“Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanı
neft-qaz ölkəsi kimi dünyaya tanıtmış oldu
Vahid Əhmədov: “Artıq Azərbaycan
dünyada öz mövqeyi ilə tanınır və ölkəmizin
mövcud mövqeyi ilə bütün dünya
hesablaşır”
Millət vəkili, parlamentin
iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovun
“Səs” qəzetinə müsahibəsi
- Vahid müəllim, “Əsrin müqaviləsi”nin imzalanmasının Azərbaycanın iqtisadi tarixində önəmini necə dəyərləndirirsiniz?
- 18 oktyabr 1991-ci ildə ölkəmiz müstəqillik əldə etdikdən sonra bir sıra beynəlxalq müqavilələr imzalamışdır. Amma “Əsrin müqaviləsi”nin imzalanması məhz Azərbaycan iqtisadiyyatını irəliyə aparan amillərdən biri oldu. Ölkə iqtisadiyyatının dirçəldilməsində və mövcud qlobal maliyyə böhranı şəraitində dövlətin iqtisadi siyasətinin tarazlı qalmasında bu kontraktın böyük əhəmiyyətini qeyd etmək vacibdir. Eyni zamanada, bu kontraktın imzalanmasından sonra ölkəmizin iqtisadi-siyasi mövqeyi və beynəlxalq aləmdə daha da güclənməsi təmin edildi. Bir amili də nəzərə almaq lazımdır ki, “Əsrin müqaviləsi” ölkənin tək iqtisadi perspektivini həll etmədi. Eyni zamanda, siyasi arenada da Azərbaycanın iqtisadi əsaslara söykənən bir dövlət kimi, mövqeyini sübuta yetirdi. Ona görə də, bu kontraktın iqtisadi tərəfləri ilə yanaşı, siyasi əsasları da olduqca böyükdür. Hər kəsin bildiyi kimi həmin dövrlər ölkəmizin müstəqilliyinə qarşı həm xaricdən, həm də daxildən böyük təhlükələr yaradılırdı. Məhz həyata keçirilmiş uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan mövcud təhlükələrdən özünü qoruya bildi və beynəlxalq arenaya öz qapılarını açıq elan etdi. 1994-cü ilin 20 sentyabrında imzalanan “Əsrin müqaviləsi” də bu sıradan atılmış böyük addımlardan biri oldu. Həmin kontraktda iştirak edən şirkətlərin hamısı iri dövlətləri təmsil edirdi. Bu şirkətlər isə Azərbaycanın müstəqilliyini qoruyub saxlanmasında maraqlı olan şirkətlər idi. İkincisi isə iqtisadi cəhətdən bu kontraktın bağlanması və işə düşməsi bundan sonra Azərbaycanda 20-dən çox digər kontraktların bağlanmasına, ölkəmizə milyardlarla vəsaitin investisiya şəklində qoyulmasında şərait yaratmış oldu. Ona görə də, bu kontrakt ümumiyyətlə müstəqil Azərbaycan tarixində, ölkəmizin iqtisadi həyatında çox önəmli kontraktlardan biri hesab olunur. Bu kontrakt həyata keçdikdən sonra digər şirkətlərin də ölkəmizə marağı artdı. Faktiki olaraq həmin dövrlərdə hansısa xarici dövlətlərlə ölkəmizə investisiya qoymaq danışıqlar aparılırdısa, məhz bu kontraktın imzalanmasından sonra Azərbaycana xarici dövlətlərin və şirkətlərin marağı daha da çox oldu. Ölkəmizə investisiya qoyan dövlətlərin sayı getdikcə artmağa başladı. Hətta hal-hazırda davam edən 2008-ci avqust-sentyabr ayından başlanan qlobal maliyyə böhranı dünyanın bütün dövlətlərinə öz mənfi təsirini göstərdi. Amma Azərbaycan bu dövlətlərin arasında ən az qlobal maliyyə böhranına məruz qalan dövlətlərdən biri oldu. Məhz bu beynəlxalq kontraktların bağlanması Azərbaycanın iqtisadiyyatına çox böyük təkan vermiş oldu. Yəni neftin-qazın ixracı, boru kəmərlərinin çəkilməsi, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Ərzurum qaz kəməri və digər iri layihələrin həyata keçirilməsi Azərbaycan üçün bugünkü münbit şəraiti yaratmış oldu.
- Azərbaycanın bir neft ölkəsi olaraq dünya miqyasında tanınmasında “Əsrin müqaviləsi”nin əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Bu kontraktın imzalanmasına qədər Azərbaycan dünyada bir neft ölkəsi kimi tanınırdı. Amma ölkəmiz müstəqilliyə qədər SSRİ daxilində olan bir dövlət olduğu üçün faktiki olaraq beynəlxalq əlaqəsi yox idi. Yalnız SSRİ vasitəsi ilə bu əlaqələr qurulurdu. Amma müstəqillik dövründə məhz “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanı neft-qaz ölkəsi kimi dünyaya tanıtmış oldu. Bir məsələni qeyd etmək lazımdır ki, son illər bir çox dövlətlər səy göstərirlər ki, “Nabucco” layihəsi gerçəkləşsin. Bu layihənin də həyata keçirilməsi üçün Azərbaycanın da burada iştirakı vacib sayılır. Hazırda isə, ümumiyyətlə, Cənubi Qafqazda həyata keçirilən ən iri layihələr Azərbaycan iştirakı olmadan reallaşmır. Yəni neft, qaz ölkəsi kimi artıq Azərbaycan dünyada öz mövqeyi ilə tanınır və ölkəmizin mövcud mövqeyi ilə bütün dünyada hesablaşılır.
- Ölkəmizin əlverişli iqtisadi tərəfdaş kimi tanınmasında “Əsrin müqaviləsi”nin rolunu necə görürsünüz?
- Doğrudur, 1994-cü ilə qədər Azərbaycanın ictimai-siyasi həyatında bir sıra təlatümlər baş verirdi. Ona görə də, heç bir xarici şirkət öz investisiyasını Azərbaycana yatırmaqda maraqlı deyildi. Həmin dövrlər xarici dövlətlər və xarici qüvvələr Azərbaycanın müstəqilliyini istəmirdilər. Amma bu kontrakt fəaliyyətə başladıqdan, ilk neft boru kəmərinə vurulduqdan sonra artıq beynəlxalq maraqlar Azərbaycana cəlb olundu. Beləliklə də, beynəlxalq təşkilatlar Azərbaycanı sabit tərəfdaş kimi qəbul etməyə başladılar. Ölkəmiz iri dövlətlərlə Böyük Britaniya, Fransa, ABŞ, Türkiyə, Rusiya ilə münasibətlər qurmağa başladı. Dövlətimiz ümumilikdə heç bir xarici ölkə ilə münasibətlərin pisləşməsini arzulamır, bunun üçün də balanslı siyasət xətti həyata keçirilir. Bu siyasət isə Azərbaycana fayda gətirir.
- İqtisadi siyasət kursunu müəyyənləşdirən müstəqil dövlətimiz beynəlxalq aləmə müstəqil siyasi mövqeyini də göstərmiş oldu. 1994-cü ildən sonra ölkəmizin beynəlxalq arenada iqtisadi-siyasi göstəricilərini necə dəyərləndirmək olar?
-Ümumiyyətlə, iqtisadiyyatı güclü olan dövlət həmişə siyasi arenada da güclü olur. Yəni iqtisadiyyat güclü olanda dövlət başçısı da qürurla danışır və öz iradələrini də ortaya qoya bilir. Məhz bu kontraktın imzalanması və bundan sonra Azərbaycana daxil olan milyardlarla dollar ölkəmizdə bütün sahələrdə canlanmanın yaranmasına şərait yaratdı. Bu kontraktın imzalanmasından sonra ölkəmizə təxminən 35-40 milyard dollara yaxın vəsait qoyulub. Bu isə Azərbaycan üçün olduqca çox böyük vəsaitdir. Ona görə də, bütün bunların hamısı dünya dövlətləri ölkəmizi arxayın bir tərəfdaş kimi qəbul etməyə başladılar. Məhz bu baxımdan da “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın həyatında iqtisadi, həm siyasi səhnəsində ən önəmli prinsiplərdən biri kimi qiymətləndirilir.
- Dünyada baş verən qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycanın iqtisadi dayanıqlığının qorunub saxlanmasında “Əsrin müqaviləsi”nin rolu mövcuddurmu?
- Azərbaycanın qlobal maliyyə böhranına qarşı dözümlülük nümayiş etdirməsi birbaşa neft-qaz faktoru ilə əlaqəlidir. Yəni bu kontraktlar imzalanmasaydı, ölkəmiz bu gün çox çətin vəziyyətdə qala bilər. Çünki Azərbaycanın dövlət büdcəsinin təxminən 60 faizini neft və qaz satışından əldə olunan vəsait təmin edir. Ona görə də, hər kəsə bəllidir ki, Azərbaycan neft və qaz ölkəsi olduğu üçün qlobal maliyyə böhranı bir o qədər təsir etmədi. Azərbaycanın da iqtisadi siyasəti elə quruldu ki, neftdən və qazdan gələn gəlirlər ölkədə kənd təsərrüfatının və digər sənaye sahələrinin inkişafına yönəldildi. Dünyada baş verən qlobal maliyyə böhranı hələ müəyyən bir dövr davam edəcəyindən, ölkəmizdə iqtisadi tarazlı siyasət daha da möhkəmləndirilir. Ölkəmizin əsas məqsədi neftdən, qazdan gələn vəsaitin qeyri-neft sektorunun inkişafına yönəltməkdən ibarətdir.
- Ölkəmizdə qeyri-neft sektorunun inkişaf perspektivlərini nədə görürsünüz?
- Prezident İlham Əliyev ölkədə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar olaraq, sərəncamlar verir və ən zəruri addımlar atır. Ölkəmizin neft və qaz ölkəsi olmasına baxmayaraq, kənd təsərrüfatının, sənaye sahələrinin inkişafı da əsas prioritet məsələlər kimi qarşıya qoyulur. Bütün bunlara baxmayaraq, ölkəmizin əsas gəlir mənbəyi neft və qaz faktorudur. Amma hazırda həyata keçirilən siyasət ölkəmizin neft və qaz faktorundan asılılığının aradan qaldırılmasını əsaslandırır. Çünki bunların ixracı və bu ixracla əlaqədar təhlükəsizlik tədbirləri və digər problemlər meydana çıxa bilər. İkinci bir tərəfdən isə Azərbaycan Ermənistanla müharibə şəraitindədir. Ona görə də, ölkəmizin təhlükəsiz bir dövlət olması üçün qeyri-neft sektorunun inkişafına böyük önəm verilir. Məhz 2004-2008-ci illəri əhatə edən “Regionların Sosial-İqtisadi İnkişafına dair Dövlət Proqramı”nda da qeyri-neft sektorunun inkişafını daha da sürətləndirmiş oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2004-2008-ci illəri əhatə edən “Regionların Sosial-İqtisadi İnkişafına dair Dövlət Proqramı”nın yekunlarına dair “Gülüstan” Sarayında keçirilən iclasda da cənab Prezident qeyd etdi ki, “Azərbaycanda ən əsası iki ciddi problem mövcuddur. Bunları həll etmək lazımdır. Birincisi qeyri-neft sektorunun inkişafı, ikincisi ərzaq təhlükəsizliyinin təmin edilməsi”. Ona görə də, bu gün ölkəmizdə bu istiqamətdə atılan addımlar məhz qeyri-neft sektorunun inkişafı ilə yanaşı ərzaq təhlükəsizilyi məsələsinin də tam həll edilməsini labüdləşdirir.
- 2009-2013-cü illəri əhatə edən “Regionların Sosial-İqtisadi İnkişafı” ilə bağlı ikinci Dövlət Proqramının da artıq icrasına başlanılıb. Ümumiyyətlə, bu iqtisadi platformalar ölkəmizin gələcək iqtisadi potensialı üçün nələr vəd edir?
- Ümumiyyətlə, 2004-2008-ci illəri əhatə edən “Regionların Sosial-İqtisadi İnkişafına dair Dövlət Proqramı”nın böyük əhəmiyyəti oldu. Ölkəmizin regionlarında yeni iş yerlərinin yaradılması, infrastruktur layihələrinin həyata keçirilməsi ən ümdə məsələlərdən biri kimi qiymətləndirilir. “Regionların Sosial-İqtisadi İnkişafına dair İkinci Dövlət Proqramı”nda da ölkəmizin hərtərəfli inkişaf konsepsiyası nəzərdə tutulub. İnanırıq ki, bu proqram da uğurla nəticələnəcək və regionlarda yaşayış səviyyəsinin daha da yüksəlməsinə zəmin yaradacaqdır.
Tapdıq QURBANLI
Səs.- 2009.- 24 sentyabr.- S. 7.