İsa Həbibbəyli
- 60
Alim ömrü hər ömürdən
nurludur
İnsan həyatı
ilin bütün fəsilləri kimidir, həm
güllü-çiçəkli, həm də
qarlı-çovğunlu. Xalqımızın tarixində
elimizin gözəl, unudulmaz adət-ənənələri
var. Hər yerdə alimə hörmət, onun göstərişlərinə
və nəsihətlərinə əməl etmək hər
birimizin müqəddəs borcudur. Belə alimlərdən biri
bu gün həm respublikamızda, həm də bir çox
xarici ölkələrdə tanınmış, hər yerdə
dərin hörmət və ehtiramla qarşılanan,
özü də son dərəcə qayğıkeş,
xoşxasiyyət, xeyirxah insan, alovlu vətənpərvər,
elini-obasını çılğın bir məhəbbətlə
sevən, xalqımızın adət-ənənələrinə
dərindən bələd olan, akademik İsa Həbibbəylidir.
O, 1949-cu il oktyabrın
16-da Naxçıvan Muxtar Respublikasının Şərur
rayonunun Danzik kəndində tanınmış, el-obasında
xüsusi hörmət qazanmış Əkbər müəllimin
ailəsində dünyaya göz açıb.
İsa Həbibbəyli
Şərur rayonunun Oğlanqala kənd orta məktəbində
oxuyarkən divar qəzetlərinə məqalə yazmaqla ilk
addımlarını atıb. Çox keçmir ki, onun
imzası respublika mətbuatında tez-tez görünür.
İsa Həbibbəylinin
fəaliyyəti 1967-ci ildən Naxçıvan Dövlət
Pedaqoji İnstitutunda tələbəlik illərindən Tələbə
Elmi Cəmiyyətinin sədri olduğu vaxtdan, eləcə də
elmi konfranslarda məruzələrlə çıxış
etdikdən və mərkəzi mətbuatda
çıxışlarından müəllimlərinin nəzər-diqqətini
cəlb edir. Hələ 21 yaşı olanda, o, 1970-ci ildə
akademik Məmməd Cəfər Cəfərovla tanış
olur və onun xeyir-duası ilə qəti şəkildə
elmi yolu seçir.
İsa Həbibbəyli
1971-ci ildə NDU-nu fərqlənmə diplomu ilə başa
vurub doğma kəndinə dönür, müəllimlik edir. Ancaq
onu narahat edən elmin yüksəliş yolu idi. Odur ki, bu istək
və arzu onu yenidən 1975-ci ildə NDU-ya, sevimli müəllimlərinin
sırasına gətirir və taleyini, varlığını
həmişəlik olaraq bu elmi məbədgaha bağlayır.
1980-ci ildə isə Bakıda Nizami adına Ədəbiyyat
İnstitutunda ixtisaslaşdırılmış şurada “XX əsrin
əvvəlləri Azərbaycan romantik lirikası”
mövzusunda namizədlik dissertasiyasını uğurla
müdafiə edir. 1982-ci ildə isə doktorluq
dissertasiyası üçün gecəli-gündüzlü
inadcıl axtarışlara başlayır. Bu elmi
axtarışlar üçün İsa Həbibbəyli
Moskva, Sankt-Peterburq, Kiyev, Tiflis, Odessa, Yasnaya Polyana, Qori, Ankara, Ərzurum,
Təbriz kimi şəhərlərin arxiv və muzeylərində,
kitabxanalarında, arxivşünaslıq fəaliyyətini
davam və uğurlu nəticələr nəticəsində,
o, 1984-cü ildə C.Məmmədquluzadənin “Ər” pyesini,
“Lənət” və “Oyunbazlar” adlı səhnəciklərini
aşkara çıxarır. Bunlardan başqa dünyanın
müxtəlif ölkələrində yaşamış Mirzə
Cəlilin nəslinin yadigarları - Midhət, Teymur İrena
Cavanşirilər, Məhini tanıdan da İsa Həbibbəylidir.
Topladığı dəyərli
tədqiqat işlərinin yekunu olaraq, İsa Həbibbəyli
1996-cı ildə “Cəlil Məmmədquluzadə mühiti və
müasirləri” mövzusunda doktorluq dissertasiyasını
müvəffəqiyyətlə müdafiə edir. Ulu peyğəmbərimiz
alimlərə yüksək qiymət verərək deyib:
“Elmindən fayda gələn alim min abiddən
üstündür. Elm öyrənən islamın
dayağıdır”. İsa Həbibbəyli də bunu
yaxşı başa düşür ki, alimin elmindən
bütün xalq və ziyalı faydalanır.
İsa Həbibbəylinin
qiymətli elmi yeniliklərlə, nadir arxiv sənədləri
ilə zəngin olan tədqiqat işləri öz əhəmiyyəti
və elmi qənaətləri ilə seçilir və alimlər
tərəfindən çox yüksək qiymətləndirilir.
Əlbəttə ki, bu elmi araşdırmalar onun zəhmət
dolu şərəfli, zəhmət bahasına alınan
ömür yolunun bəhrələridir. Odur ki, atalar demişkən:
“Alim unudar, qələm unutmaz”. İsa Həbibbəylinin
aşkar etdiyi, xalqına çatdırdığı elmi
yeniliklər heç vaxt unudulan deyil.
1992-ci ildən
başlayaraq İsa Həbibbəylinin elmi-pedaqoji fəaliyyəti
daha yüksək zirvələrə qalxır. Yəni 1992-ci
ildə o, ADU-nun elmi işlər üzrə prorektoru vəzifəsinə
irəli çəkilir. Bu işdə yaxşı nəticələr
əldə edir. Belə ki, universitetdə aspirant şöbəsinin
yaranmasına və dissertantların cəlb olunmasına, o
cümlədən, universitetdə müxtəlif
strukturların inkişafına nail olur. 16 oktyabr 1996-cı ildən
İsa Həbibbəyli NDU-ya rəhbərliyə təyin
edilir və ömrünü bu ali təhsil ocağına
bağlayır. Onun bu ali təhsil ocağındakı zəhmətkeş
və təşəbbüskar rektorluq fəaliyyəti
xalqımızın ümummilli lideri, dahi Heydər Əliyevin
respublikamıza rəhbərlik etdiyi və təhsilin tərəqqisinə
göstərdiyi diqqət və qayğı NDU-nun
inkişafında öz əksini tapır. İsa Həbibbəyli
bu təhsil ocağındakı fəaliyyətində dövlətçilik
mövqeyini dəstəkləyir, dahi öndərin
böyük ideyalarını NDU-da gerçəkləşdirir.
Rektor kimi onun dövlət qurumları ilə qurduğu
etibarlı dialoqları kollektivdə sağlam sabitlik,
işgüzarlıq bizi ürəkdən sevindirir. Çünki
akademikin fədakar, yorulmaq bilməyən zəhməti ilə
Naxçıvanda hərtərəfli şəkildə
inkişaf etmiş bir universitet formalaşıb.
Avropa Rektorlar Klubunun və
Asiya Universitetləri Assosiasiyasının üzvü, Beynəlxalq
Sosial Əməkdaşlıq Konsepsiyasının “Minilliyin
universiteti” kimi beynəlxalq mükafatlara layiq görülən
NDU məhz onun təhsil tariximizə dövlətin
böyük qayğısı ilə yazdığı şah
əsəridir. Akademik İsa Həbibbəyli universitetdə oxuyan tələbələrin,
müəllimlərin və bütün əməkdaşların
ən yaxın məsləhətçisi, arxa və
dayağıdır. O, AUB-nin və AJB-nin üzvü kimi elmə
olan sonsuz məhəbbəti ilə elmin tərəqqisi
uğrunda filoloq-alim kimi çox əmək sərf edir, elmi
yenilikləri ilə hamını sevindirir.
Bu tərəqqi və
yenilikləri XX əsr ədəbi-ictimai fikrin C.Məmmədquluzadə,
Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhhət,
Abdulla Şaiq, Əlibəy Hüseynzadə,
M.Şahtaxtlı, Səməd Vurğun, Məhəmməd
Şəhriyar, Mir Cəlal kimi simaların müasir ədəbi
prosesin xalq yazıçısı Anar, Əkrəm Əylisli,
Məmməd Araz kimi nümayəndələrinin
yaradıcılığı onun əsərlərində
layiqli qiymətini alıb. Akademik İsa Həbibbəyli
respublikamızda və beynəlxalq aləmdə ciddi elm xadimi,
bacarıqlı təşkilatçılıq qabiliyyətinə
malik ali məktəb rəhbəri kimi tanınır. Ulu
peyğəmbərimizin dediyi kimi: “Alimlər dünyanın
çırağı, axirətin nurudurlar”.
O, Təhsil Nazirliyi
üzrə Rektorlar Şurasının Azərbaycan Milli
Ensiklopediyasının “Naxçıvan”, “Cəlil Məmmədquluzadə”
və “Hüseyn Cavid” ensiklopediyasının respublikamızda və
Türkiyədə nəşr olunan, o cümlədən, bir
çox mətbuat orqanlarının üzvü və baş
redaktorudur.
Bir alim kimi İsa Həbibbəyli
Azərbaycan nümayəndə heyətinin tərkibində
İraqda keçirilən Füzuli günlərində,
İranın Marağa şəhərində keçirilən
beynəlxalq Əhvədi konqresinin, Şimali Kipr Türk
Cümhuriyyətində keçirilən III uluslararası
Atatürk simpoziumunun, Başqırdıstanda
türkoloqların beynəlxalq konqresinin, Fransada YUNESKO-nun iqamətgahında
keçirilən Dədə-Qorqud günlərinin Türkiyədə
keçirilən elmi konfrans və simpoziumlarında elmimizi
layiqincə təmsil edir. Bir şəxsiyyət kimi, İsa Həbibbəyli
harada olursa-olsun, vətənə məhəbbət və
yurdunun sevgisini ürəyində yaşadır. O, fəxr edir
ki, Azərbaycan torpağının alim-oğludur. Azərbaycan
torpağının alim oğlu bir çox beynəlxalq, xarici
ölkələrin ali təhsil ocaqlarının - 1999-cu ildə
Atatürk Araşdırma Mərkəzi üzrə Atatürk
Kültür, Dil və Tarix Qurumunun müxbir üzvü,
Nyu-York EA-nın həqiqi üzvü və Dünya Azərbaycanlılarının
Əlaqələndirmə Şurası İdarə Heyətinin
üzvü, 2003-cü ildə AMEA-nın həqiqi
üzvü, 2006-cı ildə Birləşmiş Millətlər
Təşkilatı yanında fəaliyyət göstərən
Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi
üzvü seçilib.
Akademik İsa Həbibbəylinin
fəaliyyəti həm də ictimai xadim kimi
respublikamızın ictimai-siyasi həyatında fəal
iştirak etməsi kimi də qiymətlidir. Belə ki, o,
1998-ci ildə ümummilli lider Heydər Əliyevin Azərbaycanda
prezident seçkilərində 2008-ci ildə İlham Əliyevin
vəkili kimi MR-də geniş ictimai iş aparıb. O, iki
çağırış Naxçıvan Ali Məclisin
deputatı seçilib, 2005-ci ildən isə AR Milli Məclisinin
deputatı kimi təhsilin inkişafı yolunda əzmlə fəaliyyət
göstərir. İsa Həbibbəyli bir alim və dövlət
xadimi kimi milli ədəbiyyatımıza qiymətli töhfələr
verən və ictimai fikrin təbliğində özünə
layiqli yer tutan ictimai xadimdir. Onun əməyi dövlətimiz tərəfindən
yüksək qiymətləndirilib. Belə ki, 1999-cu ildə “Əməkdar
elm xadimi”, 2007-ci ildə “Şöhrət” ordeni və 2009-cu
ilin avqust ayında “Şərəf” ordeni ilə təltif olunub.
2009-cu ildə “XX-XXI əsr yaradıcı ziyalıları”
ensiklopediyasında layiqli yer tutub. Bu günlərdə akademik
İsa Həbibbəyli Avrasiya Dostluq, Sənət, Mədəniyyət
və Turizm qurumunun mədəniyyət mükafatına layiq
görülüb.
Akademik İ.Həbibbəylinin
zəngin və mənalı həyat yolu bugünkü gənclər
üçün layiqli həyat məktəbidir. Xalqın məhəbbətini,
sevgisini qazanan akademik İsa Həbibbəyli ilə
hamımız fəxr edirik. İnanırıq ki, 60
yaşın işığında bu fədakar elm adamı hələ
bundan sonra da fəaliyyətini yüksək intellektual səviyyədə
davam etdirib, mədəniyyətimizə, tariximizə qiymətli
töhfələr verəcək.
Hacı Tofiq SEYİDOV
Səs.- 2009.- 24 sentyabr.-
S. 9.