2009-cu ildə özəlləşdirmə prosesi
sürətləndiriləcək
Özəlləşdirmə siyasətinin gücləndirilməsi
çeklərin qiymətinin artmasina gətirib
çıxaracaq
Hökumət 2009-cu ildə özəlləşdirmə
ilə bağlı siyasəti dərinləşdirmək niyyətindədir. Bu məqsədlə
dövlət əmlakının
özəlləşdirilməsinin
sürətləndirilməsi nəzərdə tutulur. Dövlətsizləşdirmədə
yerli investorlarla bərabər, əcnəbi sərmayəçilərin
də fəal iştirakını
təmin etmək məqsədilə münbit şərait yaradılacaq. Dövlət Əmlakının
İdarə Olunmasına dair Dövlət Komitəsi bu məqsədlə
xüsusi proqram
hazırlayıb. Sənəddə özəlləşdirmə
çeklərindən maksimum və
səmərəli istifadə
olunmasının təmin edilməsi üçün əlverişli baza yaradılması
öz əksini tapıb.
Özəlləşdirmə
prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm
qoyması üçün bu il hərracların keçirilməsinin
artırılması da qərara alınıb. Ümumiyyətlə,
özəlləşdirmə ilə bağlı dövlət
siyasətinin gücləndirilməsi əhalidə olan
çeklərin də maksimum istifadə edilməsinə səbəb
olacaq. Nəticədə ilin sonuna kimi strateji müəssisələrin
özəlləşdirilməyə çıxarılması
çeklərin də qiymətinin artmasına imkan verəcək.
Dövlət Əmlakının
İdarə Olunmasına dair Dövlət Komitəsinin məlumatına
görə, Azərbaycanda özəlləşdirmə siyasəti
həyata keçirilməyə başlayandan indiyədək 1
milyondan artıq vətəndaş bu prosesdə iştirak
edib, 325 min mülkiyyətçi isə əmlak sahibi olub. Vətəndaşların
bir hissəsi artıq strateji müəssisələrdə səhmdar
kimi fəaliyyət göstərir. Proses başlayandan indiyədək
dövlət müəssisələrinin xüsusi mülkiyyətə
və səhmdar cəmiyyətlərə verilməsi nəticəsində
isə özəl bölmədə 450 minə yaxın vətəndaş
yeni iş yerləri əldə edib. Ümumilikdə, özəlləşdirmə
nəticəsində indiyədək 40 minə yaxın
kiçik müəssisənin özəlləşdirilməsi
mümkün olub, 1500-dən çox səhmdar cəmiyyəti
fəallyyət göstərməkdədir. Özəlləşdirmədən
dövlət büdcəsinə köçürülən
vəsaitlərin həcmi isə 1996-cı ildən indiyədək
220 milyondan manatdan çoxdur. Onu da qeyd edək ki,
daşınmaz əmlakın icarəyə verilməsindən
büdcəyə daxil olan vəsaitin məbləği isə
25 milyon manatı ötüb. Özəlləşdirmənin
investisiya müsabiqəsi yolu ilə aparılmasından isə
Azərbaycan iqtisadiyyatına 250 milyon dollardan artıq kapital
yönəldilib.
Özəlləşdirmə
başlayandan indiyədək müəssisələrə
sahib olan şəxslər arasında yerli vətəndaşlarla
bərabər, xarici iş adamlarının sayı da
mühüm yer tutur. Ötən müddət ərzində
"Bakı Tütün Kombinatı",
"Bakı-Kastel", "Azəroksigen",
"Bakı-şərab", "Qaradağ Sement",
"Bakı Mayesiz Transformatorlar zavodu", "Kapitalbank",
"Azərcell", "Bakı Stil Kompani" və digər
strateji nəhəng müəssisələr özəlləşdirilib
və onlar özəl sektorun əsas iqtisadi əsaslarını
təşkil edir. Əslində, əcnəbi iş
adamları potensial investorlara çevriliblər. Bununla bərabər,
kiçik və orta müəssisələrə sahib olan
investorların sayı minlərlədir.
2009-cu ildə özəlləşdirmənin
sürətləndirilməsinə təkan vermək
üçün müəssisələrin özəlləşdirməqabağı
sağlamlaşdırılması da nəzərdə tutulur.
Bu siyasət müəssisələrə potensial
investorların cəlb olunmasına və onun balans dəyərinin
artmasına təkan verəcək. Bundan başqa, əhalinin
özəlləşdirilmədə iştirakının
artirılması və xarici investorların iri müəssisələrə
cəlb olunmasının stimullaşdırılması ilə
bağlı çek hərraclarının intensiv xarakter
alması gözlənilir. Hökumət orta və kiçik
müəssisələrinin, nəqliyyat, rabitə və sənaye
obyektlərinin özəlləşdirməyə
açılmasını təmin etməklə bərabər,
neft və neft-kimya bölməsini də dövlətsizləşdirməyə
cəlb edə bilər. Mühüm strateji neft-kimya müəssisələrinin
özəlləşdirilməsi üçün ayrıca
proqramın hazırlanması planlaşdırılır. Bu il
təhsil, səhiyyə, mədəniyyət və idman obyektlərinin
özəlləşdirilməsinin də sürətləndirilməsi
nəzərədə tutulur. Təhsil, mədəniyyət, səhiyyə
və idman obyektlərinin müəssisələrinin özəlləşdirilməsi
nəticəsində onların bazar iqtisadiyyatının tələblərinə
uyğunlaşdırılması gözlənilir. Hökumətdə
hesab edirlər ki, bu siyasətin həyata keçirilməsi rəqabət
mühitinin güclənməsinə səbəb olacaq.
Vətəndaşların
ən çox marağına səbəb olan məsələ,
təbii ki, çeklərin taleyi ilə bağlıdır. Məlum
olduğu kimi bu ilin sonunda özəlləşdirmə
paylarının dövriyyə müddəti başa
çatır. Əhali çeklərin necə istifadə
olunması ilə daha cox maraqlanır. 2010-cu ilin yanvarına
kimi çeklərin dövriyyədən
çıxarılması üçün hökumət bir
sıra tədbirləri həyata keçirməyi nəzərdə
tutur. Dövlət Əmlakının İdarə
Olunmasına dair Dövlət Komitəsində hesab edirlər
ki, özəlləşdirmənin sürətləndirilməsi,
ilk növbədə, çeklərə də tələbi
artıracaq. Özəlləşdirmə payları müəssisələrə
yönəldildiyindən onların istifadəsinin artması da
labüddür. Belə halda çeklərin dəyəri bir
neçə dəfə arta bilər. Bundan başqa, vətəndaşlar
özəlləşdirmə prosesində fəal
iştırak etməklə iri müəssisələrdə
pay sahibi olmaq imkanı qazanacaqlar.
Quliyeva A.
Səs.- 2009.- 8 yanvar.- S.4.