Regionların sosial-iqtisadi inkişafı Proqramı uğurla icra edilir

 

Prezident İlham Əliyev: “Növbəti gələn 4 il ərzində bütün rayonların əsas problemləri öz həllini tapmalıdır ”

 

Oktyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfərini başa çatdıraraq Ağsuya gəlib.

Rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısı İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.

Ölkəmizin iqtisadi potensialı artdıqca regionlarımız abadlaşır, hərtərəfli tərəqqi dövrünə qədəm qoyur. Bu inkişaf və tərəqqi Ağsunun simasında da hiss olunur. Rayonda tikinti-quruculuq işlərinin həcmi artaraq geniş abadlıq işləri aparılıb.

Son illər Ağsu iqtisadiyyatında ciddi artım əldə olunub. Bu inkişaf Ağsunun simasını yaxşılığa doğru xeyli dəyişdirib. Şəhərin bütün mərkəzi küçələrinə asfalt örtüyü döşənmiş, bir çox kəndlərdə yollar təmir edilib. Ağsu-Kürdəmir magistral yolunun şəhərdən keçən hissəsində də abadlıq işləri aparılıb. Rayonda sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması daim diqqətdə saxlanılır. Son 5 ildə rayonda 3109-u daimi olmaqla 5916 iş yeri yaradılıb. Cari ilin 9 ayında rayonda fəaliyyətə başlayan yeni və bərpa edilmiş müəssisələrdə 325 nəfər daimi işlə təmin olunub. Həmin müddətdə əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb. Son 9 ayda orta aylıq əmək haqqı artaraq 171,8 manat, adambaşına düşən gəlirlər 869,78 manat olub. Rayonda təhsil və səhiyyə sektorunun inkişafı diqqətdə saxlanılır. Müasir məktəb binaları tikilib. Qaraqoyunlu kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 220 şagird yerlik yeni orta məktəb binasının tikintisi uğurla davam edir. Kalva kəndində isə 220 şagird yerlik orta məktəb binasının inşasına başlanılıb.

2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 5, Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində isə 8 məktəb binası inşa olunub, yeni inventar və avadanlıqla təchiz edilib. Keçən il rayonda ümumi məhsul istehsalının həcmi 78 milyon 123 min manata çatıb ki, bu da əvvəlki illə müqayisədə 50,1 faiz çoxdur. Bu ilin 9 ayında da kənd təsərrüfatı istehsalı genişləndirilib, taxıl sahələrindən rekord miqdarda - 92,6 min ton məhsul əldə edilib. Rayonda meyvə və tərəvəz yığımı da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb. Ağsu şəhərinin mərkəzindəki Heydər parkına gələn Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ulu öndərin tuncdan tökülmüş abidəsini ziyarət edərək gül dəstəsi qoydular.

Məlumat verildi ki, abidənin müəllifi Rəssamlar İttifaqının üzvü, heykəltəraş Rəşid Hüseynovdur. Qranit postamentlə birlikdə abidənin hündürlüyü 7 metrdir. Ətrafı yüksək zövqlə abadlaşdırılmış bu möhtəşəm abidənin xüsusi yaraşıq verdiyi bu park ağsuluların əsas istirahət yeridir. Sonra dövlətimizin başçısı Heydər parkında aparılmış yenidənqurma və abadlıq işləri ilə tanış oldu. Bildirildi ki, ərazisi 1,2 hektardan 2,5 hektara çatdırılan Heydər parkında yenidənqurma işlərinə 2008-ci ilin mayından başlanılıb və sakinlərin istifadəsi üçün tam hazırdır. Parkda 5 fəvvarə quraşdırılıb, ümumi sahəsi min kvadratmetr olan 100 yerlik yay konsert meydançası tikilib, Hollandiya, İtaliya və İrandan gətirilmiş ağaclar və dekorativ gül kolları əkilib. Parkda yeni piyada yolları çəkilib və 6440 kvadratmetr ərazidə yeni yaşıllıq salınıb. Bu istirahət ocağının işıqlandırılması üçün müasir sistem quraşdırılıb. Parkın ətrafı da abadlaşdırılıb, yaxınlıqda yerləşən binaların fasadları təmir edilib.

 

Ağsu rayon ictimaiyyətinin nümayəndələri ilə görüş

 

Oktyabrın 29-da Heydər parkı ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev Ağsu rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Prezident İlham Əliyev ağsululara müraciətlə dedi:

- Sizi salamlayıram. Sizi görməyimə çox şadam. Mən bu gün Ağsunu tanımadım. Mən dörd il bundan əvvəl rayona gəlmişdim və o vaxtkı vəziyyətlə indiki vəziyyət arasında çox böyük fərq vardır. Mən buna çox sevinirəm. Çox şadam ki, Ağsu rayonu çox sürətlə inkişaf edir. Abadlıq-quruculuq işləri aparılır, gözəl parklar salınır. Yollar necə də gözəldir. İstehsalat sahələri yaradılır.

Mən rayonda gedən proseslərlə bu gün yaxından tanış olmuşam və sizi bütün bu gözəl nailiyyətlər münasibətilə ürəkdən təbrik etmək istəyirəm.

Rayon rəhbərliyi çox səmərəli işləyir, şərait də çox işgüzardır və nəticələr də göz qabağındadır. Bu nəticələri nə gizlətmək, nə də danmaq olar, hər şey göz qabağındadır. İş olan yerdə nəticə də vardır.

Dörd il bundan əvvəl Ağsuda olarkən mənzərə tam başqa idi. Amma bu gün Ağsu, deyə bilərəm ki, Azərbaycan rayonlarının arasında ən qabaqda gedən rayonlardan biridir. Çox böyük işlər görülür. İnsanların məşğulluğu üçün praktiki işlər aparılır. Bu gün tikilməkdə olan böyük şirə və şərab zavodunun inşası ilə tanış oldum. O zavodun istifadəyə verilməsi nəticəsində minlərlə insan işlə təmin olunacaqdır. Kənd təsərrüfatı inkişaf edəcək, emal sənayesi inkişaf edəcək, ixrac qabiliyyətli məhsullar istehsal olunacaq və rayon iqtisadiyyatına əlavə gəlir daxil ediləcəkdir. Zavodun fəaliyyəti nəticəsində bəlkə yüzlərlə hektar əkin sahələri, bağlar salınacaqdır və indi də salınır. Gözəl meydanlar, parklar, abadlıq, quruculuq, yollar... Bu gün stadionun, uşaq yaradıcılıq məktəbinin təməl daşını qoyduq. Burada gedən proseslər məni çox sevindirir. Bir daha demək istəyirəm ki, bütün bu gözəl nailiyyətlərlə sizi ürəkdən təbrik edirəm və arzu edirəm ki, ağsulular həmişə olduğu kimi gələcəkdə də çox fəal olsunlar, Azərbaycanın hərtərəfli inkişafına öz dəyərli töhfələrini versinlər. Ölkəmiz sürətlə inkişaf edir. Mənə verilən statistik məlumatlara görə, son 5 il ərzində Ağsuda iqtisadi artım 3 dəfə yüksəlibdir, çoxalıbdır. Yəni bu onu göstərir ki, Azərbaycanda qeyri-neft sektoru, kənd təsərrüfatı inkişaf edir. Azərbaycan dövləti öz tərəfindən bütün bölgələrin inkişafı üçün əməli tədbirlər görür.

Regionların sosial-iqtisadi inkişafı Proqramı uğurla icra edilir. Növbəti gələn 4 il ərzində bütün rayonların əsas problemləri öz həllini tapmalıdır. İş yerləri açılır, sahibkarlara kreditlər verilir, kənd təsərrüfatının inkişafı üçün güzəştlər edilir, yəni hərtərəfli dəstək göstərilir. İnfrastruktur layihələri də dövlət tərəfindən həyata keçirilir. Bakıdan Şamaxıya, Ağsuya qədər yollar abadlaşır, müasirləşir. Yəni Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır. Bunu biz özümüz yaratmışıq və məhz hətta dünyada yaşanan böhran ili ərzində Azərbaycanda iqtisadiyyat ona görə artır. Bütün dünyada iqtisadiyyat aşağı düşüb, Azərbaycanda isə 6 faiz artıbdır. Bu, bütün Azərbaycan xalqının zəhməti nəticəsində baş verən hadisələrdir, gerçəklikdir və bu işlərin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur.

İndi biz yeni, gözəl Heydər Əliyev Mərkəzinin açılışında görüşürük. Ulu öndərin Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısında müstəsna xidmətləri olmuşdur. Məhz onun siyasəti, qətiyyəti nəticəsində Azərbaycan ağır vəziyyətdən şərəflə çıxa bilmişdir. 1990-cı illərin əvvəllərində yaşanan böhrandan şərəflə çıxa bilmişdir və indi inkişaf yolundadır. Sabitlik, iqtisadi yüksəliş, sosial məsələlərin həlli, hərtərəfli inkişaf, neft strategiyası, ordu quruculuğu - bütün bu işlərdə Azərbaycan xalqı Heydər Əliyevin siyasəti və amalı ətrafında birləşərək bu gözəl nəticələri əldə edir. Bu gün bu siyasət hər yerdə, o cümlədən Ağsu rayonunda davam edir. İnkişaf, abadlıq, quruculuq, yaradıcılıq, sabitlik, asayiş və vətəndaş birliyi - bu amillər Azərbaycanı başqa ölkələrdən çox fərqləndirir. Bütün bu nəticələr bizi daha da ruhlandırır, Azərbaycan xalqını daha da ruhlandırır. Biz özümüzə də, dünyaya da sübut edə bilmişik ki, müstəqil ölkə kimi yaşaya bilərik. Hətta dünyada yaşanan ən ağır böhran zamanında biz müstəqil siyasətimizi apara bilərik, öz gücümüzə arxalana bilərik. Müstəqil iqtisadi siyasət, müstəqil xarici siyasət və müstəqil Azərbaycan. Bundan sonra Azərbaycanın inkişafı sürətlə gedəcək və ölkə qarşısında duran bütün vəzifələr icra olunacaqdır.

Ağsu rayonunun problemlərinə gəldikdə, biz əlavə tədbirlərin görülməsi üçün addımlar atacağıq və mövcud problemlər, xüsusilə içməli su problemi, əminəm ki, tezliklə öz həllini tapacaqdır.

Bir daha sizi ürəkdən salamlayıram və sizə gələcək işlərinizdə uğurlar arzulayıram.

 

 X   X   X

 

Ağsu şəhər 4 saylı orta məktəbin direktoru Şəfəq Balıyeva rayon ictimaiyyəti adından dövlətimizin başçısına təşəkkür edərək dedi:

- Möhtərəm cənab Prezident!

Hamımızın sevimlisi əziz Mehriban xanım!

İcazə verin, mən də bütün ağsuluların adından Sizi salamlayım, Sizə “xoş gəlmisiniz” deyim! Bu gəlişdən qəlbimizdə doğan sevinc, fərəh və şərəf hisslərini Sizə çatdırım.

Möhtərəm cənab Prezident! Siz sadaladınız, mən həmin nailiyyətləri bir daha sadalayıb Sizi yormaq istəmirəm. Əmin olun ki, bütün bu gözəlliklərə, bütün bu görülmüş və görüləcək işlərə görə Ağsu camaatı Sizə ürəkdən minnətdardır. Biz bütün bunların hamısını Sizin rayonumuza xüsusi qayğı və diqqətinizin təzahürü kimi qəbul edirik. Biz çox gözəl başa düşürük ki, əldə olunan bu nailiyyətlər asanlıqla başa gəlməyib. Bu nailiyyətlər müəllifi ulu öndər Heydər Əliyev olan milli dövlətçilik və inkişaf strategiyasının bəhrələridir. Ulu öndərimiz özünün şah əsəri olan müstəqil Azərbaycanı yaratdı. Onun daxili və xarici siyasət strategiyasını, əldə edilmiş milli müstəqilliyimizin qorunması strategiyasını müəyyən etdi. Bu gün Azərbaycan xalqı çox xoşbəxtdir ki, bu strategiya, bu kurs məhz sizin tərəfinizdən çox böyük məharətlə və bacarıqla həyata keçirilir.

Cənab Prezident, biz Ağsu ziyalıları Sizin bütün çıxışlarınızı, müsahibələrinizi diqqətlə izləyirik. Hər bir sözünüzü öz aramızda müzakirə edirik. Biz Sizin atdığınız cəsarətli addımları, qəti və inamlı mövqeyinizi həmişə bəyənmişik. Sizinlə qürur duyuruq, cənab Prezident. Bu, bizim səmimi etirafımızdır. Sizin son çıxışlarınız xüsusilə bizdə, Ağsu ictimaiyyətində geniş əks-səda doğurmuşdur. Siz bir daha dünyaya bəyan etdiniz ki, Azərbaycan həqiqətən müstəqil, məğrur və mərd bir ölkədir. Biz bir daha əmin olduq ki, Azərbaycanın mənafeyini hər şeydən uca tutan, xalqımızın maraqları naminə hər bir siyasi savaşa hazır olan Ali Rəhbərimiz, sevimli Prezidentimiz vardır. Dünyada elə ölkə tapılmaz ki, onun xalqı öz Prezidenti ilə fəxr etməyə bizim qədər haqqı olsun. Bizim hamımız Sizinlə fəxr edirik.

Mehriban xanım! Sizi də həmişə cənab Prezidentlə çiyin-çiyinə görürük. Sizin gördüyünüz xeyirxah işlər bəlkə də, bir insan ömrünə sığacaq qədərdən də çoxdur. Siz öz gözəlliyiniz, səmimiyyətiniz, mehribanlığınız və xoş məramınızla bütün dünyanı heyran qoymusunuz. Biz ağsulular da sizə dərin minnətdarlığımızı bildiririk.

Arzu edirik ki, Allah sizi qorusun. Allah hər ikinizə o qədər səbr, o qədər qüvvə bəxş etsin ki, başlanan bu gözəl işlər xalqımızla birlikdə uğurla başa çatdırılsın. Tanrı Sizi qorusun! Çox şükür ki, bu gün Siz varsınız. Çox gözəl ki, bizimləsiniz. Sizdən çox razıyıq, çox sağ olun.

 

X   X   X

 

Prezident İlham Əliyev təşəkkür edərək dedi: Çox sağ olun! Təşəkkür edirəm. Mən bir şeyi qeyd etmək istəyirəm ki, müstəqil siyasət aparmaq, Azərbaycanın maraqlarını istənilən formada, istənilən forumlarda müdafiə etmək üçün mənə ən çox güc verən Azərbaycan xalqının dəstəyidir. Əgər bu dəstək və inam olmasaydı, mən müstəqil siyasət apara bilməzdim. Mən Azərbaycan xalqının iradəsinə arxalanaraq bu siyasəti aparıram. Bütün Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da heç nəyə baxmadan Azərbaycanın maraqlarını müdafiə etmək üçün istənilən mübarizəyə hazıram və istənilən mübarizədə Azərbaycan xalqını həmişə üzüağ edəcəyəm.

 

Sonra xatirə şəkli çəkdirildi.

 

 

Ağsuda Heydər Əliyev Mərkəzi açılıb

 

Oktyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağsu şəhərində Heydər Əliyev Mərkəzinin açılış mərasimində iştirak ediblər. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi, Heydər Əliyev Mərkəzi ilə tanış oldu.

Məlumat verildi ki, inşasına 2008-ci ildə başlanmış mərkəzin ümumi tikinti sahəsi 302 kvadratmetrdir. İkimərtəbəli binada 30 yerlik konfrans, eksponat zalları, dərnək, ofis və kompyuter otaqları vardır.

Binanın birinci mərtəbəsində ulu öndərin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən 4 bölmə yaradılıb. Bu bölmələrdə ulu öndərin ölkəmizin beynəlxalq imicinin, müstəqilliyinin möhkəmləndirilməsi üçün gördüyü möhtəşəm işlərdən bəhs edən eksponatlara da geniş yer ayrılıb.

İkinci mərtəbədə informasiya texnologiyaları, xarici dillər, texniki yaradıcılıq otaqları və işçi heyət üçün kabinetlər yerləşir. Binanın hər iki mərtəbəsində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən fotoların, müxtəlif məlumatların yer aldığı 212 tablo, 32 kompyuter dəsti, elektron köşk, geniş ekranlı monitor, səsgücləndirici qurğular yerləşdirilib. Dövlətimizin başçısına məlumat verildi ki, mərkəzin birinci mərtəbəsində yerləşən Heydər Əliyev Muzeyi 4 bölmədən ibarətdir. Birinci bölmədə ulu öndərin yeniyetmə və gənclik dövrlərini əks etdirən fotoşəkillər əksini tapıb. İkinci bölmədəki fotoşəkillər Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı və digər sahələrin tərəqqisi ilə bağlı gördüyü işlərdən söhbət açır. Üçüncü bölmədə ümummilli liderin 1993-cü ildə xalqımızın təkidi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatındakı quruculuq işlərindən bəhs edən materiallar toplanıb. Dördüncü bölmədə isə ümummilli liderin respublikamıza rəhbərlik etdiyi müxtəlif illərdə Ağsuya səfərləri, yerli əhali ilə görüşləri əks olunmuşdur. Burada ulu öndərin həyatına və dövlətçilik fəaliyyətinə həsr olunan filmlərin nümayişi üçün elektron köşk də vardır.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərkəzin ikinci mərtəbəsi ilə tanış oldular. Dövlətimizin başçısına məlumat verildi ki, mərkəzin ikinci mərtəbəsində “Heydər Əliyev və uşaqlar” bölməsi fəaliyyət göstərir. Burada ulu öndərin uşaqlara diqqət və qayğısını əks etdirən fotoşəkillər toplanıb.

Mərkəzin informasiya texnologiyaları kabinetində müasir standartlara cavab verən 17 kompyuter lokal şəbəkəyə qoşulub. Texniki yaradıcılıq otağında isə uşaqların əl işlərindən ibarət sərgi nümayiş etdirilir. Burada radio-telemexanika dərnəyinin üzvləri olan uşaqların hazırladıqları elektron avadanlıq da diqqəti cəlb edir. Kompyuterlərlə təchiz olunmuş xarici dillər kabinetində isə ingilis və rus dillərinin tədrisi üçün lazımi şərait yaradılıb.

Dövlətimizin başçısı mərkəzin xatirə kitabına ürək sözlərini yazdı.

 

Prezident İlham Əliyev Ağsu rayon İcra Hakimiyyətinin inzibati binasının açılışında iştirak edib

 

Oktyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev Ağsu Rayon İcra Hakimiyyətinin inzibati binasının açılışında iştirak ediblər. Dövlətimizin başçısına məlumat verildi ki, rayon icra hakimiyyətinin inzibati binasının tikintisinə 1987-ci ildən başlanıb, inşaat işləri 1990-cı ilə qədər davam etdirilib. Maliyyə vəsaiti çatışmazlığından işlər dayandırılıb. 1991-1992-ci illərdə bina baxımsızlıq ucbatından tamamilə yararsız hala düşüb. Keçən il binanın inşası üçün 516 min manat vəsait ayrılmış və tikinti-bərpa işləri yüksək səviyyədə yerinə yetirilib. Binanın tikintialtı sahəsi 660 kvadratmetr, yardımçı tikililərin sahəsi isə 264 kvadratmetrdir. Yardımçı tikililər avtomobil qarajı, qazanxana, transformator yarımstansiyası və yanğından mühafizə üçün su anbarından ibarətdir.

Bina üçmərtəbəli olmaqla 35 iş otağından, 2 iclas zalından ibarətdir.

Bütün iş otaqları mebellə, kompyuterlə və digər müasir avadanlıqla təmin olunub. İnzibati binanın ətrafında və həyətində 4476 kvadratmetr yaşıllıq salınmış və bəzək kolları əkilmiş, fəvvarə tikilmiş, istirahət köşkləri quraşdırılmış və müasir yol çəkilmişdir.

Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.

 

Ağsu şəhər stadionunun təməlqoyma mərasimi olub

 

Oktyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağsu şəhər stadionunun təməlqoyma mərasimində iştirak ediblər. Dövlətimizin başçısına layihə əsasında məlumat verildi ki, min tamaşaçı yeri olan Ağsu şəhər stadionunun tikintisi üçün 4,3 hektar torpaq sahəsi ayrılıb. Obyektin smeta dəyəri 1 milyon 150 min manatdır. Stadionda futbol meydançası, tribuna, inzibati bina, kassa, kafe-çayxana, elektron tablo, anbar, qaraj, içməli su anbarı, transformator, üç giriş darvazası, voleybol və basketbol meydançalarının tikintisi nəzərdə tutulub. Stadionun istifadəyə verilməsi istər yerli, istərsə də beynəlxalq oyunların keçirilməsinə hərtərəfli şərait yaradacaq. Prezident İlham Əliyev kapsulu bünövrəyə buraxdı, beton qarışığı tökdü.

Dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi, inşaatçılara uğurlar arzuladı.

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağsuda inşa olunacaq uşaq-gənclər bədii yaradıcılıq məktəbinin təməli qoyulub

 

Oktyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağsu şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunacaq Uşaq-Gənclər Bədii Yaradıcılıq Məktəbinin təməlqoyma mərasimində iştirak ediblər. Dövlətimizin başçısına məlumat verildi ki, Ağsu şəhər Uşaq-Gənclər Bədii Yaradıcılıq Məktəbinin tikintisi üçün 560 kvadratmetr torpaq sahəsi ayrılıb. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində inşa ediləcək məktəb ikimərtəbəli olacaq. Smeta dəyəri 650 min manat olan binanın tikintialtı sahəsi 400 kvadratmetrdir. Bədii yaradıcılıq məktəbində sinif, müəllimlər, dərnək, direktor otaqları, müxtəlif tədbirlərin keçirilməsi üçün zal nəzərdə tutulub. Tikintinin 2010-cu ildə başa çatdırılması planlaşdırılır.

Prezident İlham Əliyev kapsulu bünövrəyə buraxdı, beton qarışığı tökdü.  Mehriban xanım Əliyeva da bünövrəyə beton qarışığı tökdü.

İnşaatçılara tapşırıq və tövsiyələrini verən dövlətimizin başçısı onlara uğurlar arzuladı.

 

“Az-Qranata” MMC-nin şirələr və şərab emalı zavodunda tikinti işlərinin gedişi ilə tanışlıq

 

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 29-da Ağsu şəhərində Azərbaycan-Almaniya birgə müəssisəsi olan “Az-Qranata” MMC-nin şirələr və şərab emalı zavodunda tikinti işlərinin gedişi ilə tanış olublar. İnşaatçılar dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.

Zavodun baş planı ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, “Az-Qranata” MMC-nin şirələr və şərab emalı zavodunun ümumi ərazisi 8,8 hektardır. İnşaat işlərinə 2008-ci ilin iyulunda başlanılıb. İnşaat işlərində əsasən yerli materiallardan istifadəyə üstünlük verilib. Bu zavodun Cənubi Qafqaz regionunda oxşarı yoxdur.

Qeyd olundu ki, zavodun tikintialtı sahəsi 15 min 600 kvadratmetrdir. Zavod beş sexdən, inzibati bina, mehmanxana və yardımçı tikililərdən ibarətdir. Burada hər birinin tutumu 50 ton olan 50 çən quraşdırılıb.

Bildirildi ki, zavodda ən son texnologiyaya əsaslanan avadanlıq quraşdırılıb. Avadanlığın hamısı Almaniya və Avstriyanın aparıcı şirkətlərinin istehsalıdır. Bu isə öz növbəsində məhsulun qəbulu, şirənin yığılması, onun tərkibinin təmizlənməsi və qablaşdırılması, habelə hazır məhsulun saxlanmasını müasir tələblər səviyyəsində həyata keçirməyə imkan verir. Zavodda nar və üzümdən hazırlanacaq məhsullar tərkibi və qablaşdırılmasına görə ən yüksək səviyyədə olacaq. Burada əlavə qarışıqlar olmadan, nar şirəsi istehsal ediləcək. Bunun üçün Almaniya istehsalı olan pasterilizə avadanlığı alınıb. Zavodda, həmçinin narşərab, nar sousu, üzüm şirəsi və şərab istehsal olunacaq. Narın tumundan alınacaq yağdan isə ətriyyat istehsalında istifadə olunacaqdır. Narın qabığından isə xüsusi boya hazırlanacaq. Burada quraşdırılan müasir avadanlıq ildə 5 min ton hazır məhsul əldə etməyə imkan verəcək. Gələcəkdə tələbata uyğun olaraq, müəssisənin illik gücü 3 dəfə artırılaraq, 15 min tona çatdırılacaq.

Məlumat verildi ki, müəssisənin min hektar ümumi sahəsi olan meyvə bağları da vardır. Sahənin 500 hektarında yüksək məhsuldar növ üzüm plantasiyaları və nar bağları salınıb. Qalan sahədə əkin işlərinin aparılması nəzərdə tutulur. Müəssisə Ağsu və ətraf rayonların əhalisindən də məhsul alacaq. Zavoda indiyədək 50 milyon ABŞ dolları sərmayə qoyulub. Burada 10-12 adda məhsul istehsal ediləcək.

Zavodda ümumilikdə min nəfər işləyəcəkdir ki, onların da 350-si müəssisədə, qalanları isə üzüm plantasiyaları və nar bağlarında çalışacaq.

Prezident İlham Əliyevə məlumat verildi ki, gələcəkdə məhsullar bir çox ölkələrə, o cümlədən MDB və Avropa dövlətlərinə ixrac olunacaq.

Binanın mərkəzləşdirilmiş havalandırma sistemi ilə təchiz olunması nəzərdə tutulur. Bundan başqa, zavodun ərazisində transformator yarımstansiyası, nəzarət-buraxılış məntəqələri, hər birinin tutumu 300 kubmetr olan iki su anbarı, 50 kubmetrlik təmizlənmiş su anbarı, nasosxana və qazanxana tikilmişdir. Zavodu fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün burada 1000 kilovoltluq ehtiyat generator da vardır.

Zavodun ətrafı abadlaşdırılmışdır. Əraziyə 27 500 kvadratmetr asfalt örtüyü salınmış, 25 min kvadratmetr yaşıllıq sahəsi yaradılmış, müxtəlif bəzək, dekorativ və gül kolları əkilmiş, oturacaqlar qoyulmuşdur.

Qeyd edildi ki, zavod gələn mövsümdən tam gücü ilə işə başlayacaqdır.

Dövlətimizin başçısı inşaatçılara uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi.

 

Prezident İlham Əliyev Ağsuda Qəhrəmanlar parkının açılışında iştirak edib

 

Oktyabrın 29-da Ağsu şəhərində Qəhrəmanlar parkının açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Dövlətimizin başçısı və xanımı parkda aparılmış abadlıq və quruculuq işləri ilə tanış oldular. Prezident İlham Əliyevə məlumat verildi ki, tikintisinə 2008-ci ildən başlanılmış Qəhrəmanlar parkının ərazisi bir hektardır. Müasir memarlıq üslubunda tikilmiş parkın layihə tərtibatında üç tarixi hadisənin qəhrəmanlıq rəmzi ifadə olunub. Kompleksdə II Dünya Müharibəsində həlak olmuş həmyerlilərimizin, 20 Yanvar şəhidlərinin və Qarabağ müharibəsində həlak olmuş 104 şəhidin əziz xatirəsi əksini tapıb. Burada “Əbədi məşəl” alovlanır. Kompleksin döşəmə və divarları qara və qırmızı qranitlə işlənilib. Tikintinin sahəsi 3600 kvadratmetrdir. Kompleksin ətrafında 4862 kvadratmetr yaşıllıq salınıb, min ədəd həmişəyaşıl ağac əkilib, suvarma sistemi yenidən qurulub.

Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

 

X X X

 

Bununla da Prezident İlham Əliyevin Ağsu rayonuna səfəri başa çatıb.

 

 

MƏTLƏB

 

Səs.- 2009.- 31 oktyabr.- S. 2-4.