Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri genişlənir

 

YAP İcra katibinin müavini,millət vəkili Mübariz Qurbanlının yap.org.az-a müsahibəsi

 

- Mübariz müəllim, bu günlərdə Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ASPBK) 5-ci Baş Assambleyasında iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astana şəhərində olmuşdur. Ümumiyyətlə, bu təşkilatın fəaliyyəti və siyasi partiyaların əməkdaşlığı prosesində rolu barədə nə deyə bilərsiniz?

- Beynəlxalq aləmdə siyasi partiyaların müxtəlif formada birlikləri vardır. Asiya ölkələrinin də siyasi partiyalarını özündə birləşdirən bir qurumun olması zərurəti ortaya çıxıb və nəticədə bu təşkilat təsis edilib. ASPBK-nın birinci Baş Assambleyası 2000-ci ildə Filippinin paytaxtı Manila şəhərində keçirilib. Bu tədbirdə Asiya ölkələrindən 20 dövlətin 46 siyasi partiyası iştirak edib. İkinci tədbir 26 ölkədən 76 siyasi partiyanın iştirakı ilə Taylandın paytaxtı Bankoqda, üçüncü Baş Assambleya 32 ölkədən 82 siyasi partiyanın iştirakı ilə Çinin paytaxtı Pekində, dördüncü Baş Assambleya isə 2006-cı ildə Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçirilib. Beşinci Baş Assambleya 2008-ci ildə Pakistanda nəzərdə tutulsa da, Mariot otelində baş verən terror hadisəsi ilə əlaqədar olaraq tədbir 2009-cu ilə keçirilmişdi. Və bir neçə gün öncə Astanada baş tutan beşinci Baş Assambleyada YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədovun başçılığı ilə partiyanın nümayəndə heyəti iştirak etdi.

- YAP bu qurumun tədbirlərində ilk dəfə nə vaxt iştirak edib? Təşkilatla əməkdaşlığın prioritetləri nədən ibarətdir?

- YAP ilk dəfə olaraq, təşkilatın tədbirinə Pekində qatılıb. Partiyamız həmin vaxtdan etibarən ASPBK-nın müxtəlif tədbirlərində iştirak etməkdədir. Onu da bildirim ki, Baş Assambleyanın iclaslarının iki ildən bir quruma üzv olan ölkələrdə keçirilməsi nəzərdə tutulur. Bu iki il ərzində isə təşkilatın bir sıra tədbirləri keçirilir. Bütün tədbirlərdə YAP nümayəndələri iştirak edirlər. Hər dəfə toplantılarda müxtəlif sənədlər qəbul olunur, hesabatlar dinlənilir və sonda yekun bəyannamə qəbul edilir.

Sənədlərdə Asiya qitəsində mövcud olan münaqişələr, onların həllinin zəruriliyi və bu münaqişələrin həllində siyasi partiyaların rolu məsələləri də əksini tapır. Qeyd edim ki, 2006-cı ildə dördüncü Baş Assambleyanın Seulda keçirilən iclasında YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov Ermənistanın Azərbaycan təcavüzü və münaqişənin həlli yollarının bu qurumda da müzakirə edilməsini təklif etmişdi.

Təklifin nəticəsi olaraq 5-ci Baş Assambleyanın iclasına qurumun təqdim olunan hesabatında konfransın prioritetləri sırasında Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə və ədalətli həllinə çağırış da öz əksini tapmışdır. Bu, YAP-ın uğurudur və bu məsələ növbəti mərhələlərdə də qurumun qəbul etdiyi sənədlərdə əksini tapacaq. Hesab edirəm ki, bu, Ermənistanın işğalçı siyasətinin Asiya ölkələrinin ictimai rəyinə catdırılması baxımından əhəmiyyətlidir.

- Astanada başqa hansı məsələlər müzakirə olundu? YAP-ın nümayəndə heyətinin bu Assambleyadakı iştirakını necə dəyərləndirmək olar?

- ASPBK-nın 5-ci Baş Assambleyasının iclasında Asiyanın 40 ölkəsini təmsil edən 70-dən çox nümayəndə heyətinin qatıldığı konfransda dünya iqtisadi böhranının həlli yolları və onun nəticələri, gənc siyasi liderlərin və qadınların ictimai həyatdakı rolunun artırılması kimi mövzular müzakirə olunmuşdur. Gündəlikdə olan məsələlərin müzakirəsində YAP nümayəndə heyətinin üzvləri fəal iştirak etmişdir. Tədbirdə Asiya ölkələrinin aparıcı siyasi partiyaları ilə bərabər bir sıra beynəlxalq təşkilatların nümayəndələri də iştirak edirdilər. Göründüyü kimi ildən-ilə bu qurumda iştirakçıların sayı artmaqdadır. Onu da vurğulamaq yerinə düşər ki, Astanada keçirilən bu toplantı həm Qazaxıstan, həm də Asiya ölkələri üçün əhəmiyyətli bir hadisə idi. Bir sözlə, 5-ci Baş Assambleyanın iclasında ciddi müzakirələr aparıldı və müzakirələrin gedişində “Asiyanın yenidən qurulması” adlı bəyannamə qəbul edildi. Həmin bəyannamədə müzakirə olunan mövzulara uyğun ümumi prinsiplər öz əksini tapır. Sənəddə qadınların siyasi proseslərdə fəallığının artırılmasının əhəmiyyəti qeyd olunur. Təbii ki, bu məsələ Asiya ölkələri üçün daha çox aktualdır. Çünki Asiyada qadınların siyasi proseslərdə iştirakı zəifdir. Yeri gəlmişkən, qadınların siyasi proseslərdə iştirakı baxımından dövlətimiz Asiya ölkələrindən öndədir. Qəbul olunmuş bəyannamədə həmçinin, gənclərin siyasi fəallığının artırılması, dünya iqtisadi böhranının aradan qaldırılması istiqamətində siyasi partiyalarla əməkdaşlıq və s. məsələlər də öz əksini tapmışdır. Ümumiyyətlə, bu tədbiri önəmli bir hadisə hesab edirik.

- Siz YAP-ın beynəlxalq əlaqələrinə toxundunuz. Hazırda YAP bir sıra ölkələrin siyasi partiyaları və beynəlxlaq təşkilatlarla əməkdaşlıq edir. Bu tədbirdə iştirak da YAP-ın beynəlxalq əlaqələrinin ildən-ildən möhkəmlənməsinin göstəricisidir...

- YAP həm digər ölkələrin partiyaları ilə ikitərəfli əlaqələrə, həm də beynəlxalq müstəvidə əməkdaşlığa böyük önəm verir. YAP-ın beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirakı intensiv xarakter alıb. O cümlədən, Avropa ölkələrində keçirilən tədbirlərdə partiyamızın nümayəndələri fəal iştirak edirlər. Bu sırada Avropa Xalq Partiyası ilə əməkdaşlığı xüsusi vurğulamaq istəyirəm. Eyni zamanda, YAP-ın təşəbbüsü ilə Bakı şəhərində bir sıra beynəlxalq tədbirlər də keçirilib. Bütün bunlar Perzident İlham Əliyevin rəhbəriliyi ilə Azərbaycanın inkişafının məntiqi nəticəsidir. Bu inkişafa uyğun olaraq, YAP beynəlxalq qurumlarla əlaqələri, ikitərəfli münasibətləri genişləndirir. Beynəlxalq əlaqələrimiz bir sıra ölkələrin partiyaları ilə daha sıxdır. Müxtəlif sənədlər imzalamışıq və bu istiqamətdə işlərimiz davam edir.

- Yeri gəlmişkən, Qazaxıstana səfəriniz çərçivəsində bu ölkədə fəaliyyət göstərən siyasi partiyaların təmsilçiləri ilə də görüşləriniz oldumu?

- Bəli, Astanaya, bu konfransa dəvət alarkən, eyni zamanda proqramda Qazaxıstanın aparıcı siyasi partiyası olan “Nur Otan” Xalq Demokratik Partiyası ilə ikitərəfli əlaqələrin daha da genişləndirilməsi və dərinləşdirilməsini özündə əks etdirən Memorandum imzalanması nəzərdə tutulurdu. Səfər çərçivəsində sentyabrın 25-də “Nur Otan” Partiyanın mərkəzi qərargahında “Nur Otan” Partyası ilə YAP arasında ikitərəfli əməkdaşlığı özündə əks etdirən Memorandumun imzalanması mərasimi keçirildi. Sənədi YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov və “Nur Otan” Partiyasının sədr müavini Darhan Kaletayev imzaladılar. Mərasimdə YAP nümayəndə heyəti, o cümlədən, Azərbaycanın Qazaxıstanda səfiri Lətif Qəndilov və “Nur Otan” Partiyasının parlamentdə təmsil olunan deputatları iştirak edirdilər. Qeyd edim ki, bu mərasimə Qazaxıstan mediasının da böyük diqqət göstərdiyinin şahidi olduq.

- Bu sənəd əməkdaşlığın hansı istiqamətlərini nəzərdə tutur?

- Bu Memorandumun imzalanması “Nur Otan”la əlaqələrimizin daha da genişləndirilməsinə və dərinləşdirilməsinə təsirini göstərəcəkdir. Nəzərdə tutulur ki, “Nur Otan” Partiyasının nümayəndə heyəti Azərbaycana gəlsin. Partiyaların gənclər birlikləri arasında əlaqələrin intensivləşdirilməsi, birgə tədbirlərin keçirilməsi də nəzərdə tutulur. Həmçinin, bir sıra digər istiqamətlərdə əlaqələrin genişləndirilməsi də sənəddə əksini tapır. Bilirsiniz ki, “Nur Otan” Qazaxıstanın hakim partiyasıdır və onun sədri Prezident Nursultan Nazarbayevdir.

- Ümumiyyətlə, Qazaxıstanla ölkəmizin əlaqələri haqqında nə deyə bilərsiniz? İki dövlət arasında münasibətlərin mövcud durumu qane edicidirmi?

- Bu gün Qazaxıstan Orta Asiyanın sürətlə inkişaf etməkdə olan ölkəsidir və dünyada özünəməxsus nüfuzu vardır. Bilirsiniz ki, 2010-cu ildə Qazaxıstan ATƏT-ə sədrlik edəcək. Həm bu ölkənin, həm də Azərbaycanın artan nüfuzu dövlətlərimiz arasında ikitərəfli əlaqələrin daha da genişlənməsinə və inkişafına təkan vermişdir. Qazaxıstanda ümummilli lider Heydər Əliyevə ehtiram böyükdür. Eyni zamanda, bu ölkədə Prezident İlham Əliyevin ikitərəfli münasibətlərin inkişafında və türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində fəaliyyətinin təqdir olunduğunu müşahidə etdik. İki dövlət arasında əlaqələr yüksək xətlə inkişaf edir. Qazaxıstanın prezidenti Nursultan Nazarbayevin Azərbaycana gözlənilən səfəri isə əlaqələrimizin inkişafında növbəti mərhələ olacaq.

Eyni zamanda, Azərbaycanın Türk dünyasında da rolu və nüfuzu artmaqdadır. Yaxın zamanlarda Azərbaycanda türkdilli Ölkələrin Dövlət Başçılarının görüşü keçirilməsi də bunun təsdiqidir.

 

 

Mübariz Qurbanlı

 

Səs.- 2009.- 29 sentyabr.- S. 6.