İLHAM ƏLİYEVİN MODERNLƏŞMƏ
XƏTTİ: AZƏRBAYCANÇILIQ İDEOLOGİYASI VƏ
DÖVLƏTÇİLİK STRATEGİYASI
AMEA-DA MÜVAFİQ MÖVZUDA "DƏYİRMİ
MASA" KEÇİRİLİB
Azərbaycan Milli Elmlər
Akademiyasında (AMEA) "İlham Əliyevin modernləşmə
xəttində azərbaycançılıq ideologiyası və
dövlətçilik strategiyası" mövzusunda "dəyirmi
masa" görüşü keçirilmişdir.
Görüşü
açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov
bildirmişdir ki, Prezident İlham Əliyev tərəfindən
həyata keçirilən sosial-mədəni modernləşmə
xəttinin getdikcə daha sürətlə reallaşması,
ictimai həyatın bütün sahələrindəki
köklü dəyişikliklər elmimiz qarşısında
da ciddi vəzifələr qoyur. Bu istiqamətdə müzakirələrin
aparılması, diskussiyaların təşkili olduqca vacibdir.
Son vaxtlar həmin məsələlər ətrafında
publisistik müstəvidə fikir mübadilələrinin
aparılması geniş vüsət almışdır.
"Dəyirmi
masa"da müzakirəyə çıxarılan mövzunun
aktuallığını vurğulayan M.Kərimov demişdir
ki, azərbaycançılıq ideologiyası və dövlətçilik
strategiyası məsələlərini hərtərəfli təhlil
etmək Azərbaycanın gələcəyini
proqnozlaşdırmaq baxımından çox böyük əhəmiyyətə
malikdir.
Azərbaycançılıq
ideologiyasının formalaşması və inkişafında
xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz
rolunu xatırladan AMEA-nın prezidenti dölətimizin
başçısı İlham Əliyev tərəfindən
də bu istiqamətdə mühüm işlər
görüldüyünü bildirmişdir.
"Dəyirmi
masa"da çıxış edən AMEA-nın Tarix
İnstitutunun direktoru, akademiyanın müxbir üzvü,
Milli Məclisin deputatı Yaqub Mahmudov, Fəlsəfə və
Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun direktoru İlham Məmmədzadə,
Milli Məclisin deputatı Gültəkin Hacıyeva, AMEA Rəyasət
heyətinin elmi katibi Seyran Xavəri və başqaları
bildirmişlər ki, müzakirəyə
çıxarılmış mövzu xalqımız və
dövlətimiz üçün çox vacib,
taleyüklü və həyati əhəmiyyətə malik məsələdir.
Vurğulanmışdır ki, azərbaycançılıq
ideologiyasını dövlətçiliyimizin əsası
hesab edən ulu öndər Heydər Əliyev onun həyata
keçirilməsi istiqamətində də tarixi addımlar
atmışdır. Naxçıvanda Ali Məclisin sədri
olarkən 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi
gününun təsis edilməsi, Prezident olduğu dövrdə
Dünya azərbaycanlılarının I qurultayının
Bakıda yüksək səviyyədə təşkili və
keçirilməsi, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi
baxımından gördüyü digər tədbirlər
bunun əyani sübutudur.
Çıxışlarda
mövzu ilə əlaqədar Azərbaycan Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin məqalələrinin,
xüsusən ötən ilin son günlərində çap
olunmuş "Zaman haqqında düşünərkən və
elitanı transformasiya edərkən: varislik və
innovasiyalılıq" əsərinin böyük nəzəri
əhəmiyyəti qeyd edilmişdir. Bildirilmişdir ki, milli
ideologiya ilə bağlı bu əsərlərdə irəli
sürülən fikirlər AMEA-nın institutları
üçün sosial sifariş kimi qəbul edilməli və
həmin istiqamətdə elmi fəaliyyət daha da
canlandırılmalıdır. Azərbaycançılıq
ideologiyası və dövlətçilik strategiyası ilə
bağlı araşdırmalar aparılmasında elmi tədqiqat
müəssisələri və alimləri yaxından və fəal
iştirak etməlidirlər. Həmin ideologiyanın humanitar
elm və ziyalılar qarşısında irəli
sürdüyü vəzifələrin həllini ləngidən
sosial, siyasi, psixoloji səbəblər, etno-psixoloji stereotiplər
müəyyən edilməli və aradan
qaldırılmalıdır. Görüşdə səslənmiş
fikirlər əsasında yekun sənədin hazırlanması
qərara alınmışdır.
NAİB NİFTƏLİYEV
Səs.- 2009.- 16 yanvar.- S. 2.