Milli Musiqi
Günü qeyd olundu
Üzeyir bəy Azərbaycan musiqisində dönüş yaratmış
dahi bəstəkardır
18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün münasibəti ilə Azərbaycanın bütün musiqi ocaqlarında tədbirlər keçirilir, böyük bəstəkar xatırlanaraq onun keçdiyi sənət yolunun müəyyən məqamları bu məktəbdən yiyələnmiş bəstəkarlar, müğənnilər, musiqişünaslar tərəfindən nəzərdən keçirilərək, professional musiqimizin banisi haqqında xoş sözlər ifadə olunur. Bildiyimiz kimi, ümummilli lider Heydər Əliyevin sərəncamı əsasında qeyd olunan bu bayram həqiqətən musiqisevərlərin böyük sevincinə səbəb olub.
Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O, 20-ci əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirmiş, Azərbaycan və ümumiyyətlə, Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirmişdir. Hacıbəyov həm də böyük musiqişünas alim idi. O, müasir Azərbaycan elmi musiqişünaslığının əsasını qoymuş, musiqiyə dair çoxlu məqalələr yazmış, tədqiqatlar aparmışdır.
İlk olaraq görkəmli siyasət və mədəniyyət xadimləri Fəxri Xiyabanda Üzeyir bəy Hacıbəyovun məzarını ziyarət etdilər.
Təntənəli şəkildə start götürən musiqi bayramının rəsmi açılışı sənətkarın adını daşıdığı Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının qarşısından başlandı. Belə ki, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Dövlət Xor Kapellasının və Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin iştirakı ilə konsert keçirildi.
Gün ərizində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə hazırlanmış tədbirlər planına əsasən, bütün mədəniyyət ocaqlarında Üzeyir bəyin musiqi əsərləri səsləndirildi. Klassik əsərlərin ifası musiqisevərlərə təqdim olundu. “Üzeyir Hacıbəyov. Biblioqrafiya” adlı kitabın təqdimat mərasimi-M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında keçirildi.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Kərimov açaraq, böyük sənətkarın Azərbaycan professional musiqisinə bəxş etdiyi naliyyətlərdən danışdı. Qeyd etdi ki, Üzeyir bəy müxtəlif janrda yazdığı əsərləri ilə musiqi sənətimizə yenilik gətirmiş, onun zənginləşməsinə öz töhfələrini verə bilmişdir. Uzun illər sənət yolunda olan bəstəkar yenilikçilik meyilləri ilə Azərbaycan musiqisinə dünya şöhrəti qazandırmışdır.
Təqdimatı keçirilən
“Üzeyir Hacıbəyov.
Biblioqrafiya” kitabı müasir Azərbaycan
professional musiqi sənətinin
və milli operasının banisi, görkəmli bəstəkar
Üzeyir bəy Hacıbəyovun bütövlükdə
həyat və fəaliyyətini əks etdirən nümunədir.
Kitabda qeyd olunur ki, o, Şuşanın
zəngin musiqi-ifaçılıq
ənənələrini mənimsəmiş,
onun musiqi tərbiyəsinə müstəsna
təsirini göstərmişdir.
O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil almışdır. Onun dünyagörüşünün formalaşmasında seminariya
böyük rol oynamışdır. Məhz
seminariya illərində
Hacıbəyov qabaqcıl
dünya mədəniyyəti
ilə yaxından
Hacıbəyov Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlmiş, Bibiheybət, sonralar isə “Səadət” məktəbində dərs demiş, 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində “Hesab Məsələləri” və “Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti”ni nəşr etdirmişdir. Bədii yaradıcılığa publisistika ilə başlayan Üzeyir bəy o dövrün mətbu orqanları olan “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni İqbal” qəzetlərində və “Molla Nəsrəddin” jurnalında “Ordan-burdan”, “O yan-bu yan” və s. başlıqlar altında “Ü”, “Filankəs”, “Behmankəs” və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirmişdir.
1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası ilə Hacıbəyov təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoymuşdur. 1909-1915-ci illərdə Hacıbəyov bir-birinin ardınca “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşud banu”, “Əsli və Kərəm”, “Harun və Leyla” adlı muğam operalarının librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin “Şahnamə” əsərinin motivləri əsasında yazmışdır. Üzeyir bəy Hacıbəyov həm də musiqili komediya janrının yaradıcısıdır. Onun “Ər və arvad”, “O Olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri əksini tapmışdır.
Tahir Kərimov Hacıbəyovun keçdiyi yola nəzər salaraq 1921-ci ildə Bakıda azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbinin, Azərbaycan Dövlət Türk Musiqi Məktəbinin məhz onun tərəfindən təşkil olunduğunu da bildirdi. 1926-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında fəaliyyət göstərən Hacıbəyov burada nəzəriyyə, harmoniya, Azərbaycan musiqisinin əsasları fənlərindən dərs demiş, konservatoriya yanında ilk çoxsəsli Azərbaycan xor kollektivi yaratmışdır. Hacıbəyovun “Arşın mal alan” musiqili komediyası ingilis, alman, Çin, ərəb, fars, polyak, Ukrayna, belorus, gürcü və s. dillərə tərcümə edilmişdir.
Təqdimat mərasimində çıxış edənlər onun zəngin irsindən musiqili komediyalarından, instrumental müşayiətli xor əsərlərindən, kantatalarından, əsgər marşlarından, orkestr, kamera-instrumental əsərlərindən, xoreoqrafik miniatürlərindən, romans-qəzəllərindən və s. söz açıb, bayram günündə onu yad edib, ruhu qarşısında mənən ona borclu olduqlarını bildirdilər. O da bildirildi ki, Üzeyir Hacıbəyov həm də müstəqil Azərbaycan Respublikasının Dövlət Himninin müəllifidir.
Zümrüd
Səs.- 2009.- 19 sentyabr.- S. 13.