Azərbaycan Muğam Teatrı ad günü ərəfəsində
Azərbaycan Muğam Teatrının yaranmasından 21 il ötür. Kinorejissor kimi dəfələrlə müxtəlif muğam dəstgahlarına quruluş verən Arif Qazıyev ötən əsrin 80-ci illərin sonlarında sənət fədailərini ətrafına cəmləyib, xalqımızın milli-mənəvi dəyərlərinin ən gözəl nümunəsi olan muğam sənətinin biganəliyə məruz qalmasının qarşısını almaq üçün Muğam Teatrını yaradıb.
İlk gündən teatrın qeydinə qalan xalq artisti Arif Qazıyevlə birgə mədəniyyət ocaqlarının fəaliyyətinə Ağacəbrayıl Abbasov, İslam Rzayev, Ramiz Mirişli, Alim Qasımov, Qədir Rüstəmov, Roza Cəlilova kimi sənətkarlar təkan verib.
Vaxtı ilə Karvansara kimi tanınan tarixi məkanda fəaliyyətə başlayan teatrda daima musiqi mədəniyyətimiz təbliğ olunub. Dünyasını dəyişmiş və hələ də yaşayıb-yaradan incəsənət xadimlərinə vaxtaşırı yubiley və xatirə gecələri keçirilib. Və artıq 21 ildir ki, teatr muğamlarımızın təbliği üçün böyük layihələrə imza atır. Arif Qazıyev tərəfindən bu işlər gələcəkdə də davam etdiriləcəkdir. Hazırda teatr “Muğam” dəstgahını yeni bir formada təqdim etməyə hazırlaşır. Mövcud olan 7 muğamı tamaşa formasında hazırlamaq istəyində olan teatr Heydər Əliyev Sarayında böyük bir muğam-şou təşkil etmək istəyindədir.
Ad gününə gərgin hazırlaşan teatr kollektivi yeni kostyumlar və rəqs nömrələri üzərində məşqlər aparır. Rəqslərə Fatimə Fətəliyeva quruluş verir. Musiqi rəhbəri isə Ağacəbrayıl Abbasəliyevdir.
Zümrüd
Səs.- 2009.- 16 oktyabr.-
S. 12.