Regionlar dinamik şəkildə inkişaf edir

 

Naftalanda aparılan quruculuq-abadlıq işləri rayonu gözəllik diyarına çevirib

 

Son illər ölkə başçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu siyasətin nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib. Bu proses bu gün də davam etməkdədir. Məhz bütün bunların nəticəsidir ki, respublikamız regionun lider ölkəsinə çevrilib. Bu baxımdan, Naftalan rayonunda aparılan quruculuq-abadlıq işləri rayonu gözəlliklər diyarına çevirib.  YAP Siyasi Şurasının üzvü, Naftalan şəhər icra hakimiyyətinin başçısı Musa Musayev rayonda aparılan quruculuq və abadlıq işlərinin sürətlə davam etdiyini bildirdi:

- Qeyd edim ki, Naftalan şəhəri 1967-ci il aprelin 28-də yaranıb və respublika tabeli şəhər statuslu olub. Naftalan bu gün dünyada ən məşhur kurort şəhəri kimi tanınır. Müxtəlif xəstəliklərdən əziyyət çəkənlər Naftalan şəhərinə gəlməklə öz dərdlərinə şəfa tapırlar. Ümumiyyətlə, keçmiş sovet dönəmində Naftalan bir kurort şəhəri kimi çox məşhur olub. Deyilənlərə görə, Naftalan şəhərinə ildə 70-80 mindən artıq insan müalicə almaq və istirahət etmək üçün gələrdi. Amma 1991-ci ildə müstəqillik əldə olunduqdan sonra respublikada rəhbərliyin səriştəsiz siyasətçilərin əlinə keçməsi nəticəsində bu cür gəlirli kurort və turizm xarakterli şəhər və rayonlarımız baxımsızlıqdan məhv olurdu. Lakin ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə ölkədə vəziyyət kökündən dəyişdi. Hazırda isə, ulu öndərimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində digər yerlər kimi Naftalan şəhəri də abadlaşıb, inkişaf edib və dünyaşöhrətli kurort şəhərinə çevrilib. Məlum olduğu kimi, Naftalan tarixən sanatoriya-kurort şəhəri kimi məşhurdur, ona görə də, yaxşı olar ki, son illər bu istiqamətdə görülmüş işlərdən danışaq. Belə ki, Naftalanda ilk özəl müalicə və sağlamlıq mərkəzinin bünövrəsi 2004-cü ildə qoyuldu. Son vaxtlar Naftalanda azad sahibkarlığın, özəl bölmənin sürətli inkişafı üçün hər cür şərait yaradılıbdır. Təsadüfi deyil ki, təkcə son 3 ildə burada 3 müalicə və sağlamlıq mərkəzi tikilib istifadəyə verilib. Bundan başqa, hazırda özəl müalicə ocağının tikintisi sürətlə davam etdirilir. Qeyd edim ki, Naftalan Müalicə və Sağlamlıq Mərkəzi yüksək zövq və səliqə ilə tikilib, müasir standartlara tam cavab verir. 3 yaşayış və müalicə korpusu, poliklinika, yeməkxana, idman zalı var. Həyətdə əkilmiş müxtəlif ağaclar, güllər adamda xoş duyğular yaradır, bura qədəm basan hər kəsdə unudulmaz təəssürat doğurur. Öyrəndik ki, sağlamlıq mərkəzində 70 nəfər daimi işlə təmin olunubdur. Mövsümi işlərlə əlaqədar isə onların sayı xeyli artır.

Naftalan şəhərinin sakinlərinin yaddaşında qalan tarixi hadisə ölkə Prezidenti İlham Əliyevin 2008-ci il mart ayının 3-də şəhərimizə etdiyi səfəri oldu. Bu gün də bütün ictimaiyyət bu tarixi günün xoş duyğuları ilə yaşayırlar. Ölkə başçısının ictimaiyyətlə görüşü, insanlara diqqət və qayğısı, məsləhət və tövsiyələri bu gün işimizi daha yaxşı qurmaqda bizə çox kömək etdi. Elə bu sevincin nəticəsidir ki, şəhərimiz günbəgün gözəlləşir, yeni şəfa ocaqları tikilir. Onu da deyim ki, şəhərimizdə fəaliyyət göstərən şəfa ocaqlarımıza təkcə respublika əhalisi gəlmir, eyni zamanda, Rusiyadan, Polşadan, Almaniyadan, Fransadan, İrandan və başqa ölkələrdən də insanlar gəlir. Çünki Naftalan neftinin tətbiqi 70-dən çox, o cümlədən, sümük-əzələ sistemi, periferik sümük və damar, ginekoloji, dəri, xroniki prostatitlər və başqa xəstəliklərin uğurlu müalicəsinə imkan verir. Şəfa ocaqlarımızda Naftalan vannaları və yaxmaları, yod-bromlu su vannaları, parafinlə müalicə, masaj, sualtı dartırma və başqa kabinetlər, diaqnostika, biokimyəvi laboratoriyalar fəaliyyət göstərir.

Yerli gəlirlər artır: Ötən müddət Naftalan şəhərinin bütün sahələri üçün uğurlu olub. Prezident İlham Əliyevin 2008-ci il mart ayının 3-də Naftalan şəhərinə səfəri dünyaşöhrətli kurort şəhərinin yenidən qurulmasına ciddi təkan verib. Ölkə Prezidentinin 6 mart 2008-ci il tarixli “Naftalan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, şəhərin sosial-iqtisadi inkişafı üçün bir milyon manat vəsait ayrılıb. Bu vəsait hesabına şəhərin girişindən Heydər Əliyev Parkına kimi istinad divarları tikilib. Eləcə də, Heydər Əliyev parkı tamamilə yenidən qurulub. Şəhərin yerli büdcəsinin gəlir və xərcləri də 2003-cü illə müqayisədə dəfələrlə artıb. Belə ki, 2003-cü illə müqayisədə yerli gəlirlərin həcmi 8 dəfə artaraq, 2003-cü ildəki 97 min manata qarşı 2008-ci ildə 798 min manat, xərclər üzrə isə 7,5 dəfə artaraq 450 min manat qarşı 3,112 min manat olub. 2007-ci ildə şəhərin büdcəsinin xərcləri 1,380578 manat olduğu halda, bu rəqəm 2008-ci ildə 3,112449 manat olub. Şəhər üzrə Məşğulluq Mərkəzi tərəfindən əmək ehtiyatlarından da səmərəli istifadə edilib. İl ərzində işsiz kimi qeydiyyata alınmış 215 nəfərdən 184-ü işlə təmin edilib, 10 nəfərinə işsiz statusu verilib. 2007-ci ilə nisbətən 2008-ci ildə şəhər üzrə sənaye məhsullarının həcmi 124,2 faiz, nəqliyyat xidmətlərinin həcmi 89,2 faiz, poçt və rabitə xidmətlərinin həcmi 113,2 faiz, əmtəə dövriyəsi 135,9 faiz, əhaliyə göstərilən pullu xidmətin həcmi 125,6 faiz, hər bir işçinin orta aylıq əməkhaqqı 155 faiz artıb. Ticarət üzrə əhaliyə satılmış malların həcmi 110,2 faiz artıb, əhaliyə 1096,3 min manatlıq pullu xidmət, o cümlədən, hər bir adambaşına 100,7 manatlıq pullu xidmət göstərilib. Əmək qabiliyyətli əhalinin işlə təmin olunması, onlar üçün yeni iş yerlərinin açılması, məşğulluğun təmin edilməsi ötən müddət ərzində şəhər rəhbərliyinin diqqət mərkəzində duran məsələlərdən biri olub.

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008)”nın uğurla icrası nəticəsində Naftalan şəhəri yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu istiqamətdə “Şəfa vannaları”, “İstirahət və Sağlamlıq Mərkəzi”, “Möcüzəli Naftalan” MMC-lərdə inşa edilən yeni korpuslarda 32 nəfər daim işlə təmin edilib. İş adamlarına yaradılan münbit şərait yeni istirahət və sağlamlıq mərkəzinin inşasına, mərkəzin fəaliyyətinin genişləndirilməsinə, fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəhər sakinlərinin işgüzarlığının artırılmasına böyük imkanlar yaradılıb. Ötən il ərzində 369 iş yeri yaranıb ki, bunun 296-sı müvəqqəti, 73-ü isə daimi iş yeri olub. Hazırda da bu istiqamətdə ardıcıl olaraq işlər aparılır.Sosial müdafiə gücləndirilir.

Bu gün şəhərdə quruculuq və abadlıq işləri uğurla aparılır. Belə ki, regionların sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq Naftalanın mərkəzində inşa edilmiş Heydər Əliyev adına Parkda yenidənqurma və tikinti işləri başa çatdırılıb. Ulu öndərimizin adını daşıyan park tamamilə yenidən qurulub, parkda 260 kv.m. sahəsi olan müasir standartlara cavab verən Heydər Əliyev Muzeyi tikilib. Ətraf ərazilər abadlaşdırılıb, yaşıllıqlar salınıb. Parkda quraşdırılmış fəvvarə isə istirahət məkanına xüsusi gözəllik verir. Məcburi köçkünlərin sosial müdafiəsi daim diqqət mərkəzindədir. Şəhərdə müvəqqəti məskunlaşan məcburi köçkünlərə ötən illər ərzində şəhər icra hakimiyyəti, eləcə də, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar tərəfindən böyük qayğı göstərilib. Qeyd edək ki, Naftalan Sanatoriya-Kurort Birliyinin 5 sanatoriyasında 898 ailədən ibarət 3056 nəfər məcburi köçkün məskunlaşıb ki, onların da sosial şəraitinin yaxşılaşdırılması üçün ardıcıl işlər aparılır. Məlum olduğu kimi, cari ilin sonunda bələdiyyə seçkiləri keçiriləcək. Qeyd edim ki, 2008-ci ildə yerli özünüidarəetmə orqanı kimi Naftalan bələdiyyəsi də şəhərdə aparılan quruculuq və abadlıq işlərində fəal iştirak edib, öz büdcəsi hesabına aztəminatlı ailələrə maddi yardım verib və ərzaq köməkliyi göstərib.

 

 

         RƏFİQƏ KAMALQIZI

 

         Səs.- 2009.- 29 sentyabr.- S. 8.