Kim güclüdür?

 

Qafqazda ən güclü orduya malik Azərbaycan, yoxsa ordusu dağılmaq ərəfəsində olan Ermənistan?

 

 Azərbaycan torpaqlarının 20%-ni işğal etmiş Ermənistan sülh prosesini həddən çox uzatdığından, artıq Yerevanda Bakının səbrinin daşacağını və torpaqları hərbi yolla azad edəcəyi haqda əndişələr yaranıb. Son vaxtlar Ermənistan rəsmilərinin bəyanat və açıqlamalarda ehtiyac yaranarsa Azərbaycana hücum edə biləcəklərini bəyan etməsi də, məhz bunun göstəricisidir. Ekspertlər belə bəyanatların üçüncü dövlətlərin, xüsusilə də, Rusiyanın təşviqi ilə səsləndirildiyini, Ermənistan ictimaiyyətində ordudakı problemlərin artması və danışıqlarda Azərbaycanın üstünlüklər əldə etməsi ilə bağlı narahatlıqlarına hesablandığını bildirirlər.

 Son vaxtlar dünyada və regionda baş verən hadisələr bir sıra ölkələr kimi Ermənistanın da durumunu ağırlaşdırıb. İşğalçı ölkə həm iqtisadi, həm siyasi, həm də sosial böhran keçirir. Ən pis durum isə, Ermənistan ordusundadır. Terrorçu dövlətin cinayətkar rəhbərləri bunu ört-basdır etmək üçün hərdənbir “hərbi” təlimlər keçirsələr də, artıq orduda baş verənləri gizlətmək mümkün olmur.

Münaqişə tərəfi olan iki ölkənin hərbi-iqtisadi imkanları və müharibə potensialı haqqında son günlərdə həm yerli, həm də xarici mediada çox yer ayrılır. Ümumiyyətlə, Ermənistan müharibəyə hazırdırmı? İşğalçı ölkənin maddi-texniki və insan resursları, ordudakı mənəvi-psixoloji durum Azərbaycanla müharibə aparmağa kifayət edirmi? Bu yazıda məsələyə aydınlıq gətirməyə çalışacağıq.

 

İqtisadi potensial və onun müharibədə vacib rolu

 

Hər hansı bir müharibəni apara bilmək üçün, ilk növbədə, güclü maliyyə imkanları, güclü iqtisadi potensial lazım gəlir. 1 milyon ac vətəndaşı olan Ermənistanın isə öz əhalisini normal dolandıracaq qədər belə maliyyə imkanı yoxdur.

Xaricdəki erməni diasporunun topladığı sədəqəylə dolanan Ermənistan bütün imkanlarını səfərbər etsə belə, uzağı 1-2 ay hərbi əməliyyat aparma imkanına malikdir. Hazırkı şəraitdə hərbi əməliyyatların bir aydan artıq davam etməsi isə Ermənistanda iqtisadi çökmə, sosial partlayışla nəticələnə bilər.

Ermənistanın cari dövlət büdcəsi 3 mlrd dollardır. Bu il rəsmi Yerevan dövlət büdcəsində müdafiə xərclərini 34% artıraraq 495,3 mln. ABŞ dollarına çatdırıb. Hərbi xərclər Ermənistanın 2009-cu il üçün dövlət büdcəsində xərclərin 15,7%-ni, ÜDM-in isə 3,6%-ni təşkil edir.

2009-cu ildə Azərbaycanın dövlət büdcəsi 15 milyard, büdcədən hərbi sahəyə yönəltdiyi vəsaitin həcmi 2,3 mlrd. ABŞ dollarına yaxın olub. Göründüyü kimi, hər iki sahədə beş qat fərq var.

Bundan başqa, Azərbaycanın strateji valyuta ehtiyatları 20 milyard dollara çatır. Ölkədə digər iri fondlar da var ki, bu fövqəladə hallarda ümumi fonda daxil edilə bilər.

Beynəlxalq təşkilatların proqnozlarına görə, Ermənistan bu il dünyada ən çox geriləməyə məruz qalan ölkələrdən biri olacaq. Belə ki, ÜDM-in həcminin 2009-cu ilin sonuna kimi rekord səviyyədə, 15% düşəcəyi gözlənilir. Agentlik ölkənin büdcə kəsirinin ÜDM-ə nisbətinin 7,5%-dək artacağını, cari hesab kəsirinin isə 13%-i üstələyəcəyini proqnozlaşdırır.

Belə imkanlarla müharibə Ermənistan üçün əsil fəlakət olacaq. Cəmi 1-2 ay ərzində müharibə davam etsə, Ermənistan iqtisadiyyatı bunun öhdəsindən gələ bilməz və ermənilər, sadəcə, acından ölərlər.

 

Canlı qüvvə faktorunun müharibədə rolu

 

Müharibədə ən əsas amillərdən biri də, canlı qüvvədir. Hazırda Ermənistan ordusu 60 min əsgərə və 32 min nəfər əlavə ehtiyat qüvvəyə malikdir. Orduda həqiqi hərbi xidmət üçün yaş senzi 18-27 yaş, total səfərbərlik dövrü hərbi xidmətə çağırış üçün yaş senzi 16-49 yaşdır.

İldə iki dəfə orduya çağırış olsa da Ermənistan mətbuatının yazdıqlarına görə, 2004-cü ilin payızından bu yana ordu çağırışçı çatışmazlığı problemi ilə üzləşir. Əvvəllər hər çağırışda 16-17 min gənc xidmətə yola salındığı halda, son illər bu göstərici 10-11 min nəfərə düşüb. Çağırışçı çatışmazlığı səbəbindən mülki vətəndaşlar belə döyüş mövqelərinə göndərilir. Cəbhəyanı kəndlərin sakinlərinə silah paylanır və onlar ayda 50 dollara, 15 gün üçün posta çıxırlar.

Hərbi mənbələrin məlumatına görə, Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində saxlanılan hərbi qüvvələrinin sayı 20 min nəfərdir. Bu qüvvələr 3 ordu korpusunda cəmləşdirilib. Bu qüvvənin 75 faizi Azərbaycanın işğal olunmuş ərazilərinin ordumuzla təmas xətti üzrə cəmləşib.

Faktdır ki, Yerevan Qarabağa canlı qüvvə göndərməkdə çətinlik çəkir. Ermənistan Əsgər Anaları Cəmiyyətinin açıqladığı hesabatlara görə, Azərbaycan ərazilərindəki hərbi hissələrə imkansızların övladlarının göndərildiyi, imkanlı övladlarının Ermənistandakı hərbi hissələrdə xidmət etdiyi bildirilir. Qarabağdakı hərbi hissələrdə isə “dedovşina”, xəstəliklər, nizamnamədən kənar hallar, narkomanlıq baş alıb gedir.

Yaranmış durum erməni gənclərin kütləvi şəkildə ordudan yayınmasına və əsgərlərin fərarilik etməsinə səbəb olur. İşğalçı ölkənin zəbt edilmiş Azərbaycan ərazilərində olan hərbi ekspedisiya korpusunda son vaxtlar daha ciddi problemlər ortaya çıxır.

Bu gün Ermənistan ordusu olduqca ağır böhran yaşayır ki, bunu faktlar sübut edir. Məsələ burasındadır ki, Ermənistan ordusunda baş verən fərarilik, ölüm, döyülmə, rüşvətalma, intihar və digər hərbi cinayətlərin sayı 2007-ci ilə nisbətən 2008-ci il ərzində, həmçinin, 2009-cu ilin ilk yarısına qədər təxminən 30 faiz artıb.

Azərbaycan Silahlı Qüvvələri daha çox canlı qüvvəyə malikdir. Ehtiyat qüvvə isə Ermənistandakından azı 3 dəfə çoxdur. Ölkədə total səfərbərliyə cəlb oluna biləcək canlı qüvvənin sayı isə 2 milyona yaxındır. Çağırış planı, demək olar ki, 100 faiz yerinə yetirilir. Ordudan yayınma və fərarilik halları, demək olar ki, yoxdur. Peşəkar hərbçi kadr baxımından isə, ordumuzun imkanları daha yüksəkdir.

 

Ermənistanın arsenalındakı silah-sursat və texnika

 

Ermənistan silahlı qüvvələri Qarabağdakı hərbi birləşmələrsiz 3 ədəd T-54, 5 ədəd T-55 və 160 ədəd T-72 tankı, 10 ədəd BMD-1, 80 ədəd BRDM-2, 869 ədəd BMP-1, 98 ədəd BMP-2, 25 ədəd BTR-60, 228 ədəd BTR-70, 50 ədəd BTR-80, 145 ədəd zirehli rabitə maşınına, 50 ədəd BM-21 “Qrad” və Ural maşınlarının bazasında 9A51 “Prima” reaktiv yaylım atəş sisteminə, “Akatsiya” 2S3, “Qvozdika” 2S1, 90 ədəd D-30, habelə, Çin istehsalı olan açıqlanmayan sayda WM-80 artilleriya sistemlərinə, 152 mm çaplı M1955 və 2A36, 29 ədəd T-12 tank əleyhinə topa malikdir.

Ermənistan hərbi-hava qüvvələri (HHQ) Cənubi Qafqaz regionunda ən zəif aviasiya hesab olunur. HHQ-nin inventarına 15 ədəd Su-25 hücum təyyarəsi, bir ədəd MiQ-25PD və 2 ədəd İl-76 hərbi yük təyyarəsinin daxil olduğu bildirilir. Ermənistan hava məkanının qorunmasında bununla yanaşı, 12 ədəd Mi-24 helikopteri və Gümrüdəki 102-ci hərbi bazadakı Rusiyanın 18 ədəd MiQ-29-a bel bağlayır.

Azərbaycan Ordusunun ixtiyarında isə, daha modern hərbi texnika, döyüş uçaqları və silah-sursat var. Hərbi sirr olduğuna görə, açıqlaya bilməsək də, deyə bilərik ki, hər halda, ordumuzun maddi-texniki bazası Ermənistanınkından xeyli çoxdur.

Azərbaycan Silahlı Qüvvələrinin 90 illik yubileyi münasibətilə Bakıda keçirilən möhtəşəm hərbi parad da ordumuzun qüdrətini nümayiş etdirdi. Belə bir durumda müharibənin necə sonuclanacağı öncədən aydındır.

 

Ermənistan ordusunda mənəvi-psixoloji durum kəskin böhran həddinə çatıb

 

Bununla bağlı Ermənistanda fəaliyyət göstərən hərbi yönümlü qeyri-hökumət təşkilatları, o cümlədən, “Əsgər Anaları” cəmiyyəti maraqlı faktlar açıqlayıblar.

Bu qurumlar tərəfindən hazırlanmış hesabatlara görə, düşmən ordusunda baş verən fərarilik, ölüm, döyülmə, rüşvətalma, intihar və digər hərbi cinayətlərin sayı ötən illə müqayisədə 25 faiz artıb. Terrorçu dövlətin ordusunda ölüm hallarının sayı da yüksələn xətlə artır. Təkcə ilk yarım ildə Ermənistan silahlı qüvvələrində 84 hərbi qulluqçu həlak olub ki, bunlardan 68 nəfəri qeyri-döyüş vəziyyətində ölüb.

Ümumilikdə isə, göstərdiyimiz dövr ərzində Ermənistan ordusunda xeyli  hərbi qulluqçu həlak olub ki, onların da 80 faizinin ölümü qeyri-döyüş itkisi hesab edilir. Ən biabırçı məlumatlar isə ondan ibarətdir ki, əxlaqsızlıq halları erməni ordusunun simasına çevrilməkdədir.

Aparılan yoxlamalar zamanı Ermənistan ordusunun kütləvi şəkildə homoseksualizm bəlasına düçar olduğu aşkarlanıb.

Digər ciddi bir fakt isə ondan ibarətdir ki, bu orduda ayrıseçkilik və “dedovşina” hallarının mövcudluğu ölkə ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb. Belə ki, Qarabağda xidmət edən ermənistanlıların qarabağlı komandir heyəti tərəfindən daim təhqir olunması, əmri yerinə yetirməyən əsgərlərin isə fiziki təzyiqlərə məruz qalması çoxdan heç kəsi təəccübləndirmir.

Bunun nəticəsində Qarabağda yerləşən dağ-atıcı və motoatıcı diviziyaların tərkibindəki hərbi hissələrdə ermənistanlılarla qarabağlılar arasında 14 bıçaqlanma hadisəsi baş verib. Münaqişə zamanı 4 ermənistanlı hərbi qulluqçu ölüb, 6 nəfər isə ağır yaralanıb.

Ermənistanlıların qarabağlı komandir heyəti tərəfindən daim təhqir olunduğu, fiziki təzyiqlərə məruz qalmaları çoxsaylı cinayət faktlarına əsas verib. Hətta Ermənistandan olan hərbçilərin Qarabağdan olan hərbçilər tərəfindən zorlanması barədə də faktlar ortaya çıxmaqdadır.

Hərbi təhsil sahəsində də durum da pisləşib. Ali hərbi məktəblərdə oxumaq istəyənlərin sayı kəskin azalıb. Ermənistan silahlı qüvvələrində hərbi qulluqçuların sağlamlıq durumu da ağırdır. Bunun əsas səbəbi isə şəxsi heyətə aşağı kalorili və keyfiyyətli qida məhsulları verilməsidir. Əsgərlərin anti-sanitariya şəraitində xidmət aparması da sağlamlıq məsələsində ciddi əngələ çevrilib. Təkcə bu ilin yanvar-avqust ayları ərzində 2000 nəfərədək hərbi qulluqçu regional və mərkəzi hospitala yerləşdirilib.

Ermənistan Müdafiə Nazirliyi cəbhə bölgəsinə yerləşdirməyə əsgər tapmır və buna görə də muzdlu şəxslər pulla səngərə gətirilir. Göstərilənlər erməni ordusunun səfalət və böhran içərisində olmasını təsdiqləyən məqamların yalnız kiçik bir hissəsidir. Ümumiyyətlə, düşmən ölkədə durum o qədər acınacaqlıdır ki, belə davam edərsə,

 

Ermənistan ordusu ən qısa zamanda dağılacaq

 

Çünki artıq işğalçı orduda durum dözülməz həddə çatıb. Cəbhənin bu biri tərəfində isə, tamam başqa bir mənzərə var. Bu mənzərəni oxucularımıza tam olaraq çatdırmağa ehtiyac belə yoxdur, nədən ki, xalqımız öz ordusunun necə bir qüdrətə və döyüş əzminə malik olduğunu yaxşı bilir.

Forpostun inzibati mərkəzindən (öz aralarında Yerevanı paytaxt adlandırırlar, lakin qeyd etməliyik ki, paytaxt anlayışı tam müstəqil olan dövlətin siyasi mərkəzinə deyilir) səslənən rəsmi bəyanatlar və açıqlamalar göstərir ki, artıq Azərbaycanın səbrinin tükəndiyini bütün ermənilər anlamış durumdadırlar və özlərini heç də yaxşı gələcək gözləmədiyini başa düşüblər.

Əslində, Azərbaycan və Ermənistan müqayisə ediləcək ölkələr deyildi. Sadəcə, onu demək kifayətdir ki, Azərbaycan Ordusunun büdcəsi az qala Ermənistanın dövlət büdcəsinə bərabərdir.

Bütün bunlar onu göstərir ki, Ermənistan yaxın müddətdə işğal olunmuş ərazilərdən çıxmağa məcbur olacaq və ya buna məcbur ediləcək. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi və həyata keçirdiyi uğurlu siyasət bunu söyləməyə tam əsas verir.

 

 

Elçin Bayramlı

 

Səs.- 2009.- 30 oktyabr.- S. 8-9.