“Əsrin müqaviləsi” - 15

 

“Səs” qəzeti Azərbaycan Prezidenti yanında KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun ayırdığı maliyyə vəsaiti hesabına bu mövzuda dəyirmi masa keçirdi

 

(Əvvəli ötən saylarımızda)

          

1994-cü il sentyabrın 20-də Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm hadisə baş verdi. Həmin tarixdə respublikamızın yeni neft strategiyasının əsası qoyuldu. Belə ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində “Əsrin müqaviləsi” adlanan transmilli neft müqaviləsi imzalandı. Bu müqavilənin imzalanması ilə Azərbaycanın iqtisadi imkanları artdı və neftdən gələn gəlirlər digər sahələrin dirçəlməsinə əsas verdi. Əhalinin maddi rifah halının yaxşılaşması, ictimai-siyasi sabitliyin təminatı və s. ümumdövlət əhəmiyyətli məsələlərdə ciddi irəliləyişlər əldə olundu. Sevindirici haldır ki, bu tarixi hadisədən 15 il ötməsinə baxmayaraq, onun bəhrəsi hələ də ölkəmizə inkişaf və tərəqqi bəxş edir. Nəticələrə baxdıqca ulu öndər Heydər Əliyev siyasi kursunun müdrikliyinə və dönməzliyinə heyran qalırsan. Məhz bu siyasi iradə sayəsində Azərbaycanın milli mənafeyini özündə əks etdirən “Əsrin müqaviləsi” imzalandı və ölkədə çoxşaxəli iqtisadi inkişafa nail olundu. Bu inkişaf özünü digər sahələrdə büruzə verməklə Azərbaycanı regionun, hətta MDB məkanının lider dövlətinə çevirdi. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının  Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilməsi ölkə iqtisadiyyatının inkişaf perspektivindən xəbər verir. Ümidvarıq ki, dövlət başçısının səyi və iradəsi ilə Azərbaycan daha böyük nailiyyətlərə imza atacaq. 

Səsqəzetinin təşkilatçılığı ilə keçirilən budəfəki dəyirmi masada “Əsrin müqaviləsinin imzalanmasına qədər və ondan sonrakı vəziyyət müzakirə olundu. Həmin müqavilənin imzalanmasına mane olmağa çalışan qüvvələrin məqsədləri ortaya çıxdı. Müzakirələrdə bildirildi ki, Azərbaycanda neft strategiyasının əsasının qoyulmasına qısqanclıqla yanaşan qüvvələrin əsas niyyəti Azərbaycanı çökdürmək və kimlərinsə asılılığına salmaqdan ibarət idi.

Qeyd edək ki, dəyirmi masada Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, millət vəkili Zahid Oruc, Sənaye və Energetika Nazirliyinin neft-qaz şöbəsinin müdiri İdris Rzabəyov, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, “İki sahilqəzetinin baş redaktoru Vüqar Rəhimzadə, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Əli Əlirzayev, iqtisad elmləri namizədləri Vüsal Qasımlı, Mənsur Bərxudarov, YAP Siyasi Şurasının üzvü, professor Vilayət Əliyev və iqtisadçı ekspertlər Vüqar Bayramov və Aydın Hüseynov iştirak edirdilər.

              

AZƏRBAYCAN MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİ NEFTİNİN AVROPAYA ÇIXARILMASINDA KÖRPÜ ROLUNU OYNAYIR

     

İdris Rzabəyov:

     

- “Əsrin müqaviləsi” əsrlər boyu yaddaşlardan çıxmayacaq. Müqavilə imzalandıqdan ötən dövr ərzində bunun şaxələnmiş qolları olan 28 əlavə müqavilə imzalanıb. Bu müqavilələr dünyanın 30-dan artıq tanınmış və ən qüdrətli neft şirkətlərinin iştirakı ilə həyata keçirilib. “Əsrin müqaviləsi” “Azəri-Çıraq-Günəşli” kimi nəhəng yataqların ehtiyatını xalqa bəxş etdi. Hamımıza bəllidir ki, bu yataqların ehtiyatı 1 milyard tona yaxındır. “Əsrin müqaviləsi”nin növbəti tələbi əldə olunan bu məhsulların düzgün istifadəsi idi. Azərbaycan dövlətinin enerji sahəsində daxili və xarici siyasətinin aşkarlanması idi. Bu, ilk növbədə, ölkənin, sonra isə regionun və beynəlxalq aləmin enerji təhlükəsizliyinə verilən töhfənin icrası idi. Buna görə, həmin yataqların genişmiqyaslı işlənməsinin davamı olaraq, əldə olunan məhsulların Avropa və dünya bazarına çıxarılması üçün qüvvətli neft sistemi yaradılmalı idi. Bu da “Əsrin müqaviləsi”ində nəzərdə tutulan texniki göstəricilər və taktiki addımlar idi. Bu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin həyata keçirilməsində, Bakı-Supsa kəmərinin yenidən bərpa olunmasında və ARDNŞ-nin 10-dan artıq ölkənin inkişaf etmiş neft şirkətləri ilə bağladığı ikitərəfli müqavilələrdə öz əksini tapdı.

“Əsrin müqaviləsiAzərbaycanı təkcə regionda deyil, həmçinin, Avropada və onun hüdudlarından kənarda enerji mənbəyi olan, eyni zamanda, bu mənbəni digər ölkələrə nəql edən yardımçı bir ölkə kimi təqdim etdi. Bu gün “Azəri-Çıraq-Günəşli” yatağından çıxarılan neft dünyanın 50-dən çox ölkəsinə çatdırılır. “Şahdəniz” yatağından hasil olunan qaz ölkənin daxili tələbatını ödəməklə yanaşı, Gürcüstan, Türkiyə, Yunanıstan kimi ölkələrə çatdırılır. Yunanıstan Avropanın inkişaf etmiş ölkəsi kimi Azərbaycan qazından istifadə edir. Bu istiqamətdə Azərbaycanın Avropa Birliyinə üzv dövlətlərlə apardığı danışıqlar ölkəmizin yanacaq-enerji kompleksinə olan maraq və ehtiyacını bir daha təsdiq edir. Bu gün enerji layihələri içərisində Avropanı ən çox maraqlandıran NABUCCO qaz kəmərinin reallaşdırılması Azərbaycanın iştirakı olmadan mümkün deyil. Bu layihədə Azərbaycan qismən istehsalçı, əsasən isə, tranzit ölkə kimi iştirak etməyi qarşısına məqsəd qoyub. Azərbaycan Mərkəzi Asiya ölkələrinin neftini Avropaya çıxarılmasında körpü rolunu oynayır. Bu, ölkəmizin dünya enerji sistemində ən önəmli mövqelərdən birini tutduğunu və gələcəyə dair möhkəmlənəcəyini sübut edir. Bunlar “Əsrin müqaviləsi”nin verdiyi töhfələrdir.

     

AZƏRBAYCAN ÖZ XARİCİ ENERJİ SİYASƏTİNİ QURMAQDA MÜSTƏQİLDİR

     

Vüqar Bayramov:

 

- “Əsrin müqaviləsi” Azərbaycanda həyata keçirilən enerji siyasətinin tərkib hissəsidir. Bu müqavilə ilə bağlı ortaya qoyulan iqtisadi tədqiqatlar və amillər doğru idi. Bu müqavilədə Azərbaycanın payının az olması tənqid olunub Ancaq “Əsrin müqaviləsi” imzalanan zaman Azərbaycanın əsas məqsədi daha çox hasilatın pay bölgüsünə malik olmaq və burada ARDNŞ-nin payını artırmaqdan ibarət olub. Bunun nəticəsidir ki, 1997-ci ildən sonra bağlanmış bütün müqavilələrdə ARDNŞ-nin payı 50 faizdir. Bu, onu deməyə əsas verir ki, “Əsrin müqaviləsi” növbəti müqavilələrin imzalanması üçün baza rolunu oynadı. Bu müqavilə çərçivəsində 20 milyard ABŞ dolları investisiya xərclənmişdi. Ancaq burada hasilatın pay bölgüsü ilə əlaqədar Azərbaycanın irəli sürdüyü şərtlər kifayət qədər məqbul idi. Bu yaxınlarda Qazaxıstanda antiböhran proqramını hazırlanmasında iştirak etmişəm. Hasilatın pay bölgüsü aspektindən Qazaxıstan Azərbaycanla müqayisə edilə bilməz. Məhz bunun nəticəsidir ki, Qazaxıstan qlobal maliyyə böhranının təsirini ən çox hiss edən ölkələrdəndir. Dəfələrlə qeyd etmişəm ki, qlobal maliyyə böhranının Azərbaycana az təsirinin səbəblərindən biri “Əsrin müqaviləsi” və imzalanan digər neft müqavilələridir. Bu müqavilələrin imzalanması ölkəmizə kifayət qədər gəlir gətirdi. Azərbaycanın regionun və Avropanın enerji təhlükəsizliyində rolu ilə bağlı panellərin və terminalların sayı artmaqdadır. Bu yaxınlarda iştirak etdiyim iqtisadi forumların birində müzakirə mövzularından biri də beşə yaxın panel və terminalda Cənubi Qafqazın enerji və siyasi təhlükəsizliyinin formalaşmasında Azərbaycanın rolu ilə bağlı idi.  Təqdir olunacaq məsələlərdən biri də ondan ibarətdir ki, 1994-cü ildə əsası qoyulmuş enerji siyasəti bu gün də davam edir. Bu yaxınlarda Almaniyanın paytaxtı Berlində keçirilən iqtisadi tədbirdə iştirak etdim. Orada Azərbaycanın Rusiya ilə “QazProm” vasitəsilə razılaşmanın əldə olunması ilə bağlı sual verildi.

    

ULU ÖNDƏRİMİZİN ELMİ ƏSASLARLA TƏSDİQ ETDİYİ NEFT STRATEGİYASINDAN GƏLƏCƏK NƏSİLLƏR DƏ BƏHRƏLƏNƏCƏK

           

Mənsur Bərxudarov:

     

- “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi tarixində elə önəmli hadisədir ki, onu yaşatmaq, təbliğ etmək müqəddəs bir vəzifədir. Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev bu prosesi uğurla davam etdirir. Azərbaycanın neft startegiyasının güclü əsaslandırılmış  elmi dayaqları var. Geosiyasi və geoiqtisadiyyat bölümündə belə bir metod mövcuddur. Geniş məkanı dairəsində əhatəli bir metod var. Bu metodu tətbiq etdikcə görürük ki, Heydər Əliyevin neft strategiyası heç də biz qiymətləndirdiyimiz qədər deyil. Avropa ölkələri, Rusiya və ABŞ heç vaxt təsəvvür etməzdi ki, XIX əsrin ortalarında Azərbaycanda geosiyasi və geoiqtisadi vəziyyət formalaşsın. Bu gün inkişaf etmiş dünya ölkələri özünün iqtisadi inkişafını təminetmə prosesində üç texnologiyadan istifadə edir: siyasi, iqtisadi və hərbi. Bunların məhz kombinasiyalı metodundan istifadə edir. 1993-1994-cü illərdə ulu öndər Heydər Əliyev hər üç metoddan kombinasiyalı şəkildə istifadə etdi. 1993-cü ildə hakimiyyətə gələndə, ilk növbədə, siyasi sabitliyi təmin etdi və siyasi texnologiyalar işə salındı. Daha sonra ermənilərin bütün cəbhə boyu sıxışdırılmasına başlanıldı və onlar atəşkəsin imzalanmasına məcbur edildi. Bunlar həyata keçirilən kimi hərbi texnologiyalar işə salındı. 1994-cü ildə əsası qoyulan neft strategiyası düşünülmüş, perspektivi olan bir strategiyadır. Bu gün həmin strategiyanın müsbət nəticələri bunları deməyə əsas verir. İştirak etdiyimiz bütün beynəlxalq tədbirlərdə Azərbaycan haqqında müsbət fikirlər səsələndirilir. Neft strategiyasının qiymətləndirilməsi birbaşa Heydər Əliyev fonemeni ilə bağlıdır. Heydər Əliyev tarixi şəxsiyyətdir, neft startegiyası tarixi hadisədir. Onun əməyini gələcək nəsillər geniş məkanda əhatəli metodun tətbiqi ilə qiymətləndirəcək.

Ulu öndər Heydər Əliyev xarizmatik lider kimi dünya siyasətində ən böyük dövlət xadimləri sırasındadır.

İqtisadi təhlükəsizlik 13, 15, bəzi kitablarda isə, 18 aspektdən qiymətləndirilir. Amma neçə aspektdən qiymət verilsə də 3 aspektli qiymətləndirmə metodu əsas götürülür. Bu maliyyə, qida və enerji təhlükəsizliyidir. Bu gün ölkəmizin qlobal iqtisadi maliyyə böhranından və xarici iqtisadi təsirlərdən özünü qoruya bilməsi məhz Heydər Əliyevin neft strategiyasının uğurla həyata keçirilməsi ilə birbaşa bağlıdır. Azərbaycanın 2004-cü ildən həyata keçirilən sosial-iqtisadi inkişaf proqramı neft startegiyası ilə bağlıdır. Yəni, ölkəmizdə kompleks iqtisadiyyatın formalaşması məhz neft sektoru ilə bağlıdır.

           

HEYDƏR ƏLİYEV AZƏRBAYCANIN DÖVLƏT MARAQLARINI NEFT STRATEGİYASINDA TƏMİN EDƏ BİLDİ

     

Əli Əlirzayev:

      

- “Əsrin müqaviləsi”nin imzalanmasının 15 ili tamam olur. Bu müddət ərzində Heydər Əliyev Azərbaycanın sosial iqtisadi inkişaf strategiyasını müəyyən edən prinsipləri ortaya qoydu. Bu prinsiplər nədən ibarət idi? Heydər Əliyev iqtisadiyyatda baş verən ziddiyyətləri, perspektiv amilləri qiymətləndirmək bacarığına malik idi. Onun ən çox sevdiyi iqtisadi terminlərdən biri iqtisadi potensial sözü idi. 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev Azərbaycan iqtisadiyyatının məhv olduğunu görürdü. İnflyasiya səviyyəsi 1600 faiz idi, iqtisadi artım tempi 40 faizə qədər azalmışdı. Maliyyə imkanları sıfır səviyyəsində olmaqla, işsizlik problemi baş alıb gedirdi. Belə bir şəraitdə iqtisadiyyatın inkişafı belə bir vəziyyətdə vacib idi. Həmin vaxt kənd təsərrüfatını inkişaf etdirmək qeyri-mümkün idi və bunun üçün kapitala böyük ehtiyac var idi. İstifadə ediləcək əsas vasitə neft idi. Heydər Əliyev bu amili əsas götürərək, neft potensialından səmərəli istifadə etməyə başlandı. Heydər Əliyevin bu sahədə xüsusi təcrübəsi var idi. Bu təcrübə iri neft müqavilələrinin imzalanmasına gətirib çıxartdı. Müqavilələrə qoşulan şirkətlər həmişə çalışırdılar ki, özlərinin kommerisiya maraqlarını güdsünlər. Amma Heydər Əliyev Azərbaycanın dövlət maraqlarını təmin edə bildi.

Bu müqavilələrdə karbohidrogenlərin həcmi artdıqca, Azərbaycanın da payı artaraq, 50 faizdən 85 faizə qədər yüksəldi. Belə bir metod dünyanın heç bir yerində tətbiq olunmamışdı. Bir sözlə, ulu öndər Heydər Əliyev Azərbaycanın maraqlarını siyasi fəaliyyətində əsas prioritet hesab edirdi.

 

 

Sevinc NƏZƏROVA,

 

Kübra ƏLİYARLI

 

Səs.- 2009.- 19 sentyabr.- S. 10.