Aida İmanquliyevanın
70 illik yubileyi Azərbaycan Universitetində
də qeyd olundu
Dünən Azərbaycan
Universitetində şərqşünas
alim Aida İmanquliyevanın 70 illik
yubileyinə həsr olunan konfrans keçirilib. SİA-nın
məlumatına görə,
“Aida İmanquliyeva: yaradıcılıq yolu” adlı konfransda universitet müəllimləri
və tələbələr
iştirak edib.
Şərqşünas haqqında geniş məlumat verən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor Akif Musayev bildirib ki, görkəmli şərqşünas alim
Aida İmanquliyevanın
xatirəsini yad etmək hər bir Azərbaycan vətəndaşının borcudur.
Onun sözlərinə
görə, biz də Azərbaycan Universiteti olaraq belə bir tədbirin
keçirilməsini zəruri
hesab edirik.
O söyləyib
ki, universitet yaranan gündən şərqşünas alimin
xatirəsi hər il yad edilir.
“ Təsadüfi deyil ki, Azərbaycan Universitetində Aidə xanımın adına təqaüd təsis edilib. Artıq neçə ildir ki, filologiya və digər fakültələrdə fərqlənən
tələbələrə bu təqaüd verilir. 50 manat civarında olan bu təqaüd
hal-hazırda iki tələbəyə şamil olunub. Təqaüdün həcmi
Elmi Şuranın qərarı ilə ildən-ilə artır. Bundan əlavə universitetdə
şərqşünas alimə
həsr olunan konfranslar, dəyirmi masalar və digər tədbirlər daimi olaraq keçirilir.
Universitetin “İpək
Yolu” jurnalında alimə həsr olunun xüsusi buraxılış işıq
üzü görüb”,-
deyə rektor qeyd edib.
Azərbaycan Universitetində
tələbələrə ulu öndər Heydər Əliyev adına da təqaüdün verildiyini deyən A.Musayev bildirib ki, özəl
universitetlərdə təqaüd
verilməsə də
bizim universitet tələbələrin ruhlanması
və həvəsləndirilməsi
məqsədi ilə öz hesabına təqaüdlər ayırır.
Daha sonra tədbirdə universitetin Azərbaycan dili və ədəbiyyatı
kafedrasının müdiri,
dosent Ülviyyə Rəhimova Aida İmanquliyevanın ilk şərqşünas qadın
olaraq elmə verdiyi töhfələrindən
söhbət açıb.
O bildirib ki, A.İmanquliyeva Şərq
və Qərb fəlsəfəsini birləşdirərək,
bu elmə yeniliklər gətirib. Onun sözlərinə görə, alim elmi irsi, elmi
zənginlikləri ilə
digərlərindən fərqlənib.
“Aida İmanquliyeva klassik Şərq mədəniyyətinin
araşdırıcısı kimi” mövzusunda çıxış edən
professor Məhərrəm
Qasımlı alimin tədqiqatları haqqında
geniş danışıb.
Tədqiqatlarında ərəb
mədəniyyətinə xüsusi
yer ayırdığını
deyən professorun fikrincə, alimin tədqiqatları spesifik keyfiyyətlərinə görə
seçilir.
O, vurğulayıb
ki, şərqşünaslıqda
ilk addım A. İmanquliyeva tərəfindən
atılıb, ondan sonra gələnlər məhz onun tədqiqatlarına istinad edir.
Daha sonra professor alimin müxtəlif mövzulu məqalələrinə toxunaraq,
qeyd edib ki, hər birimiz
alimin irsinə önəm verməli və gələcək nəsillərə ötürməliyik.
Qeyd edək
ki, Aida İmanquliyevanın 70 illik
yubileyinə həsr olunan konfransda professor və dosentlər tərəfindən
“Aida İmanquliyeva haqqında xatirələr”,
“Aida İmanquliyeva şəxsiyyəti və
üslubu haqqında bəzi qeydlər”, “Aida İmanquliyeva və ədəbiyyatşünaslıq”
və digər mövzularda məruzələr
səsləndirilib.
Səs.- 2009.- 30 oktyabr.- S. 5.