Azərbaycan səhiyyəsi qabaqcıl dövlətlərin səhiyyə sisteminə inteqrasiyası olunur

 

Məhəbbət İbrahimova": Səhiyyəyə ayrılan büdcə vəsaitinin ilbəil artırılması, tibb müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirir"

 

Müsahibim 7 saylı Uşaq Xəstəxanasının baş həkimi, YAP Nərimanov rayon qadınlar şurasının sədri Məhəbbət İbrahimovadır

 

- Məhəbbət xanım, 2008-ci il Azərbaycan səhiyyəsinin inkişafında bir sıra nailiyyətlərlə yadda qaldı. Səhiyyə sistemində çalışan bir mütəxəssis olaraq bunu necə xarakterizə edərdiniz?

- Qətiyyətlə deyə bilərik ki, 2008-ci il Azərbaycan səhiyyəsinin inkişaf dövrü olmuşdur. Əhalinin sosial-rifahının, sağlamlığının qorunmasında çox böyük işlər görülmüşdür. İslahatların aparılması səhiyyə sistemində ab-havanın sağlamlaşdırılması, əhaliyə göstərilən xidmətin yüksək səviyyəyə qaldırılması, dağıdılmış sistemin daha yüksək səviyyədə yenidən bərpası, korrupsiya ilə mübarizə, səhiyyə müəssisələrində təmir, tikinti və abadlaşdırma, saxta dərmanlarla mübarizə və digər məsələlərə dair görülən işlərin başlıca istiqamətlərini təşkil edir.

Müasir dövrümüzdə ildən-ilə səhiyyəyə ayrılan büdcə vəsaitinin artırılması, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, idarəetmənin mütərəqqi formalarının tətbiq edilməsi və təsərrüfat mexanizminin təkmilləşdirilməsi ilə əlaqədar görülən işlər öz nəticəsini vermişdir. Səhiyyə sahəsində əldə olunan uğurlu nəticələr Azərbaycanın ictimai-siyasi, mədəni-sosial həyatında baş verən dəyişikliklərlə əlaqədardır. Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyev cənablarının məqsədyönlü fəaliyyəti bu və ya digər dəyişikliklərini həyata keçirilməsinə səbəb olmuşdur. Demək olar ki, ölkənin bütün regionlarında abadlıq işləri aparılmış və 700 mindən çox iş yerləri açılmışdır. Ölkə prezidentinin son 5 ildəki rəhbərliyi dövründə respublikamız yeni iqtisadi inkişaf mərhələsinə qədəm qoymuşdur. Bunun nəticəsi olaraq xalqımız birmənalı şəkildə 2008-ci ildə öz Prezidentini yekdilliklə dəstəklədi. Xalq demokratik şəkildə keçirilən seçkiləri bayram əhvali-ruhiyyəsi ilə qarşıladı. Bu gün İlham Əliyev cənabları bütövlükdə ölkə həyatında köklü dəyişikliklər siyasətini davam etdirir. Ölkə prezidentinin bizə göstərdiyi etimad və qayğını doğrultmalıyıq. Tibb müəssisələrimiz əhalinin fiziki cəhətdən sağlam olması üçün yüksək səviyyədə işləməli, bütün neqativ hallar qanun çərçivəsində aradan qaldırılmalıdır.

Səhiyyə ocaqlarında hazırkı elə şərait yaradılıb ki, xəstələr buraya inamla gəlib müalicə olunurlar. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə dəstəyi ilə tikilmiş tibb mərkəzlərinin inşası və təmir olunaraq istifadəyə verilməsi səhiyyəyə göstərilən qayğıdır. Onun səyi nəticəsində tikilən Talassemiya Mərkəzi səhiyyədə daha böyük uğurdur. Xəstəxanalarının əsaslı təmirindən sonra ən müasir tibbi avadanlıqlarla təchizatı və əhalinin xidmətinə verilməsi də məhz bu kompleks tədbirlər sisteminə aiddir. Azərbaycan bu gün inkişaf etmiş ölkələr sırasındadır.

- Bildiyimiz kimi, xəstəxanalarda pullu tibbi xidmət ləğv edilmişdir. Bu, bilavasitə əhalinin sağlamlığının qorunmasına, onun sosial vəziyyətinin yüksəlməsinə xidmət edən dəyərdir.

- Dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidmət ləğv edilmişdir. Bu problem də ölkə Prezidentinin qayğı və diqqəti nəticəsində öz həllini tapıb. Xəstəxanalarda pasiyentlər dövlət hesabına müvafiq dərman vasitələrilə tam həcmdə pulsuz təmin olunur. Təcili və təxirəsalınmaz cərrahi xidmətin optimal təşkili və işinin yaxşılaşdırılması səhiyyə qarşısında duran ən mürəkkəb problemlərdəndir. Bu səbəbdən də, cərrahi yardım göstərən tibb müəssisələrinin imkanlarının artırılmasına xüsusi diqqət yetirilir və müalicə prosesləri pulsuz olaraq həyata keçirilir. Xəstəxanalarda ərzaq təminatı ilə bağlı problem artıq həll edilib. O cümlədən, bizim xəstəxanamızda da pasiyentlərin qidalanması, ərzaq mallarına ayrılan büdcə vəsaitlərinin daha səmərəli istifadə edilməsinə nəzarətin təmin edilməsi, eləcə də, səhiyyə resurslarının kooperasiyası məqsədilə Səhiyyə Nazirliyi tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada alınması, xörəklərin hazırlanması və hazır məhsulların istifadə yerlərinə çatdırılması təşkil edilmişdir. Bu da xəstələrin qidalanmasında olan problemlərin aradan qaldırılmasına əhəmiyyətli təsir göstərmişdir. Bu addım xəstələr tərəfindən rəğbətlə qarşılanmışdır.

Səhiyyənin yüksək templə inkişaf etdiyi bir dövrdə köhnə normativlərlə işləmək mümkün deyil. Yeni normativlərin yer aldığı bir zamanda tibb müəssisələri dünya standartlarına uyğun şəkildə qurulub. Azərbaycan səhiyyəsi qabaqcıl dövlətlərin səhiyyə sisteminə inteqrasiya olunur. Bu məqsədə çatmaq üçün çox vacib və mühüm amillərdən biri respublikamızda istifadə olunan həkim ixtisaslarını Avropanın və Amerikanın inkişaf etmiş ölkələrində qəbul olunmuş reyestrə maksimal uyğunlaşdırılmışdır. Tibbi xidmətin yaxşılaşdırılması üçün Avropa standartlarına cavab verən xəstəxanalarımız fəaliyyətdədir.

Hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da idarəetmə bacarığı əsas məsələlərdən biri olaraq diqqətdədir.

İnkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da yüksək səviyyəli ambulator tibbi xidmət göstərilir. Xəstələr müayinə və müalicə üçün ancaq müasir avadanlıqları olan xəstəxanalara üz tuturdular. Son dövrlər səhiyyə sahəsində çox böyük uğurlar əldə olunub. Dövlət başçısının bu istiqamətdə lazımi dəstək göstərməsi səhiyyə sahəsində mövcud olan bütün problemlərin həlli üçün geniş imkanlar açıb. Prezident İlham Əliyev tərəfindən mühüm addımlar atılır. Ölkə xəstəxanalarına, eləcə də, bizim xəstəxanaya müasir avadanlığın alınması Azərbaycan Prezidentinin Ehtiyat Fondundan vəsaitin ayrılması ilə həyata keçmişdir. Onun səhiyyənin inkişafı ilə bağlı imzaladığı hər bir sərəncamı səhiyyə sahəsinə xüsusi diqqət və qayğısına bariz nümunədir.

 

 

Zümrüd BAYRAMOVA

 

Səs.- 2009.- 16 yanvar.- S.11.