Muzey Mərkəzinin vebsaytının təqdimat mərasimi keçirildi

 

Vebsayt 3 dilə - Azərbaycan, rus və ingilis versiyasına malikdir

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin akt zalında YUNESKO-nun Moskva Bürosunun “Rusiya muzeyi: virtual filialı” layihəsi çərçivəsində yaradılmış Muzey Mərkəzinin vebsaytının təqdimat mərasimi keçirildi.

Məlumat üçün qeyd edək ki, saytın yaradılmasında partnyor qismində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, YUNESKO-nun Moskva Bürosu, Dövlət Rus Muzeyi və YUNESKO işləri üzrə Azərbaycan Respublikası Milli Komissiyası çıxış etmişdir.     Vebsaytın yaradılması “MediaDizayn” studiyasında həyata keçirilib. Vebsayt Bakıda 2007-ci ildə yaradılmış “Rusiya muzeyi: virtual filial” İnformasiya-Tədris Mərkəzi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin fəaliyyəti haqqında dolğun məlumata malik olmaqla, bir qrup ölkə ərazisində və ondan xaricdə muzey mərkəzinin vahid mədəniyyət-informasiya məkanına inteqrasiya vasitəsi kimi çıxış edir. Resursun İnternet ünvanı belədir: www.museumcenter.az.

Təqdimat mərasimində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, fəxri qonaqlar, o cümlədən, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin məsləhətçisi Kroxin Oleq Aleksandroviç, müxtəlif ölkələrin səfirliklərinin, mədəniyyət mərkəzlərinin, biznes-kompaniyaların mətbuat nümayəndələri iştirak edirdilər.

Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasət şöbəsinin müdiri Fikrət Babayev bildirdi ki,  Muzey Mərkəzinin veb saytının açılması müasir cəmiyyətimizdə texnologiyaların  inkişafı, həm ayrı-ayrı insanlar və təşkilatlar arasında, həm də ölkələr, kontingentlər və mədəniyyətlər arasında yeni ünsiyyət üsullarının meydana gəlməsinə geniş imkanlar açacaq. Təqribən, 10 ildir ki, Muzey Mərkəzi öz fəaliyyətinə kompüter texnologiyalarının tətbiqini nəzərdə tutan işlərə başladığını diqqətə çatdırdı. 2000-ci illərin əvvəllərindən sərgi və keçirilən tədbirlərə multimedia materiallarının yaradılması üzrə iş gedir. 2008-ci ildə Muzey Mərkəzində Bakı əhalisi və qonaqlar üçün müasir texnologiyalar vasitəsilə Rus Muzeyinin sərvətləri ilə birbaşa təmasda olmağa imkan verən “Rusiya muzeyi: virtual filial” İnformasiya-Tədris Mərkəzi açılmışdır. Vebsayt artıq dünyanın aparıcı axtarış sistemləri tərəfindən indeksləşdirilmiş və Muzey Mərkəzinin fəaliyyəti ilə bağlı olan sorğu verdikdə, ilk cavab sətirlərində çıxması təmin olunmuşdur, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzi və “Rusiya muzeyi; virtual filial” portalı arasında olan ikitərəfli istinad mübadiləsi saytın tez bir zamanda Qlobal Şəbəkənin “mədəniyyət seqmentinə” qatılmasına yardım etmişdir.

Fikrət Babayev vebsaytın 3 dil - Azərbaycan, rus və ingilis versiyasına malikdir və çox böyük auditoriya üçün açıq olduğunu vurğulayaraq,  Muzey Mərkəzinin informasiya köşkündə mərkəzin tarixi və fəaliyyəti haqqında proqramlar quraşdırıldığını diqqətə çatdırdı. Kompüter proqramlarının, habelə, külli miqdarda nəşr, foto və videomaterialların toplanması nəticəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin vebsaytının yaradılması ideyasının meydana gəldiyini bildirdi.

Tədbirdə bildirildi ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin sərvətləri yaradıcı dizayner işləmələrinin İnternet texnologiyalarının son nailiyyətləri ilə sintezi həm Azərbaycanda, həm də bütün dünyada qlobal şəbəkə istifadəçiləri üçün açıq edilmişdi.

Foto və videomateriallarla zəngin olan sayt və müasir multimedia icra üsulları onların İnternet şəbəkəsi vasitəsi ilə baxılmasına imkan yaradır.

Qeyd edək ki, texniki işləmələr saytın “canlı” olmasını və “Rusiya muzeyi: virtual filial” İnformasiya-Tədris Mərkəzi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin bütün fəaliyyətinin dinamik əks etdirilməsinə imkan verir.

Saytda təntənəli dövlət və ictimai hadisələr, mədəniyyətlərarası ünsiyyət tədbirləri, klassik və konsepsual sənət sərgiləri, ölkənin mədəni həyatında olan hadisələr, fotosərgilər, uşaqlar üçün və digər tədbirlər haqda məlumat yerləşdirilib. “Sərgi və layihələr” bölməsində Muzey Mərkəzinin kəmiyyətcə daim artan şəxsi layihələrinin ətraflı təsviri verilmişdir.

Saytın istifadəyə verilməsi Bakıda 2007-ci ildə yaradılmış “Rusiya muzeyi: virtual filial” İnformasiya-Tədris Mərkəzinin gələcək inkişafına xidmət edəcək, Azərbaycan mədəniyyətinə əlavə auditoriyanı cəlb edəcək, müxtəlif ölkələrin vətəndaşlarının Azərbaycan mədəniyyəti ilə daha yaxından və geniş tanış olmasına imkan yaradacaq, ölkədə və ölkədən kənarda vahid mədəniyyət-informasiya məkanının genişləndirilməsinə və xalqlararası əlaqələrin gücləndirilməsinə xidmət edəcək.

İncəsənət Qalereyasına həsr olunmuş bölmədə müasir Azərbaycan təsviri sənət nümayəndələrinin, o cümlədən, Arif Hüseynov, Sara Manafova, Marqarita Kərimova-Sokolova, Vüqar Muradov, Elşən Sərxanoğlu, Emin Əsgərov, Niyaz Nəcəfov, Eldar Babazadə, Rəşid İsmayılov də başqalarının işləri yer almışdır. Eləcə də videomateriallar, o cümlədən, rəssamların müsahibələri, sərgilərin açılışı və digər tədbirlərdən hazırlanmış reportajlar əks olunub. Saytda ətraflı əlaqə məlumatı əks olunmaqla yanaşı, ziyarətçilərə İnternet vasitəsilə Muzey Mərkəzi ilə əlaqə qurmaq imkanı da yaradılmışdır.

 

 

Zümrüd

 

Səs.- 2009.- 29 sentyabr.- S. 12.