“Əsrin müqaviləsi” - 15
“Səs” qəzeti Azərbaycan
Prezidenti yanında KİV-in inkişafına Dövlət Dəstəyi
Fondunun ayırdığı maliyyə vəsati hesabına bu
mövzuda dəyirmi masa keçirdi
(Əvvəli ötən sayımızda)
1994-cü il sentyabrın 20-də Azərbaycanın
ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm hadisə
baş verdi. Həmin tarixdə
respublikamızın yeni neft strategiyasının əsası
qoyuldu. Belə ki, ulu öndər Heydər
Əliyevin təşəbbüsü və səyi nəticəsində
“Əsrin müqaviləsi” adlanan transmilli neft müqaviləsi
imzalandı. Bu müqavilənin imzalanması ilə Azərbaycanın
iqtisadi imkanları artdı və neftdən gələn gəlirlər
digər sahələrin dirçəlməsinə əsas verdi. Əhalinin maddi rifah halının
yaxşılaşması, ictimai-siyasi sabitliyin təminatı
və s. ümumdövlət əhəmiyyətli məsələlərdə
ciddi irəliləyişlər əldə olundu. Sevindirici
haldır ki, bu tarixi hadisədən 15 il
ötməsinə baxmayaraq, onun bəhrəsi hələ də
ölkəmizə inkişaf və tərəqqi bəxş
edir. Nəticələrə baxdıqca, ulu
öndər Heydər Əliyev siyasi kursunun müdrikliyinə
və dönməzliyinə heyran qalırsan. Məhz bu
siyasi iradə sayəsində Azərbaycanın milli mənafeyini
özündə əks etdirən “Əsrin müqaviləsi”
imzalandı və ölkədə çoxşaxəli
iqtisadi inkişafa nail olundu.
Bu inkişaf özünü digər sahələrdə büruzə verməklə Azərbaycanı regionun, hətta MDB məkanının lider dövlətinə çevirdi. Əsası ulu öndər
Heydər Əliyev tərəfindən qoyulan neft
strategiyasının Prezident
İlham Əliyev tərəfindən əzmlə davam etdirilməsi
ölkə iqtisadiyyatının inkişaf perspektivindən xəbər
verir. Ümidvarıq ki, dövlət başçısının
səyi və iradəsi ilə Azərbaycan daha böyük
nailiyyətlərə imza atacaq.
“Səs” qəzetinin təşkilatçılığı ilə keçirilən budəfəki dəyirmi masada “Əsrin müqaviləsi”nin imzalanmasına qədər və ondan sonrakı vəziyyət müzakirə olundu. Həmin müqavilənin
imzalanmasına mane olmağa çalışan qüvvələrin
məqsədləri ortaya çıxdı. Müzakirələrdə
bildirildi ki, Azərbaycanda neft strategiyasının əsasının
qoyulmasına qısqanclıqla yanaşan qüvvələrin əsas
niyyəti Azərbaycanı çökdürmək və kimlərinsə
asılılığına salmaqdan ibarət idi.
Qeyd edək ki, dəyirmi masada Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, millət vəkili Zahid Oruc, Sənaye və Energetika Nazirliyinin neft-qaz şöbəsinin müdiri İdris Rzabəyov, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Əli Əlirzayev, iqtisad elmləri namizədləri Vüsal Qasımlı, Mənsur Bərxudarov, YAP Siyasi Şurasının üzvü, professor Vilayət Əliyev və iqtisadçı
ekspertlər Vüqar Bayramov və Aydın Hüseynov iştirak edirdilər.
GÜRCÜSTAN İQTİSADİYYATININ ƏN BÖYÜK
İNVESTORU AZƏRBAYCANDIR
Vüsal Qasımlı:
- Bolqarıstan kimi bir ölkə “Cənub Axını”nda həlledici ölkə idi. “Cənub Axını” Qara dənizin
içərisindən Bolqarıstandan keçib, Avropaya getməli
idi. Azərbaycanın iqtisadi mövqeyi Bolqarıstanın
dövlət mövqeyinin dəyişməsinə gətirib
çıxartdı. Hesab edirəm ki, bu hadisə təbliğat
vasitəsinə çevirilməlidir. Bu gün artıq
Bolqarıstan NABUCCO-nun tərəfdarı deyil və
Rusiyanın “Cənub Axını” layihəsi çox
böyük təhlükə altındadır. Etiraf edək
ki, bu gün Azərbaycan regionun lider dövlətidir. Bunun
fonunda Dağlıq Qarabağ münaqişəsinin həllində
ciddi dirənişin olmayacağına ümid edirəm.
Ölkəmiz yaxın vaxtlarda münaqişənin sülh
yolu ilə həllinə nail olacaq. Bu yaxınlarda mötəbər
diplomatla söhbət əsnasında bu fikri ifadə etdi.
Hazırda Gürcüstan
iqtisadiyyatının ən böyük investoru Azərbaycandır.
Bir-birinin ardınca qaz sektoru, infrastruktur layihələri
və s. surətlə Azərbaycanın nəzarətinə
keçir. Əlbəttə, Azərbaycan enerji millətçiliyi
ortaya qoymur. Ölkəmiz öz resurslarını regionun
inkişafı, sülh və əmin-amanlıq naminə xərcləmək
istəyir. Güman edirəm ki, buna ən yüksək səviyyədə
nail olunur. “Əsrin müqaviləsi”ndən sonra Azərbaycana
37 milyard ABŞ dolları məbləğində investisiya gəlib.
Adambaşına düşən investisiya gəlirinə
görə, Azərbaycan postsovet məkanının lider
ölkələrindən biridir. Bunun nəticəsidir ki, rəqabət
qabiliyyəti ilə bağlı açıqlanan
dünyanın ən mötəbər iqtisadiyyat
hesabatlarında Azərbaycan iqtisadi artım tempinə görə,
ön sıralardadır. Bu hesabatları analiz etdikdə,
görərik ki, Azərbaycan MDB məkanında
Baltikyanı ölkələr də daxil olmaqla biznes
mühitinə və iqtisadi vəziyyətinə görə,
lider dövlətdir. Bu, 1994-cü ildə iqtisadi müstəqilliyimizi
elan etdikdən bu günə qədər görülən
işlərdir. Təxminən 25 milyard ABŞ dolları məbləğində
gəlir əldə etmişik və ilin axırında neftdən
gələn gəlir 9 milyard ABŞ dollarına bərabər
olacaq. Bu il Azərbaycan iqtisadi böhrandan çox
böyük uğurla çıxdı. Hətta bu böhran
ölkə iqtisadiyyatı üçün bir şans oldu. Azərbaycanın
rəqabət qabiliyyəti qlobal maliyyə böhranı
dövründə 59-cu yerdən 51-ci yerə yüksəldi. Antiböhran proqramı çərçivəsində
ölkə Prezidentinin rəhbərliyi ilə
iqtisadiyyatımıza 5 milyard ABŞ dolları məbləğində
humanitar və sosial istiqamətlərdə vəsait xərcləndi.
“Əsrin müqaviləsi”ni 1918-ci il iyunun 14-də Azərbaycan
Xalq Cümhuriyyəti ilə Osmanlı İmperiyası
arasında bağlanan müqaviləyə bənzətmək
olar. Bu müqavilənin əsasında Bakı işğaldan
azad olundu, Azərbaycan öz coğrafi - siyasi
varlığını təmin etdi. “Əsrin müqaviləsi”nin
əsasında isə, dövlətçiliyimiz daha da möhkəmləndi.
NEFT AMİLİNƏ SÖYKƏNMƏDƏN AZƏRBAYCAN
İQTİSADİYYATINI QURMAQ MÜMKÜN DEYİLDİ
Zahid Oruc:
-
1994-cü il 20 sentyabr tarixi Azərbaycanın
iqtisadi müstəqilliyinin elan olunduğu gündür. Bundan sonra bu müqavilə Azərbaycanın həyatının
bütün parametrləri üzrə töhfə vermiş
oldu. Həmçinin, ölkənin milli təhlükəsizlik
komponentinə çevrildi. Dağlıq
Qarabağ münaqişəsində itirilmiş mövqelərimizin
bərpasına əsaslı şərait yaratdı. Çünki o dövrdə Qarabağı siyasi,
iqtisadi, daha sonra isə hərbi cəhətdən itirdik.
Azərbaycanın sözünü hər
hansı dairədə təsdiq etdirmək mümkün
deyildi. Ona görə də sonrakı mərhələdə
neft amili inkişaf etdirilməli idi. 1994-cü
ildən başlayaraq, Azərbaycan Ermənistanla
apardığı müharibəni iqtisadi müstəviyə
keçirdi. Neft savaşını öz
maraqlarına xidmət etdirməklə Ermənistanı indiki
ağır şəraitə saldı. Açığı,
Ermənistan bütün beynəlxalq tədbirlərdə
ölkəmizə təzyiq edirdi ki, guya neftlə onları
şantaj edirik. Yəni, beynəlxalq təşkilatların
bizim mövqeyimizi dəstəkləmələri
üçün neftən istifadə edirik. Həqiqət isə, ondan ibarət idi ki, Azərbaycan
müharibəni iqtisadi müstəviyə keçirməklə,
həm iqtisadi, həm də böyük hərbi imkanlar
qazandı. Neft uğuru olmasaydı, ölkənin
hərbi təhlükəsizliyini təmin etmək
mümkün olmazdı. Neft amilinə
söykənmədən Azərbaycan iqtisadiyyatını
qurmaq mümkün deyildi. Müqavimətlərlə
üz-üzə qalan Azərbaycan rəhbərliyinin
uzaqgörənliyi nəticəsində ölkə iqtisadiyyatı
şaxələndi və neft digər sferaların
inkişafını reallaşdıra bildi. Bu tendensiya indi də yüksələn xətlə
inkişaf edir. Bir məqamı da qeyd edim
ki, neftdən asılılıq, “holland sindromu” kimi hallar Azərbaycanda
yaşanmır.
Eldar İbrahimov:
- Hələ
1969-1982-ci illərdə Heydər Əliyev neft sənayesini əsasını
qoydu. Azərbaycanda ən geridə qalan neft sənayesi,
xüsusilə, neft emalı zavodları məhz ulu öndər
Heydər Əliyevin uzaqgörənliyi nəticəsində
inkişaf etdi. Əgər o vaxt həmin
zavodlarda 4-9 milyon ton məhsul istehsal olunurdusa, hazırda
istehsalın həcmi 50 milyon tona yüksəlib.
“Səs” qəzetinin əməkdaşı:
- 1994-cü ilin aprel ayında Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti təyin olundu. Bu təyinat beynəlxalq əlaqələrin qurulmasında nə kimi rol oynadı?
NEFT AZƏRBAYCAN
İQTİSADİYYATININ ƏSASINI TƏŞKİL EDİR
Aydın Hüseynov:
- Neft Azərbaycanın milli sərvətidir. Bu milli sərvət, doğrudanmı həmişə
Azərbaycana məxsus olub? Sovet
İttifaqı dövründə və onun
dağılmasına yaxın ərəfədə Azərbaycan
neftinin mənimsənildiyi və əldə olunan gəlirdən
əhaliyə heç nə çatmadığı
görünürdü. Çıxış
yolunu isə Azərbaycanın müstəqil dövlət
olmasında görürdülər. Azərbaycan
1991-ci ildə müstəqillik əldə etdi. Müstəqil dövlət olduqdan sonra da bu milli sərvətin
Azərbaycana məxsusluğu təmin oluna bilmədi. Bu
proses 1993-cü ilin iyun ayına, yəni, Heydər Əliyevin
ikinci dəfə hakimiyyətə qayıdışına qədər
davam etdi. Milli sərvətin millətə məxsus
olması üçün onun müstəqil siyasət
aparmığı bacaran, böyük siyasi səriştəyə
və qabiliyyətə malik rəhbəri olmalıdır.
Bu amil özünü məhz Heydər Əliyevin
simasında göstərdi. Heydər Əliyevin
neft strategiyasının reallaşmasında İlham Əliyevin
xüsusi rolu var.
Qaradağ
rayonundan millət vəkili seçilən, ARDNŞ-nin birinci
vitse - prezidenti İlham Əliyev 2001-ci ildə keçirilən
YAP Qaradağ rayon təşkilatının konfransında
geniş nitq söylədi: “Azərbaycanın milli sərvətinin
dünya bazarına çıxarılması
üçün təkcə neft kəmərləri yox, eyni
zamanda, qaz kəmərləri də lazım olacaq. Azərbaycana çox böyük valyuta axını
gözlənilir. Azərbaycan çox zəngin
bir ölkəyə çevriləcək. 2003-2005-ci illərdə neftən əldə olunan gəlir
milyard dollarla ölçüləcək. Əminəm ki, biz buna naiil olacağıq. Amma neft bizim üçün heç vaxt məqsəd
deyil, vasitə olub”. Bildirmək istəyirəm
ki, cənab İlham Əliyevin o zamankı
çıxışı bu gün özünü
doğrulmaqdadır. 1994-cü ildə cənab İlham Əliyevin
rəhbərliyi ilə neft sahəsində böyük təhlillər
aparıldı,
elmi şəkildə əsaslandırılmış
proqnozlar verildi. Bu gün artıq həmin
proqnozlar reallaşmaqdadır. Ölkədə
Dövlət Neft Fondunun yaradılması bu sahədə
atılan mühüm addımlardandır. Neft
ixrac edən ölkələrin əksəriyyətində bu
qurum olmasa da, 1999-cu ildə Azərbaycan rəhbərliyi onun
yaradılmasına müvəffəq oldu. Bu
qurum təsis olunmayana qədər neftdən gələn gəlirlər
dövlət büdcəsinə daxil olurdu və onun həcmini
ümumi gəlirlərdən ayırd etmək olmurdu. Ancaq indi neftdən gələn gəlirlər Neft
Fondunda toplanır və onun xərc istiqamətləri mütəmadi
olaraq açıqlanır. Bir sözlə,
neft Azərbaycan iqtisadiyyatının əsasını təşkil
edir. Prezident İlham Əliyevin də
çıxışında deyildiyi kimi, neft ölkəyə
geniş valyuta axınını proqnozlaşdırdı.
Yadınızdadırsa, Hollandiyada bu ölkənin neftdən asılılığını xarakterizə edən “holland sindromu” adlı bir hadisə baş verdi. Qeyd edim
ki, neftin qiymətinin ən yüksək həddə, 150
ABŞ dolları məbləğinə
çatdığı bir dövrdə belə Azərbaycan bu
vəziyyətdə özünü itirmədi. Neftdən gələn
gəlirlər səmərəli şəkildə istifadə
olundu. Real vəziyyət onu göstərir ki, ölkəmizdə
neft sektoru ilə yanaşı, qeyri-neft sektoru da paralel olaraq
inkişaf edir. Bu amil ölkə iqtisadiyyatının neftdən
asılılığını tamamilə aradan
qaldırdı. Vaxtilə, əfsanəyə çevrilən
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin reallaşması da ulu
öndər Heydər Əliyevin adı ilə
bağlıdır. Bu hadisədən sonra dünya siyasətçiləri
və iqtisadçıları ulu öndərə
qarşı çox böyük təəccüb və heyrətlə
yanaşırdılar. Onlar bildirirdilər ki, Heydər Əliyev
əfsanəni reallığa çevirməyi bacara bilən
bir şəxsiyyətdir. BTC neft və Bakı-Tbilisi-Ərzurum
qaz kəmərlərinin çəkilməsi, indi isə
NABUCCO-nun gündəmdə olması, Azərbaycanın milli sərvətinin
xalqın rifahına yönəldiyindən xəbər verir.
Eyni zamanda, bu layihələr regionda həyata keçirilən
digər layihələrdə ölkəmizi aparıcı
qüvvələrdən birinə çevirdi. Prezident
İlham Əliyevin bu sahədə müstəsna xidmətlər
əldə etməsi dərin biliyindən qaynaqlanır.
“ƏSRİN MÜQAVİLƏSİ”NİN İMZALANMASI
ULU ÖNDƏRİN ADI İLƏ BAĞLIDIRSA, GÜNÜ-GÜNDƏN ARTAN ƏHƏMİYYƏTİ
PREZİDENT İLHAM ƏLİYEVİN ADI İLƏ
BAĞLIDIR
Vilayət Əliyev:
- Tarixdə
hər bir şeyin qiymətini zaman verir. O zamanın müəyyən
bir məqamında baş verən hadisə, həyata
keçirilən qərarlar həmin günü tarixə
çevirir. Tarix müəyyən vaxtda baş
verən hadisəni qeydə alır və onu tarixi hadisə
kimi qiymətləndirir. Bu mənada, 1994-cü il sentyabrın 20-si Azərbaycanın Avropaya
inteqrasiyasında və dünya iqtisadiyyatında
özünün təsdiqində tarixi gün oldu. Əgər neft, qaz layihələrinin həyata
keçirilməsinin baş ucalığından
danışırıqsa, burada iki amili xüsusi qeyd etmək
lazımdır. Birincisi, Heydər Əliyev
kimi şəxsiyyəti heç kimlə müqayisə etmək
olmaz. Heydər Əliyev zamana
sıxışmayan, əsrlərin qovşağında
parlayan günəşdir. Xalqımız
xoşbəxtdir ki, onun mədəniyyətini, tarixini,
mentalitetini dərindən bilən dahi rəhbəri olub.
Heydər Əliyev Azərbaycanın problemlərini,
hələ sovet hakimiyyəti illərindən çox gözəl
bilirdi. O, həm siyasi mövqeyimizin möhkəmlənməsi,
həm iqtisadiyyatımızın yüksəlməsi, həm
də digər sosial məsələlərin reallaşması
və elmin inkişafı üçün Azərbaycanın təbii
sərvətlərini qorudu.
Ulu öndər Heydər Əliyevin müəllifi
olduğu neft-qaz müqavilələri XXI əsrdə dünya
iqtisadiyyatının inkişafında və dünya enerji təhlükəsizliyində
müstəsna rol oynayır. 1994-cü ilin
20 sentyabrında imzalanmış “Əsrin müqaviləsi”
dünya iqtisadiyyatının inkişafında və Azərbaycanın
qısa müddətdə iqtisadi, siyasi cəhətdən
yüksəlişində öz sözünü artıq
deyib. Bu müqavilənin reallaşması
Azərbaycanda demokratik, hüquqi dövlətin
qurulmasının bəhrəsidir. Dahi Heydər
Əliyevin düşünülmüş siyasətinin,
ağıllı, qətiyyətli qərarının, Azərbaycanın
dünya iqtisadiyyatına inteqrasiyasının və müstəqil
Azərbaycan dövlətinin inkişaf etmiş dünya
dövlətləri arasında tanınmasının,
özünün təsdiqinin nəticəsidir. “Əsrin
müqaviləsi”nin imzalanması ulu öndərimiz
Heydər Əliyevin adı ilə bağlıdırsa,
günü-gündən artan əhəmiyyəti Prezident
İlham Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin hakimiyyətə gəldiyi
dövrdə ölkəmizdə böhran, anarxiya, müharibənin
baş verdiyini, eləcə də, iqtisadiyyatın iflic
olmasını, dövlətimizə qarşı ətraf
dövlətlərdən təzyiqlərin artmasını
yaxşı xatırlayırıq. 1993-cü ildən Azərbaycan
neftinin nəqli üzrə ciddi iş aparılmağa
başlanıldı. Bu məsələdə üç yol,
üç istiqamət üzrə
düşünürdülər: birinci yol -
Bakı-İran-Türkiyə, ikinci yol -
Bakı-Tbilisi-Türkiyə, üçüncü yol -
Bakı-Ermənistan-Türkiyə. Heydər Əliyev ikinci
yola üstünlük verdi və məqsədinə
nail oldu. Bu yol siyasi cəhətdən dərin və
dəqiq düşünülmüşdü. Tarix sübut etdi ki, dahi rəhbərimiz nə qədər
ağıllı və müdrik addım atmışdı.
(Ardı var)
Sevinc NƏZƏROVA,
Kübra ƏLİYARLI
Səs.- 2009.- 18 sentyabr.- S. 8-9.