Azərbaycanın ÜTT-yə qoşulması istiqamətində
danışıqlar prosesi intensivləşir
Mahmud Məmmədquliyev: “2010-cu
ildə Azərbaycan Ümumdünya Ticarət Təşkilatının
üzvü ola bilər”
Bu gün Azərbaycanın ÜTT-yə qoşulması çərçivəsində danışıqların davam etdiyi bir vaxtda cəmiyyətimizdə də bəzən yanlış istiqamətdə müzakirələr aparılır: “ÜTT Azərbaycana nələr vəd edir?”, “Potensial təsirlər nə olacaq?” və s. kimi suallara cavab axtarılır. Doğrudan da, məsələyə bu cür yanaşmaq düzgün deyil.
Əslində isə, müzakirə etməli, cavab tapmalı olduğumuz əsas suallar ondan ibarətdir ki, biz danışıqlara nə ilə gedirik, bu danışıqlardan maksimum qazanclı çıxmaq üçün nə etməliyik, arqumentlərimizi necə əsaslandırmalıyıq ki, məsələn, ÜTT-yə inkişaf etmiş yox, inkişaf etməkdə olan ölkə statusu ilə üzv olaq, hansı elmi araşdırmalar aparılmalıdır ki, tarif güzəştləri üzrə təkliflər hazırlananda, tarif endirimləri əsaslandırılsın, iqtisadiyyata təsirlər müəyyənləşdirilsin və s. Çünki ÜTT danışıqlar nəticəsində yaradılmışdır və bu təşkilat çərçivəsində qəbul edilən qərarlar da danışıqların nəticəsidir.
Məlum olduğu kimi, dünya təsərrüfatı sisteminə səmərəli inteqrasiya olunmağı iqtisadi siyasətin strateji hədəflərindən biri kimi qəbul etmiş Azərbaycan Respublikasının ÜTT-yə qoşulması istiqamətində artıq 11 ildir ki, danışıqlar aparılır, ardıcıl tədbirlər görülür. Bununla belə, qoşulma ilə bağlı danışıqlarla əlaqədar konkret qayda və normalar, hətta ümumi qəbul olunmuş prinsiplər formalaşma mərhələsindədir. Ona görə də ÜTT-yə qoşulma prosesi hər bir ölkə üçün unikal və spesifik xarakter kəsb edir. Ölkəmizin ÜTT-yə qoşulması istiqamətində danışıqlar həm çoxtərəfli şəkildə təşkilatın katibliyində yaradılmış və əsas ticarət partnyorlarımızdan ibarət 28 üzvlə təmsil olunan Azərbaycan üzrə İşçi Qrupunun görüşləri səviyyəsində, həm də üzv ölkələrlə mal və xidmətlərin Azərbaycan bazarına daxil olması şərtləri və kənd təsərrüfatına daxili dəstək tədbirləri, ixrac subsidiyaları üzrə öhdəliklərə dair ikitərəfli danışıqlar səviyyəsində aparılır.
Azərbaycan ÜTT-yə tələsik
daxil ola bilməz
Xarici
işlər nazirinin müavini Mahmud Məmmədquliyevin
sözlərinə görə, Azərbaycanın
Ümumdünya Ticarət Təşkilatına qəbul
olunması istiqamətində danışıqlar davam
etdirilir. M.Məmmədquliyevin sözlərinə görə,
Azərbaycan Türkiyəyə öz təkliflərini
göndərib və hazırda rəsmi Ankaranın
cavabını gözləyir. O, yaxın vaxtlarda Avropa Birliyi
ilə ikitərəfli danışıqlara
başlanılacağını da bildirib.
“Kənd təsərrüfatına subsidiyaların ayrılması komponenti üzrə müvafiq danışıqlar aparılır. Burada əsas məsələ bu yardımın hansı faizlə alınmasıdır. Ona görə ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına inkişaf edən ölkə kimi qəbul olunduqda təqribən 10 faizə qədər subsidiya ayrılacaqdır. Bu gün inkişaf edən ölkələr üçün ayrılan subsidiyaların həcmi 10 faiz, inkişaf etmiş ölkələr üçün isə 5 faiz təşkil edir. Bu səbəbdən də, Azərbaycanın bu təşkilata inkişaf edən ölkə kimi qəbul olunması istiqamətində işlər aparılır” - deyə Mahmud Məmmədquliyev əlavə edib.
“Azərbaycan ÜTT-yə nə
zaman üzv ola bilər” sualını cavablandıran M.Məmmədquliyev
bildirib ki, danışıqlar yaxşı gedərsə,
1997-ci ildən təşkilatda müşahidəçi
statusu alan ölkəmiz artıq 2010-cu ildə Ümumdünya
Ticarət Təşkilatının üzvü ola bilər. Azərbaycan
təşkilata inkişaf etməkdə olan ölkə kimi daxil
olmaq istəyir, amma bunun üçün təşkilatın əsas
üzv ölkələri - ABŞ, Yaponiya, Kanada, Avstraliya, həmçinin,
Avropa Birliyi ölkələrinin dəstəyi lazımdır.
Biz Azərbaycana ümumilikdə inkişaf etməkdə olan
ölkə statusunun verilməsi məsələsini
qaldıracağıq. Amma bizim tərəfdaşlarımız
bunun çətin olacağını hesab edir. Hər
hansı bir sahə, məsələn, kənd təsərrüfatı
sahəsi müzakirə oluna bilər”.
Qeyd edək ki, indiyə qədər
Azərbaycan ÜTT-yə qəbul olmaq üçün
dörd dəfə danışıqlar aparıb. İlk iki
görüş xarici ticarət rejimi məsələlərinə
həsr olunmuşdu. Lakin 2005-ci ildən sonra keçirilən
iki görüşdə isə ölkə tamhəcmli
danışıqlara başlayıb. İkitərəfli
danışıqlarda Azərbaycan bazarına məhsul və
xidmətlərin daxil olması, çoxtərəfli məsələlər,
yəni kənd təsərrüfatına daxili yardım və
bu sahədə ixrac subsidiyaları üzrə müzakirələr
aparılır. Azərbaycan hələ ötən ilin sonundan
danışıqların növbəti mərhələsinə
hazırdır. Lakin ÜTT-yə üzv ölkələr əlavə
məlumatlar istəyiblər. Yeni təkliflər qiymət,
antiinhisar, gömrük, vergi siyasəti üzrə təqdim
olunub. Öz təkliflərində Azərbaycan əlverişli
güzəştlərə getməyə
çalışıb, belə ki, xidmətlər
bazarının liberallaşdırılması
investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin
yaradılması üçün mühüm istiqamətdir.
Bununla yanaşı, liberallaşdırma daxili xidmət
istehsalçısının və rəqabətin
qorunmasına uyğun olmalıdır.
Ziyad Səmədzadə: “ Bu, bizim iqtisadiyyatımıza
böyük zərbə vurar”
Milli Məclisin İqtisadi Siyasət
daimi Komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycanın
Ümumdünya Ticarət Təşkilatına daxil olmasına
tələsməyin lüzumsuz olduğunu bildirib. Onun sözlərinə
görə, bu prosesdə tələsmək Azərbaycana baha
başa gələ bilər: “Bu prosesə dövlət
başçısı da xüsusi diqqət yetirir. Amma Azərbaycan
ÜTT-yə tələsik qəbul oluna bilməz. Bu, bizim
ziyanımıza ola bilər. Hazırda bununla bağlı
aidiyyəti dövlət qurumları danışıqlar
aparır. Ümumdünya Ticarət Təşkilatına
üzv qəbul olmaqla Azərbaycanın bütün problemləri
həll olunmayacaq. Bu prosesdə ciddi hesablama və
araşdırmalar aparmalıyıq ki, hansı mərhələdə
hansı şərtlərlə Azərbaycan Ümumdünya
Ticarət Təşkilatına daxil olmalıdır. Moldova və
Qırğızıstanın təcrübəsi göstərdi
ki, tələsik bu təşkilata daxil olmaq ölkənin
milli iqtisadiyyatına ciddi zərbə vurur. Əgər təşkilata
tələsik daxil olsaq, Azərbaycanın dirçəlməkdə
olan iqtisadiyyatına böyük zərbə vura bilərik.
Biz çalışmalıyıq ki, bu prosesin bütün mərhələlərində
rəqabətə davamlılığı artıraq. Prezident
İlham Əliyev də bütün
çıxışlarında deyir ki, rəqabətə
davamlılığı artırmaq üçün
bütün imkanlardan istifadə etməliyik. Bu məsələni
həll etsək, Ümumdünya Ticarət Təşkilatına
daxil olmaqda bizim itkilərimiz az ola bilər”.
Qeyd edək ki, 1997-ci ildən etibarən Azərbaycan ÜTT-də müşahidəçi qismindədir.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2009.- 29 sentyabr.- S. 9.