridir. Ziyalılarımız mətbuat vasitəsi ilə bu barədə daha öncə məlumat verə bilərdilər. Bu gün əsas məsələ odur ki, tele kanallarda ciddi verilişlər azlıq təşkil edir. Deyirlər ki, ciddi verilişlər olanda, reklam gəlmir. Ramiz Mehdiyevin məqalisində qeyd etdiyi ciddi verilişlərin daimi qonaqları millət vəkilləri və ziyalılardır ki, onların da reytinqi yüksəkdir. “Səs” qəzetinin əməkdaşı: - Televiziya rəhbərləri heç bir jurnalist savadı olmayan şəxsləri hansı parametrlərlə işə qəbul edir?

 

TELEVİZİYA YAYIM ŞURASININ SƏLAHİYYƏTLƏRİ ARTIRILMALIDIR

 

İlham Rəhimli:

 

- İstedadlı qələm sahibi olmaq təhsildən tam asılı deyil. Bəzən məntiqlə yazılan yazılara rast gəldikdə, adam heyran olur. Az öncə Rafiq müəllim bildirdi ki, bugünkü problemlərin kökü ziyalılarımızdan asılıdır. Bildirmək istəyirəm ki, bu məqaləni yüzlərlə ziyalı birgə yazsaydı da, heç bir effekti olmayacaqdı. Amma bu məqalədə Ramiz Mehdiyevin imzası olduğu üçün o, hakimiyyət səviyyəsində qəbul olunur. Mövcud nöqsanları hamımız bilirik. Ölkədə konseptual şəkildə ideoloji platforma aydın deyil. Televiziyalardakı qeyri-stabillikdən istifadə edərək hər kəs öz bildiyini edir. Kanallarda Azərbaycan dilinin təhqir və təhrif edilməsinə qadağaların qoyulması senzura demək deyil. Mən elmlər doktoru, 47 kitabın müəllifiyəm və 15-dən artıq xarici ölkə telekanallarında məruzə ilə çıxış etmişəm. 32 kvadratmetrlik evdə yaşayıram. Ancaq televiziya kanalları Nazpəri Dostəliyevanı 3,5 milyon manatlıq evini reklam edir. Görəsən, dövlət onlardan bu villaların vergisinin ödənib-ödənmədiyini soruşubmu? Universitet müəllimiyəm və auditoriyada tələbələrimə təkamüldən, tərəqqidən və millətdən danışanda, onlar mənə sual verir ki, İlham müəllim, nəyiniz var? Bu faktlar da yaralı yerimizdir. Ramiz Mehdiyevin bu məqaləsi dövlətin mətbuata olan diqqəti və qənaətidir. Azərsell, Baksell, Nar Mobile şirkətləri ölkəmizdən milyonlarla manat məbləğində gəlir götürür. Maraqlıdır ki, hələ də telefonlarda Azərbaycan dili yoxdur. Ona görə də SMS-lər bərbad vəziyyətdə, Azərbaycan dili təhrif olunmuş formada yazılır. Necə olur ki, telefonlarda gürcü və erməni dili olur, ancaq Azərbaycan dili yox? Bu məsələyə ciddi fikir vermək lazımdır. Təklifim ondan ibərətdir ki, Televiziya Yayım Şurasının səlahiyyətləri artırılsın. Dövlətimizin tərəqqisi, inkişafı, eyni zamanda, qüsurları da var. Televiziya saqqızdır və onu bu qədər çeynəyib tamını itirmək olmaz. Bu baxımdan, hesab edirəm ki, ideloji, mənəvi, əxlaqi konsepsiyası olmayan televiziyalar, birmənalı olaraq, bağlanmalı və ya sanksiyalar tətbiq olunmalıdır. Dövlət və İctimai televiziyalar istisna olmaqla, digər telekanalların ideoloji konsepsiyası, fundamental milli mədəniyyətin tərəqqi və təkamülünə xidmət edən platforması yoxdur. Halbuki peşəkar kadrlarımız, güclü televiziya səriştəsi olan aparıcılarımız var. Hansı özəl telekanal deyə bilər ki, onlarda Azərbaycan dilinin yazı və orfoepiya qanunları var? Efirə təqdim olunan aparıcıların nitq mədəniyyəti ilə məşğul olmaq lazımdır. Vaxtilə “Kommunist” qəzetinin şöbə müdiri işləyirdim, başqa qəzetlərə də yazılar yazırdım. Televiziyada yayımlanan bir verilişimə 250 manat pul alırdım. Yəni, bir ayda altı aylıq güzəranımı qura bilirdim. Bu gün qəzetlərə verilən yazılara görə müəllifə 5-6 manat pul verilir. Azərbaycanın mənəvi-əxlaqi dəyərləri üstündə köklənən və bu kökü qoruyan, onun qeyrətini çəkən insanların maddi güzəranı düşünülməlidir. Ona görə də, digər insanlar televiziyalara kütləvi şəkildə yol tapa bilirlər. Qeyd etdiyimiz səviyyəsiz verilişlərə reklam verənlər də ölkənin ən sanballı adamlarıdır. Nə üçün bunlara dövlət səviyyəsində Azərbaycan tarixini, mədəniyyətini təbliğ edən verilişlərə reklam vermədiyi soruşulmur. Onların vətəndaş qeyrətini oyatmaq lazımdır. Bir faktı qeyd edim ki, Danimarkada siqaretdən və spirtli içkidən gələn gəlirin 2 faizi dövlət televiziyasının hesabına keçirilir. Ziyalı olaraq çalışmalıyıq ki, bu problemlərin öz həllini tapması üçün əlimizdən gələni edək. Bu istiqamətdə kompleks və fundamental şəkildə fəaliyyət göstərmək lazımdır. Əgər bu müzakirələr bir neçə gündən sonra unudulacaqsa, onda heç bir səmərə verməyəcək. Düşünürəm ki, Televiziya və Radio Yayım Şurası bu məqalənin tezislərindən istifadə edərək, öz qanunlarında dəyişikliklər etməlidir. Onlara səlahiyyət verilərsə, daha səmərəli fəaliyyət göstərərlər.

 

 

(Ardı var)

 

 

Kübra ƏLİYARLI,

 

Sevinc NƏZƏROVA

 

 

Səs.- 2009.- 13 oktyabr.- S. 8-9.