Zəngilanın işğalından 16 il ötdü

 

Rayon Qarabağ müharibəsində 188 şəhid verib

 

1993-cü il oktyabrın 29-da Zəngilan rayonu işğal edildi və bu, Azərbaycanın ermənilər tərəfindən işğal edilən sonuncu rayonu oldu. Qeyd edək ki, işğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 15 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi.

Əlverişli coğrafi mövqeyə malik Zəngilan Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşir və mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 700 kv km-dən, əhalisi isə 35 mindən çox olub. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı - üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib. İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağılıb.

Zəngilan birinci Qarabağ müharibəsində 188 şəhid verib və bu günədək rayonun 44 sakini itkin düşüb. Zəngilanın işğal olunmasından bir müddət əvvəl bütün texnika ərazini tərk edib. Bundan sonra rayon özünümüdafiə dəstələrinin ümidinə qalıb. Lakin özünümüdafiə dəstələri də erməni silahlı birləşmələrinin hücumlarının qarşısını ala bilməyiblər. Amma Zəngilana erməni qüvvələrinin daxil olacağını rayon camaatı bilib. Buna görə də, rayon sakinləri dərələrdə gecələyib. Erməni tankları 4 tərəfdən rayona hücuma keçərək, 2-ci Xocalı faciəsini törətmək istəsə də, bu, baş tutmayıb. Əhali cəld tərpənərək, özünü Araz çayına atıb və İran ərazisinə keçib. Bununla da, zəngilanlılar gözlənilən soyqırımdan yaxa qurtara biliblər.

Ərazisi işğal altında qalan, əhalisi respublikamızın 43 rayonunda məskunlaşan zəngilanlı məcburi köçkünlərin mövcud problemlərinin həll edilməsinə daim qayğı göstərilir. Lakin ata-baba yerlərinə həsrət hələ də qalmaqdadır.

Zəngilan sakini, hadisələrin şahidi kimi qəzetimizə açıqlama verən Zakir İbrahimovun sözlərinə görə, qaçqın və məcburi köçkünlərə qayğı göstərilməsi, onların problemlərinin həlli ümummilli lider Heydər Əliyevin daim diqqət mərkəzində idi. Onun sözlərinə görə, son illər isə ulu öndərin bu siyasi kursunu Prezident İlham Əliyev uğurla davam etdirir.

“Zəngilansızlığa dözmək çox ağırdır” - deyən Z.İbrahimov bildirdi ki, doğma yurd yerindən məcburiyyət qarşısında baş götürüb gedəndə, dözülməz müsibətli anlar yaşadıqlarını söylədi: “Məşəqqətli vaxtda əgər xalqımızın ümummilli lideri Heydər Əliyev İran İslam Respublikasının rəhbərləri ilə danışıqlar aparıb, Araz çayının suyunun azaldılmasına nail olmasaydı, zəngilanlıların böyük əksəriyyəti bu gün yaşamazdı. Xocalı soyqırımından da böyük faciə baş verərdi. Torpaqlarımız təcavüzə məruz qaldıqdan sonra da, ümummilli liderimiz Heydər Əliyev qaçqınlara və məcburi köçkünlərə hədsiz həssaslıqla yanaşdı, qayğı göstərdi”.

Söhbət etdiyimiz Zəngilan sakinləri, birmənalı şəkildə, qeyd etdilər ki, zəngilanlılar qəlbən torpağa bağlı adamlardır. Dövlətə sədaqətdə də həmişə seçiliblər: “Möhtərəm Prezident İlham Əliyevin apardığı xarici və daxili siyasəti ürəkdən bəyənirik, gündəlik qayğısına görə minnətdarıq. İnanırıq ki, dövlət başçısının apardığı xarici və daxili siyasət məcburi köçkünləri arzuladıqları günə çatdıracaq, biz tezliklə ata-baba yurdumuza qayıdacağıq”.

 

 

Rəfiqə KAMALQIZI

 

Səs.- 2009.- 30 oktyabr.- S. 11.