Azərbaycan neft-qaz ixrac edən etibarlı ölkə kimi
dünya birliyi üçün böyük önəm
daşıyır
“Əsrin
müqaviləsi” Azərbaycanın qarşısında yeni
üfüqlər açıb
Xəbər verdiyimiz kimi,
sentyabrın 15-də “Buta” sarayında “Əsrin müqaviləsi”nin
15-ci ildönümünə həsr olunmuş təntənəli
mərasim keçirilib. On beş il əvvəl
- 1994-cü il sentyabrın 20-də Bakıda “Xəzər dənizinin
Azərbaycan sektorunda “Azəri”, “Çıraq”
yataqlarının və “Günəşli”
yatağının dərinlikdə yerləşən hissəsinin
birgə işlənilməsi və neft hasilatının pay
bölgüsü haqqında” Azərbaycan Dövlət
Neft Şirkəti ilə dünyanın inkişaf etmiş
ölkələrinin tanınmış neft şirkətləri
arasında müqavilə imzalanıb.
Müstəqil
ölkəmizin bu günü və gələcəyi
üçün böyük əhəmiyyəti olan,
xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi
altında hazırlanmış bu sənəd beynəlxalq aləmdə
yüksək qiymətləndirilərək “Əsrin
müqaviləsi” adını alıb. Bu müqavilə
müstəqil respublikamızın salnaməsinə
qızıl hərflərlə həkk olunmuş və
müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin
neft strategiyasının şanlı səhifəsini
açıb. “Əsrin müqaviləsi”ndə dünyanın
səkkiz ölkəsinin 13 ən məşhur neft şirkəti iştirak edib. “Əsrin müqaviləsi”
sonrakı illərdə dünyanın 19 ölkəsinin 40-dan
çox neft şirkəti ilə 30-dək sazişin
imzalanmasına imkan yaratdı. “Əsrin müqaviləsi” həm
karbohidrogen ehtiyatlarının həcminə, həm də
qoyulan sərmayələrin məbləğinə görə
dünyada bağlanan ən böyük sazişlər
siyahısına daxil olub. “Əsrin müqaviləsi”nin həyata
keçirilməsinə başlanan vaxtdan Azərbaycan
iqtisadiyyatında dönüş yaranmış və
böyük işlərə başlanılıb. Birinci
növbədə, 1995-ci ildə ilkin neft hasilatı layihəsi
çərçivəsində “Çıraq-1”
özülü Qərb standartlarına uyğun olaraq bərpa
edilib. 1997-ci ildə “Çıraq” yatağından ilk neftin
hasilatına başlanılıb. Mənfəət neftinin
satışından əldə edilən valyuta ümummilli
liderimiz Heydər Əliyev tərəfindən
yaradılmış Azərbaycan Respublikası Dövlət
Neft Fonduna daxil olur və xalqımıza böyük fayda
verir.
1999-cu ilin
noyabrında ATƏT-in İstanbul sammitində ABŞ,
Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və
Türkmənistan prezidentləri tərəfindən
Bakı-Tbilisi-Ceyhan (BTC) əsas neft ixrac kəmərinin
çəkilməsi haqqında dövlətlərarası
Müqavilə imzalanıb. 2002-ci il sentyabrın 18-də
Bakıda, Səngəçal terminalında ümummilli liderimiz Heydər Əliyevin,
Türkiyə və Gürcüstan prezidentlərinin
iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli
qoyulmuş və tikintisinə başlanmışdır.
Ulu öndər bu
hadisəni belə xarakterizə etmişdi: “Əsrin müqaviləsi”
ilə qoyduğumuz təməl 21-ci əsrdə Azərbaycan
xalqının inkişafı, firavan həyatı, müstəqil
Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi
üçün gözəl imkanlar yaradır və
inanıram ki, 21-ci əsr müstəqil Azərbaycan dövləti
üçün ən xoşbəxt dövr olacaqdır”.
Yeddi il sonra - 2006-cı il iyulun 13-də isə Türkiyənin
Ceyhan şəhərində 21-ci əsrin ən böyük
enerji layihəsi olan Heydər Əliyev adına
Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin təntənəli
açılış mərasimi keçirilib. Prezident
İlham Əliyev 16-cı Beynəlxalq Xəzər neft, qaz,
neftayırma, neft kimyası sərgi və konfransındakı
nitqində deyib: “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanda
yeni neft strategiyasının başlanması demək idi. Bu gün uğurla icra edilən neft siyasətimiz həm
Azərbaycanın enerji təhlükəsizliyini təmin etdi,
Azərbaycanı dünya birliyinə çox etibarlı
ölkə və etibarlı tərəfdaş kimi təqdim
etdi və eyni zamanda, bu gün bizim ölkəmiz və neft-qaz
imkanlarımız geniş mənada qitənin enerji təhlükəsizliyi
üçün əvəzolunmaz funksiyalar
daşıyır”.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva
“Əsrin müqaviləsi”nin 15-ci ildönümünə həsr
olunmuş təntənəli mərasimdə iştirak ediblər.
Salona toplaşanlar dövlətimizin
başçısını və xanımını hərarətlə
qarşıladılar. Prezident İlham Əliyev mərasimdə
nitq söylədi.
Azərbaycan Prezidenti İlham Əliyevin
nitqi
- Hörmətli xanımlar və
cənablar!
Hörmətli qonaqlar!
Mən sizin hamınızı
ürəkdən salamlayıram, sizi və bütün Azərbaycan
xalqını “Əsrin müqaviləsi”nin 15-ci
ildönümü münasibətilə ürəkdən təbrik
etmək istəyirəm.
On beş il bundan əvvəl
müstəqil Azərbaycanın tarixində çox əlamətdar
və böyük dərəcədə həlledici hadisə
baş vermişdir. “Əsrin müqaviləsi”nin imzalanması
Azərbaycan qarşısında yeni imkanlar, yeni üfüqlər
açmışdır. Azərbaycan o vaxt öz müstəqilliyinin
üçüncü ilini yaşayırdı. Müstəqilliyimizin
ilk illəri ölkəmiz üçün çox
ağır keçirdi. Ölkə 1991-93-cü illərdə
demək olar ki, total böhran yaşayırdı. İqtisadi,
siyasi, hərbi böhran Azərbaycanı çox ağır
vəziyyətə salmışdı və daxili çəkişmələr, özbaşınalıq, anarxiya və
xaos demək olar ki, Azərbaycanın gələcəyini də
şübhə altına qoyurdu. 1993-cü ildə xalqın tələbi
ilə Heydər Əliyevin siyasi hakimiyyətə
qayıtmasından sonra vəziyyət sabitləşməyə
başladı, bütün xoşagəlməz halların
qarşısı alındı və Azərbaycan uğurla
inkişaf yoluna qədəm qoydu. Bu hadisə - “Əsrin
müqaviləsi”nin imzalanması Azərbaycanın uzunmüddətli
uğurlu inkişaf imkanlarını gücləndirdi. Azərbaycan özünü dünyaya təqdim etdi.
İlk dəfə olaraq dünyada böyük transmilli
konsorsium yaradıldı. Konsorsiumun
iştirakçıları - müxtəlif ölkələri
təmsil edən şirkətlər və Azərbaycan
Dövlət Neft Şirkəti uğurlu əməkdaşlığa
başlamışdır. İlk dəfə
olaraq Xəzər dənizi beynəlxalq əməkdaşlıq
üçün açıldı və bunu Azərbaycan
etdi. “Əsrin müqaviləsi”nin imzalanması imkan verdi ki, Xəzərin
neft-qaz ehtiyatları dünyada ilk dəfə olaraq Qara dəniz
və Aralıq dənizləri ilə beynəlxalq bazarlara nəql
edilsin. Yəni “Əsrin
müqaviləsi”nin çox böyük tarixi əhəmiyyəti
vardır. Azərbaycana
böyük investisiya axını başlamışdır. O
vaxt Azərbaycan böyük maliyyə imkanlarına malik
deyildi. Bizim maliyyə imkanlarımız çox məhdud idi.
Bizim imkanımız yox idi ki, “Azəri”, “Çıraq” və
“Günəşli” yataqlarının dərin hissəsini
özümüz işləyək, özümüz
investisiyalar qoyaq. Ona görə xarici kapitalın Azərbaycana
gəlməsini təmin etmək çox mühüm bir vəzifə
idi. O da həqiqətdir ki, o vaxt Azərbaycan
çox riskli bir ölkə kimi tanınırdı. Azərbaycanda
daxildə gedən xoşagəlməz hadisələr, vətəndaş
müharibəsi, Ermənistanın Azərbaycana qarşı
işğalçı siyasəti Azərbaycanı çox
riskli bir ölkə kimi dünyaya təqdim edirdi. Bunun
qarşısını almaq, Azərbaycanı informasiya
blokadasından çıxarmaq, ölkəmizi olduğu kimi
dünya birliyinə təqdim etmək üçün “Əsrin
müqaviləsi”nin əvəzsiz rolu olmuşdur.
Mən o günləri
çox yaxşı xatırlayıram. 1994-cü ildə danışıqların
son mərhələsi gedirdi və Azərbaycan tərəfi
çalışırdı ki, Azərbaycanın milli
maraqları maksimum dərəcədə təmin olunsun və
Azərbaycana böyük investisiya axını təşkil
edilsin. Bu gün,
15 il keçəndən sonra deyə bilərəm ki, bu 15 il ərzində
Azərbaycanın milli maraqları tam şəkildə təmin
olunmuşdur. Azərbaycan bu kontraktın icrası nəticəsində
böyük və uğurlu yol keçmişdir. Bizim
uğurlu gələcəyimiz böyük dərəcədə
15 il bundan əvvəl imzalanmış kontrakta söykənir.
Eyni zamanda, bizimlə bərabər işləyən
və o vaxt bizi yaxşı tanımayan xarici şirkətlər
də gördülər ki, Azərbaycan etibarlı tərəfdaşdır,
Azərbaycan sərmayə qoyuluşu üçün
çox gözəl bir ölkədir, Azərbaycanla işləmək
xeyir gətirir. Onlar qoyduqları investisiyaları mənfəətlə
qaytardılar. Bu gün də əminəm ki, əməkdaşlıqdan
həm biz, həm də ki, bizim
xarici tərəfdaşlar razıdırlar. Bu, əslində
beynəlxalq əməkdaşlığın çox gözəl
nümunəsidir.
Onu da qeyd etmək
istəyirəm ki, Azərbaycanda xarici investisiyalar çox
güclü qorunur. “Əsrin müqaviləsi” və ondan sonra
imzalanan bütün kontraktlar parlamentdə ratifikasiyadan
keçərək Prezident tərəfindən qanun şəklində
imzalanmışdır və nə biz, nə xarici tərəfdaşlar
kontraktın mətnində bir cümləni belə dəyişə bilməzlər.
Bu, həm bizə rahatlıq verir, həm də xarici neft
şirkətləri özlərini Azərbaycanda tam arxayın
və əmin hiss edirlər. Kontraktın icrası nəticəsində
Azərbaycan investisiya qoyuluşu üçün çox
vacib ölkəyə çevrilmişdir. Kontrakt çərçivəsində
20 milyard dollardan çox investisiyaların qoyuluşu, eyni
zamanda, qeyri-neft sektorunun inkişafına da böyük təkan
verdi. Azərbaycanda yerli şirkətlər kontraktın
icrasında fəal iştirak etməyə
başlamışdır. Kontraktın şərtlərinə
əsasən Azərbaycan kadrlarının sayı da faiz
etibarilə müəyyən edilmişdi. Azərbaycan mütəxəssislərinin
sayı tədricən artdı. Bu gün bu layihədə
iştirak edən mütəxəssislər, fəhlələr
arasında Azərbaycan mütəxəssisləri, fəhlələri
əksəriyyət təşkil edir. Böyük investisiya
layihələri Azərbaycanı dünya birliyinə
tanıtdı. Ondan sonrakı dövrdə xarici neft şirkətləri
ilə imzalanmış digər layihələr də Azərbaycana
böyük uğurlar gətirdi.
Kontraktın müsbət nəticələri
haqqında çox danışmaq olar. Mən
qeyd etmək istəyirəm ki, bizim bugünkü
inkişafımız, bugünkü nailiyyətlərimiz, Azərbaycanın
həqiqətən müstəqil ölkə kimi dünya
birliyinə qədəm qoyması böyük dərəcədə
“Əsrin müqaviləsi”nin imzalanması ilə
bağlıdır. Bu, çox cəsarətli və
müdrik addım idi. Ulu öndər Heydər Əliyev tərəfindən
atılan bu addım Azərbaycan xalqının rifah
halının yaxşılaşmasına, Azərbaycanın hərtərəfli
inkişafına xidmət edir. O çətin və
ağır şəraitdə həm ölkə daxilində
gedən çox mürəkkəb proseslər, eyni zamanda, Azərbaycanın
ətrafında cərəyan edən mənfi meyillər Azərbaycanı
çox ağır bir vəziyyətə qoya bilərdi. Əgər
Heydər Əliyev cəsarət, uzaqgörənlik, müdriklik
göstərməsə idi, Azərbaycan çox ağır vəziyyətə
düşə bilərdi. Əgər kontrakt imzalanmasaydı
indi təsəvvür etmək çətindir ki, Azərbaycanın
bugünkü vəziyyəti necə ola bilərdi. Tam qətiyyətlə
deyə bilərəm ki, bu gün biz indiki uğurlardan
danışa bilməzdik.
Kontraktın icrası nəticəsində
Azərbaycana dediyim kimi, milyardlarla, on milyardlarla xarici sərmayə
qoyulmağa başlamışdı. Bizim bütün neft-qaz
infrastrukturumuz yeniləşdi. Vaxtilə - 1970-ci
illərdə Heydər Əliyev tərəfindən göstərilən
təşəbbüslər nəticəsində
yaradılmış infrastruktur kontraktın sürətlə
icra olunmasına xidmət göstərirdi. Əgər vaxtilə
dərin özüllər zavodu tikilməsə idi,
kontraktın icrası çox yubana bilərdi. Deyə
bilərəm ki, tarixdə ilk dəfə olaraq belə
böyük, nəhəng investisiya qoyuluşunu tələb
edən kontraktın imzalanmasından ilkin neftin hasilatına qədər
cəmi 3 ildən az vaxt keçdi. Hesab edirəm ki, bu,
dünya miqyasında misli görünməmiş sürətdir.
Azərbaycanın coğrafi vəziyyəti belədir ki, bizim
dünya bazarlarına birbaşa
çıxışımız yoxdur. Belə olan halda neft kəmərlərinin
tikintisi gündəlikdə birinci yeri tuturdu. Ancaq əlbəttə
ki, neft kəmərlərinin tikintisinə investisiyaların
qoyuluşu ancaq hasilatın artırılmasından sonra ola bilərdi.
Bu iki prosesi paralel şəkildə aparmaq böyük məharət,
böyük diplomatiya və böyük siyasi təcrübə
tələb edirdi. Mən şadam ki, bu gözəl ənənələr
bu gün də davam edir. Azərbaycan Dövlət Neft Şirkətinin
və bp şirkətinin rəhbərliyi altında Beynəlxalq
Konsorsium vahid komanda şəklində fəaliyyət göstərmiş
və bütün prosesləri ardıcıllıqla və
uğurla icra etməyi bacarmışdır.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi,
istismara verilməsi ikinci tarixi hadisədir. Bu tarixi hadisə
artıq təkcə Azərbaycan üçün deyil, region
ölkələri üçün də böyük əhəmiyyət
daşıyır. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin
əhəmiyyəti daha da artır. Çünki artıq Xəzər
dənizinin şərq hissəsindən çıxarılan
neft Bakı-Tbilisi-Ceyhan kəməri ilə Aralıq dənizinə
nəql edilir. Artıq Azərbaycan başqa ölkələr
üçün tranzit ölkəyə çevrilibdir.
Düzdür, bizim çox böyük neft-qaz
ehtiyatlarımız vardır. Biz Bakı-Tbilisi-Ceyhan kəmərini
öz neftimizlə tam şəkildə doldura bilərik və
bunu edirik. Amma bununla bərabər, gələcəkdə kəmərin
genişləndirilməsi də mümkündür və bunu
etmək üçün indidən praktiki işlər
aparılır. Artıq Azərbaycan etibarlı tranzit ölkə
kimi də dünya birliyinə özünü təqdim edə
bilibdir. Bakı-Tbilisi-Ceyhan neft
kəməri ətrafında çoxlu spekulyasiyalar, çoxlu
söhbətlər gəzirdi. Kəmərin çəkilməsini
istəməyən tərəflər var gücü ilə
çalışırdılar ki, biz buna nail ola bilməyək.
Müxtəlif yerlərdə, internet saytlarında kampaniyalar
aparılırdı. Xatırlayıram, “Bakı-Tbilisi-Ceyhan
kampaniyası” adlı bir hərəkat da
başlamışdı və buna ekoloji nöqteyi-nəzərdən
yanaşmaq istəyənlər də az deyildi. Biz əlbəttə
ki, bütün ekoloji məsələləri təmin edirik. Ancaq ekologiya adı altında kəmərin tikintisinə
gizli və açıq şəkildə müxalif mövqedə
dayanan tərəflər bu amildən istifadə etmək istəyirdilər
və hətta onların səyləri müəyyən dərəcədə,
müvəqqəti olaraq nəticə də vermişdi.
Çünki Bakı-Tbilisi-Ceyhan neft kəmərinin
tikintisi böyük dərəcədə xarici maliyyə
qurumlarının resurslarından asılı idi. Bizim o qədər
imkanımız yox idi ki, bu kəməri özümüz
maliyyələşdirək. Belə olan halda müəyyən
müddətdə yubanma da olmuşdur. Mən bunu da çox
yaxşı xatırlayıram. Amma buna baxmayaraq,
Azərbaycan dövlətinin iradəsi, xarici neft şirkətlərinin
uğurlu fəaliyyəti, beynəlxalq dəstək nəticəsində
Bakı-Tbilisi-Ceyhan neft kəməri müvəffəqiyyətlə
tikildi, istismara verildi və bu gün Azərbaycan neftinin dünya
bazarlarına çatdırılmasında mühüm
rol oynayır.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə qədər Azərbaycan nefti iki başqa istiqamətlə beynəlxalq bazarlara nəql edilməyə başlamışdı. Bakı-Novorossiysk neft kəmərinin
istiqamətinin dəyişdirilməsi və Bakı-Supsa neft kəmərinin
tikilməsi nəticəsində bizim neft ixracımız
çoxşaxəli şəkildə dünya bazarlarına
çıxarılır. Bu gün həm Bakı-Tbilisi-Ceyhan,
həm Bakı-Supsa, həm Bakı-Novorossiysk Azərbaycan
neftini müxtəlif istiqamətlərlə dünya
bazarlarına çıxarır. Beləliklə,
Azərbaycanın enerji təhlükəsizliyi tam şəkildə
təmin olunub, Azərbaycan öz neft resurslarını
çoxşaxəli əsaslarla dünya bazarlarına
çıxarır. Şübhə yoxdur ki, əgər “Azəri-Çıraq-Günəşli”
yataqlar bloku üzrə kontrakt imzalanmasaydı və Bakı-Tbilisi-Ceyhan
neft kəməri tikilməsəydi, Bakı-Tbilisi-Ərzurum
qaz kəməri haqqında, ümumiyyətcə,
söhbət belə gedə bilməzdi. 1996-cı ildə - “Əsrin
müqaviləsi”nin imzalanmasından iki il sonra “Şahdəniz”
qaz yatağı üzrə kontrakt imzalanmışdır və
beləliklə, Azərbaycanın böyük qaz
potensialına malik olduğu təsdiq edilmişdir. Bizim geoloqlarımız, təcrübəli mütəxəssislərimiz
həmişə deyirdilər və bu gün də həyat
onların haqlı olduğunu bir daha sübut edir ki, Azərbaycanın
neftlə bərabər böyük, zəngin qaz ehtiyatları
vardır. “Şahdəniz” yatağının işlənilməsi
və böyük ehtiyatların üzə
çıxması onu təsdiqləyir. “Şahdəniz”
yatağının işlənilməsi nəticəsində
Bakı-Tbilisi-Ərzurum qaz kəməri tikildi. Azərbaycan
öz qazını bu kəmər vasitəsilə dünya
bazarlarına ixrac edir. Onu da qeyd etməliyəm ki,
Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə bərabər,
bizim əlavə üç qaz kəmərimiz vardır. Biri Rusiya istiqamətinə, biri Gürcüstan
istiqamətinə, biri isə İran istiqamətinə.
Bütün bu kəmərlərdən biz səmərəli
şəkildə istifadə edə bilərik və beləliklə,
qaz ixracatımızı çoxşaxəli şəkildə,
Azərbaycanın milli maraqlarına uyğun olan formada
dünya bazarına nəql edə bilərik. Beləliklə,
bizim artıq yeddi neft-qaz kəmərimiz vardır. Bizim neft-qaz
hasilatımız artır. Bu il neft hasilatı 45 milyon tondan
çox olacaq, qaz hasilatı 30 milyard kubmetrə yaxın
olacaqdır. Nəzərə alsaq ki, Azərbaycan
artıq özünü tranzit ölkə kimi də təsdiqləyib,
bu vaxta qədər bizim qarşımızda duran bütün
vəzifələr uğurla icra edilib, gələcək illərdə
bu rəqəmlər artacaqdır. Elə məsələ
yoxdur ki, biz onu etmək istəyirdik, edə bilmədik. Bu
gün Azərbaycanın enerji siyasəti artıq regional
müstəvidən çıxıb qlobal müstəviyə
daxil olubdur. Azərbaycan neft-qaz
ixrac edən etibarlı ölkə kimi dünya birliyi
üçün daha önəmli olubdur. Biz bu
gün enerji təhlükəsizliyi məsələlərində
çox fəal iştirak edirik. Ötən əsrin 90-cı
illərində, hətta 2000-ci ilin birinci yarısında enerji
təhlükəsizliyi məsələləri haqqında o qədər
də söz-söhbət yox idi. Son illər ərzində
bütün dünya və Avropa gördü ki, bu məsələlər
nə dərəcədə böyük əhəmiyyət kəsb
edir. Azərbaycan öz tərəfindən bütün
lazımi tədbirləri gördü, bütün neft-qaz
infrastrukturunu xarici tərəfdaşlarla bərabər
yaratdı və bu gün aparılan əlavə qazma işləri
bizə böyük ümidlər verir. Müqavilənin
icrası nəticəsində Azərbaycan Dövlət Neft
Şirkəti beynəlxalq şirkətə çevrildi.
Şirkətin çox böyük imkanları vardır.
Artıq Azərbaycan Dövlət Neft Şirkəti
özü dənizin dərin laylarında qazma işləri
aparır və əminəm ki, növbəti kəşfiyyat
işini də biz görəcəyik. Xarici şirkətlərlə
uğurlu əməkdaşlığımız bu gün də
davam edir və çox əlamətdar haldır ki, bu
yaxınlarda üç yeni yataq üzrə yeni kontraktlar
imzalanmışdır. “Abşeron”, “Asiman”, “Şəfəq”
yataqları artıq işə salınır və xarici
şirkətlər Azərbaycanın neft-qaz potensialına
öz diqqətini əsirgəmir. Azərbaycan dövləti
isə öz növbəsində, xarici şirkətlərlə
hər iki tərəf üçün səmərəli əməkdaşlığı
davam etdirir. Azərbaycan Dövlət Neft Şirkəti öz
imkanlarını ortaya qoyur və beləliklə, mən əminəm
ki, növbəti illərdə Azərbaycanın neft-qaz
potensialı haqqında yeni ümidverici rəqəmlər də
səslənəcəkdir.
Qeyd etmək istəyirəm ki, bizim neft-qaz siyasətimiz 1994-cü ildə başlamışdır. Heydər Əliyevin neft strategiyası bu gün də davam
edir. Dediyim kimi, biz artıq bu gün regional müstəvidən
çıxıb qlobal məsələlərlə məşğuluq.
Bununla bərabər, Azərbaycan öz
islahatlarını bütün başqa sahələrdə
davam etdirir. Əlbəttə ki, bizim maliyyə
resurslarımız və təbii ehtiyatlarımız
islahatların aparılması üçün daha da əlverişli
şərait yaradır.
1994-cü ildə Azərbaycan kasıb bir ölkə
idi. Bizim valyuta ehtiyatlarımız sıfır dərəcəsində
idi. Bu gün Azərbaycanın valyuta ehtiyatları 18 milyard
dollardan çoxdur. Son beş il ərzində Azərbaycanın
dövlət büdcəsi 10 dəfədən çox
artıbdır. 2003-2008-ci illərdə Azərbaycanda
iqtisadiyyat, ümumi daxili məhsul 2,6 dəfə
artıbdır. Bu, dünyada misli görünməmiş bir nəticədir.
Son beş il ərzində Azərbaycanda 800 minə qədər
yeni iş yeri açılmışdır ki, onların tam əksəriyyəti
qeyri-neft sektorundadır. Yoxsulluq şəraitində
yaşayanların sayı beş il ərzində 49 faizdən
13 faizə düşmüşdür. Bu da onu göstərir
ki, Azərbaycanda neftdən əldə olunan gəlirlər ədalətli
şəkildə bölünür. Azərbaycanda tam şəkildə
şəffaflıq təmin edilibdir. 1999-cu ilin sonunda
yaradılmış Azərbaycan Dövlət Neft Fondu
çox müasir qurumdur, çox şəffaf təşkilatdır.
Təsadüfi deyildir ki, Azərbaycan Dövlət Neft Fondu
BMT-nin şəffaflıq üzrə mükafatı ilə təltif
edilmişdir və Hasilat Sənayelərində Şəffaflıq
Təşəbbüsünün fəal üzvüdür. Azərbaycan
Dövlət Neft Fondunun təcrübəsi bir çox hallarda
başqa yerlərdə də öyrənilir. Azərbaycanda
aparılan köklü islahatlar, eyni zamanda, beynəlxalq
qurumların hesabatlarında da öz əksini tapır. 2008-ci
ildə Dünya Bankı Azərbaycanı dünyada bir
nömrəli islahatçı ölkə kimi tanıdı.
Bu il Dünya İqtisadi Forumu rəqabət qabiliyyətliliyinə
görə Azərbaycanı 51-ci yerə layiq gördü. Bu
da çox böyük nailiyyətdir. Bu onu göstərir
ki, - biz bu məqsədə çatacağıq, - məqsədimiz
inkişaf etmiş ölkələrin sırasına daxil
olmaqdır. Bunu etmək üçün islahatlarımız davam etdirilməlidir.
Neftdən əldə olunan gəlirlər təhsilə, səhiyyə
məsələlərinin həllinə,
qaçqınların yeni evlərə
köçürülməsinə sərf olunur. Yeni müasir infrastruktur, sahibkarlığa kömək,
güzəştli kreditlərin verilməsi, hərtərəfli
inkişaf - budur Azərbaycanın reallıqları. Baxmayaraq
ki, dünyada hökm sürən maliyyə böhranı Azərbaycandan
da yan keçməyib, bu ilin səkkiz ayında Azərbaycan
iqtisadiyyatı 5 faiz artıbdır. Baxmayaraq ki, neftin qiyməti kəskin
şəkildə aşağı düşüb, bu onu
göstərir ki, Azərbaycan iqtisadiyyatı neft-qaz amilindən
öz asılılığını artıq böyük dərəcədə
aşağı sala bilibdir. Bugünkü Azərbaycan
müasir ölkədir, güclü iqtisadiyyata malik ölkədir,
sabit ölkədir, investisiyalar üçün çox məqbul
ölkədir. Xarici tərəfdaşlarla bizim əməkdaşlığımız
davam edir və bu, çox sevindirici haldır. Biz öz
sözümüzə həmişə sadiq olmuşuq,
sözümüzlə əməlimiz arasında heç vaxt
fərq olmamışdır. Ona görə Azərbaycan
dünyada etibarlı tərəfdaş və dost ölkə
kimi tanınır.
Mən bu gün bir daha
bütün Azərbaycan xalqını bu gözəl hadisə
münasibətilə ürəkdən təbrik etmək istəyirəm.
Azərbaycan neftçilərini qarşıdan gələn
peşə bayramları münasibətilə təbrik etmək
istəyirəm. Bilirsiniz ki, Azərbaycan qədim
neft ölkəsidir. İlk dəfə olaraq dünyada sənaye
üsulu ilə neft məhz Azərbaycanda
çıxarılıbdır. İlk dəfə olaraq
dünyada dənizdə neft məhz Azərbaycan neftçiləri
tərəfindən çıxarılıbdır. Yəni
Azərbaycan neftçilərinin çox böyük tarixi
var, şanlı tarixi var, çox böyük təcrübəsi
vardır. Ancaq neftçilər günü Azərbaycanda
sentyabrın 20-də qeyd olunur. Bu, “Əsrin müqaviləsi”nə
dövlət tərəfindən verilən qiymətdir.
Çünki “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın
neft sənayesinin qarşısında yeni imkanlar
açmışdır.
Mən bu gün həm Azərbaycan neftçilərinə öz minnətdarlığımı bildirmək istəyirəm, onları təbrik etmək istəyirəm. Həm də bizim xarici tərəfdaşlarımıza,
beynəlxalq konsorsiumun üzvlərinə və xüsusilə
bp şirkətinin bütün əməkdaşlarına Azərbaycana
verdikləri töhfələrə görə, Azərbaycana
inandıqlarına, sərmayə qoyduqlarına və uzun illər
ərzində səmərəli əməkdaşlığa görə təşəkkürümü bildirmək
istəyirəm. Əminəm ki, Azərbaycan Neft Şirkətinin
gələcəkdə bütün xarici şirkətlərlə
əməkdaşlığı uğurla davam edəcək,
Azərbaycana yeni imkanlar açacaq, ölkəmiz güclənəcək,
qüdrətlənəcək və uğurla irəliyə
gedəcəkdir.
(Dövlətimizin
başçısının nitqi böyük diqqətlə
dinlənildi və hərarətli alqışlarla
qarşılandı).
Mərasimdə çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq ABDULLAYEV regionumuzun geosiyasi simasını dəyişən “Əsrin müqaviləsi”nin bölgə dövlətləri tərəfindən həmişə xatırlanacağını bildirdi və bu layihənin reallaşmasında ulu öndər Heydər Əliyevin xidmətlərini xatırladaraq dedi:
- Müasir Azərbaycan dövlətinin
memarı və qurucusu, xalqımızın ümummilli lideri
Heydər Əliyevin əziz xatirəsini bu əlamətdar
gündə sonsuz ehtiram və minnətdarlıq
duyğuları ilə yad edirik. On beş il
öncə bu dahi şəxsiyyətin siyasi uzaqgörənliyi,
gərgin səyləri və dönməz qətiyyəti sayəsində
dünyanın tanınmış neft şirkətləri ilə
“Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”,
“Çıraq” və “Günəşli” yataqlarının
birgə işlənilməsi və hasilatın pay
bölgüsü haqqında” Saziş imzalandı. Bununla da
müstəqil Azərbaycanın yeni neft strategiyasının
etibarlı təməli qoyuldu.
Əziz dostlar, bu əlamətdar gündə müqavilənin hazırlanmasında, imzalanmasında və bugünkü səviyyəyə çatdırılmasında ulu öndərin ən yaxın silahdaşı olmuş, həmin kursu indi də dönmədən davam etdirən cənab İlham Əliyevin xidmətlərini də xüsusi qeyd etmək lazımdır. Mən bütün neftçilər
adından möhtərəm Prezidentimizə dərin minnətdarlığımızı
bildirirəm. Rövnəq Abdullayev bildirdi ki, “Əsrin
müqaviləsi”nin imzalanması Azərbaycan
iqtisadiyyatının, ilk növbədə, neft sənayesinin
çoxşaxəli inkişafına güclü təkan
verdi. Yeni texnologiyaların, müasir avadanlığın,
maşın-mexanizmlərin istehsalatda tətbiqinə, yeni idarəetmə
metodlarının mənimsənilməsinə, ən əsası
isə Dövlət Neft Şirkətinin fəaliyyətinin
beynəlxalq standartlar səviyyəsində qurulmasına imkan
yaratdı.
“İndi Dövlət
Neft Şirkəti 14 saziş üzrə işlər aparır
ki, bu layihələrdə dünyanın 14 ölkəsini təmsil
edən 24 şirkət iştirak edir”, - deyən Rövnəq
Abdullayev bildirdi ki, “Əsrin müqaviləsi” bütün
dünya dövlətlərinin Azərbaycana inamını
artırdı, ölkəmizi neft-qaz sənayesində
aparılan işlərdə böyük təcrübəsi və
səriştəsi olan tərəfdaş kimi tanıtdı və
iri, tanınmış neft şirkətlərinin ölkəmizə
sərmayə qoyması üçün şərait
yaratdı. R.Abdullayev daha sonra
dedi: Bu illərdə Azərbaycanın neft sektoruna 37,5
milyard ABŞ dolları məbləğində sərmayə
qoyulmuş, neft və qaz hasilatında rekord nəticələr
əldə olunmuşdur. Hazırda “Azəri-Çıraq-Günəşli”
yataqlar blokunda “Tammiqyaslı işlənilmə layihəsi” həyata
keçirilir. Saziş sahəsində işlənilmənin əvvəlindən
170 milyon tona qədər neft və 38 milyard kubmetr qaz hasil
edilmişdir. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”
yataqlarının, eləcə
də Xəzərin Azərbaycan sektorunda açıla biləcək neft və
qaz-kondensat yataqlarının imkanları bizə əsas verir
ki, ölkə üzrə neft-qaz hasilatının ilbəil
artmaqda davam edəcəyini söyləyək və 2015-ci ildə
neft hasilatının 60 milyon ton, qaz hasilatının isə
35-40 milyard kubmetrə çatdırılacağını
proqnozlaşdıraq.
Dövlət Neft Şirkətinin prezidenti şaxələndirilmiş ixrac neft kəmərləri sisteminin ölkəmizə böyük mənfəət gətirdiyini, Azərbaycan qarşısında yeni perspektivlər açdığını da dedi. Qeyd etdi ki,
neft-qaz sektorunun inkişafı Azərbaycanın neft və qaza
olan tələbatını tam ödəyir. Xəzərin
Azərbaycan sektorunda ən böyük “Şahdəniz”
qaz-kondensat yatağının işlənilməsi üzrə
layihənin müvəffəqiyyətlə həyata keçirilməsi
respublikanın daxili tələbatını ödəməyə
və xaricdən qaz idxalına son qoymağa imkan
yaratmışdır. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”
yataqlarından qaz hasilatının artırılması, eləcə
də şirkətimiz tərəfindən
həyata keçirilən “Qaz proqramı” çərçivəsində
görülən tədbirlər bütovlükdə respublika
üzrə qaz hasilatı dinamikasını dəyişmiş
və nəticədə hasilat
2004-2008-ci illərdə 5 dəfəyə yaxın artaraq 5
milyard kubmetrdən 24 milyard kubmetrə
çatdırılmışdır.
R.Abdullayev dedi ki, xarici tərəfdaşlarla səmərəli əməkdaşlıq şəraitində qazanılan zəngin təcrübə, maddi, texnoloji və intellektual potensial Dövlət Neft Şirkətinin inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması
üçün əsas olmuşdur. Yeni layihələrin həyata keçirilməsi, Xəzər Dəniz Neft Donanmasının gəmi parkının genişləndirilməsi bu sırada mühüm əhəmiyyət kəsb etdi.
Məhz ötən illərdə qazanılmış təcrübə və inkişaf etdirilmiş infrastruktura arxalanaraq, perspektivli strukturların müstəqil işlənilməsi xətti götürülmüşdür. Bu il biz 20
illik fasilədən sonra ilk dəfə olaraq daxili resurslar
hesabına “Ümid” strukturunda kəşfiyyat işlərinə
başlamışıq. Hazırda strukturda platforma
tikilmişdir və artıq ilk quyunun qazılmasına
başlanılmışdır. Digər perspektivli sahələr
üzrə də yeni layihələr nəzərdə tutulmuşdur.
Aparılan hesablamalara əsasən, Azərbaycanın təsdiq olunmuş karbohidrogen
ehtiyatları şərti yanacaqla 5 milyard ton, proqnoz karbohidrogen
resursları isə 8-10 milyard ton həcmində qiymətləndirilir.
“bp-Azərbaycan” şirkətinin prezidenti Rəşid CAVANŞİR isə qeyd etdi ki, 15 il öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən “Əsrin müqaviləsi” öz nəticələrini verir və xalqımız bundan bəhrələnir.
Rəşid Cavanşir bildirib ki, bu müqavilənin qiymətini verəndə 3 amildən danışmaq olar. Birinci
növbədə, bunun çox böyük siyasi əhəmiyyəti
vardır. Bu müqavilə ilk növbədə Azərbaycanın
müstəqilliyini möhkəmləndirdi. Azərbaycan siyasi
güc topladı. Azərbaycan beynəlxalq aləmdə dəstək
aldı. Azərbaycan dünya inteqrasiyasına qoşuldu və
regional liderə çevrildi. Böyük iqtisadi nəticələr
əldə olundu. Təkcə “Azəri-Çıraq-Günəşli”
yataqlar blokunun işlənilməsinə 20 milyard dollardan
artıq xarici sərmayə qoyulub. Hazırda
milyardlarla gəlir əldə olunur və bu, davam etməkdədir. “bp-Azərbaycan” şirkətinin
prezidenti bildirdi ki, bundan əlavə, “Əsrin müqaviləsi”nin
icrası nəticəsində Azərbaycana ən müasir,
yeni texnologiyalar gətirilmiş, çox zəngin və nadir
infrastruktur yaradılmışdır. İndi dünyanın ən
müasir dəniz platformaları Azərbaycandadır.
Dünyanın ən zəngin neft və qaz quyuları Xəzərdə
fəaliyyətdədir. Azərbaycanda dünyanın ən
böyük terminallarından sayılan Səngəçal
terminalı fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan
neft kəməri Azərbaycanı dünya bazarlarına
bağlayıb və hazırda sutkada bir milyon barrel neft bu
marşrutla Aralıq dənizinə nəql olunur.
R.Cavanşir dedi ki, Azərbaycanda çox bacarıqlı və müasir kadrlar yetişib, hazırda şirkətimizin əməkdaşları həm dənizdə, həm qurudakı müəssisələrdə rəhbər vəzifələri də tutmağa başlayıblar. Azərbaycanda
yerli şirkətlər də çox inkişaf edib.
Hazırda bizim keçirdiyimiz tenderlərdə yerli şirkətlər
böyük uğurla iştirak edirlər və xarici şirkətlərə
qalib gələ bilirlər. Bunlar gözəl nailiyyətlərdir
və ümidvaram ki, bu, gələcəkdə də belə
olacaqdır.
Layihənin bu cür uğurlu olmasının bir neçə əsas səbəbi vardır. Birinci növbədə, bu səbəb
Azərbaycan xalqının, hökumətinin böyük və
gündəlik dəstəyidir. Azərbaycan
hökumətinin müqavilənin şərtlərinə
sadiq qalması və ona hörmət olunması çox vacib
amildir. Ən vacibi, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin bu müqaviləyə birbaşa
marağı və şəxsi rəhbərliyi, eləcə
də bizim mərhum Prezidentimiz Heydər Əliyevin
böyük marağı və rəhbərliyi olubdur.
ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsinin müavini Daniel ŞTAYN Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonun təbrik məktubunu mərasim iştirakçılarının diqqətinə çatdırdı. Məktubda deyilir:
“Hörmətli cənab Prezident!
Sizi və Azərbaycan xalqını 1994-cü il sentyabrın 20-də imzalanmş “Əsrin müqaviləsi”nin 15 illiyi münasibətilə təbrik etmək istəyirəm. “Azəri”, “Çıraq” və “Günəşli” neft yataqlarının işlənilməsini və nəticədə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin yaranmasını təmin edən bu müqavilə beynəlxalq neft və qaz sahəsinin inkişafında mühüm hadisə və beynəlxalq enerji diplomatiyasında böyük uğur oldu. Beynəlxalq enerji təhlükəsizliyinin gücləndirilməsi Avrasiya regionu üçün mühüm məsələ olaraq qalmaqdadır. Bu baxımdan iyulun 13-də hökumətlərarası Nabukko razılaşmasının imzalanması Xəzər qazını Avropaya daşıyacaq “Cənub dəhlizi”nin açılmasında bizim birgə səylərimizin çox önəmli mərhələsinə çevrildi. Biz ümid edirik ki, Azərbaycan, Türkiyə və digər maraqlı ölkələr bu təkanverici addımı davam etdirəcək və “Cənub dəhlizi”ni gerçəkləşdirərək digər qalan məsələləri razılaşdıracaqlar. Azərbaycan enerji inkişafının yeni və daha perspektivli bir mərhələsinin astanasındadır. Biz Sizinlə və bu bölgədəki digər liderlərlə yeni neft və qaz ehtiyatlarının işlənilməsini və bu ehtiyatları bazara çıxarmaq üçün yeni marşrutların açılması məqsədi ilə əməkdaşlığı səmimiyyətlə arzulayırıq.
Səmimiyyətlə, sizin
Hillari Rodam Klinton
dövlət katibi”.
Daniel Ştayn çıxışında Azərbaycan-ABŞ əməkdaşlığının uğurlarından danışaraq dedi ki, Birləşmiş Ştatlar Azərbaycanı strateji tərəfdaş hesab edir və bu, Avrasiya məkanında xüsusi əhəmiyyət daşıyır. 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan demokratiya və bazar iqtisadiyyatı yoluna qədəm qoymuşdur. Bütün bu işlər məhz Prezident Heydər Əliyev tərəfindən aparılmışdır və onun siyasəti sayəsində Azərbaycana bir çox xarici sərmayələr yatırılmağa başlandı və Azərbaycan artıq qlobal enerji təchizatçısına çevrildi. Siz bilirsiniz ki, ABŞ uzun müddət ərzində Azərbaycanın bir çox strateji enerji layihələrində tərəfdaşı olmuşdur və Qərblə Şərq arasında layihələrin həyata keçirilməsinə töhfə vermişdir. Azərbaycanın apardığı enerji siyasəti uğurlu olmuşdur və ABŞ administrasiyasının da bu sahədə həyata keçirdiyi siyasət ardıcıl olmuşdur. Daniel Ştayn dedi ki, “Əsrin müqaviləsi”nin həyata keçirilməsində ABŞ-ın məşhur enerji şirkətləri də iştirak etmişlər. Birləşmiş Ştatlar Bakı-Tbilisi-Ceyhan boru kəmərinə də böyük siyasi və maliyyə dəstəyi verib. Cənubi Qafqaz qaz boru kəmərinin reallaşmasında Heydər Əliyevin müdrik addımlarını xatırladan Daniel Ştayn dedi ki, bu layihə hazırda Xəzər dənizindəki zəngin neft resurslarını bütün dünyaya açıq elan etmişdir. Bu, eyni zamanda, Azərbaycan xalqı üçün müstəqil iqtisadi həyatı təmin etmişdir. Hazırda Avrasiya regionu yeni inkişaf mərhələsinə qədəm qoyur. Yeni neft və qaz yataqları gələn illər ərzində işləniləcəkdir.
Eyni zamanda, biz əminliklə inanırıq ki, həmin bu resurslar müxtəlif istiqamətlərdə nəql ediləcəkdir və bir çox ölkələrin ərazilərindən keçərək yubanmadan, dayanmadan istehlakçılara çatdırılacaqdır. Bu baxımdan biz hesab edirik ki, Azərbaycan və Xəzər hövzəsi regionunda yerləşən digər dövlətlər bu sahədə öz səylərini davam etdirməlidirlər. Daniel Ştayn Azərbaycan Dövlət Neft Fondunun fəaliyyətinin dünyada təqdir olunduğunu, bu qurumun şəffaflığın təmin edilməsində həqiqətən aparıcı rol oynadığını diqqətə çatdırdı.
Bu, Azərbaycanı qlobal səviyyədə əsl şəffaf ölkə kimi nümayiş etdirdi. Bu, sözün əsl mənasında, böyük bir nailiyyətdir. Birləşmiş Ştatlar Azərbaycanla sıx işləməyi davam etdirəcək və regionda onun fəal tərəfdaşı olaraq enerji nəqlinin şaxələndirilməsinə, ölkənin müstəqilliyinə öz dəstəyini davam etdirəcəkdir. Sağ olun
Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Andris PİEBALQS “Əsrin müqaviləsi”nin imzalanmasının Azərbaycan üçün yeni imkanlar açdığını və ölkəmizi dünyanın enerji səhnəsində aparıcı iştirakçıya çevirdiyini bildirərək dedi: Heydər Əliyevin uzaqgörənliyi ölkənin iqtisadi rifahını təmin etdi. Bu siyasət Azərbaycan xalqına xidmət etdi. Bu addım böyük imkanlar yaratdı.
“Əsrin müqaviləsi” eyni zamanda, bizim hamımıza çox uğurlu keçdiyimiz şanlı yolu xatırladır. Yəni bu, bir günün ərzində əldə olunmuş nailiyyətlər deyildir. Çox ciddi səylər tələb olundu. Çox səylər göstərildi, müzakirələr aparıldı. 1990-cı illərdə Azərbaycan bütün dünyaya sübut etməli idi ki, tarixi nailiyyətlər əldə edibdir və indi bu nailiyyətlər davam etdirilməlidir. Beləliklə, ölkənin potensialının gücləndirilməsi üçün bu addımın atılması vacib idi. 15 il əvvəl atılmış bu addım Azərbaycanı həm hasilatda, həm tranzit məsələsində, ümumiyyətlə neft və qaz sahəsində etibarlı tərəfdaşa çevirdi.
Andris Piebalqs Azərbaycanın Avropa üçün böyük və etibarlı tərəfdaş olduğunu, ölkəmizin yerləşdiyi regionda öz infrastrukturundan istifadə edərək, enerji ehtiyatlarının Qərb istiqamətində nəqlinə sadiq qaldığını vurğulayaraq dedi: Azərbaycan regionda strateji tərəfdaşlığın etibarlı subyektidir və bu tərəfdaşlığın gücləndirilməsi çox vacibdir. Bu məqsədlə biz Azərbaycana “Şərq tərəfdaşlığı” təşəbbüsünü təklif etdik. Bunun məqsədi bu ölkə ilə tərəfdaşlığın daha da dərinləşdirilməsi və genişləndirilməsidir. Bir çox sahələrdə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq davam etdiriləcəkdir. Biz ticarət, iqtisadiyyat, sosial məsələlər və insan amilinin inkişafı sahələrində əməkdaşlığı davam etdirəcəyik. Biz Azərbaycan ilə Avropa İttifaqı arasında hərtərəfli dialoqun aparılmasının, mühüm siyasi addımların atılmasının tərəfdarıyıq.
Daha sonra “Əsrin müqaviləsi”nin 15 illiyinə həsr olunan filmin nümayişi oldu.
Sonda “Əsrin müqaviləsi”nin 15-ci ildönümünə həsr olunmuş konsert proqramı təqdim edildi.
MƏTLƏB
Səs.- 2009.- 17 sentyabr.- S. 2-4.