İlham Əliyev: "Biz düşünülmüş siyasətlə və yaradılan güclü iqtisadiyyatla özümüzü böhranlı vəziyyətdən qoruyuruq"

 

2008-ci ilin sosial-iqtisadi yekunları ölkəmizin zəngin potensialından xəbər verir

 

Azərbaycanın sosial-iqtisadi inkişafına hərtərəfli zəmin yaradan ideya və konsepsiyaların davamlı olaraq həyata keçirilməsi Prezident İlham Əliyevin qarşıya qoyduğu ən ümdə vəzifələrdir. Görünür, bu reallığın ifadəsidir ki, xalq 15 oktyabr 2008-ci il il prezident seçkilərində növbəti dəfə real nəticələrə, əldə olunmuş uğurlara səs verdi, cənab İlham Əliyevə növbəti beş il üçün öz ideyalarını daha ardıcıl şəkildə həyata keçirməsinə öz dəstəyini nümayiş etdirdi.

Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyevin Sədrliyi ilə 2008-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirənin keçirilməsi də dövlət başçısının xalqın problemlərinə, onun sosial-iqtisadi təminatının yaxşılaşdırılmasına, Azərbaycan dövlətinin iqtisadi gələcəyinə yönələn böyük diqqətinin bariz nümunəsidir. Dövlət başçısının müşavirədəki çıxışı, əsaslandırılmış və konkret mülahizələrə söykənən arqumentləri son dövrlər ölkədə yüksək iqtisadi inkişafın əldə olunduğunu, əhalinin pul gəlirlərinin, əmək haqlarının, ümumi daxili məhsulun artdığını, bütövlükdə ölkədə iqtisadi həyat tərzinin müsbətə doğru dəyişdiyini bir daha isbatladı: "2008-ci ildə nəzərdə tutulmuş bütün proqramlar uğurla icra edilmişdir. Azərbaycan iqtisadiyyatı yüksək sürətlə inkişafını davam etdirmiş və ölkədə infrastruktur və digər layihələr vaxtlı-vaxtında icra olunmuşdur. Bir sözlə, Azərbaycanda son illər ərzində aparılan uğurlu iqtisadi islahatlar 2008-ci ilin yekunlarında da özünü göstərmişdir. Bizim iqtisadiyyatımız təxminən 11 faiz artmışdır. Bildiyiniz kimi, dünyanı bürümüş maliyyə və iqtisadi böhran böyük çətinliklər gətirmişdir. Müxtəlif ölkələrdə iqtisadiyyat tənəzzülə uğrayır, müəssisələr dayanır, işsizlik artır və ölkələr böyük problemlərlə üzləşirlər. Azərbaycanda isə 2008-ci ildə yeni müəssisələr açılmış, iqtisadiyyat artmış, həm dövlət investisiyaları, həm də özəl sektorun fəaliyyəti nəticəsində böyük, nəhəng infrastruktur layihələri icra olunmuşdur".

Əgər fikir versək, görərik ki, dünyada hökm sürən gərgin iqtisadi və maliyyə böhranı fonunda bu dövr ərzində ölkdə inflyasiya 21 faizdən yuxarı çıxmayıb. Halbuki hər birimizə ABŞ və Avropadakı maliyyə böhranı və bunun nəticəsi olaraq həmin dövlətlərdə nəhəng maliyyə maqnatlarının iflasa uğraması faktı yaxşı məlumdur. Müqayisə üçün qeyd edək ki, bu il Gürcüstanda inflyasiya 24,5 faiz, Ermənistanda 27 faiz, Rusiyada 24 faiz, Ukraynada 22 faiz, Türkiyədə isə 23 faiz təşkil edib. Halbuki Azərbaycanda inflyasiya ehtimalı daha böyük və kəskin xarakter daşıya bilərdi. Nəzərə alaq ki, ölkədə əməkhaqları mütəmadi olaraq artırılır, əhalinin pul gəlirləri çoxalır, böyük məsrəflər kəsb edən layihələrin icrası nəticəsində bazara nəhəng pul kütləsi daxil olur. Bu kimi faktlara rəğmən inflyasiyanın baş verməsi qaçılmaz olsa da, məhz hökumətin çevik, ağıllı və praqmatik gedişlərinə rəğmən Azərbaycanda inflyasiya səviyyəsi xeyli aşağıdır. Lakin onu da nəzərə almaq lazımdır ki, inflyasiya elə bir xarakterə malik prosesdir ki, ondan sığortalanmaq indiki dövr üçün olduqca çətindir.

2008-ci ilin reallıqları sırasında diqqəti çəkən əsas məqamlardan biri də ölkəyə xarici investisiyanın cəlb edilməsi prosesində yaşanan canlanmadır. Belə ki, əvvəlki illərlə müqayisədə Azərbaycan iqtisadiyyatına bu il daha çox xarici sərmayə yatırılıb ki, bu da ölkəmizin parlaq iqtisadi gələcəyi ilə şərtlənir. Prezident müşavirədəki çıxışında bu məqamın da üzərində xüsusi olaraq dayandı: "Biz xarici investisiyaları alqışlayırıq və çox şadıq ki, bu proses indi Azərbaycanda davam edir. Yəni Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi öz əhəmiyyətini saxlayır, bəlkə də, daha da artırır və xarici investorlar onlara maraqlı olan sahələrə vəsaiti yönəldirlər. Dövlət investisiya xərcləri daha çox infrastruktura - yollara, elektrik stansiyalarına, qazlaşdırmaya, su xətləri, məktəblər, xəstəxanalar və mədəniyyət, idman obyektlərinin tikintisinə yönəldilir. Bank sektoru da 2009-cu ildə xüsusilə ilk növbədə real iqtisadiyyata o resursları verməlidir. Özəl banklar öz maliyyə resurslarından istədiyi kimi istifadə edə bilər. Onların bəziləri daha çox ticarət əməliyyatlarına üstünlük verir. Yəni, müəyyən ticarət əməliyyatlarının kreditləşməsi ilə məşğuldur. Bu, onların öz işidir, amma əgər dövlət vəsaiti orada yerləşdirəcəksə, əlbəttə ki, burada çox ciddi nəzarət və bir daha qeyd etmək istəyirəm, dövlət qurumlarının həlledici sözü olmalıdır".

Onu da qeyd edək ki, 2007-ci illə müqayisədə 2008-ci ildə ölkə iqtisadiyyatının müxtəlif sahələrinə və sosial sferanın inkişafına 7,9 faiz çox sərmayə yatırılıb. Sevindirici haldır ki, bu gün Azərbaycan investisiya cəlbediciliyinə görə dünya ölkələri arasında birinci yer tutur. Xüsusilə qeyd edilməlidir ki, Prezident İlham Əliyevin iqtisadi proqramının ən mühüm tərkib hissəsi həm də tarazlı inkişafın təmin edilməsidir və bu vacib vəzifənin yerinə yetirilməsində milli kapitalın iştirak səviyyəsi də mühüm faktor rolunu oynayır. Həmçinin, etiraf edək ki, hər hansı bir ölkə xarici investorlar üçün o zaman cəlbedici görünür ki, onun iqtisadi potensialı, zəngin təbii sərvətləri, nəhəng işçi qüvvəsi ilə yanaşı, möhkəm təməllərə əsaslanan ictimai-siyasi sabitlik də hökm sürsün. Siyasi gərginliyin, vətəndaş müharibəsi təhlükəsinin, siyasi qüvvələr arasında kəskin və barışmaz qütbləşmənin mövcud olduğu ölkələrə bir qayda olaraq xarici investorlar maraq göstərmirlər. Uzağa getmədən, Ermənistanın timsalında bu faktı görə bilərik. Müqayisə edin, 2008-ci ildə Ermənistan iqtisadiyyatına vur-tut 140 milyon dollar xarici sərmayə yatırılıb ki, bu da Azərbaycana il il ərzində qoyulan investisiyaların cəmi 2 faizini təşkil edir. Və yaxud başqa bir misal, il ərzində Gürcüstana qoyulan investisiyaların həcmi 500 milyon dollardan yuxarı qalxmayıb. Onu da nəzərə alaq ki, əvvəlki illərdən fərqli olaraq ildən-ilə Azərbaycana yatırılan xarici sərmayə əsasən qeyri-neft sektorunun inkişafına, o cümlədən, emal sənayesinin və kənd təsərrüfatına yönəldilir. Bu isə onu göstərir ki, Azərbaycanda iqtisadiyyatın bütün sahələri ahəngdar inkişaf edir. Digər maraq doğuran məqamlardan biri də odur ki, yerli sahibkarların da investisiya potensialı sürətlə artır. Hətta Azərbaycan sahibkarları qonşu ölkələrə də, xüsusi ilə Gürcüstan, Rusiya və Türkiyə iqtisadiyyatına da sərmayələr qoyurlar. Misal üçün, təkcə 2008-ci il ərzində yerli sahibkarların xarici layihələrdə iştirak payı sürətlə artaraq 1,5 milyard dollara çatıb. Bu, həm də onun göstəricisidir ki, Prezident İlham Əliyevin dəstəyi, himayəsi və qayğısı nəticəsində ölkəmizdə güclü sahibkarlar sinfi formalaşmaqdadır. Müşavirədəki çıxışında Prezident İlham Əliyev bu dəstəyin gələcəkdə də artırılacağını bildirdi: "Yerli sahibkarlığın hərtərəfli inkişafı üçün dövlət tərəfindən edilən dəstək özünü göstərir və beləliklə, Azərbaycanda çox güclü sahibkarlar sinfi yaranır. Məhz onların hesabına daxili investisiyaların artımı mümkün olmuşdur. Eyni zamanda, Azərbaycan investisiya mühitinə görə, investisiyaların qorunmasına yönəldilmiş addımlara görə xarici investorlar üçün də cəlbedici ölkə kimi özünü göstəribdir. Əminəm ki, gələcəkdə yerli, daxili investisiyalar üstünlük təşkil edəcək və Azərbaycanın yaranan və möhkəmlənən sahibkarlar sinfi ölkə iqtisadiyyatı üçün dəyərli işlər görəcəkdir".

Sözsüz ki, Prezident İlham Əliyevin iqtisadi siyasətində sahibkarlığın inkişafı aparıcı istiqamətlərdən biridir. Belə ki, Prezidentin tapşırığı ilə ilk növbədə sahibkarlığın hüquqi bazasının sistem halına gətirilməsi təmin edilmiş, bir sıra qanunlar və bir sıra digər mühüm normativ sənədlər qəbul edilmişdir. Həmçinin, ildən-ilə sahibkarların vergi yükü azaldılır, maliyyə və investisiya təminatının gücləndirilməsi istiqamətində dövlət büdcəsindən sahibkarlara güzəştli kreditlərin ayrılması prosesi davam etdir.

Dövlət başçısının müşavirədə toxunduğu və iqtisadçı ekspertlərin marağına səbəb olan məsələlərdən biri də bütövlükdə ölkənin valyuta ehtiyatlarının artmasıdır. Qeyd edək ki, hər bir ölkənin iqtisadi sabitliyini şərtləndirən ən başlıca amil məhz valyuta ehtiyatlarıdır. Müqayisə üçün deyək ki, 1992-95-ci illərdə Azərbaycanın valyuta ehtiyatları cəmi 10 milyon dollar təşkil etdiyi halda bu gün həmin rəqəm 15 milyard dollara çatıb və beləliklə Azərbaycanın valyuta ehtiyatları 1500 dəfə artıb. Dövlət başçısı müşavirədəki çıxışında bu amilin də ölkəmiz üçün önəmli olduğunu dəqiq şəkildə izah etdi: "Bütövlükdə, bizim valyuta ehtiyatlarımız 15 milyard dollar səviyyəsinə gəlib çatmışdır. Bu da bizim üçün çox böyük dəstəkdir, bizə əlavə güc verir. Biz öz imkanlarımıza, öz gücümüzə söykənirik. Əlbəttə, 15 milyard dollar valyuta ehtiyatları, iqtisadiyyatın inkişafı üçün də mühüm rol oynayır. Eyni zamanda, bizdə inam hissini daha da gücləndirir".

Qeyd edək ki, təkcə ötən il Milli Bankın sərəncamında olan valyuta ehtiyatları 5 milyard dolları keçib. Eyni zamanda, Dövlət Neft Fonduna yığılan valyuta ehtiyatları da ilbəil artır və hazırda fonda 10 milyard dollar pul toplanıb. Sözsüz ki, ölkəmizin valyuta ehtiyatlarının artması Azərbaycanın xarici banklardan götürdüyü kreditərin də vaxtında qaytarılmasına zəmin yaradır. Belə ki, bunun nəticəsidir ki, təkcə ötən il Beynəlxalq Valyuta Fondunun kreditləri üzrə əsas və faiz borcların ödənilməsinə 33 milyon dollar xərclənib. Azərbaycanın valyuta ehtiyatlarının sürətlə artması və ondan səmərəli istifadənin məntiqi nəticəsidir ki, manatın ABŞ dollarına nəzərən rəsmi mübadilə məzənnəsi 4,84 faiz möhkəmlənib. Qeyd edək ki, 2009-cu ildə ölkənin valyuta gəlirinin 29-33% artacağı və ilin sonadək bunun 27 milyard dolları keçəcəyi gözlənilir.

Sözsüz ki, ölkəmizin valyuta ehtiyatlarının sürətli artımına zəmin yaradan amillərdən biri də əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının uğurla həyata keçirilməsidir. Belə ki, 2009-cu ildə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars neft-qaz kəmərləri ilə daha çox həcmdə korbohidrogen ehtiyatlarının idxal olunacağını nəzərə alsaq ölkəmizin valyuta ehtiyatlarının daha çox artıma məruz qalacağını qəti şəkildə proqnozlaşdırmaq olar. Bundan başqa, məlumdur ki, iqtisadiyyatın davamlı inkişafının ən mühüm və həlledici şərti investisiya qoyulmasının həcmi və səmərəlilik dərəcəsidir. Sözsüz ki, ölkənin valyuta ehtiyatları, obrazlı desək, anbara vurulub saxlanılmır. Belə ki, onun bir hissəsi xarici banklara yüksək faizlə istifadəyə verilib, eyni zamanda, yerli investorlara kredit formasında ayrılıb. Bu isə hökumətin valyuta ehtiyatlarından səmərəli istifadə etdiyini nümayiş etdirməkdədir.

Dövlətin valyuta ehtiyatları ilə paralel olaraq ölkədə əhalinin real pul gəlirləri də ildən-ilə artır. Belə ki, 2007-ci illə müqayisədə 2008-ci il ərzində orta əmək haqları 20,4 faiz, əhalinin banklardakı əmanətləri 36,8 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 34,6 faiz, pərakəndə əmtəə dövriyyəsi isə 12,1 faiz artıb. Eyni zamanda, 2007-ci illə müqayisədə 2008-ci ildə ölkədə adambaşına düşən ÜDM istehsalı 35,7 faiz artaraq 3000 ABŞ dolları təşkil edib. Lakin qeyd etmək vacibdir ki, 1995-ci ildə bu göstərici 319 ABŞ dolları səviyyəsində, yəni 7 dəfə aşağı idi. Lakin proqnozlaşdırılır ki, 2008-ci ilin sonunədək bu rəqəm 3300 ABŞ dolları təşkil edəcək. Bu isə o deməkdir ki, Azərbaycan dünyada orta gəlirli ölkələr qrupuna inamla daxil olacaq. Dövlət başçısı İlham Əliyevin müşavirədəki fikirləri də buna əminliyi daha da artırdı: "Bu günlərdə dünyada yaşanan maliyyə böhranı da, demək olar ki, bir çox ölkənin iqtisadi potensialına zərbə vurubdur. Amma Azərbaycan özünü tam əmin hesab edir. Biz beynəlxalq xəbərləri izləyərkən görürük ki, dünyada nə qədər böyük narahatlıq var. Bu narahatlığı həm dövlət və hökumət nümayəndələri, həm adi vətəndaşlar ifadə edirlər, həm də vətəndaşların əmanətləri artıq təhlükə altındadır. Bir neçə ən böyük maliyyə qurumları, demək olar ki, iflic vəziyyətinə düşübdür və böyük maliyyə qurumları artıq dövlət nəzarəti altına keçirlər. Yəni bütün bunlar çox narahatedici hadisələrdir. Amma biz düşünülmüş siyasətlə və yaradılan güclü iqtisadiyyatla özümüzü bu böhranlı vəziyyətdən qoruyuruq. Nə Azərbaycan dövləti, nə Azərbaycan iqtisadiyyatı, nə də Azərbaycan vətəndaşı bu böhranı hiss edir".

Beləliklə, Prezident İlham Əliyevin başçılıq etdiyi iqtidar komandasının 2008-cı ildəki fəaliyyəti ilə bir daha göstərir ki, onun fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə təmənnasız xidmət prinsipi üzərində qurulub. İlham Əliyev yorulmaz, əzmkar fəaliyyəti, tükənməz səyləri, prinsipiallığı ilə xalqın Heydər Əliyev siyasi kursuna inamını və dəstəyini daha da artırıb.

 

 

T.Nəsirli

 

Səs.- 2009.- 20 yanvar.- S. 3.