Azərbaycan mətbuatı bu gün öz
inkişafının ən yüksək səviyyəsindədir
Hikmət Babaoğlu: “Dövlət
mətbuatı bütöv halda görür və
yanaşmanı da eyni şəkildə həyata keçirir”
- Hikmət
müəllim, Azərbaycan mətbuatının
inkişafına yönələn addımları necə qiymətləndirirsiniz?
- Azərbaycan
mətbuatı bu gün öz inkişafının ən
yüksək səviyyəsindədir. Çünki Azərbaycan
mətbuatının hazırda maddi-texniki problemləri həll
olunubdur. Mətbuatın inkişafı üçün
dövlətimiz 1993-cü ildən bu günə qədər ən
zəruri addımları atıb. “Azərbaycan” nəşriyyatına
borcu olan mətbuat vasitələrinin borcları silinibdir.
“Kütləvi İnformasiya Vasitələri haqqında” Qanun qəbul
olunub.
Ölkədə
jurnalistlərin informasiya əldə etmək haqqında
hüquqları tanınıb. Ümumilikdə isə, bu
gün Azərbaycan mətbuatının inkişafı ilə
bağlı heç bir problem yoxdur. Əgər Azərbaycan mətbuatında
müəyyən mənada professionalların
çatışmazlığı varsa, bu, artıq dövlətin
problemi deyil.
Yəni,
ölkəmizdə mətbuat daima özü öz üzərində
işləməli və peşəkarlıq səviyyəsini
artırmalıdır. Hazırda mətbuatda yeganə problem mətbuat
işçilərinin özlərini yeni keyfiyyətdə təqdim
etmələri üçün
çalışmamalarıdır. Bu proses də artıq
gedir. Son dövrlərdə Azərbaycan mətbuatına yeni
imzalar gəlir.
Jurnalistikanın
nəzəriyyəsini, mətbuat-dövlət, mətbuat-cəmiyyət
münasibətlərinin nəzəri əsaslarını mənimsəmiş
və praktikada artıq bunu tətbiq etməyi bacaran yeni
jurnalist imzaları görünməkdədir. Əlbəttə,
bir günün içərisində Azərbaycanda mətubatın
ən yüksək səviyyəyə gəlib
çatmasını arzulamaq özülüyündə qeyri-ciddi
yanaşmadır.
Dövlətin
mətbuata qayğısının növbəti təzahürlərindən
biri Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun yaradılması oldu. Bu Fondun fəalliyyəti
olduqca şəffafdır. Siyasi oriyentasiyasından və rəngarəngliyindən
asılı olmayaraq, fonda təqdim olunan bütün layihələr
ekpertlər tərəfindən qiymətləndirilib və
onlara müvafiq miqdarda maliyyə vəsaiti ayrılıb.
Bundan əlavə
mətbuatın inkişafı naminə dövlət tərəfindən
birdəfəlik yardımlar da olunub. Bütün bunlar isə
onu göstərir ki, dövlət mətbuatı bütöv
halda görür və yanaşmanı da eyni şəkildə
həyata keçirir. Yəni dövlətin mətbuata
yanaşması standartdır. Ona görə də, burada
ayrı-seçkilik axtarmağa və yaxud mətubuatın
idarə olunması ilə bağlı yeni təkliflər irəli
sürməyə ehtiyac yoxdur.
- Belə olan
halda, mətbuat-mətbuat, mətbuat-dövlət, mətbuat-cəmiyyət
münasibətlərinin hazırkı səviyyəsini necə
qiymətləndirirsiniz?
- Məsələnin
əsil mahiyyəti ondan ibarətdir ki, cəmiyyətin mətbuatdan
gözləntiləri var. Mətbuatın da cəmiyyətin
müxtəlif institutlarından biznes, maliyyə
qurumlarından hüquqi və fiziki şəxslərdən
gözləntiləri mövcuddur. Yəni burada
qarşılıqlı münasibətlərin forması
müəyyənləşməlidir. Amma çox təəssüflər
olsun ki, Azərbaycanda mətbuatın qeyd etdiyimiz cəmiyyətin
sosial və iqtisadi institutlardan biznes strukturlarından gözlədikləri,
birmənalı olaraq, maliyyə dəstəyi ilə
bağlıdır.
Mətbuatın
cəmiyyətdən gözləntiləri isə, birmənalı
olaraq, oxucu dəstəyidir. Bu məsələlər isə
bir-biri ilə bağlı şəkildədir. Əgər Azərbaycan
mətbuatının kifayət qədər oxucusu olacaqsa,
avtomatik olaraq, bu amil mətbuata reklam verilməsini şərtləndirəcək.
Əksinə olaraq, dediyimiz biznes qurumları mətbuata reklam
verəcəksə, bu, özlüyündə oxucunu təşviq
edəcək. Ona görə də, bu sistemi hərəkətə
gətirmək lazımdır.
- Siz mətbuatın
uğurlarını qeyd etdiniz. Amma ATƏT-in mətbuat üzrə
nümayəndəsi Mikloş Haraşti, həmişə
olduğu kimi, yenə də Azərbaycanda mətbuatın
durumunu tənqid edib və iddia edib ki, ölkə mətbuatının
vəziyyəti ürəkaçan deyil. Onun bu
yanaşmasının kökündə nə dayanır?
- Burada
tamamilə qeyri-obyektiv bir qiymətləndirmənin şahidi
oluruq. Bunu ancaq ayrı-ayrı Qərb təşkilatlarının
Azərbaycandakı və Ermənistandakı demokratiyanı
müqayisə edib gəldiyi nəticələr ilə
müqayisə etmək olar. Ermənistanda silahlı adamlar
parlamentə daxil olaraq parlamentariləri, müxalifət
partiyalarının rəhbərlərini qətlə yetirirlər.
Amma nədənsə,
Qərb, həmişə olduğu kimi, buna göz yumur. Yaxud
da Ermənistanda prezident seçkiləri kütləvi şəkildə
saxtalaşdırılır, insanlar küçəyə
çıxır, yenə də dövlət tərəfindən
insanlara qarşı zorakılıq tətbiq edilir, müxalifət
liderləri həbs olunur, onlarla insan qətlə yetirilir. Buna
baxmayaraq, demokratik qiymətləndirmə aparılan zaman Ermənistana
Azərbaycandan fərqli qiymət verilir.
Deməli,
bu yanaşmalar həqiqətə söykənmir. Problem qərblilərin
və yaxud ayrı-ayrı təşkilat rəhbərlərinin
məsələyə yanaşmasındakı ikili
standartlardadır. Məhz M.Haraştinin yanaşması da buna
bənzəyir. Heç kəs deyə bilməz ki, Azərbaycanda
söz azadlığı mövcud deyil. Azərbaycanda mətbuatın
qeyri-ənənəvi üsullarla idarə edilməsi ilə
bağlı müxtəlif təşkilatlar yaradılıb. O
cümlədən, Mətbuat Şurasının fəaliyyətini
də önə çəkmək olar. Azərbaycan mətbuatı
özü özlüyündə problem görmədiyi halda,
M.Haraşti müxtəlif təkliflərlə
çıxış edir, qeyri-obyektiv qiymətləndirmələr
aparır. Bu isə, ölkəmizdə mətbuata və
bütövlükdə, bizlərə münasibətdə
çoxstandartlılığın tətbiqidir. Bu
yanaşmaya başqa ad vermək mümkün deyil.
Azərbaycan
cəmiyyəti olduqca rəngarəngdir. Ölkəmizdə
fikir plüralizmi və söz azadlığı mövcuddur. Məsələnin
digər tərəfi isə ondan ibarətdir ki, ölkəmizdə
ən radikal mövqedə dayanan müxalifət mətbuatından
belə M.Haraştinin eynəyi daha “tünddür”.
Yəni
burada heç bir obyektivlikdən söhbət gedə bilməz.
Sadəcə olaraq, qərəzli münasibəti biz
müşahidə edə bilirik.
-
Ümumilikdə isə, M.Haraşti Azərbaycan mətbuatının
birliyini pozmaq üçün müəyyən təkliflər
irəli sürüb. Eyni zamanda, Mətbuat Şurasına
alternativ mətbuat şurasının yaradılmasını
da önə çəkib. Bu yanaşmanı necə dəyərləndirmək
olar?
- Zənnimcə,
buna heç bir ehtiyac yoxdur. Görünür, M.Haraştinin
narahatlığı da ondan ibarətdir ki, müəyyən
milli məsələlərdə Azərbaycan mətbuatı
vahid güc kimi çıxış etməyi bacarır. Dağlıq
Qarabağ məsələsində Azərbaycan mətbuatı
vahid mövqe nümayiş etdirə bilir. Qonşu ölkələrdə
baş verən hadisələr, Türkiyə-Ermənistan
münasibətləri kontekstində cərəyan edən
proseslərlə bağlı Azərbaycan mətbuatı
bütövlükdə eyni mövqeyi nümayiş etdirməyi
və ümummilli maraqlar məsələsində hamı bir məntiqdən
çıxış etməyi bacarır.
Ona görə
də, görünür ki, bu amil müəyyən maraqlı
dairələri qane etmir. Düşünürəm ki,
alternativ mətbuat şurasının yaradılması kimi
ideyalar da məhz Azərbaycan mətbuatının milli maraqlar
naminə birləşmə məqamında onların birliyini
pozmaq məqsədi güdür.
- ATƏT-in
mətbuat üzrə nümayəndəsi konkret cinayət əməlinə
görə, məsuliyyətə cəlb edilmiş şəxslərin
müdafiəsinə qalxır. Onun bu məqsədini hansı
formada izah etmək olar?
- Bu, bəzi
Avropa institutlarının çoxdankı
yanaşmasıdır. Kim həbs edilirsə, adını
siyasi məhbus, jurnalist qoyaq və.s. onu müdafiə etməyə,
hətta bəzi məqamlarda bu məsələdən öz
maraqları naminə istifadə etməyə cəhdlər
olur. Cəmiyyətdə hər bir şəxsin bir neçə
sosial statusu var. Bizim peşə statusumuzla bərabər vətəndaşlıq
statusumuz da mövcuddur. Yəni, bu gün biz redaksiyada jurnalist
kimi fəaliyyət göstəririk, sabah ictimai nəqliyyatdan
istifadə edərkən isə sosial statusumuz sərnişin
olur, evimizdə sosial statusumuz valideyndir, auditoriyada müəllimdir.
Bunları bir-birinə qarışdırmaq lazım deyil.
Biz
heç bir halda istənilən vətəndaşın həbsxanaya
düşməsini istəmirik.
Cənab
Prezident İlham Əliyev tərəfindən əfv fərmanları
imzalanır, məhbusların cəzaları yüngülləşdirilir,
insanları islah yolu ilə deyil, başqa alternativ yollarla tərbiyə
etməyə çalışılır. Buna da, birmənalı
olaraq, nail olunur. Amma bir insan konkret olaraq cinayət törədirsə,
peşəsi nə olursa-olsun, o, cəzalanmalıdır. Heç
bir peşə, heç bir vətəndaşa əlahiddə
status vermir ki, “mənim peşəm olduğuna görə,
cinayət də törətsəm, həbs oluna bilmərəm”.
Belə bir
anlam mövcud deyil.
Bununla
yanaşı, az-çox Avropa, Qərb cəmiyyəti ilə
tanış olan insanlar bilirlər ki, çoxlu sayda jurnalist və
digər peşə sahibləri konkret cinayət əməlinə
görə məsuliyyətə cəlb olunublar. Amma nədənsə,
avropalılar bu problemi özlərinin içərisində
heç vaxt siyasiləşdirmir. Məhz Azərbaycan və Azərbaycan
kimi digər ölkələrdə bu cür məsələlər
siyasiləşdirilir. Görünür, burada da xüsusi
maraqlar mövcuddur.
- Qərb
dairələrinin Azərbaycan kimi dövlətlərə
yanaşmalarında müşahidə olunan
çoxstandartlılığı onların yanaşma tərzindəki
müəyyən maraqların olması ilə izah etmək
olarmı?
- Azərbaycan
cəmiyyəti inkişaf edir. Ölkəmizdə demokratik təsisatlar
bərpa olunur. Bütün bunlar, ona görə edilmir ki, biz Qərbə
oxşamağa çalışırıq. Bu, ona görədir
ki, bizim demokratiya ilə bağlı tarixi ənənələrimiz
var. Tarixin qədim qatlarından gələn
mifologiyalarımızda, dastanlarımızda bizim toplumun
demokratik olması, sosial bərabərliyin saxlanması ilə
bağlı çoxlu faktlar mövcuddur.
Misal olaraq,
“Kitabi Dədə Qorqud” dastanında Qazan xanın evinin
yağmalanması boyunu göstərmək olar ki, bu,
birbaşa cəmiyyətdəki bərabərliyi saxlamaq
üçün edilirdi. Çünki il boyu ayrı-ayrı bəylərbəyliklərdən,
əyalətlərdən gələn pullar Qazan xanın
büdcəsində yığılırdı.
Yığılan vəsaitlər və əldə olunan
döyüş qənimətləri ildə bir dəfə
bütün toplum içərisində bərabər şəkildə
paylanırdı. Bütün bunlar isə, onu göstərir
ki, demokratiya bizim cəmiyyətə xas olan bir xüsusiyyətdir.
Ona görə
də, Qərb bizə demokratiya dərsi keçməyə
çalışırsa, unutmamalıdır ki, demokratiya bizim
tariximizdən, genimizdən gələn milli bir keyfiyyətdir.
Bu gün
isə Azərbaycan cəmiyyəti ona görə demokratikləşmir
ki, ATƏT bizim qarşımıza tələb qoyub. Azərbaycan
cəmiyyəti ona görə demokratikləşir ki, cəmiyyətimiz
inkişaf etsin. Ölkəmizdə bu proses isə kor-koranə
getmir. Bunun mahiyyəti dərk olunaraq, prosesin cəmiyyətə
xeyir gətirəcəyi hədəf qoyularaq, həyata
keçirilir. Bu məsələlərə isə müəyyən
yanaşmalar olacaqdır. Amma arzu edərdik ki, bu yanaşmalar
obyektiv olsun.
TAPDIQ Qurbanlı
Səs .- 2009.- 12 sentyabr.- S. 6.