“İsmayıl Şıxlının poetikası” kitabının təqdimatı keçirilib

 

Azərbaycan Yazıçılar Birliyinin  “Natəvan” klubunda Allahverdi Eminovun xalq yazıçısı İsmayıl Şıxlının yaradıcılığına həsr olunmuş “İsmayıl Şıxlının poetikası” kitabının təqdimatı keçirilib.

Şairlər Abbas Abdulla, Oqtay Rza, filologiya elmləri namizədi Akif Əliyev tanınmış yazıçı, ictimai xadim, el ağsaqqalı İsmayıl Şıxlının yaradıcılığından, şəxsiyyətindən söhbət açaraq, onun “Dəli Kür” romanını XX əsr Azərbaycan ədəbiyyatının nadir incisi adlandırıblar.

Tədbirdə qeyd olunub ki, dilinin sadəliyi, obrazların canlılığı, hadisələrin dinamik axarı İsmayıl Şıxlı yaradıcılığına xas olan ən səciyyəvi xüsusiyyətlərdəndir. Çıxış edənlər yazıçının “Ölən dünyam”, “Ayrılan yollar” romanlarını “Dəli Kürün” davamı kimi səciyyələndiriblər.

Yazıçı-publisist Südabə Sərvi, Gülxani Pənah İsmayıl Şıxlı şəxsiyyətinin bütövlüyündən, xalqın çətin günlərində ona arxa dayanmasından, şəxsiyyət kimi nüfuzundan danışıblar.

Yazıçının oğlu, tanınmış jurnalist Elçin Şıxlı təqdim olunan əsəri tədqiqatçının uğuru adlandıraraq, ona ailəsi adından təşəkkürünü bildirib.

Allahverdi Eminov tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirərək, böyük yazıçının irsinin araşdırılmasının vacibliyini vurğulayıb.

 

 

Zümrüd

 

Səs.- 2009.- 30 oktyabr.- S. 15.