Qafqaz İslam Ordusunun Azərbaycanda xilaskarlıq missiyası

 

“Səs” qəzeti 15 sentyabr Bakının işğaldan azad olunmasının 91-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirdi

 

(Əvvəli ötən sayımızda)

 

“Səs” qəzetinin redaksiyasında 15 sentyabr Bakının işğaldan azad olunmasının 91-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi. Tarixdən bizə məlumdur ki, 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra Qafqaz İslam Ordusu Azərbaycan xalq könüllü dəstələrinin köməyi ilə Bakını azad edib. Şəhər Stepan Şaumyanın bolşevik-daşnak rejimindən sonra hakimiyyəti ələ keçirmiş menşevik-daşnak tör-töküntülərindən - “Sentrokaspi diktaturası”ndan təmizləndi. 1918-ci il sentyabrın 17-də Fətəli xan Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyət dairəsi genişləndi.

Tariximizin ən şanlı səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və sonrakı mövcudluğunda Bakının azad edilməsi mühüm rol oynamışdır. Çox böyük strateji mövqeyə malik olan Bakıya o dövrdə olan maraq və diqqəti nəzərə alsaq, onun azad edilməsinin də heç də asan olmadığını anlamaq olar. Belə bir tarixi yaşamış Azərbaycan mövcud olan zaman kəsiyində yaşantılarını  salnamələr əsasında diqqətdən keçirib. Bu gün həmin hadisədən 91 il ötsə də, Azərbaycan tarixinin müəyyən bir hissəsi olan 15 sentyabrı xatırlamaq zəruri məqamlardandır.

 “Səs” qəzetinin təşkil etdiyi dəyirmi masaya ənənəvi olaraq respublikanın tanınmış siyasi xadimləri, politolqları, ziyalıları, o cümlədən, millət vəkili, politoloq Aydın Mirzəzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının şöbə müdiri Musa Quliyev, BDU-nun professoru, tarix elmləri doktoru Musa Qasımlı, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Asif Rüstəmli, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının geostrateji araşdırmalar mərkəzinin direktor müavini, dosent Elman Nəsirov, ADPU-nun dosenti Nazir Əsədov, ETM “Təfəkkür” Universitetinin professoru, ekspert Cümşüd Nuriyev, tarix elmləri namizədi Nəsiman Yaqublu iştirak edirdilər.   

           

15 SENTYABR OLMASAYDI, NƏ 28 MAY, NƏ DƏ AZƏRBAYCAN İSTİQLALI REALLAŞA BİLƏRDİ

 

Asif Rüstəmli:

- İlk olaraq ordu belə adlandırılmışdır: Qafqaz Müsəlman Ordusu. Hansısa bir mətbuat nümayəndəsinin səhvi nəticəsində bu  Qafqaz İslam Ordusu kimi qələmə verilmişdir. Tərcümə zamanı müsəlman ifadəsi öz əksinii islam kimi tapmışdır. Çox vaxt belə bir fikir özünü qabarıq şəkildə büruzə verir ki, İslam yaxud, Müsəlman ordusu heç bir fərq etmir. Əslində, bunun kəsb etdiyi mənaya diqqət etsək, görərik ki, böyük bir fərq var. Belə ki, müsəlman ifadəsi Qafqazda azərbaycanlı məfhumunun ekvivalentidir. Azərbaycanda nizami ordunun yaradılması ilə bağlı 1917-ci ildə Fətəli Xan Xoyski tərəfindən Qafqaz Komissarlığına müraciət edilmişdir.  Həmin ordu Müsəlman Kol  (nizami )Ordusu adlandırılmışdı. Buradan göründüyü kimi İslam yox, Müsəlman Ordusu təşəkkül tapmışdır. Fətəli Xan Xoyski o illərdə Zaqafqafqaz Kommisarlığında Müsəlman Şurasının sədri vəzifəsində çalışırdı. 1918-ci ilin iyun ayının 26-da Müsəlman Korpusunun  adı dəyişdirilərək Azərbaycan Korpusu ilə əvəzləndi. Həmin illərdə olan sənədlərə diqqət yetirsək, görərik ki, bütün yazılı mənbələrdə müsəlman Azərbaycan sözünün ekvivalenti kimi işlədilir. Ümumiyyətlə, Qafqaz müsəlmanları dedikdə, qeyri-ixtiyari azərbaycanlılar nəzərdə tutulur. Fikirlərimi mövcud olan sənəd əsasında davam etdirmək istərdim. 1918-ci il sentyabr ayının 15-də dərc olunmuş “Azərbaycan” qəzetində Bakının işğaldan azad olunması ilə bağlı məqalə dərc olunmuşdur. Nəzərinizə çatdırım ki, həmin qəzetin dörd nömrəsi nəşr olunmuşdur. Qəzetdə yer alan məqalələrin birində Nuru Paşanın vəzifəsi belə göstərilir: “Komanduşi Kafkasskiy Müsəlmanskiy armiy general leytenant Nuri”. Bu adın islama çevrilməsi məhz qəzetdəki yazı ilə bağlıdır. Qəzetin səhifələri rus və azərbaycan dilində işıq üzü görürdü. Şəfi bəy Rüstəmbəyli, Ceyhun bəy Hacıbəyli rustəhsilli idilər. Ümumiyyətlə, “Azərbaycan” qəzetində rus dilli, rus təhsilli əməkdaşlar üstünlük təşkil edirdi. Digər bir faktı da diqqətinizə çatdırmaq istərdim ki, Nuru Paşa Bakıya gələndə, hansı statusla gəlmişdir? Azərbaycanda onun fəaliyyətinin statusu nədən ibarət idi? Bakının alınmasında 20 nəfərlik türk zabitinin, eləcə də azərbaycanlılardan ibarət olan və Əliağa Şıxlınskinin rəhbərlik etdiyi 600 nəfərə qədər müsəlman korpusunun mübarizəsi, təbii ki, Bakının alınmasında çox az bir qüvvə iştirak edirdi. Şaumyanın rəhbərlik etdiyi ermənilərdən və daşnaklardan ibarət olan ordunun Gəncədə yerləşən Milli Hökumətə hücum planı sürətləndi. Mürsəl bəyin rəhbərlik etdiyi beşinci diviziya Qazax, Ağstafa, ümumiyyətlə, Gəncə ordusu kömək məqsədi ilə Nuru Paşanın ixtiyarına verildi. Status məsələsinə gəldikdə isə, qeyd edim ki, bu məsələdə Nuru Paşanın Gəncəyə göndərdiyi iki teleqramı var. Birinci teleqram Bakının alınması ilə bağlıdır, ikinci teleqramda isə, göstərilir ki, o, Azərbaycan rəhbərliyini Bakıya dəvət edir. Bildiyiniz kimi, bu dəvət həmin ilin sentyabrının 17-də gerçəkləşmişdir. Bu nazirlərin, hökumətin Bakıya gəlməsi, vəziyyətlə tanış olmaq məqsədi daşıyırdı. Fətəli Xan Xoyskinin ikinci teleqramında onun vəzifəsi bu şəkildə  göstərilir: Yavərani-Həzrəti-Şəhriyaridən Fariq Nuru. Fariq sözünün leksik mənası Azərbaycan Xalq Cümhuriyyətinin ensiklopediyasında Fərrux kimi  oxunur. Bu söz, əslində, türk dilində çerik - general-leytenanta deyilir. Xalq Cümhuriyyəti o, Fərrux Nuri imzası ilə tanınıb. Yavərani-Həzrəti-Şəhriyari ifadəsinə gəldikdə isə, Şəhriyar - hökmdar mənasını ifadə edir. Yəni, hakimiyyətin başçısı, Yavərani isə onun müavini deməkdir. “Azərbaycan” qəzetində Nuru Paşanın dərc olunan statusu ən dəqiq terminlə ifadə olunub. Buradan belə qənaətə gəlmək olar ki,  söhbət osmanlı türklərinin Azərbaycanı işğal etməsindən getmir. Azərbaycan hökumətinə hərbi köməkdən və mütəxəssislərin göndərilməsindən gedir. Status o deməkdir ki, Nuru Paşa özünü Fətəli Xan Xoyskinin müavini elan edir və rəsmi teleqramda da bunu göstərir. Bir maraqlı cəhəti də oxumaq istərdim ki, Nuru Paşa Mürsəl bəyin komandanlığı ilə həmin hərbi hissələri alandan sonra Azərbaycan zabitlərinin yetişməsi üçün Gəncədə kiçik zabitlər məktəbi yaradılır, həmin məktəbin ilk buraxılışı oktyabr ayının 26-da oldu. Gəncədə yaşayan bütün erməniləri bu hərbi hissələri tərksilah edirlər. “Azərbaycan” qəzetinin ikinci nömrəsində dərc olunan məqalədə göstərilir ki, Gəncədə və Bakıda yaşayan ermənilərin kilsə rəhbəri altı nəfərlik heyətlə Nuru Paşaya teleqram göndəribdir. Bakının alınması, qələbə münasibəti ilə təbrik edib, onu alqışlamışlar. Bu faktın özü bir daha erməni ikiüzlüyünün, məkrliliyinin çox maraqlı məqamıdır.

Bakı Xalq Komissarları Sovetinin fəaliyyətini diqqət önünə çəkmək, mənə elə gəlir ki, lazımlı məsələlərdən biridir. Belə ki, burada iştirak edən azərbaycanlıların, xüsusilə də, Məşədi Əzizbəyovun fəaliyyətini qeyd etməliyik. “Azərbaycan” qəzetində Şebuldayev imzasının Məşədi Əzizbəyova məxsus olduğunu göstərən məqalə dərc olunub. “Hümmət” qəzetində Şebuldayev imzası ilə dərc olunan məqalələrə də təsadüf edilir. Qəzetdə yer alan məqalələrdə Milli Orduya, Qafqaz Müsəlman Ordusuna qarşı səfərbərlikdə və daşnak Bakı Soveti ordusunun tərkibində Nuru Paşaya qarşı vuruşa göndərilən dəstələr içərisində Əzizbəyovun rolu olduğu göstərilir. Bu, nə qədər acı da olsa, bir faktdır. Bir məsələni də qeyd etmək istərdim ki, 15 sentyabr tarixinin rəsmi adı dövrü mətbuatda Qurtuluş Günü kimi qeyd olunub. O illərdə dərc olunan bütün mətbuat orqanlarında bu, belə göstərilir. 1919-cu il sentyabrın 15-də bu, geniş şəkildə qeyd olunub. Məmmədəmin Rəsulzadənin çıxışlarında göstərilir ki, 15 sentyabr olmasaydı, nə 28 may, nə də Azərbaycan istiqlalı reallaşa bilməzdi. Hesab edirəm ki, bu fikrin özündə də böyük bir həqiqət var.

     

BU TARİX XX ƏSR AZƏRBAYCAN İSTİQLAL MÜBARİZƏSİNİN ƏN YÜKSƏK ZİRVƏSİNDƏ DURAN HADİSƏDİR

 

Nəsiman Yaqublu:

- Məndən əvvəl çıxış edənlər 15 sentyabr Bakının işğaldan azad olması ilə bağlı kifayət qədər dəlillərə əsaslanıb, məlumat verdilər. İstərdim ki, bir qədər vizual olan məqamları diqqətinizə çatdırım. Biz ötən il məhz bu tarixlə əlaqədar “Bakının qurtuluşu” kitabını nəşr etdirdik. Bu kitabda daha çox diqqət yetirdiyim məqamları nəzərinizə çatdırmaq istərdim. Bakının qurtuluşu ilə bağlı əyani təsəvvür yaratmaq məqsədilə diqqətinizi kitabda yer alan sənədlərə cəlb etmək istərdim. Bakının xilaskarı Nuru Paşanın o illərdə 29 yaşı var idi. Həmin ilin fotosu kitabda əksini tapıb.  Digər maraqlı bir şəkil Bakı azad olduqdan sonra Nuru Paşa və atası Ənvər Paşanın Şəkidə olduğu zamanı göstərən görüntüdür. Çünki bu ərazidə bir qədər sakitlik hökm sürürdü. Kitaba Bakının azad olunmamışdan əvvəlki dövrünün tanınmış adamlarının fotosunu daxil etmişəm.

Nuru Paşanın Bakını azad etməsi ilə yanaşı, bir faktı da önə çəkmək vacib məsələlərdəndir ki, burada azərbaycanlıların rolu, vətənpərvərliyi məhz mühüm rol oynamışdır. Bu faktor olmasaydı, təbii ki, Nuru Paşa qalib gələ bilməzdi. O illər Şəkidə yeni bir kitab çap olundu. “Ya ölüm, ya Türkiyə”. Bu o deməkdir ki, xalq Azərbaycanın, Bakının azadlığı uğrunda vuruşmağa hazır idi. Bu, kitab Əbdül Əfəndizadəyə məxsusdur. Bir məqamı da diqqətə çatdıraq ki, Bakının qurtuluşunu yaşadan sonrakı illərdə böyük şəxsiyyətlərimiz, eləcə də mətbuatımız oldu. Mühacir dövrünü yaşayan ziyalılarımız da bununla bağlı məqalələrlə çıxış edirdi. “Yeni Qafqaz” jurnalı İstanbulda çap olunurdu. 1928-ci ildə nəşr olunan jurnaldakı fotolar maraq doğurur. Bakının azad olunması ilə bağlı jurnalda maraqlı bir türbə öz əksini tapır. “Odlu yurd” jurnalı da Azərbaycanın qurtuluşunu yaşadan nümunələrdir. Jurnalda Azərbaycanın xəritələri öz əksini tapmışdır. 1918-ci il Azərbaycan xəritəsi çap olunmuşdur. Digər jurnal isə “Azərbaycan yurd bilgisi” və Almaniyada çap olunan “Qurtuluş” jurnalıdır. “Qurtuluş”da maraq doğuran “Bir zəfərin ildönümü” məqaləsidir. O dövrün mətbuatına diqqət yetirsək, görərik ki, yalnız zəfər, qalibiyyət, qurtuluş ifadələri işlədilir. Hər bir problemin, məsələnin açılışında məqaləyə qoyulan adlar da maraq yaradır. “Bakı məsələsi”, “İstiqlal zəfərinin dastanı” və s. məqalələrdə baş verən hadisələr çox əhəmiyyətli bir şəkildə öz həllini tapmışdır. Məsələnin məqalədə qoyulması əhəmiyyət kəsb edir. Bakının işğal edilməsi ilə bağlı çox şeirlər, məqalələr yazılıb. Amma deyərdim ki, o illərdə mətbuatda çap olunan Əhməd Cavadın “Qalx” əsəri qədər daha təsirli, nəzmə çəkən olmayıb. Bakının qurtuluşu böyük bir hadisədir. Bu tarix bizim XX əsr Azərbaycanın istiqlal mübarizəsi tarixinin ən yüksək zirvəsində duran hadisədir. Məmmədəmin Rəsulzadə yazırdı ki, 1918-ci il mayın 28-də Azərbaycan istiqlalını sülh ilə elan etmişdiksə, 1918-ci il sentyabrın 15-də əməl ilə həyata keçirdik.

Yeri gəlmişkən, bir məqama da toxunmaq istəyirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik bacarığını qətiyyən inkar edə bilmərik. Birinci xətt ondan ibarət oldu ki, 1918-ci ilin iyun ayının 4-də Batumda sülh müqaviləsi imzalandı. Kitabda müqavilənin bütün şərtləri də özünü göstərir. Müqavilənin 4-cü maddəsində göstərilir ki, Azərbaycan dövləti Türkiyədən hərbi qüvvə istəmək haqqına malikdir. Bu maddə bizə imkan verirdi ki, Nuru Paşa və Qafqaz İslam Ordusunu Bakıya dəvət edək.

     

“Səs” qəzetinin əməkdaşı:

- Aydın müəllim, son günlərdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması gündəmdə olan məsələlərdəndir. Azərbaycanla tarixi və ənənəvi dostluq əlaqələrinə malik olan Türkiyənin belə bir siyasət yeritməsi  onun Azərbaycanla münasibətlərinə necə təsir göstərə bilər?

     

TÜRKİYƏ DAĞLIQ QARABAĞ MƏSƏLƏSİ HƏLL EDİLMƏYƏNƏ QƏDƏR SƏRHƏDLƏRİ AÇMAYACAQ

 

Aydın Mirzəzadə:

- Bu gün Türkiyə ilə Azərbaycan arasındakı dostluq münasibətləri qarşılıqlı şəkildədir. Azərbaycan olmadan Türkiyənin Qafqazda yeri yoxdur. Eyni zamanda, Türkiyə ilə əməkdaşlıq olmadan Azərbaycanın bu gün dövlət kimi püxtələşməsində bir çox uğurlarının əsasları yoxdur. Dövlətlərarası qardaşlıq münasibətləri iki dövlətin problemlərini həll edir. Son dövrlərdə protokol məsələsi ortalığa çıxdıqdan sonra Türkiyənin rəsmi nümayəndələrinin bəyanatları göstərir ki, protokollar layihəsi olmasına baxmayaraq, Türkiyə Azərbaycanın Dağlıq Qarabağ məsələsi həll edilməyənə qədər sərhədləri açmayacaq. Türkiyə verdiyi bəyanatına bu günə qədər sadiq qalır.

 

 

Nəzakət ƏLƏDDİNQIZI, 

 

Murad İSMAYILZADƏ

 

Səs.- 2009.- 15 sentyabr.- S. 8.