Teatrlarımız 137-ci mövsüm ərəfəsində
Respublikada fəaliyyət
göstərən 26-ya yaxın
teatr kollektivi mövsümə açıq
havada start verəcək
Yeni teatr mövsümünün açılışı yaradıcı şəxlərin həyatında qaynar bir həyatı yaşadır. Paytaxtımızda, eləcə də respublikamızın müxtəlif teatrlarında bu hal mövcuddur. Bu hadisə ilə bağlı qəzetimizə daxil olan materiallar bunu bir daha təsdiqləyir. 130 ildən artıq tarixə malik olan Azərbaycan peşəkar teatrı artıq ölkə daxilində, xarici ölkələrdə öz sözünü deyə bilib. Ölkəmizdə fəaliyyətdə olan teatrların hər birinin öz janrı, ampulası var ki, bu da teatrlarda repertuar rəngarəngliyi yaradıb. Ümummilli liderimiz Heydər Əliyevin məlum sərəncamı əsasında 18 Sentyabr Milli Musiqi Günü elan edildikdən sonra ənənəvi olaraq teatrlar, demək olar ki, mövsüm açılışını 18 sentyabr tarixində keçirirlər. Hər il maraqlı repertuarla tamaşaçıların görüşünə gələn yaradıcı kolektivlər bu il də sənətsevərlərinə klassik nümunələri təqdim etməyi nəzərdə tutub.
Teatrlarımız 137-ci mövsüm münasibətlə böyük teatr bayramı keçiriləcək. Bu ilki mövsüm yeni premyeralar bolluğu ilə xüsusi seçiləcək. Ənənə halını alan teatr bayramı ölkə başçısının göstərişi əsasında yenicə təmirdən çıxan Gənc Tamaşaçılar Teatrının qarşısında keçiriləcək. Respublikada fəaliyyət göstərən 26-ya yaxın teatr kollektivi mövsümə acıq havada start verəcək. Repertuara uyğun olaraq kiçik səhnəciklər nümayiş olunacaq. Ötən illər teatr aləmi üçün qastrollarla xarakterik olsa da, bu il, beynəlxalq müştərək layihələrin reallaşacağını demək olar. Yəni, 137-ci mövsümün də məhsuldar keçəcəyi gözlənilir.
Gənc Tamaşaçılar Teatrı müştərək beynəlxalq layihələr çərçivəsində Belorusdan olan mütəxəssis Nataşa Başova ilə əməkdaşlığa hazırlaşır. Lənkəran Teatrı gürcüstanlı rejissorla, Kukla Teatrı isə rusiyalı mütəxəssislərlə birgə layihə üzərində işləyəcək.
Bu teatrlar sırasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrınında özünəməxsus yeri, fəaliyyəti var. Teatrdan “Səs” qəzetinə daxil olan məlumata istinadən, yaradıcı kollektiv əlamətdar hadisə qarşısındadır. Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Əlirzayevanın sözlərinə görə, 2009-cu il Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı hazırlanmış tədbirlər planına uyğun olaraq sentyabrın 20-də “Aşıq Qərib” operasının tamaşası təqdim olunacaqdır.
Qədim məhəbbət dastanı əsasında yazılmış bu əsər zaman-zaman yeni nəsil opera müğənnilərinin yetişməsində böyük rol oynamışdır. Tamaşada Aşıq Qəribin partiyasını gənc və istedadlı muğam ifaçısı Elnur Zeynalov ifa edəcəkdir. Teatrın rəhbərliyi gənc ifaçının yaradıcılıq nailiyyətlərini nəzərə alaraq ona “Aşıq Qərib” tamaşasında çox həssas və məsuliyyətli obrazı həvalə etmişdir.
Zülfüqar Hacıbəyovun 1916-cı ildə qələmə aldığı və uzun illərdən bəri fasiləsiz olaraq teatrın repertuarında olan “Aşıq Qərib” operasını əməkdar incəsənət xadimi dirijor Sevil Hacıyeva idarə edəcəkdir. Xatırladaq ki, Zülfüqar Hacıbəyov Niyazi ilə birgə ilk səsli Azərbaycan bədii filmlərindən olan “Almaz” filminin musiqisini yazmışdır.
Musiqili Komediya Teatrı isə 100-cü teatr mövsümünə hazırlaşır. Yeni mövsümə sentyabrın 15-dən start verilsə də, Musiqili Komediya Teatrı isə sentyabrın 18-də “Musiqi günü”ndə işə başlayacaq. Teatr il repertuar bolluğu ilə seçiləcək. Bir sıra səhnə əsərləri üzərində işləyən yaradıcı heyət tamaşaçılarını yeni premyeralarla sevindirəcək. Musiqi günündə ilk olaraq görkəmli bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası təqdim olunacaq. Bu tamaşa artıq bir neçə il bundan öncə teatrın repertuarında olub. Bu dəfə “Arşın mal alan” musiqili komediyası tamamilə yeni təqdimatda tamaşaçıların ixtiyarına veriləcək. Tamaşanın quruluşçu rejissoru E.Mirzəyevdir. Əsas rolları F.Əliyev, N.Kərimova, Ə.Əlizadə, N.Orucova və digər aktyorlar ifa edəcək. İlk dəfə olaraq, teatrın rus bölməsi də “Arşın mal alan” əsərini səhnələşdirəcək.
Zümrüd
Səs.- 2009.- 12 sentyabr.- S. 12.