BDU-nun 90 illik yubileyi ilə bağlı tədbir keçirildi
Universitetin dünya şöhrətli məzunu
xalqımızın ümummilli
lideri, milli intibahımızın banisi
Heydər Əliyevdir
Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov açdı. İlk növbədə, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov olmaqla bütün kollektivi yubiley münasibətilə təbrik etdi. Bakı Dövlət Universitetinin Azərbaycanın elm və təhsil tarixində oynadığı mühüm roldan danışan Y.Məmmədov universitetin Azərbaycanda yaranan ilk ali təhsil ocağı olduğunu da nəzərə çatdırdı.
Rektor bildirdi ki, BDU Azərbaycanda ictimai fikrin formalaşmasında müsbət rol oynamış, sağlam fikirli və müstəqil düşüncəli gənclərin yetişdirilməsində əvəzsiz xidmətlər göstərmişdir. Y.Məmmədov qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan BDU-nun təsis edilməsi ilə bağlı qərar 1919-cu il sentyabrın 1-də qəbul edilmiş və onun nizamnaməsi təsdiq olunmuşdur.
Y.Məmmədov çıxışı zamanı bir faktı da vurğuladı ki, BDU-nun əsas yubileyləri ulu öndər Heydər Əliyevin sərəncamları əsasında və onun yaxından iştirakı ilə keçirilmişdir. “Ulu öndər universitetin 50, 60, 75 və 80 illik yubiley komissiyalarının Sədri olmuşdur. Qeyd edim ki, universitetin dünya şöhrətli məzunu xalqımızın ümummilli lideri, milli intibahımızın banisi Heydər Əliyevdir.
BDU-nun 80 illik yubileyində isə universitetin 69 nəfər əməkdaşı yüksək dövlət mükafatlarına layiq görülüb. Bütün bunlar, şübhəsiz ki, xalqımızın müdrik lideri Heydər Əliyevin BDU-ya olan böyük qayğı və diqqətinin parlaq təzahürüdür.
Tam əminliklə deyə bilərik ki, klassik universitet sayılan BDU bu gün də müstəqil respublikamızda təhsildə öz lider statusunu qoruyub saxlayır. Son illər BDU-da maddi- texniki bazanın gücləndirilməsi, təhsilin və tədrisin keyfiyyətinin yüksəldilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının təbiq edilməsi, bir çox əməli tədbirlər həyata keçirilmişdir. Hazırda BDU-da 16 fakültə fəaliyyət göstərir. Burada təhsil alan tələbələrin sayı 18 mindən çoxdur. Onların təlim-tərbiyəsi ilə 1500-dən çox professor-müəllim məşğul olur.”
Y.Məmmədov çıxışının sonunda xalqımızı BDU-nun bu tarixi yubileyi münasibətilə təbrik etdi və yeni-yeni uğurlar arzuladı.
Daha sonra Y.Məmmədov çıxış etmək üçün sözü Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, professor Abel Məhərrəmova verdi. A.Məhərrəmov da, öz növbəsində, tədbir iştirakçılarını salamlayaraq, onları bu yubiley münasibətilə təbrik etdi. Rektor BDU-nun 90 illik yubileyinin ölkənin aparıcı universitetlərindən biri olan ADPU-da keçirilməsindən məmnun olduğunu bildirdi. Rektor bildirdi ki, BDU-nun 90 illik fəaliyyəti Azərbaycan maarifçilik ideologiyasının formalaşmasında, Azərbaycan dilinin elmi müstəviyə gətirilməsində mühüm rol oynamışdır.
Universitetin tarixinə nəzər salan A.Məhərrəmov qeyd etdi ki, universitetin ilk yarandığı günlərdə burada 44 müəllim fəaliyyət göstərib ki, onlardan da yalnız 2-si azərbaycanlı olub. Universitetin yaranma tarixində və onun formalaşmasında Fətəli xan Xoyski, Məmməd Əmin Rəsulzadə və başqa Azərbaycan Xalq Cümhuriyyəti qurucularının böyük rolunun olmasından danışan rektor bu insanların Azərbaycan elminin inkişafında xüsusi xidmətlərinin olduğunu qeyd etdi. Universitetin yaranmasından keçən qısa müddət ərzində milli özünüdərk, milli şüur, milli idrak öz əksini tapmağa başladı.
BDU-nun məruz qaldığı təzyiqlərdən da söz açan rektor repressiya illərində universitetdə hər il bir rektorun dəyişildiyini nəzərə çatdırdı ki, bu illər də BDU-nun həyatında çox ağır illər kimi qiymətləndirilir.
Lakin 1969-cu ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra universitetin həyatında da yeni bir ab-hava meydana gəldi. Heydər Əliyevin xüsusi qayğısı nəticəsində BDU-da təhsil yüksək səviyyəyə qalxdı. Məhz ümumilli liderin təşəbbüsü ilə BDU-nun min tələbəsi xaricə təhsil almağa göndərilirdi. Bu tələbələrin xaricdə təhsil alıb qayıtmasından sonra universitetə yeni bir nəfəs gəldiyinin də şahidi olurduq.
A.Məhərrəmov ümumilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsindən sonra müxtəlif sahələrdə iqtisadi, siyasi və s.-də çox böyük islahatların aparıldığını qeyd edərək bildirdi ki, ən böyük uğur elmi sahədə əldə olunub. Ümumilli liderin göstərdiyi tarixi xidmətlər sayəsində universitet özünün ən gözəl günlərini yaşayıb.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini, professor İradə Hüseynova da tədbir iştirakçılarını yubiley münasibətilə təbrik etdi. İ.Hüseynova BDU-nun Azərbaycan təhsilinin inkişafında tutduğu yerdən danışaraq, bildirib ki, BDU-nun mövcudluğu Azərbaycan xalqının formalaşmasına müsbət təsir göstərmişdir. BDU-nun inkişafında ümumilli lider Heydər Əliyevin xüsusi rolundan danışan İ.Hüseynova bildirdi ki, məhz universitetin 50 illik yubileyində 1969-cu ildə Azərbaycanda Heydər Əliyev hakimiyyətə gəlmiş və universitetin gələcək inkişafı üçün münbit şəraitin yaradılmasında mühüm rol oynamışdır. 70-80-ci illərdə BDU-da çox köklü şəkildə inkişaf müşahidə olundu.
İ.Hüseynova qeyd etdi ki, ümumilli liderin hakimiyyəti dövründə universitetə göstərilən qayğı onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilməkdədir.
Tədbirdə, həmçinin, ADPU-nun ümumi tarix kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Vəli Əliyev, ADPU-nün professoru Həsən Mirzəyev çıxış edərək, BDU-nun 90 illik yubileyi münasibətilə öz təbriklərin çatdırmışlar.
Tədbirdə BDU-nun yeni çapdan çıxmış bukletləri, “Azərbaycan mədəniyyət tarixi” və BDU-nun 90 illik yubileyi ilə bağlı kitabları tədbir iştirakçılarına təqdim olundu. Tədbirin rəsmi hissəsindən sonra yer bədii hissəyə verildi.
Qeyd edək ki, tədbirdə BDU-nun nümayəndələri ilə yanaşı, Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov da iştirak edirdi.
Murad İSMAYILZADƏ
Səs.- 2009.- 31 oktyabr.- S. 7.