Qafqaz İslam Ordusunun Azərbaycanda xilaskarlıq
missiyası
“Səs” qəzeti 15 sentyabr
Bakının işğaldan azad olunmasının 91-ci
ildönümünə həsr olunmuş dəyirmi masa
keçirdi
(Əvvəli ötən sayımızda)
“Səs” qəzetinin redaksiyasında 15 sentyabr Bakının işğaldan azad olunmasının 91-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi. Tarixdən bizə məlumdur
ki, 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən
sonra Qafqaz İslam Ordusu Azərbaycan xalq könüllü dəstələrinin
köməyi ilə Bakını azad edib. Şəhər
Stepan Şaumyanın bolşevik-daşnak rejimindən sonra
hakimiyyəti ələ keçirmiş menşevik-daşnak tör-töküntülərindən
- “Sentrokaspi diktaturası”ndan təmizləndi. 1918-ci il
sentyabrın 17-də Fətəli xan Xoyski kabinetinin təşkilindən
üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti
Bakıya köçdü. Bakı paytaxt elan olundu. Azərbaycan
Xalq Cümhuriyyətinin hakimiyyət dairəsi genişləndi.
Tariximizin ən
şanlı səhifələrindən olan Azərbaycan Xalq
Cümhuriyyətinin qurulması və sonrakı
mövcudluğunda Bakının azad edilməsi mühüm
rol oynamışdır. Çox böyük strateji mövqeyə
malik olan Bakıya o dövrdə olan maraq və diqqəti nəzərə
alsaq, onun azad edilməsinin də heç də asan olmadığını
anlamaq olar. Belə bir tarixi yaşamış Azərbaycan
mövcud olan zaman kəsiyində
yaşantılarını salnamələr
əsasında diqqətdən keçirib. Bu gün həmin
hadisədən 91 il ötsə də, Azərbaycan tarixinin
müəyyən bir hissəsi olan 15 sentyabrı xatırlamaq
zəruri məqamlardandır.
“Səs” qəzetinin
təşkil etdiyi dəyirmi masaya ənənəvi olaraq
respublikanın tanınmış siyasi xadimləri, politolqları,
ziyalıları, o cümlədən, millət vəkili,
politoloq Aydın Mirzəzadə, Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının şöbə müdiri Musa Quliyev, BDU-nun professoru, tarix elmləri
doktoru Musa Qasımlı, AMEA Nizami adına Ədəbiyyat
İnstitutunun aparıcı elmi işçisi, dosent Asif
Rüstəmli, Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının
geostrateji araşdırmalar mərkəzinin direktor müavini,
dosent Elman Nəsirov, ADPU-nun dosenti Nazir Əsədov, ETM “Təfəkkür”
Universitetinin professoru, ekspert Cümşüd Nuriyev, tarix elmləri
namizədi Nəsiman Yaqublu iştirak edirdilər.
Musa Qasımlı:
- Azərbaycanda daxili sabitlik
yarandı. Azərbaycan hökuməti Bakıya
köçdü. Azərbaycan müsəlman Şərqinə,
ilk dəfə olaraq, respublika məfkurəsini gətirdi.
Bütün müsəlman Şərqinə Azərbaycan
xalqı respublika üsul-idarəsini gətirdi. Azərbaycan
Şərqlə Qərb arasında bir körpü rolunu
oynayaraq həm sivilizasiyalararası dialoqda, həm də
tolerantlıqda bir nümunə oldu.
QAFQAZ İSLAM ORDUSUNUN BAKIYA GƏLİŞİ
TARİXİ ŞƏRAİTDƏN QAYNAQLANIRDI
Elman Nəsirov:
- “Səs” qəzetinin belə məzmunda
olan dəyirmi masalar təşkil etməsinin əhəmiyyəti
tarixin müəyyən dövrlərinə müasir prizmadan
diqqət yetirib onların tarixi mahiyyətinə bir daha
aydınlıq gətirməkdən ibarətdir. Müəyyən
tarixi mərhələlərdə təkrarlanmalara təsadüf
olunsa da, tam mənada hadisələr yenidən cərəyan
etmir. Deyərdim ki, oxşar tendensiyalar mövcuddur. Müasir
dövrümüzdə Türkiyə ilə Ermənistan
danışıqları, Dağlıq Qarabağ
münaqişəsi bunun əsasında yeni proseslər,
böyük danışıqlar gedir. Yenidən Cənubi
Qafqazda Türkiyənin rolu məsələləri ətrafında
danışıqlar aparılır. Türkiyə Cənubi
Qafqazda daha fəal şəkildə çıxış etmək
niyyətindədir. Qeyd etdiyim məsələlərin hər
biri yeni proseslərdir. Bugünkü prosesə
qiymət vermək üçün Türkiyənin
atdığı addımların mahiyyətini və məzmununu
daha yaxşı dərk etmək üçün hansı niyyətlər
güddüyünü başa düşmək
üçün, şübhəsiz ki, XX əsrin əvvəllərində
baş verən proseslər, xüsusilə, Türkiyənin
silahlı qüvvələrinin Azərbaycana gəlişini
yaxşı öyrənmək və dərk etmək
lazımdır. Mən bir məsələni qeyd etmək istərdim
ki, hər bir dövlət addım atarkən, ilk növbədə,
özünün milli maraqlarını güdür. Bu gün
biz böyük fəxarətlə qeyd edirik ki, Bakının
erməni daşnaklarından azad edilməsində Osmanlı
çox böyük xidmət göstərib. Bu, həqiqətdir.
Ancaq məsələyə bu kontekstdən də
yanaşılmalıdır ki, belə bir addımın
atılmasının özü Osmanlı dövlətinin
milli maraqlarına uyğun idi. İlk növbədə, onun
beynəlxalq maraqlarını ifadə edirdi. Belə bir tarixi
dövrdə, təbii ki, Osmanlı imperiyası
özünün manevr imkanlarından istifadə edir, hər vəchlə
çalışırdı ki, zəifləməkdə olan
imperiyanı qoruyub saxlasın. Artıq oktyabr
çevrilişindən sonra Rusiya Birinci Dünya müharibəsindən,
faktiki olaraq, çıxmış oldu. Onun müharibədən
çıxması isə cəbhə bölgəsində
yeni reallıqlar yaratdı. Həmin reallıqlardan ən
başlıcası ondan ibarət idi ki, Rusiya hər zaman
öz məqsədləri üçün ermənilərdən
bir vasitə kimi istifadə edirdi.
Xatırlatdığımız həmin tarixi dövrlərdə
ermənilər çox real müqavimətə çevrildilər.
Bu dövrdə, heç şübhəsiz ki, Türkiyə də
Cənubi Qafqazda əsas real qüvvəyə çevrildi.
Rusiyanın zəifləməsindən istifadə etmək və
eyni zamanda, iqtisadi və neft maraqlarını həyata
keçirmək üçün bir vasitə kimi bundan bəhrələnmək
istəyirdi. Amma bu dediklərim heç də ona dəlalət
etmir ki, Türkiyə sırf öz maraqlarını
güdüb, qardaş xalqın maraqlarını kənarda
qoysun. Yəni, məsələyə bu kontekstdən
yanaşmağın da tərəfdarı deyiləm. Amma hər
halda, 1918-ci ildə Almaniyanın müharibədə məğlub
olması tendensiyası çox aydın şəkildə hiss
olunmaqda idi. Xüsusilə, 1915-1916-cı illərdə bir qədər
qüvvələr nisbətində aydınlıq yox idi. Amma
1916-cı il döyüşlərindən sonra artıq
Antantanın özü də bunu bilirdi. Belə bir tarixi
dövrdə Türkiyə həmin o şəraitdən
istifadə edərək və Azərbaycanın onu dəvət
etməsinə əsaslanaraq, türk islam ordusunu Azərbaycana
gətirdi. Lakin yenə də Birinci Dünya
müharibəsinin nəticələrinə uyğun
olaraq, Versal sülh
konfransında böyük dövlətlər gözləmə
mövqeyi seçirdilər. Çünki onlar gözləyirdilər
ki, bolşeviklərin hakimiyyəti devrilsin və azad olan
dövlətlər yenidən Antantanın müttəfiqi
olan çarizmin tərkibinə qatılsın. Lakin 1918-1919-cu
illərdəki hadisələr göstərdi ki, bu ideyanın
reallaşması mümkün deyil. Məhz həmin andan
başlayaraq, Azərbaycan da daxil olmaqla, Qafqaz dövlətlərinin
müstəqilliklərini tanıdılar. Bütün
bunların hamısı, onu göstərir ki, Azərbaycanla
bağlı siyasəti həyata keçirənlər öz
maraqlarını düşünürdülər. Həqiqətən,
Qafqaza və Azərbaycana münasibətdə Antanta dövlətlərinin
münasibəti, situasiyadan asılı olaraq, dəyişə
bilərdi. Bu nöqteyi-nəzərdən mən
belə hesab edirəm ki, Qafqaz İslam Ordusunun Bakıya gəlişi
tarixi şəraitdən qaynaqlanırdı. Bunun obyektiv və
subyektiv səbəbləri barədə kifayət qədər
məlumat verildi. İlk növbədə, biz onların
Bakını azad etməsinə görə, həmişə
minnətdarıq. Lakin yenə də, onu da
vurğulamaq istərdim ki, həmin tarixi şəraitdə
Osmanlı dövlətinin özünü qoruma,
özünü möhkəmləndirmə instinkti də
mühüm rol oynayırdı ki, onu da həyata keçmək
üçün 1918-ci il sentyabrın 15-də Bakıya gəliş
reallaşdı.
BAKININ AZAD OLUNMASI AZƏRBAYCAN XALQ
CÜMHURİYYƏTİNİN GƏLƏCƏK FƏALİYYƏTİNƏ
ƏSAS BAZA YARATDI
Musa Quliyev:
- Məndən əvvəl çıxış edən alimlərimiz mövzu ətrafında çox gözəl fikirlər söylədilər. Məsələyə müxtəlif aspektlərdən yanaşıldı. Bu, bizim tariximizdir, qan yaddaşımızdır. Bəzən gənclər öz tarixlərini bilmirlər. Tarixini bilməyən xalqın isə gələcəyi yoxdur. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, təbii ki, bizim dövlətçilik tariximizdə çox böyük bir hadisəyə çevrildi. Leninin Rusiya xalqlarının öz müqəddəratının təyin etməsi barədə verdiyi bəyanatdan sonra o, başa düşdü ki, bununla Bakı əldən getdi. Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılması çox ağır bir iş idi. Çünki bu dövrdə Bakıda bolşeviklər güclü idilər. Artıq aprelin 25-də Bakıda Xalq Komissarları Soveti yaradılmışdır. Başda Şaumyan olmaq şərti ilə. Yeri gəlmişkən, o dövrə nəzər saldıqda, biz görürük ki, ermənilər bütün dünyaya bəyan edirdilər ki, biz Bakını Birinci Dünya müharibəsində silah gücünə almışıq. Bu, Üzeyir Hacıbəyovun xatirələrində də göstərilir. Hətta onların uydurmaları elə bir həddə gəlib çatmışdır ki, guya Bakı “böyük Ermənistan”ın paytaxtıdır və burada yaşayanların əksəriyyəti ermənidir, türklər isə azlıq təşkil edirlər. Azərbaycanı isə bir əyalət kimi təsvir edirdilər. Gəncəyə köçmüş gənc dövlət Şaumyanın başçılığı altında məhv edilməli idi. İyun ayında keçirilən Göyçay döyüşlərində də məqsəd bundan ibarət idi. Bir daha vurğulamaq istərdim ki, bu dövrdə türklər qardaş Azərbaycan xalqına böyük kömək göstərdilər. Türk ordusu ilə Azərbaycan ordusunun birləşmiş qüvvələri Göyçay ətrafında Şaumyanın ordusunun qarşısına çıxdılar. Bu dövrdə, bayaq da qeyd edildiyi kimi, Almaniya Birinci Dünya müharibəsində məğlub olmuşdur və bundan sonra Rusiya ilə gizli surətdə əlaqəyə girmişdi. Almaniya Rusiyadan Azərbaycan neftindən müəyyən qədərinin ona verilməsini xahiş etdi. O, əvvəlcə Bakı neftinin dörddə birini ona verməsini Rusiyadan xahiş etdi, daha sonra isə bu ricanın reallaşmadığını görəndə, neftin cüzi bir hissəsinin ona verməsini istədi. Maraqlar çox idi. O dövrdə Bakı nefti göz qamaşdırırdı. İtaliya, İspaniya, ABŞ kimi dövlətlər Bakını ələ keçirmək istəyirdilər. Lenin artıq başa düşmüşdür ki, Bakı əldən getsə, Rusiya da dağılacaq. Ona görə də, o, Bakıda Xalq Komissarları Sovetini yaratmışdır. Bakı XKS-nin də təşkil edən ermənilər bütün Avropa ölkələrinə yayırdılar ki, burada yaşayanların hamısı ermənilərdir. Bakının azad olunmasına gəldikdə isə, bunun üçün ilk cəhd avqustun əvvəlində olmuşdur. O dövrdə Azərbaycan nümayəndə heyətinin Türkiyədə rəhbəri Məmmədəmin Rəsulzadə idi. Onun Azərbaycan hökumətinə oradan göndərdiyi məktubda deyilir ki, biz tezliklə Bakını əldə etməliyik. Əgər Bakını ala bilməsək, onda hər şey bitdi. Əlvida, Azərbaycan. O, bu cümlə ilə sözünü qurtarır. Yəni, Rəsulzadə yaxşı başa düşürdü ki, Bakını əldən versək ruslar, almanlar, buranı tutacaq və Azərbaycanın paytaxtı əldən çıxacaq. Buna görə, mən gənc Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərlərinin yeritdiyi siyasətə vurğunam. Bu siyasətin nəticəsində də Azərbaycan və türk ordusu birləşərək Bakını işğaldan azad etdi. Nuru Paşa öz xatirələrində yazır ki, sentyabr ayında Bakıda 500 azərbaycanlı var idi, onun da çoxunun heç ayaqqabısı da yox idi. Amma buna baxmayaraq, azərbaycanlılar da, xüsusilə də, Əliağa Şıxlınski, Xəlil bəy Səlimov və başqaları Bakıya girmək üçün Ələtdən tutmuş Qurd qapısına qədər olan yerləri tutdular. Nəhayət, onu demək istərdim ki, Bakıda qurulan Sentrokaspi diktaturasının özəyi də ermənilər idi. Hətta ermənilər Tomsona deyirdilər ki, Bakını azərbaycanlılar deyil, türklər tutublar və azərbaycanlıların dövləti yoxdur. Onlar Tomsonu Bakı uğrunda daha mübariz olmağa çağırırdılar. 1918-ci il noyabrın 17-də Tomsonun rəhbərliyi altında ingilis qoşunları Bakıya girdilər. Hələ qoşun Bakıya girməmiş, Tomson nota göndərdi ki, şəhərdə olan bütün iri bayraqlar çıxarılsın. Bura İngiltərənin nəzarətində olmalıdır. Azərbaycan dövlətinin yürütdüyü siyasət nəticəsində Tomson başa düşdü ki, buranı idarə edən türklər deyil, azərbaycanlılardır. Sonralar Tomson öz xatirələrində yazır ki, vaxtilə Azərbaycanın baş naziri olan Fətəli Xan Xoyski nəinki Azərbaycanı, hətta böyük bir İtaliyanı idarə etmək qüdrətindədir. Təbii ki, bu dövr bizim tariximizdir, bunun barədə saatlarla danışmaq olar. Sonda onu qeyd etmək istərdim ki, bu hadisə, sözün həqiqi mənasında, Azərbaycan Xalq Cümhuriyyətinin gələcək fəaliyyəti üçün əsas baza yaratdı.
NURU PAŞANIN AZƏRBAYCANA GƏLMƏKDƏ MƏQSƏDİ
MİLLİ ORDU YARATMAQ, AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNƏ
DƏSTƏK VERMƏK İDİ
Asif Rüstəmli:
- Bu gün biz Azərbaycan
üçün çox əlamətdar bir gün ərəfəsində
və çox əlamətdar bir binada
yığışmışıq. Çox qəribədir
ki, 1918-ci ildə sentyabrın 15-dən bizim oturduğumuz bu
binada Danimarka konsulluğu yerləşirdi. Məhz burada ermənilər
təhkimçilik aktına imza atmışdır. Türk
generalı Təyyar Bülənt bu hadisəni çox
dolğun və əhatəli şəkildə təsvir
etmişdir. O, tarixi sənədlərdə qeyd edir ki,
artıq Bakının alınması haqqında qərar
sentyabrın 13-14-də bəlli idi. Sentyabrın
15-də isə ermənilərin və ingilislərin buradan
qaçması şəhərə girmək
üçün bir zəmin yaratdı. General Təyyar Bülənt
bildirib ki, bundan bir müddət sonra İran konsulu və ermənilərin
qərb cəbhəsinin komandanı şəhəri təhvil
vermək və ermənilərə toxunmamaq barədə
öz təkliflərini bizə təqdim etdilər. Təbii
ki, Bakı üzərinə hücum edən azərbaycanlılar
və türklər bu xəbəri çox böyük
sevinclə, qələbə ilə qarşıladılar. Həmin
gün bu binada ermənilərin təhkimçilik aktına
imza atmasının iştirakçısı və şahidi
oldular. Mən Cümhuriyyət
dövrünün mətbuatının
araşdırmaçısı olaraq, bir neçə məqamı
diqqətə çəkmək istərdim. İndiyə kimi
bütün mətbuat orqanlarında, elmi əsərlərdə
belə bir təsəvvür yaradılır ki, guya Nuru
Paşanın başçılığı altında
Qafqaz İslam Ordusu Azərbaycana gəlib. Əslində isə,
belə bir şey yoxdur. Bunun üçün
bir sıra terminlərə aydınlıq gətirmək istərdim.
İlk növbədə, onu da qeyd edim ki, 1918-ci ilin
martında Nuru Paşaya Azərbaycana getməklə
bağlı tapşırıq verilib və o, 20 nəfər
zabitlə may ayının 25-də Gəncəyə gəlib.
Onu Gəncədə çox yüksək səviyyədə
qarşılayıblar. Təbii ki, onun gəldiyi dəstə
Qafqaz İslam Ordusu deyildi və onun məqsədi də belə
bir ordu yaratmaq deyildi. Siz əgər 1918-ci ildə Azərbaycanın
müstəqilliyinin elan olunması ilə bağlı protokola
nəzər salsanız, görərsiniz ki, burada dörd məsələ qoyulub.
Bunlardan birincisinin adı belə idi: Gəncəyə
gələn zabitlərin məramının
aydınlaşdırılması. Bu məsələ ilə əlaqədar
may ayının 28-də Nəsib bəy Yusifbəyli Gəncədə
olmuş Nuru Paşa ilə türk zabitləri ilə
görüşmüş və elan etmişdir ki, onlar Azərbaycana
xoş məramla, xeyirxah məqsədlərlə gəlmişlər.
Yəni, biz burada Qafqaz İslam Ordusu və onun
komandanını görmürük. Yəni, belə bir termin
yoxdur. Bu maraqlı bir terminin yanlış variantıdır ki,
bu günə kimi istifadə olunur. Azərbaycana
gəlməkdə məqsəd azərbaycanlıların
qüvvələrinin hesabına milli ordu yaratmaq, Azərbaycanın
müstəqilliyinə dəstək vermək, Azərbaycan
xalqını zülmlərdən,
xüsusilə, erməni zülmündən xilas etməkdən
ibarət olub.
(Ardı var)
Nəzakət ƏLƏDDİNQIZI,
Murad İSMAYILZADƏ
Səs.- 2009.- 12 sentyabr.- S. 8-9.