Azərbaycan Avropanın enerji təhlükəsizliyində
mühüm rol oynayır
Avropanın alternativ marşrutlarla təbii qazla təmin
olunmasında əsas diqqət Azərbaycana yönəlib
Avropa Birliyi ölkələrinin
təbii qaz təchizatında Azərbaycan etibarlı tərəfdaşlardan
biri kimi mühüm rol oynayır və bu rol getdikcə
artır. Xəzər regionundan enerji ixracında Azərbaycanın
alternativ variantlara malik olması xüsusilə böyük
önəm daşıyır.
Müasir dövrdə Avropa qitəsində
əsas yanacaq növü kimi qəbul edilən təbii qaza tələbat
sürətlə artır. Bu baxımdan, Avropada enerji təhlükəsizliyi
problemi strateji əhəmiyyət kəsb edir və onun həlli
istiqamətində nüfuzlu mütəxəssislər, alimlər
və tədqiqatçılar araşdırmalar aparır,
müxtəlif variantlar və yollar axtarılır və beləliklə
də yeni enerji təhlükəsizliyi sisteminin
yaradılmasına səy göstərilir.
Göstərilən amilləri nəzərə
alaraq, təbii qaz təminatında etibarlı mənbələr
axtaran Avropa qlobal maliyyə böhranına baxmayaraq, Nabukko
layihəsinin daha tez reallaşmasını ön plana çəkərək
onun gerçəkləşməsi üzrə əsas tərəf
rolunda Azərbaycana üstünlük verir.
Dövlət
başçısı İlham Əliyevin qeyd etdiyi kimi,
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz kəmərləri
enerji mənbələrinin şaxələndirilməsi sahəsində
regionda tamamilə yeni vəziyyət yaradıb. Hazırda
Avropanın alternativ marşrutlarla təbii qazla təmin
olunmasında əsas diqqət yenidən Azərbaycana yönəlib.
Avropa Birliyinə daxil olan bir
neçə ölkə hələ 2002-ci ildə Mərkəzi
Asiyadan Avropaya təbii qaz yanacağı nəql edilməsi məqsədilə
boru kəməri xəttinin çəkilməsi barədə
məsləhətləşmələrə başlayıb.
2004-cü ildə layihənin ilkin variantı nəzərdən
keçirilib və bu zaman həmin xətt öz
başlanğıcını İranın qaz yataqlarından
götürməli, Fars körfəzindən keçməklə
Avropaya qədər uzanmalı idi. Lakin İranda “uranın zənginləşdirilməsi
proqramı” ilə bağlı cərəyan edən hadisələr
bu marşrutun reallaşmasına maneələr yaradaraq onun
yeni variantda işlənilməsini şərtləndirdi.
2006-cı ilin iyununda “Nabukko layihəsi”
imzalanarkən təbii qaz təchizatçısı kimi Azərbaycan
əsas diqqət mərkəzində qalaraq, İran, İraq,
Türkmənistan və Misir də təchizatçı
ölkələr sırasında nəzərdə tutulurdu.
Bir məqamı da qeyd etmək
lazımdır ki, müasir dövrdə Azərbaycanda qaz
yataqlarının işlənilməsi və təbii qaz
hasilatı sahəsində vəziyyət tamamilə dəyişib.
Ölkəmiz öz daxili qaz tələbatını ödəməklə
yanaşı, onu dünya bazarlarına idxal edir. Əsası
ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş və Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilən siyasi kurs Azərbaycanı, “Əsrin
müqaviləsi” kontekstində həyata keçirilən milli
neft strategiyasının məntiqi nəticəsi kimi, təkcə
neft deyil, həm də qaz ixrac edən ölkəyə
çevirib.
Kəşfiyyat-axtarış tədbirləri
nəticəsində ölkəmizdə 2 trilyon kubmetr həcmində
qaz ehtiyatlarının olması müəyyənləşdirilib.
Bu səbəbdən də Azərbaycan “Nabukko” layihəsində
artıq həm təchizatçı, həm də tranzit
ölkə hesab olunur.
Təbii qaz yanacağına ciddi
ehtiyac duyan Avstriya, Macarstan, Rumıniya, Bolqarıstan və
Türkiyə son nəticədə Misirin maye qaz ehtiyatlarının
nəql edilməsindəki məlum problemlər, İran və
İraq variantları ilə bağlı bəzi geosiyasi amillər
nəzərə alınaraq, Rusiyadan yan keçməklə
Türkiyə ərazisindən Avropayadək uzanan yeni qaz nəqli
marşrutu ideyasını qətiləşdirdi. İki qitəni-
Asiya və Avropanı, başqa sözlə desək, iki
sivilizasiyanı birləşdirəcək nəhəng qlobal
iqtisadi (ticarət), nəqliyyat layihəsi olan “Nabukko” boru kəmərinin
yaradılması ideyası beləcə rüşeymləşdi.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin fikirləri olduqca maraqlı və
təqdirəlayiqdir: “Azərbaycan həmişə “Nabukko”
layihəsini dəstəkləyib. Ümumiyyətlə,
“Nabukko” bir layihə kimi Azərbaycandan Türkiyəyə qaz
kəmərinin çəkilməsindən sonra ortaya
çıxıb. Əgər 1996-cı ildə bp və digər
şirkətlərlə “Şahdəniz” qaz
yatağının istismarına dair saziş imzalanmasaydı və
Azərbaycan partnyorlarla birgə Bakı-Tbilisi-Ərzurum qaz kəmərini
tikməsəydi, bu gün “Nabukko” layihəsinə dair
sazişin imzalanması mümkün olmazdı. Bu gerçəklik
göstərir ki, Azərbaycan “Nabukko”nun təşəbbüskarı
olmaqla yanaşı, eləcə də əməldə
diversifikasiya və nəql infrastrukturunun
yaradılmasını dəstəkləyən ölkədir”.
Digər sahələrdə
olduğu kimi, enerji əməkdaşlığı sahəsində
də Azərbaycanın Avropa İttifaqının etibarlı
tərəfdaşına çevrilməsi diqqətəlayiq
haldır. Son illərdə neft-qaz sənayesi sahəsində
beynəlxalq əməkdaşlıq haqqında Azərbaycanın
bağladığı ikitərəfli və çoxtərəfli
sazişlər, habelə dövlətdaxili (milli) qanunların
qəbul edilməsi bu sferada münasibətlərin hüquqi tənzimlənməsi
baxımından xüsusilə əhəmiyyətlidir.
Ümumilikdə
götürdükdə, “Nabucco” boru kəmərinin bir
sıra əhəmiyyətli cəhətlərini (siyasi,
sosial-iqtisadi, elmi-texniki və s.) xüsusilə qeyd etmək
lazımdır. Belə ki, bu layihənin reallaşması
regionda siyasi sabitliyin və təhlükəsizliyin qorunub saxlanılmasında
strateji amil kimi mühüm rol oynayır, habelə region
ölkələri arasında beynəlxalq əməkdaşlıq
və tərəfdaşlığın
qarşılıqlı faydalı prinsiplər əsasında
inkişaf etdirilməsinə pozitiv təsir göstərir.
Bu isə, öz növbəsində,
region ölkələrinin iqtisadi cəhətdən daha da
qüdrətlənməsinə, sosial-iqtisadi durumun və əhalinin
rifahının yüksəldilməsinə, ictimai-mədəni
əlaqələrin genişləndirilməsinə, turizmin və
digər infrastruktur sahələrinin dinamik inkişafına
öz töhfəsini verəcək.
“Nabucco” layihəsinin gerçəkləşməsi,
eyni zamanda, beynəlxalq nəqliyyat hüququnun yeni təşəkkül
tapmış subinstitutlarından biri olan beynəlxalq boru kəmər
nəqliyyat hüququnun, eləcə də dövlətdaxili
(milli) boru kəmər nəqliyyat hüququnun
formalaşmasına və inkişafına impulsiv təkan verə
bilər.
Təbii ki, layihənin
reallaşması mərhələsində boru kəməri nəqliyyatının
tikintisi, istismara verilməsi, istifadəsi, profilaktik-təmir
işlərinin aparılması, yerin təki, ekologiya, texniki təhlükəsizlik,
tranzit nəqletmə və digər münasibətlərin
hüquqi cəhətdən tənzimlənməsinə aid
beynəlxalq, universal və milli səviyyədə hüquqi sənədlər
paketinin işlənib hazırlanması və qəbul edilməsi
vacib şərtlərdən biridir.
Hər halda qeyd edilməlidir ki, ətrafında
nə qədər maneələr yaradılsa da, “Nabucco”ya ehtiyac
var və Avropanın qaza olan tələbatının getdikcə
artacağı haqda proqnozlar fonunda bu layihənin
aktuallığı da artır. Bu mənada nəhəng qaz
ehtiyatlarına malik Azərbaycan öz enerji ehtiyatlarını
Qərbə ixrac etmək üçün daha bir beynəlxalq
kanal əldə edəcək ki, bu da öz növbəsində
ölkəmizin iqtisadi nüfuzunun artmasını şərtləndirəcək.
Elçin Bayramlı
Səs.- 2009.- 16 oktyabr.- S. 8.