İlham Əliyevin 2-ci dəfə Prezident seçilməsinin
1 ili tamam oldu
Beynəlxalq təşkilatların hesabatlarına
görə, 2008-ci il oktyabrın 15-də Azərbaycanda ən
demokratik seçkilər keçirilib
Azərbaycanda son 15 ildə
seçki texnologiyalarının mükəmmələşdirilməsi,
seçki qanunvericiliyinin təkmilləşdirilməsi və
ölkədə azad siyasi fəaliyyət mühitinin
yaradılması seçkidən-seçkiyə inkişafla
müşahidə olunub. Son prezident seçkiləri isə
ölkədə ən demokratik proses oldu və bu fakt
bütün yerli və beynəlxalq təşkilatları,
müşahidəçilər tərəfindən təsdiq
olundu. Həmin seçkidə YAP-ın Sədri cənab
İlham Əliyev seçicilərin 88.8 fazi səsini qazanaraq
Prezident seçildi.
2008-ci il
oktyabrın 15-də Azərbaycanda keçirilən prezident
seçkiləri müstəqil ölkəmizin tarixində
yeni səhifə açdı. Prezidentliyə namizədlərin
sayının çoxluğuna baxmayaraq ölkə əhalisi
ulu öndər Heydər Əliyev siyasətinin layiqli
davamçısı İlham Əliyevi yenidən ən ali
postda - Prezident kürsüsündə görmək istədi. Cənab
İlham Əliyev şəffaf və demokratik seçkidə
88,73 % səs toplayaraq növbəti dəfə Azərbaycan
Respublikasının Prezidenti seçildi.
“Bizim
uğurlarımızın əsas mənbəyi Azərbaycan
xalqının fəaliyyətidir, Azərbaycan xalqının
iradəsidir” deyən Prezident İlham Əliyev 2008-ci ilin
Prezident seçkilərinə bu amalı əldə rəhbər
tutaraq qatıldı. Məhz Azərbaycan xalqının rəğbəti
sayəsində İlham Əliyev 2008-ci ilin 15 oktyabrında keçirilən
prezident seçkilərinin əsas favoriti olaraq siyasi
mübarizədən qalib çıxdı. Xalq yekdilliklə
Onu dəstəklədi və səsini ulu öndər Heydər
Əliyevin siyasi kursunun davamçısına verdi.
Azərbaycanda keçirilən
2008-ci ilin prezident seçkiləri ölkədə və
dünyada böyük rezonans doğurdu. Şəffaflığı
ilə diqqəti çəkən bu seçkilər müstəqil
Azərbaycanın tarixinə ən demokratik seçki kimi daxil
oldu. Xalqın yenidən İlham Əliyevə etimad göstərməsi
ötən beş ildə Onun həyata keçirdiyi siyasətin
uğurları ilə bağlı oldu.
Böyük
uğurla başa çatan prezident seçkilərində,
gözlənildiyi kimi xalqın seçimi dəyişmədi.
2003-cü il prezident seçkilərində tərəqqiyə,
inkişafa, ulu öndər Heydər Əliyev siyasətinə
səs verən yenə də bu yola dəstək verdilər. Seçkilərin
nəticələri ilə bağlı “ELS” Müstəqil
Araşdırmalar Mərkəzinin, AVCİA-nın, eləcə
də, Hüquqi və Demokratik İslahatlar Mərkəzinin
keçirdikləri “exit-poll”un nəticələrinə
görə də, Yeni Azərbaycan Partiyasının
prezidentliyə namizədi cənab İlham Əliyev seçicilərin
88,8 faiz səsini qazandı.
Azərbaycanda
seçkilərin demokratik və şəffaf keçirilməsi
üçün bütün tədbirlər
görülmüşdü. İstər beynəlxalq, istər
yerli müşahidəçilərin çoxluq təşkil
etməsi, istər məntəqələrdə
veb-kameraların qurulması, bir daha deməyə əsas verdi
ki, respublikamızda seçkilər, həqiqətən də, tam şəffaf
və ədalətli keçirildi. 15 oktyabr prezident seçkiləri
bir daha sübut etdi ki, Azərbaycan demokratik bir ölkə
olmaqla seçiciləri də seçməyi bacarır.
Azad, ədalətli və
demokratik seçiminə əsaslanan
15 oktyabr prezident seçkilərində uğurla fəallıq
göstərən Azərbaycan vətəndaşları
növbəti beş il üçün cənab İlham Əliyevə
səs verdilər. Seçkinin nəticələri həm də hər bir kəsin
arzuladığı, gözlədiyi və böyük
ümid etdiyi, ən əsası isə inandığı nəticələri
ortaya qoydu.
15 oktyabr prezident
seçkisinin nəticələri belə bir tarixi həqiqəti
də növbəti dəfə təsdiqləmiş oldu ki,
ümummilli liderimiz Heydər Əliyev
siyasi kursunun varisliyinin təmin olunması xalqın bu kursa olan dərin
inamından, gerçək arzularından keçib gəlir.
Daim ictimaiyyətin diqqət mərkəzində
qalaraq millətin saf və müqəddəs istəklərində,
sabaha yönələn ümidlərində özünə yer tutmaq
mühüm məsələdir. Bəlkə də,
elə buna görədir ki, 2008-ci il oktyabrın 15-də vətəndaşların
mütləq əksəriyyəti qəti mövqeyini ortaya
qoyarkən, cənab İlham Əliyev amilini, ilk növbədə,
dayanıqlı və təhlükəsiz sabah
axtarışlarının
cavabı olaraq önə çəkdilər.
Əslində, xalq öz
seçimində haqlı idi və
bu seçim son dərəcə
mühüm siyasi, ideoloji və mənəvi prinsiplərə əsaslanır. Məhz
bu inama əsaslanaraq, xalqımız ulu öndərimizin müəllifi
olduğu milli dövlətçilik konsepsiyasını davam
etdirə biləcək yeganə siyasi lider kimi növbəti dəfə,
birmənalı olaraq, cənab İlham Əliyev fenomeni üzərində
qərar tutdu.
Çünki bütün siyasi
opponentlərindən fərqli
olaraq İlham Əliyevin ulu öndərimiz Heydər Əliyev
siyasi kursuna dair baxışlar sistemi institutlaşmış
xarakter daşıyır. Seçkinin nəticələri həm
də belə bir reallığı ifadə etdi ki, cənab
İlham Əliyev xarizmatik liderdir və onun mütərəqqi
siyasi keyfiyyətləri insanların Ona olan dərin inamında özünü
büruzə verir.
Azərbaycan
növbəti dəfə bütün dünyaya demokratik
ölkə olduğunu, regionun iqtisadi cəhətdən
lideri olmaqla yanaşı, demokratiklik cəhətdən də
lideri olduğunu nümayiş etdirdi. Beynəlxalq
müşahidə missiyasının verdiyi rəylər
ölkəmizin beynəlxalq imicini daha da artıracaq, Azərbaycanın
adının dünyada ən demokratik ölkələrlə
yanaşı çəkilməsini şərtləndirəcək.
“Mənə yenidən
böyük etimad göstərmiş, məni Prezident vəzifəsinə
seçmiş bütün Azərbaycan xalqına öz dərin
minnətdarlığımı bildirirəm. Azərbaycan
xalqını yenidən əmin edirəm ki, mən bundan sonra
da Azərbaycanın hərtərəfli inkişafı üçün
öz səylərimi əsirgəməyəcəyəm”-deyən
İlham Əliyev öz sözünə əməl etdi.
Ötən 1 ildə dövlət
başçısının həyata keçirdiyi siyasət
ölkənin inkişafını sürətləndirdi və
beynəlxalq mövqelərimizi möhkəmləndirdi.
İkinci müddətə Azərbaycan
Respublikasının Prezidenti seçilən İlham Əliyevin
xalqımıza verdiyi söz müasir Azərbaycanın
inkişafına, tərəqqisinə yönələn fəaliyyətin
konsepsiyasına çevrildi. Dövlət
başçısı növbəti 5 ildə Azərbaycanı
idarə etməyin strategiyasını bəyan etməklə
yanaşı, xalqımızda siyasi və sosial-iqtisadi
uğurlar seriyasının davamlı xarakter alacağına əminlik
yaratdı. İlham Əliyevin xalqdan aldığı dəstəyin
təməlində Onun ulu öndər Heydər Əliyev siyasətinə
sadiqliyi dayandı. Ötən bir il Azərbaycanda
bütün istiqamətlərdə böyük
inkişafın müşahidə olunması, ölkəmizin
bölgədə və dünyada mövqelərini gücləndirməsi
ilə müşayiət olundu. Müstəqilliyimizin və
ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin,
vətəndaş həmrəyliyinin bərqərar
olmasının təməlində isə Azərbaycan dövlətinin
milli maraqlarının qorunması dayandı.
“Müstəqillik bizim
üçün ən böyük sərvətdir, ən
böyük dəyərdir. Ancaq müstəqilliyi əldə
etmək onu qoruyub saxlamaqdan, möhkəmləndirməkdən
daha asandır. Bu gün Azərbaycan sözün əsl mənasında
müstəqil ölkədir, biz həm daxildə, həm də
xaricdə müstəqil siyasət aparırıq. Bizim siyasətimiz
Azərbaycan xalqının maraqlarına xidmət göstərir.
Azərbaycan xalqının maraqlarının
qorunması, Azərbaycan dövlətinin möhkəmləndirilməsi,
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi
mənim üçün və bilirəm ki, hər bir Azərbaycan
vətəndaşı üçün ən başlıca vəzifədir,
ən başlıca məqsəddir”-İlham Əliyev
öz fikrini açıq ifadə edib.
Prezident İlham Əliyevin
yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin
və dostlarının sayını artırdı. Azərbaycan
beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi.
Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə,
həm də bölgədəki əməkdaşlığın
inkişafına xidmət etdi.
Milli mənafelərlə
bağlı problemlərin həllinə həssas və fəal
yanaşma uzaq və yaxın xaricin də diqqətindən
yayınmadı. Azərbaycan Prezidentinin
yürütdüyü uğurlu xarici siyasət nəticəsində
artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı
işğalçı dövlət kimi tanıdı və Azərbaycan
Prezidentinin bu məsələdəki birmənalı
mövqeyi təsdiqlədi ki, Dağlıq Qarabağın Azərbaycandan
ayrılma mexanizmi yoxdur.
“Azərbaycanın ərazi
bütövlüyü danışıqların mövzusu
deyil, olmayıb və heç vaxt olmayacaq. Dağlıq
Qarabağa heç vaxt- nə bu gün, nə sabah, nə 10
ildən sonra, nə 50 ildən sonra müstəqillik verilməyəcək”-
Azərbaycan dövlət başçısı bəyan edib.
Azərbaycanın
Dağlıq Qarabağ bölgəsində Ermənistanın
apardığı etnik təmizləmə və işğal
siyasəti nəticəsində doğma torpaqlarından qovulan
1 milyona yaxın insanın həyat şəraitinin
yaxşılaşdırılması, yeni qəsəbələrin
salınması diqqətdə saxlanıldı.
Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Dağlıq Qarabağın Azərbaycandan qoparılması ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi, xalqımızı ordumuzun etibarına inandırdı.
Bu dövrdə Azərbaycanın iqtisadi
uğurları daha da böyüdü. İqtisadi inkişafına
görə, dünyada lider dövlət olan Azərbaycanın
dövlət büdcəsi, valyuta ehtiyatları, ölkəmizə
sərmayə qoyuluşlarının həcmi artdı,
güclü sahibkarlıq sinfi yarandı. Dünya Bankı və
Beynəlxalq Maliyyə
Korporasiyası “Duing business” hesabatında Azərbaycanı
2008-ci ilin ən islahatçı ölkəsi elan etdi.
Ölkədə 800 min yeni iş
yeri açıldı, yoxsulluğun səviyyəsi 49 faizdən
13 faizə düşdü, əhalinin rifah halının daha
da yaxşılaşdırılması istiqamətində
dövlət proqramları icra edildi. Azərbaycanda qeyri-neft
sektorunun inkişafı neft siyasətinin məntiqi davamı
oldu.
Güclü
iqtisadiyyatın hər bir ölkənin inkişafında
mühüm amil olduğunu bəyan edən Prezident İlham Əliyev
ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin
artırılması ilə bağlı tədbirlər
gördü. Bu məsələ regionların sosial-iqtisadi
inkişafı dövlət proqramının birinci və
ikinci mərhələsində
yetərincə əksini tapdı.
Nəhəng infrastruktur layihələrinin-
Olimpiya idman-komplekslərinin inşası gənc nəslin
sağlamlığının qorunmasına mühüm
töhfələr verdi. Yüzlərlə səhiyyə
ocağının, müalicə-diaqnostika mərkəzlərinin
inşası səhiyyə sisteminin inkişafını
göstərdi. Ölkədə nəqliyyat sisteminin yenidən
qurulması Azərbaycanın dünyaya
çıxışını təmin etdi.
1800-ə yaxın məktəbin
tikilməsi isə təhsil sistemində ən uğurlu islahat
kimi tarixə düşdü. Bütün bunların təməlində
uğurlu enerji siyasəti dayandı. Azərbaycan neft-qaz sahəsində
qazandığı uğurları davam etdirdi. Avropanın
enerji təhlükəsizliyinin təmin olunmasında
mühüm rol oynayan Azərbaycanda qazlaşdırmanın səviyyəsi
85 %-ə çatdı.
Ölkəmiz Asiyanı Avropa ilə
birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin,
Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi
kimi iri regional və ölkədaxili layihələrin
icrasına nail oldu. Azərbaycançılıq fəlsəfəsi
İlham Əliyev siyasətinin mənəvi dayağına
çevrildi, milli ləyaqət, milli qürur, dini
tolerantlıq uğurlarımızın əsas şərtləri
oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət
müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi
dəyərlərimizin ən yüksək səviyyədə
qorunmasına xidmət etdi. Prezident İlham Əliyev Azərbaycanın
gələcəyinin etibarlı təminatını da həyata
keçirdi.
Prezident İlham Əliyev
dünya səviyyəsində Azərbaycanın söz sahibi
olduğunu, həmçinin XXI əsrdə dövlətlərin
böyüklüyünün, yaxud kiçikliyinin fərq etmədiyini,
dövlətin müstəqil siyasət yeridə bilməsinin əsas
olduğunu ortaya qoydu. Yeri gəlmişkən, beynəlxalq sorğuda İlham Əliyevin
Şərqin lider dövlət başçısı
seçilməsi də bunun nəticəsi idi.
Elə bu günlərdə
İlham Əliyevin Kanadada “İlin adamı” seçliməsi
də təsadüfi deyildi. Azərbaycan lideri bu ada Yer
üzündə ümumi sülhün bərqərar
olması işinə böyük töhfə verən XXI əsrin
görkəmli siyasi xadimi kimi layiq görülüb.
Göründüyü kimi, bu gün dünya ölkələri
bu siyasətə böyük qiymət verirlər.
Prezidentimiz dünya
səviyyəsində balanslaşdırılmış xarici
siyasət həyata keçirir. Ötən ilin avqust ayında
Gürcüstanda baş verən hadisələr də göstərdi
ki, Azərbaycanın xarici siyasət konsepsiyası nə qədər
düzgün və strateji əhəmiyyətlidir. Bu siyasət Azərbaycan
xalqının mənafeyini, inkişafını və
perspektivini müəyyənləşdirir. Azərbaycan
demokratik, müstəqil və azad bir ölkə kimi
tanınır. İnkişaf etmiş və yeni inkişaf
yoluna qədəm qoymuş ölkələrlə
qarşılıqlı əməkdaşlıq şəraitində
müqavilələr bağlanılır.
Azərbaycanın xarici siyasətində
balanslaşdırma ana xətdir. Ona görə də əksər
ölkələr tərəfindən Azərbaycanın bu
uğurları dəstəklənir. Xarici siyasət
sahəsində başlıca problemlərimizdən biri Qarabağdır.
İndi hər bir Azərbaycan vətəndaşı
yaxşı anlayır ki, Prezident İlham Əliyev
bütün görüşlərində, beynəlxalq aləmdə
öz çıxışlarında bu məsələni
ön plana çəkir. Azərbaycanın sərhədlərinin
toxunulmazlığı məsələsi bu
çıxışların əsasını təşkil
edir.
Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə beynəlxalq
hüququn prinsipləri əsasında həll olunması Azərbaycan
Prezidentinin başlıca qayğısıdır və fəaliyyətinin
əsasını təşkil edir. Düzdür,
Qarabağ probleminə beynəlxalq səviyyədə ikili
yanaşma halları bu gün də var. İlham Əliyev bu
standartların aradan qaldırılmasını və problemin
BMT çərçivəsində, beynəlxalq hüququn
normaları, ərazi bütövlüyümüzün
toxunulmazlığı əsasında çözülməsini
tələb edir.
Dövlət
başçısı Qarabağ probleminin təkcə
sülh variantı həllinə çalışmaqla kifayətlənmir,
Azərbaycanın qüdrətli, müasir və peşəkar
Silahlı Qüvvələrinin formalaşdırılması
işi ilə ciddi məşğul olur. Ötən il iyunun
26-da Silahlı Qüvvələrimizin 90 illik yubileyi münasibətilə Bakıda
keçirilən möhtəşəm hərbi parad Azərbaycanın
öz torpaqlarını istənilən yolla azad etmək
iqtidarında olduğunu göstərdi.
Prezidentimizin ayrı-ayrı
ölkələrə rəsmi səfərləri zamanı Azərbaycanın
inkişafı, tərəqqisi, beynəlxalq aləmdə
nüfuzunun artması, möhkəmlənməsi sahəsində
mühüm işlər görülür. Prezidentimiz
nəinki dünyanın inkişaf etmiş ölkələrinə
səfərlər edir, eləcə də Azərbaycanın gələcəyi,
xalqımızın mənafeyi üçün hardasa
faydalı olacaq tədbirləri həyata keçirə bilən
ölkələrlə də əməkdaşlığı
zəruri hesab edir. Bu əlaqələr strateji müttəfiqlik
səviyyəsinə yüksəlir.
Azərbaycanda tam ictimai-siyasi
sabitlik hökm sürür. Bu sabitliyin təməlini
ümummilli liderimiz ikinci dəfə hakimiyyətə
qayıtdıqdan sonra qoyub. İlham Əliyev prezident
seçildikdən sonra bu sabitliyin möhkəmlənməsinə
öz töhfəsini verdi. Azərbaycanda insan
hüquqlarının qorunmasına xüsusi diqqət yetirilir.
Demokratik təsisatlar möhkəmləndirilir. Söz və mətbuat
azadlığı, din azadlığı var. Bütün
bunlar ölkədə ictimai-siyasi sabitliyə rəvac verir. Vətəndaş
həmrəyliyinin möhkəmləndirilməsi sahəsində
ciddi addımlar atılır.
Prezidentliyi müddətində
İlham Əliyev bir çox humanist addımlar atıb, əfv
fərmanları imzalayıb. Qeyd edilməlidir ki, bu məsələlərdə
Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın
da çox böyük xidmətləri var. Millət vəkili,
YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə Milli Məclisdə Amnistiya Aktı qəbul edilib. Bu
sıranı xeyli genişləndirmək olar. Bütün
bunlar isə, ölkədə vətəndaş həmrəyliyinə
nail olunması deməkdir.
Ötən müddətdə ən böyük uğurlardan biri də iqtisadi inkişaf tempinə görə dünyada liderliyi ələ keçirmək və bu mövqeni bir neçə ildir ki qoruyub saxlamaqdır. Son illərdə Azərbaycanda iqtisadi artım orta hesabla 15 faiz təşkil edir. Cari ilin dövlət büdcəsi 15 milyarda çatıb, ilin sonuna strateji valyuta ehtiyatları 20 milyarda çatacaq. Son 5 ildə düvlət büdcəsi 10 dəfə, ümumi daxili məhsul isə 5 dəfə artıb. Bu göstəricilər ölkəmizin nə dərəcədə sürətlə inkişaf etdiyinin əyani sübutudur.
BVF-nin, MDB Statistika Komitəsinin son proqnozlarında da gələn il Azərbaycanda inkişaf tempinin dünya ölkələrin arasında ən çox olacağı qeyd olunur. Üstəlik, inflyasiyanın minimuma endirilməsi, sosial müdafiənin gücləndirilməsi haqqında da proqramlar həyata keçirilir.
Azərbaycanda insanların həyat şəraitinin yaxşılaşdırılması, onların sosial güzəranının yüksəldilməsi istiqamətində də ciddi işlər görülür. Demək olar ki, bütün sahələrdə çalışanların əməkhaqqları bir neçə dəfə artırılıb. İnsanların sosial müdafiəsi gücləndirilib. Müəyyən kateqoriyadan olanlara kompensasiya verilir, aztəminatlı ailələrə güzəştlər edilir.
Ölkədə azad sahibkarlığa geniş imkanlar yaradılıb. Başlıcası isə odur ki, regionların inkişafı daim Prezidentin diqqət mərkəzində olub. Həmçinin, regionların sosial-iqtisadi inkişafı ilə bağlı ciddi dövlət proqramları ardıcıl olaraq həyata keçirilir. Bölgələrdə infrastruktura xüsusi diqqət verilir. Bu ilin əvvəlindən tətbiqinə başlanan “vahid pəncərə” sisteminin sahibkarlığın inkişafına əlavə stimul yaratmasını da bu sahədə ciddi uğurlardan biri kimi qeyd etmək olar.
Bir neçə il bundan əvvəl ən geridə qalmış, sosial-iqtisadi cəhətdən axsayan regionlarda bu gün böyük dəyişikliklər göz önündədir. “Səs” qəzetinin ölkənin regionlarında təşkil etdiyi dəyirmi masalarda iştirak edərkən bunu öz güzlərimizlə gördük və əmin olduq ki, artıq ölkəmizin bütün bölgələri müasir və inkişaf etmiş infrastruktura və iqtisadiyyata malikdir.
Bütün bunlar həm də Azərbaycana böyük perspektivlər vəd edir. Regionların inkişafı həm də rayonlarda yeni iş yerlərinin açılması, adamların rahat yaşaması, bölgələrə qayıdış, həyatın canlanması deməkdir.
İlham Əliyevin prezidentliyi dövründə 800 minə yaxın yeni iş yeri açılıb. Bunların çoxu daimi iş yerləridir. Dövlət başçısı seçilməzdən əvvəl O, 5 il ərzində 600 minə yaxın iş yerinin açılacağını vəd etmişdi. Zaman və fakt göstərdi ki, İlham Əliyev xalqa verdiyi bütün sözlər kimi, bu sözünü də vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirib.
Bunun nəticəsində, Azərbaycanda işsizlik problemi artıq aradan qalxır. Yoxsulluğun səviyyəsi həddən artıq aşağı düşüb. İndi bu, 13 faizdən də aşağıdır. Son illərdə xeyli sayda yeni istehsal müəssisələri açılıb. Yeni yollar çəkilir, məktəblər açılır, səhiyyə obyektləri istifadəyə verilir.
Ümumilli liderimiz Heydər Əliyev enerji sektorunun inkişafına, neft müqavilələrinə böyük önəm verirdi. Prezident İlham Əliyev bu strategiyanı uğurla davam etdirir. Neftdən gələn gəlirlər xalqımızın mənafeyinə yönəldilir. Bununla yanaşı ölkədə qeyri-neft sahələri də inkişaf etməkdədir.
Özəl sektorun inkişafına ciddi diqqət verilir. Hökumətin ilin 6 aylıq yekunların həsr olunan iclasında da vurğulandı ki, artıq özəl bölmə ölkə iqtisadiyyatının 85 faizini təşkil edir. MDB məkanında inkişafa görə, növbəti dəfə lider olduğu elan olunan Azərbaycan artıq inkişaf etmiş ölkələr səviyyəsinə çatmaqdadır.
Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasətin əsasında əhalinin sosial-iqtisadi durumunun yaxşılaşdırılması dayanır. “Mənim bir məqsədim var- Azərbaycanı möhkəmləndirmək, ölkəmizin dünyadakı mövqelərini gücləndirmək, xalqın rifah halını yaxşılaşdırmaq, müxtəlif proqramların həyata keçirilməsi ilə Azərbaycanı müasir güclü ölkəyə çevirmək.”
Prezident İlham Əliyevin son 6 ildə həyata keçirdiyi tədbirlərə, imzaladığı fərman və sərəncamlara, təsdiqlədiyi Dövlət Proqramlarına diqqət yetirsək, onların hər birinin əsasında bu məqsədə nail olmaq istəyinin dayandığı özünü qabarıq şəkildə büruzə verir.
2004-2008-ci illəri əhatə edən “Regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramı” uğurla başa çatdı. Hazırda proqramın II hissəsi (2009-2013) həyata keçirilir və bu mərhələdə daha böyük işlərin həyata keçirilməsi nəzərdə tutulub. İşsizlik, yoxsulluq problemlərinin həlli istiqamətində mühüm addımlar atılır. Bu gün yoxsulluq həddinin bir neçə il əvvəlki 49 faizdən 13 faizə endirilməsi həyata keçirilən layihələrin uğurlu nəticəsidir.
Beynəlxalq Valyuta Fondunun qənaətinə görə Azərbaycanda bugünkü iqtisadi inkişaf saxlanılarsa, çox qısa zamanda ölkədə bir nəfər də yoxsul olmayacaq. “Azərbaycanda yoxsul olmamalıdır”- bu tezis Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Ölkənin bugünkü iqtisadi inkişafı və maliyyə imkanları bunu qeyd etməyə əsas verir.
Böyük enerji layihələrinin əsas iştirakçısı və təşəbbüsçüsü olan Azərbaycan onların reallığa çevrilməsi ilə iqtisadi qüdrətini daha artırır, eyni zamanda maliyyə imkanlarını genişləndirir. Bu isə əhalinin sosial-rifah halının yaxşılaşmasına zəmin yaradır. Əmək haqqları, pensiyalar ildə bir neçə dəfə artır.
Müxtəlif kateqoriyalardan olan vətəndaşlara konpensasiyalar verilir. Təbii ki, bir neçə il bundan öncə xalqın yaşayışı ilə bu günü müqayisə etsək, görərik ki, radikal müxalifətin söylədiklərinin əksinə olaraq iqtisadi göstəricilər rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapıb. Bunlar gerçəkliyin sərt üzüdür.
Bu gün Azərbaycanda aparılan siyasət ulu öndər Heydər Əliyev siyasi kursunun davamıdır və yeganə düzgün siyasətdir. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət Azərbaycanı xoş gələcəyə aparır. Bunu görməmək, qiymətləndirməmək və buna sevinməmək sadəcə olaraq mümkün deyil. Bunun üçün sadəcə, azərbaycanlı olmaq yetər.
Bu yazını isə, Prezident İlham Əliyevin xalqa verdiyi sözlə bitirmək istərdim- “Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da Vətənimizin uğurlu inkişafı üçün, Azərbaycanın çiçəklənməsi üçün mən əlimdən gələni əsirgəməyəcəyəm, Azərbaycan xalqına bundan sonra da xidmət edəcəyəm. Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”
Elçin Bayramlı
Səs.- 2009.- 16 oktyabr.- S. 5-7.