Məhərrəmlik ayının
fəziləti çox
böyükdür
Hacı İsmayıl:
"Bu ayda insanlara haram, xoşəgəlməz əməllərdən
uzaq durmaq tövsiyə olunur"
Hazırda hicri təqvimlə
Məhərrəmlik ayıdır. İslamiyyətdə bu
ayın öz fəziləti, öz dəyəri var. Bu ay
bütün islam dünyasında mənəvi paklıq,
saflaşma, ilahi hidayət ayı kimi qeyd edilir. Bəlli
olduğu kimi, Məhərrəmlik ayında bütün
müsəlmanlara nəyi etmək və ya nəyi etməməklə
bağlı xüsusi tövsiyələr edilir. Azərbaycan
müasir, dünyəvi dövlət olmaqla yanaşı, islam
dünyasında böyük nüfuzu, öz yeri olan ölkədir.
Ölkə vətəndaşlarının böyük əksəriyyəti
məhz islam dininə etiqad edir. Odur ki, islama etiqad edən hər
bir azərbaycanlı Məhərrəmlik ayında nəyi necə
etmək, necə davranmaq barədə götür-qoy edir. Məhz
bu zərurətə uyğun olaraq, hər bir müsəlman Məhərrəmlikdə
xüsusi qaydalara əməl etməyə
çalışır, nəyin doğru, nəyin
yanlış olması barədə dərindən
düşünür. Bunu nəzərə alaraq, müvafiq
suallarla Qafqaz Müsəlmanları Ruhani İdarəsinin qazisi
Hacı Əjdər bəy məscidinin axundu Hacı
İsmayıla müraciət etdik. O, Azərbaycanda və yaxud
ölkəmizdə milli dəyərlərin qorunub
saxlanılması və təbliği istiqamətində
görülən işlərin dünyanın əksər
ölkələri üçün nümunəyə
çevrildiyini söylədi:
- Hər bir müsəlman
üçün Məhərrəmlik ayının fəziləti
çox böyükdür. Allah-Taala Qurani-Kərimdə
buyurub ki, o şəxslər ki, Quran- islam yolunda
xalqımızın istiqlaliyyəti yolunda, vətəni, namusu
yolunda şəhid olurlar, onlara siz ölü deməyin. Onlar
ölü deyillər. Biz onları nemətləndiririk. Bu,
Allah-Taalanın buyurduğudur. Bunlar o adamlardır ki, şəhid
olublar, din uğrunda, xalqının namusu yolunda
çalışıblar. Allah-Taala şəhidlərə nə
qədər qiymət veribsə, onlara da o qədər, bəlkə
də ondan da çox dərəcədə xoşbəxtlik
verib. Allah-Taala buyurub ki, Məhərrəmlik ayında müsəlmanlar
kafirlərlə müharibə aparmasınlar. Əgər
müharibə olsa, onda həmin insanlar özlərini
müdafiə etsinlər. Məhərrəmlik ayında
möminlər insanları əyləndirən işlərdən
uzaq olsalar yaxşıdır. Onun əvəzinə, Allah
yolunda namaz qılsa, Quran oxusa, hansısa bir imkansıza istər
maddi, istərsə də mənəvi cəhətdən əl
tutsa, uşaq evlərində minlərlə valideyn himayəsindən
məhrum olan uşaqlara köməklik göstərsələr,
imamlarımıza və peyğəmbərlərimizə ehsan
verdikləri kimi, şəhid ailələrinə də
baş çəkib, onların həyatları ilə
maraqlansalar, daha yaxşı olar və savab qazanmış
olarlar. Əgər kimsə ad gününü qeyd etmək istəyirsə,
deməlidir ki, Allahım mənim bu oğlum və ya
qızımın ad gününü İmam Hüseyn Əleyhissəlamın
(s) ruhuna sadağa kimi qəbul et. İndiki dövrdə
insanlarımız belə başa düşür ki, namaz
qılmaq və ya oruc tutmaq bir tək mollalara aiddir. Ancaq bu, belə
deyil, namaz qılmaq, oruc tutmaq bütün müsəlman əhlinə
aiddir. Lakin Allah-Taala tərəfindən hansısa əməllərə
qadağa qoyulubsa, o əməlləri bizim müsəlman
bacı-qardaşlarımız əməl etməməlidir. Bir sözlə, bütün bəd əməllərdən çəkinməli,
əl çəkməlidirlər.
Məhərrəmlik
ayında 72 insan din yolunda şəhid olub və peyğəmbərlərimiz
məhz səfər ayında dünyasını dəyişib.
Bu ayda insanlara haram, xoşəgəlməz əməllərdən
uzaq durmaq tövsiyə olunur. Ümumiyyətlə,
insanlarımız halal yolla ruzi qazanırlarsa, onların gələcəkləri
də Allah-Taala tərəfindən işıqlı olacaq. Əgər haram yolla ruzi
qazansalar, Allah-Taala onların ruzilərini kəsər. Bir sözlə, Məhərrəmlik
ayında hər bir insan xeyirli
əməllərlə məşğul
olmalı və ilahi savab qazanmalıdır.
Gülyanə AĞAKƏRİMOVA
Səs.- 2009.-16 yanvar.- S.16.