Onlar heç zaman unudulmayacaq

 

20 Yanvar hadisələrinin gerçək mahiyyəti getdikcə dünyada daha yaxından başa düşülür

 

Məlum olduğu kimi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda baş verən qanlı 20 Yanvar hadisəsi hələ də yaddaşlardan silinməyib. Bu tarixi faciə neçə illərdir ki, kütləvi formada yad edilir. Hər il Şəhidlər Xiyabanına kütləvi axın bir daha sübut edir ki, 20 Yanvar faciəsinin qurbanları Azərbaycanın müstəqilliyi uğrunda özlərini fəda edən şəxslər olduğu üçün heç vaxt yaddaşlardan silinməyəcək. Azərbaycan xalqına qarşı törədilmiş bu faciəli tarixi günə aydınlıq gətirmək üçün bir sıra siyasətçilərə müraciət etdik.

 

Sevindik Hətəmov, YAP Laçın rayon təşkilatının sədri, millət vəkili:

 

- Bu gün ölkəmizin hər yerində 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə bağlı geniş tədbirlər keçirilir. 20 Yanvar hadisəsi həm Azərbaycanda, həm də sovet məkanında gedən proseslərin nəticəsi kimi meydana çıxmışdır. O zaman ölkədə hakimiyyətsizliyin getdikcə vüsət alması, idarəçiliyin zəifləməsi insanların, geniş xalq kütləsinin mənafelərinin arxa plana keçməsi ilə nəticələnirdi. Bu məsələlərin həllində biganəliyin, özbaşınalığın artması belə bir etiraz dalğasının yaranmasına gətirib çıxarmışdır. Nəticədə, bir tərəfdən, Azərbaycana qarşı olan haqsız, ədalətsiz torpaq iddiası - Dağlıq Qarabağ məsələsinin fəallaşdırılması, digər tərəfdən Azərbaycanın bir respublika kimi mənafelərinin tapdalanması xalq arasında böyük narazılığa səbəb olurdu. Həmin məsələlərin Azərbaycanın mənafeləri nəzərə alınmadan inkişaf etməsi bütün bu hadisələri daha da kəskinləşdirdi. Təbii ki, Azərbaycanda rəhbərliyin zəif olması, bu proseslərin özündə yox, yedəyində getməsi və Azərbaycanda ictimai-siyasi vəziyyətin kəskinləşməsi, eyni zamanda, siyasi ambisiyaları olan qüvvələrin proseslərin məğzini tuta bilməməsi, ona gətirib çıxardı ki, ölkədəki vəziyyət 1989-cu ilin sonunda kritik həddə gəlib çatdı. Bu hakimiyyətsizlik, anarxiya, özbaşınalıq elə vəziyyət yaratdı ki, bu qarışıqlıqda bir sıra qüvvələr prosesləri öz mənafeyi üçün istifadə etməyə çalışdılar. Ola bilər ki, o zaman bəzi insanlar obyektiv olaraq düşünürdülər ki, problemlərin həlli istiqamətində düzgün addım atırlar. Amma bu, onların dünya görüşünün, siyasi səviyyəsinin məhdudluğunu göstərirdi. Buna görə də, Azərbaycan belə bir faciəyə sürüklənmiş oldu. Yəni, həm daxildə gedən proseslər, həm də xarici qüvvələrin öz mənafelərini qorumaq cəhdi, bu faciənin baş verməsində mühüm rol oynadı.

Xüsusilə də, yanvar ayında Bakıda törədilən qırğınlarla bir sıra proseslərə təsir edilməyə çalışıldı. Amma buna baxmayaraq, 20 Yanvar hadisəsi zamanı Azərbaycan xalqının iradəsi, vətənin, torpaqların bütövlüyünü qorumaq məsələsində düşüncələrin vəhdətliyi özünü göstərdi. Təbii ki, bütün bunlardan ötrü canlarını qurban verməyə də tərəddüd etmədilər. Azərbaycan övladlarının atdığı bu addım həm faciə, digər tərəfdən isə, həmişə qeyd etdiyimiz kimi, bir qəhrəmanlıq nümunəsi idi.

 

Mirsüleyman Mirxaslı, YAP Cəlilabad rayon təşkilatının sədri:

 

- 1990-cı il 20 Yanvar hadisəsi Azərbaycan tarixi üçün ən unudulmaz günlərdəndir. Bu, xalqın müstəmləkə əsarətindən qurtulmaq üçün ayağa qalxıb, öz haqqını tələb etdiyi gündür. O zaman küçələrə axışan azadlıq mücahidlərinin qarşısını top-tüfənglə almağa çalışan sovet imperiyasının başbilənləri məkrli siyasətləri ilə bunun qarşısını almağa çalışsalar da, onların bütün niyyətləri puç oldu. Azərbaycan saysız qurbanlar verdi. Ancaq hər şeyə rəğmən, bu gün ölkəmiz öz igid və qəhrəman oğullarının sayəsində müstəqil bir dövlətdir. Biz imkan verməməliyik ki, şəhidlərimizin qanı yerdə qalsın və işğal altında olan torpaqlarımızı azad etməklə biz onların qisasını almalıyıq. Azərbaycanın güclü ordusu var, bu ordu öz torpaqlarını düşmən tapdağından hər an azad etməyə hazırdır.

Onu da qeyd edim ki, 20 Yanvar hadisəsinin həmişə dəyişilməz bir qiyməti olub. O da ki, Azərbaycan xalqının itkisi bahasına onun müstəqillik əldə etməsidir. Sovet imperiyasının siyasətində əsas iki istiqamətin müəyyənləşdiyi həmişə özünü büruzə verib. Belə ki, imperiya özünə güclü iqtisadi sistem qurmaqla yanaşı, eyni zamanda, beynəlxalq aləmdə özünün işğalçılıq siyasətinə də geniş yer verirdi. Bütün bunlardan sonra da, haqlı olaraq, SSRİ bütün dünyada özünün müstəmləkəçilik fəaliyyəti ilə hərb maşını adlandırılıb. Lakin imperiyanın Azərbaycan xalqı üçün qurduğu hiylələrə baxmayaraq, ölkəmiz bu gün artıq müstəqildir. Bu hadisələri törədənlərə qarşı ən böyük cəza da, elə Azərbaycanın müstəqil olmasıdır. Bu gün bütün Azərbaycan ictimaiyyəti ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsində işğal olunmuş torpaqlarımız azad olacaq və o zaman qisasları hələ də alınmamış şəhidlərimizin ruhları qarşısında məğrur dayana biləcəyik.

 

Mahirə Əmirhüseynova, "XXI Əsrin Qadınları" İctimai Birliyinin sədri:

 

- 20 Yanvar faciəsi Azərbaycanın hüzünlə yad edilən ən mühüm günlərindən biridir. Yəni Azərbaycan xalqı və onun övladları həmin gün ölkəmizin, dövlətimizin müstəqilliyi naminə şəhid oldular. Təbii ki, bu, şəhidlik zirvəsinin ən yüksək nöqtəsi idi. Bu hadisə hər il dövlətimiz tərəfindən yaşadılır, yad edilir. Bir qəhrəmanlıq simvolu kimi bu faciə neçə illərdir ki, xalqın yaddaşından silinmir. İlk dəfə olaraq, bu faciəyə hüquqi baxımdan qiymət verən ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Bu məsələnin bütün dünyaya çatdırılması və faciəyə qiymət verilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd edim ki, bir çox hallarda bildirilir ki, bu gün çox kədərli gündür. Amma deyərdim ki, bu faciə kədərli olmaqla yanaşı, eyni zamanda, azadlıq, müstəqillik əldə etmək naminə Azərbaycan xalqının övladlarının özlərini qurban verməkdən çəkinmədiyi bir gündür. Bu faciə Azərbaycanın tarixində qəhrəmanlıq nümunəsi kimi qeyd olunur.

1990-cı ilin 19-dan 20-nə keçən gecə sovet imperiyasının qoşunlarının işğalçı siyasətinin sonluğu bu cür terror aktı ilə nəticələndi. Bu məsələ məhz dünya ictimaiyyətində də belə qəbul olunur. Bilavasitə, Mixail Qorbaçovun rəhbərliyi ilə Azərbaycana qarşı bu terror aktı həyata keçirildi. Eyni zamanda, bu hadisənin baş verməsi Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə, azadlığına qarşı yönəldilmiş bir terror aktı idi. Lakin Azərbaycan xalqı buna sinə gəldi, bütün tarixi boyu bu cür işğalçılıq siyasəti ilə qarşılaşan bir xalq kimi, bu dəfə də vətənimizin övladları sovet ordusunun topu-tüfəngi qarşısında geriyə çəkilmədi. Əksinə, bu mübarizədə öz qəhrəmanlıqlarını əzimlə nümayiş etdirdi. Təbii ki, çox dəhşətli formada yüzlərcə Azərbaycan xalqının gənc övladları şəhid oldular. O gündən 19 il ötür, amma xalqımız o günü qeyd edir, unutmur, tariximizdə faciəli bir gün kimi yad edilir.
   Dövlət səviyyəsində bu günlərin qeyd olunmasına xüsusi diqqət yetirilir. 20 Yanvar şəhidlərinin xatirəsi əbədiləşdirilir, onların ailələrinə qayğı ilə yanaşılır, həmin dövrdə şəhid olmuş övladlarımızın qəbirlərinin üstü götürülməmişdi. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, Şəhidlər Xiyabanını ziyarət edərkən, xüsusi tapşırıqlar verərək, 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə Dağüstü Parka Şəhidlər Xiyabanı adı verildi. Sovet İttifaqı hələ dağılmamışdan əvvəl, Heydər Əliyev hələ Moskvada olarkən, açıq bəyan etdi ki, bu hadisə təcavüzkarlıq, terror aktı, Azərbaycan xalqına qarşı yönəlmiş bir addımdır. İndi də Azərbaycan hökuməti tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı müvafiq sərəncamlar imzalanıb. Eyni zamanda, Yeni Azərbaycan Partiyası da bu hadisə ilə bağlı hər il müvafiq tədbirlər həyata keçirilir.

 

 

Rəfiqə Kamalqızı

 

Səs.- 2009.- 17 yanvar.- S. 14.