Sülh mədəniyyəti
və insan hüquqları...
Bu mövzuda dəyirmi masa keçirilib
Ombudsman Aparatı ilə Sülh və İnkişaf
Alyansı ilə birlikdə "Sülh mədəniyyəti
və insan hüquqları" mövzusunda dəyirmi masa
keçirmişdir. Tədbir İnsan Hüquqları üzrə
Müvəkkili Elmira Süleymanova ölkə əhalisi,
dövlət və qeyri-hökumət təşkilatlarının
nümayəndələri, beynəlxalq qurumların təmsilçiləri
və jurnalistlər qatılmışlar.
Tədbirdə müvəkkil
Elmira Süleymanova çıxış edərək, Yer
üzündə bəşəri dəyərlərin
qorunmasının, tərəqqipərvər təşəbbüslərin
hərbi münaqişələrin həllinə yönəldilməsinin
zəruriliyini vurğulamışdır. O, QHT şəbəkəsi
kimi ərsəyə gəlmiş, 1997-ci ildən nüfuzlu
Beynəlxalq Sülh Bürosunun üzvü olan ölkədaxili
və beynəlxalq miqyasda davamlı fəaliyyət göstərən
Sülh və İnkişaf Alyansının genişləndiyini,
Azərbaycanda vahid sülh strategiyası əsasında milli
sülh hərəkatının
yaradıldığını və
formalaşdığını, hər bir kəsin, o cümlədən,
qadınların, gənclərin, uşaqların da bu hərəkatda
fəal iştirakının zəruriliyini, ötən
müddət ərzində maarifləndirmə tədbirlərinin
davam etdirildiyini söylədi.
O, eyni zamanda, bu
alyansın səmərəli fəaliyyəti barədə ətraflı
məlumat vermiş, sülh mədəniyyətinin təbliğində,
Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasında rolunu qeyd etmişdi. E.Süleymanova
ölkəmizdə ilk dəfə olaraq, Azərbaycan
Uşaqdan-Uşağa Sülh Şəbəkəsini və
bu şəbəkə nəzdində liderlik məktəbini
yarandığını da qeyd etdi. Ombudsman 2009-cu ilin
"Uşaq ili" elan olunduğunu, ölkə Prezidentinin
müvafiq sərəncamına əsasən hazırlanan tədbirlər
planına təkliflər irəli sürdüyünü də
söylədi.
Müvəkkil onun təşəbbüsü
ilə ölkəmizdə "İnsan hüquqları", həmçinin,
"Sülh aylığı" keçirildiyini, sülh
mövzusunda və insan hüquqları üzrə silsilə tədbirlərin,
dəyirmi masaların, seminarların, sərgilərin təşkil
olunduğunu və belə tədbirlərin keçirilməsi
üçün Təhsil Nazirliyinə də müraciət
olunduğu, bu istiqamətdə müəyyən işlərin
görüldüyünü nəzərə
çatdırdı: "Bakı Dövlət Universitetində
YUNESKO-nun kafedralarının yaradılması ilə
bağlı təklif irəli sürülüb."
Tədbirdə, eyni zamanda, tarix boyu Azərbaycan
xalqına qarşı qanlı cinayətlərin,
soyqırın, teror aktlarının törədildiyini, etnik təmizləmə
siyasətinə məruz qalan yüz minlərlə azərbaycanlının
qətlə yetirildiyini, öz torpaqlarından deportasiya
olunduğu da səsləndirildi. E.Süleymanova Sülh və
İnsan Hüquqları mövzusuna həsr olunmuş bu tədbirin
20 Yanvar- Ümumxalq Hüzn günü ərəfəsində
keçirildiyini və Sovet imperiyasının əsil mahiyyətini
açan, günahsız insanların həyatına son qoyan,
insan hüquqlarının kütləvi surətdə amansızcasına
pozulması ilə nəticələnmiş 1990-cı il 20
Yanvar qırğınının müstəqillik mübarizəmizə
qarşı yönəldiyini də qeyd etdi:
"İşğalçı Ermənistan 20 ildən
artıq müddətdə xalqımıza qarşı
yürütdüyü təcavüzkar siyasət nəticəsində
ərazimizin beşdə bir hissəsinin işğal
edilmiş, 20 mindən çox soydaşımızın həlak
olmuş, dinc əhalinin girov götürülmüş, bir
milyondan artıq azərbaycanlı öz doğma
torpaqlarında qaçqın və məcburi
köçkünə çevrilmişdir."
Müvəkkil
insanların digər hüquqları ilə yanaşı,
sülh şəraitində yaşamaq hüquqlarının təmin
olunmasına da yalnız dinc həyat, əmin-amanlıq şəraitində
mümkünlüyünü önə çəkdi:
"Ölkəmizdə həyata keçirilən İnsan
Hüquqlarının Müdafiəsi üzrə Milli Fəailiyyət
Planının müddəalarına uyğun olaraq, sülh və
insan hüquqları üzrə tədrisin həyata
keçirilməsi vacibdir."
Üniversal Sülh Federasiyasının təmsilçisi
T.Nişivaki də tədbirdə çıxış edərək,
olduqca aktual mövzunun müzakirəyə
çıxarıldığını bildirdi. O, sülh və
dözümlülük mədəniyyətinin təbliğinə
geniş yer verilməsinin, qloballaşan dünyada prioritet məsələlərdən
olduğunu vurğuladı. O, sülhpərvər qüvvələrin
səylərinin müharibə ocaqlarının aradan
qaldırılmasına yönəldilməsinin vacibliyini
söyləmişdir.
Müvəkkil Aparatının şöbə
müdiri Aydın Səfixanlı, Ombudsman yanında müstəqil
Ekspertlər Şurasının QHT-lər üzrə əlaqələndiricisi,
Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin rəhbəri
Aydın Kərimov, "Simurq" Mədəniyyət
Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov,
Daxili İşlər Nazirliyi İnsan Alveri Qurbanlarına
Kömək Fondunun sədri Xanım Əhmədzadə, Mədəniyyət
və Turizm Nazirliyinin əməkdaşı Vasif Eyvazzadə,
Uşaq Hüquqları Klinikasının rəhbəri Nazir
Quliyev, "Həsrət Yolu" İctimai Birliyinin sədri
Esmira Orucova, Qadın Problemləri Araşdırmaları
Birliyinin nümayəndəsi Ramilə Aslanova, Uşaqdan-Uşağa
Sülh Şəbəkəsinin üzvü Aydan Allahyarova,
"01" Gənclər Hərəkatının təmsilçisi
Ruslan Əsədov və b.-ı müzakirəyə
çıxarılan mövzu ilə bağlı mülahizələrini
söyləmişlər.
Tədbirdə bir
sıra təkliflər də irəli
sürülmüşdür. Sülhə təhlükə
yaradan amilləri aradan qaldırmağa yönələn
sülh dialoqu və sülh mədəniyyətinin, habelə
mədəniyyətlərarası. dinlərarası dialoqun,
sülhməramlılıq missiyasının genişləndirilməsi,
ombudsman təsisatında "Sülh və İnsan
Hüquqları" Mərkəzinin yaradılması, ölkəmizdə
sülhyaratma proseslərində qadınların, gənclərin,
uşaqların da iştirakına dəstək verilməsi,
dünyada sülhü qoruyub saxlamaq istiqamətində səylərin
birləşdirilməsi, müvafiq beynəlxalq təcrübənin
öyrənilməsi, birgə kulturoloji və digər maarifləndirmə
tədbirlərinin təşkili, sülh mövzusunda
hüquqi nəşrlərin hazırlanması və digər
təkliflər də verilmişdir.
Rəfiqə Kamalqızı
Səs.- 2009.- 16 yanvar.- S. 10.