Dövlət Proqramının icrası regionların inkişafını sürətləndirir

 

Arif Rəhimzadə: “Dövlət proqramları hesabına böyük işlər planlaşdırılır, ölkənin maliyyə imkanları, kadr potensialı və s. götür-qoy edilir və onlar icra olunur “

 

Ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq ediməsi barədə imzaladığı fərman bölgələrin inkişafı istiqamətində atılan mühüm addımlar sırasındadır. Məlumdur ki, bu Dövlət Proqramı ölkə Prezidenti tərəfindən imzalanan 2004-2008-ci illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının növbəti mərhələsidir. Bu proqramın həyata keçirilməsi ölkədə iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olmaq məqsədi daşıyır.

Proqram nəticəsində ötən beş il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 27,5 mindən çox yeni müəssisə yaradılıb, 547,5 min daimi yeni iş yeri açılıb, yoxsulluğun səviyyəsi 13,2 faizədək azalıb. Bu müddətdə ümumi daxili məhsulun real həcmi 2,6 dəfə, qeyri-neft sektorunda məhsul istehsalı 1,8 dəfə artıb, iqtisadiyyatın bütün sahələrində dinamik artım müşahidə edilib, o cümlədən, sənaye istehsalı 2,5 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 25,2 faiz, əhalinin gəlirləri 4 dəfə artıb.

Sənəddə də qeyd olunduğu kimi, dövlətin başlıca məqsədi regionların mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirməkdir.

“Səs” qəzetinə açıqlama verən Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadənin sözlərinə görə, bu proqram Azərbaycan iqtisadiyyatının inkişafında çox vacib bir amildir. Komitə sədri bildirdi ki, Azərbaycanda regionların sosial - iqtisadi inkişafı ilə bağlı Prezident İlham Əliyevin tərəfindən təsdiq olunan bu proqramlar çox uğurlu proqramlardır. Bu proqramların hesabına perspektiv nəzərə alınmaqla böyük işlər planlaşdırılır, ölkənin maliyyə imkanları, kadr potensialı və s. götür-qoy edilir və onlar icra olunur: “Proqramlar çox böyük uğurla həyata keçirilir. Bu nöqteyi-nəzərdən, sosial-iqtisadi inkişafı nəzərdə tutan proqramların icrasını müsbət qiymətləndirirəm. Bu proqramlar Azərbaycanın bir çox vacib məsələlərini həll edən və gələcək üçün perspektivi olan dövlət sənədləridir”.

A.Rəhimzadənin fikrincə, dünyada hökm sürən maliyyə böhranı ilə əlaqədar olaraq bu proqramda nəzərdə tutulan hər hansı bir tədbirin təxirə salınması mümkün deyil. Yəni, qlobal maliyyə böhranı ilə bağlı olaraq sözügedən Dövlət Proqramında hər hansı bir məsələ təxirə salınmayıb: “Bu proqramın icrası üçün Azərbaycanın kifayət qədər imkanı var. Bu imkanlar çərçivəsində də proqram icra olunur. Hesab edirəm ki, bu proses bundan sonra da bu cür davam edəcək. Eyni zamanda, maliyyə böhranının mövqeyi zəifləyir”.

 

 

Kübra ƏLİYARLI

 

Səs.- 2009.- 24 sentyabr.- S. 7.