İllərin qan yaddaşı
20 Yanvar xalqımızın tarixinə şərəfli
gün kimi həkk olunub
Qədim tarixə malik
olan Azərbaycan xalqı əsrlərin sınağından həmişə
üzüağ çıxıb. İllərin qan
yaddaşına neçə-neçə zəfərlər
yazan xalqımız əsrlər boyu qəhrəmanlıq
savaşlarında qəhrəmanlıqları ilə tarixə
düşmüşdür. 1990-cı ilin 20 Yanvar tarixində
də millətimiz məhz belə bir qəhrəmanlıq səlnaməsini
yazdı. Bu tarixi gün illər keçsə də,
yaddaşlardan silinmir və silinməyəcək. Ziyalılarımız
20 Yanvar tarixi ilə bağlı yaddaşlarını bizimlə
belə bölüşdü:
Həsən Mirzəyev, filologiya elmlər doktoru,
professor, YAP Siyasi Şurasının üzvü:
- Mövcud qanunlarla, o
dövrün tələbatları ilə imperiyanın
yaratdığı rejim uyğun gəlmirdi və dünya
dövlətlrinin əksəriyyəti müstəqil idi. Rus
imperiyası, müstəmləkə dövründə Azərbaycan
xalqının müstəqillik, azadlıq arzusu, istəyi
oyanmışdı. Ona görə də, Sovet İttifaqı
öz müstəqilliyini qoruyub saxlaya bilmirdi. Ancaq imperiya
zorakılıq yolu, güc yolu ilə də olsa, öz əvvəlki
formasını saxlamaq istəyirdi. O dövrdə ulu öndər
Heydər Əliyevin nüfuzu keçmiş Sovet
İttifaqında artığından O, Siyasi Şuradan
uzaqlaşdırıldı. Elə o zaman Qarabağ məsələsi
ortaya atıldı. Ermənistanda yaşayan bütün azərbaycanlılar
oradan, doğma torpaqlarından çıxarıldı. Qərbi
Azərbaycandakı bütün insanlar zor gücü ilə
deportasiya edildi. Azərbaycanın tarixi torpaqlarında
soydaşlarımız kütləvi və vəhşicəsinə
qətlə yetirildi. Xalq rejimə qarşı mübarizə
apararaq "Azadlıq" meydanına axışmağa
başladı. Bu axının qarşısını dövlət
almağa çalışsa da, bu, bir nəticə vermədi.
Azadlıq hərəkatı, xalq hərəkatı
bütün Azərbyacanı bürüdü. Bu zaman
Qorbaçov Yazovun rəhbərliyi ilə Azərbaycana
qoşun yeritdi. Xalq inanmırdı ki, sovet ordusu ona
qarşı silaha əl atsın. Rusiyanın qeyri-qanuni şəkildə
Azərbaycana yeritdiyi qoşun qanlı yanvar hadisəsini
törətdi. Millət rus ordusunun bu qədər vəhşi
olduğunu gözləmirdi. Bu qanlı 20 Yanvar faciəsi Azərbaycan
xalqının yaddaşından heç bir zaman silinməyəcək.
Xalq əliyalın da olsa ayağa qalxdı. Öz
sözünü dedi. Böyük bir imperiya ordusunun
qarşısında əyilmədi, qorxmadı, qurbanlar verdi. Bu
qurbanlar həm də xalqımızın azadlığı,
müstəqilliyi uğrunda oldu. Ancaq xalqımız öz
sözünü dedi və rus qoşunlarını Azərbaycandan
çıxardı. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana
ikinci siyasi hakimiyyətə qayıtdıqdan sonra ilk dəfə
olaraq məsələyə siyasi qiymət verildi. O günə
qədər məsələyə heç bir münasibət
bildirilməmişdi. İmperiya öz siyasətini təkcə
Azərbaycanda deyil, Qazaxıstanda, Tbilisidə, Pribaltika ölkələrində
də törətsə belə heç nəyə nail ola
bilmədi. Qeyd edim ki, qanlı Yanvar hadisələri bir tərəfdən
bizi kədərləndirsə də, digər tərəfdən
də düşünürük ki, xalqımız öz
müstəqilliyi uğrunda canını, qanını verdi. Elə
bunun nəticəsidir ki, Şəhidlər Xiyabanı bizim and
yerimiz, ziyarətgahımızdır. Eyni zamanda, 20 Yanvar şəhidləri
millətin qeyrət rəmzidir. Bu qeyrəti, vüqarı həmişə
uca tutmaq bizim borcumuzdur.
Mehriban Abasquliyeva, YAP Sabunçu rayon təşkilatının
sədri:
- 20 Yanvar faciəsindən
19 il ötür. Bu 19 il ərzində bu məsələ həmişə
dövlətin diqqət mərkəzində olub. Sözsüz
ki, xalqın faciəsinə dövlət rəhbəri səviyyəsində
bəslənən ehtiram bir daha göstərir ki, ölkə
Prezidenti İlham Əliyev hakimiyyəti ulu öndər Heydər
Əliyevdən əxz etdiyi milli təəssübkeşlik
missiyasını dönmədən həyata keçirir. Onu
da qeyd edək ki, Prezident İlham Əliyev 1990-cı ilin
yanvarında şəhid olmuş oğul və
qızlarımızın xatirəsinin əbədiləşdirilməsi,
adlarının uca tutulması, onların ailələrinin,
övladlarının sosial müdafiəsinin gücləndirilməsi
üçün son illər mühüm işlər
görür. Prezidentin sərəncamları ilə 20 Yanvar
faciəsinin ildönümü hər il respublikanın hər
yerində geniş surətdə qeyd olunur. Eyni zamanda, Prezident
İlham Əliyevin fərmanı ilə şəhid ailələrinə
dövlət qayğısı artırılıb. Məhz bu
qayğıya cavab olaraq xalqımız öz rəhbəri ətrafında
daha sıx birləşir. Elə bu yaxınlarda Konstitusiyaya əlavə
və dəyişikliklərin edilməsi ilə bağlı
martın 18-də referendumun keçirilməsi də ictimaiyyətin
təklifinin nəticəsində irəli sürülüb. Xalq
ölkə Prezidentinin hər bir vətəndaşın
Prezidenti olduğunun bu son illər ərzində bir daha
şahidi olub. Bu gün də 20 Yanvar faciəsi ilə
bağlı geniş tədbirlərin keçirilməsi ilə
bağlı dövlət başçısı cənab
İlham Əliyevin verdiyi sərəncamı onu sübut edir
ki, Prezident xalqının dərdinə həmişə şərikdir
və diqqətindədir. Çünki 20 Yanvar faciəsi hər
bir azərbaycanlının yaddaşındadır. Bu faciə
bir çox ailələri başsız qoydu. İnsanlar
doğmalarını, qohumlarını, yaxınlarını
itirdilər. Digər tərəfdən isə, Azərbaycan
xalqı öz müstəqilliyini hər şeydən üstün,
uca tutdu. Əliyalın xalq başdan-ayağa silahlanmış
bir ordunun qarşısına əliyalın çıxdı.
Xalqımız o günlərdə daha mütəşəkkil
idi. Ən şirin nemət olan canını müstəqillik
yolunda verən xalqımız öz suverenliyini qanı
bahasına əldə etdi. İmperiya qüvvələri
müxtəlif respublikalarda millətlərarası nifaq,
düşmənçilik salır və keçmişdə
olan münaqişələri yenidən oyadırdı. Bu,
Qorbaçovun Azərbaycanda başlanan milli hərəkatı
boğmaq arzusundan irəli gəlirdi. O zaman Azərbaycana rəhbərlik
edən adamların xalqdan uzaq düşməsi bu hadisənin
baş verməsinə rəvac verdi. Xalqın təşkilatlanması
işini düzgün qura bilməyənlər xalqı
meydanlara çağırırdı.
20 Yanvar faciəsi bir
tarixdir və hadisələr hər kəsin gözü
önündə baş verib. Tarix hadisələrdən bir
neçə il əvvəl Heydər Əliyev şəxsiyyətini
bizə bəxş etsəydi, təbii ki, bu
qırğınlar, Qarabağ düyünü də
olmazdı. Tarixdə şəxsiyyətin rolu
böyükdür. Xəstə olmasına baxmayaraq, Azərbaycanın
Moskvadakı nümayəndəliyinə gələrək, rəsmi
şəkildə imperiyanın başçısına öz
etirazını bildirdi. Ulu öndərin bu addımı faciənin
acısını yaşayan xalqda özünə inam
yaratdı. Ancaq cinayət olan yerdə cəza da
olmalıdır. Bu faciəni törədənlər də
öz qanuni cəzasını almalıdır. Xalqın nifrəti
isə ən böyük cəzadır, onlar bu cəzanı
alıblar və alacaqlar. Ancaq onu da qeyd edim ki, 20 Yanvar
xalqımızın tarixinə şərəfli bir gün
kimi həkk olundu. Yaşından asılı olmayaraq, hər
bir azərbaycanlı şəhidlərin anım
gününü qürurla, fəxrlə anır. Vətənin
azadlığı, müstəqilliyi uğrunda canından
keçən soydaşlarımızın məzarı
xalqımızın ziyarətgahına çevrilib. Çünki
20 Yanvar tarixində baş verən hadisələr
xalqımızın milli qürur hissini daha da formalaşdırdı.
Allah şəhidlərimizə
rəhmət eləsin!
Natiq İbadov, YAP Astara rayon təşkilatının
sədri:
- Bu gün
respublikamızın hər yerində olduğu kimi, Astara
rayonunda da 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə əlaqədar
bir sıra tədbirlər planı hazırlanaraq həyata
keçirilməkdədir. 20 Yanvar faciəsinin
ildönümü ilə əlaqədar, rayonun bütün qəsəbə
və kəndlərində mərasimlər keçirilir, faciə
qurbanları üçün ehsanlar verilir, şəhid ailələrinə
yardımlar göstərilir. Bu tarixi faciə hər il, hər
gün yaddaşlarda qalmalıdır. Qoy yeni nəsil bu faciənin
mahiyyətini dərindən dərk etsin və tariximizin bu
şərəfli səhifəsini dönə-dönə
öyrənsinlər. Çünki 20 Yanvar faciəsi şərəfli
bir tarixdir. Həmin gün 10 minlərlə vətən
oğlu sovet imperiyasının Azərbaycan xalqına
qarşı M.Qorbaçov başda olmaqla Moskvada oturan ermənipərəst
rəhbərliyinin düşmənçilik siyasətinə
öz etirazını bildirməsi və müstəqillik
amalları uğrunda müqəddəs mübarizəyə
qalxmışdır. Bu, əsil azadlıq mübarizəsi idi.
Digər bir tərəfdən isə, igid oğlu və
qızlarımızın tarixi qəhrəmanlığı,
onların müqəddəs şəhid qanları
bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan
xalqı öz azadlığı və müstəqilliyi
uğrunda tarixi mübarizəyə qalxıb. Daima ermənilərin
müdafiəsində duran M.Qorbaçov Azərbaycan
xalqının azadlıq və istiqlal istəyini qanla
boğmaq qərarına gəldi. O, ümummilli liderimiz Heydər
Əliyevin qarşısında cılız olduğunu və
bu tarixi şəxsiyyətə daim məğlub olduğunu
gözəl dərk edirdi. Xalqımıza qarşı
düşmənçilik mövqeyində dayanan
M.Qorbaçovun ölümü ilə sovet qoşunları
yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə
daxil olaraq öz xalqının azadlığı və
müstəqilliyi uğrunda mübarizəyə qalxmış
insanların üzərinə yeridi. Lakin sovet
imperiyasının top-tüfəngi xalqımızın qəhrəman
oğul və qızlarını qorxutmadı. Əksinə,
onların bu tarixi qəhrəmanlığı sahəsində
Azərbaycan öz müstəqilliyinə qovuşdu. M.Qorbaçovun
Moskvadakı digər canişinlərinin köməyi və dəstəyilə
erməni daşnakları və 10 minlərlə azərbaycanlını
öz yurd-yuvasından qovmuş, sonradan isə Dağlıq
Qarabağdakı azərbaycanlılara qarşı vəhşicəsinə
hücum edərək, divan tutmağa
başlamışdılar. Bu gün biz 20 Yanvar faciəsini təkcə
bir faciə kimi xatırlatmamalıyıq. Çünki bu, bizim
tariximizdə olduqca şərəfli bir səhifədir. Həmin
gün biz yüzlərlə şəhid versək də,
müqəddəs şəhid qanları bahasına Azərbaycanın
müstəqilliyini və azadlığını əldə
etmişik. Onların qəhrəmanlığı göstərdi
ki, Azərbaycanın igid oğul və qızları öz
qanları bahasına doğma vətənlərini xilas etməyə
qadirdilər. 20 Yanvar faciəsi bizim tariximizdə milli qürur
səhifəsidir.
Rəfiqə Kamalqızı
Səs.- 2009.- 20 yanvar.- S. 7.