Azərbaycan-Almaniya təhsil əlaqələri genişlənir

 

Konrad Adenauer Fondunda konfrans keçirilib

 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Səs"ə verilən məlumata əsasən, Almaniyanın Konrad Adenauer Fondunun Akademiyasında Azərbaycan və Almaniyanın təhsil və gənclər sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə konfrans keçirilmişdir. Gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov və digər azərbaycanlı rəsmilərin qatıldığı tədbirin əsas məqsədi Almaniya və Azərbaycan arasında təhsil sahəsində əlaqələri möhkəmləndirmək, yeni layihələrə imza atmaq olub.

Konfransda Almaniyanın Xarici İşlər Nazirliyinin, DAAD-ın nümayəndələri, Vüzburg Universitetinin professoru, eyni zamanda, Almaniyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Əsasən, təhsil sahəsi ilə bağlı aparılan müzakirələrdə səfir P.Şahbazov Almaniyada azərbaycanlı tələbələr, alman-Azərbaycan münasibətləri, Azərbaycan reallıqlarının Almaniyaya çatdırılması mövzularına toxunub. Təhsil naziri Misir Mərdanov öz növbəsində, təhsil islahatları, xaricdə təhsillə bağlı Prezident tərəfindən qəbul olunmuş Dövlət Proqramı, beynəlxalq mübadilə proqramları ilə əməkdaşlıq, xaricdə təhsil alan tələbələrin təqaüd və digər problemləri, onların vətənə qayıtdıqdan sonra işlə təmin olunmaları haqda danışıb.

Gənclər və idman naziri Azad Rəhimov isə, Azərbaycanda gənclər üçün yaradılan şərait, onların beynəlxalq miqyasda fəaliyyəti, beynəlxalq təşkilatların yaradılmasının təşəbbüskarları olan azərbaycanlı gənclərin, eyni zamanda, fəal şəkildə bu təşkilatlarda təmsil olunmaları barədə söz açıb.

Alman-Azərbaycan Forumunun nümayəndəsi Otto Hauser Almaniya və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın və tələbə mübadiləsinin vacib olmasını vurğulamaqla bərabər, Almaniya texnologiyası və ali təhsillərini Almaniyada başa vurmuş tələbələr vasitəsi ilə Azərbaycana gətirilməsinin yollarından danışıb.

Tədbirin sonunda FASE (Avropada Təhsil Azərbaycanlı Tələbələr Forumu) Berlin bürosunun koordinatoru Ziya Qazıyev qeydiyyatdan keçmiş təşkilatın Almaniyada fəaliyyəti, qarşıda həyata keçirilməsi nəzərdə tutulan layihələr və s. mühüm məqamları haqda söz açıb. "Avropa qonşuluq siyasəti və Azərbaycan", "Azərbaycan Avropa və Asiya arasındakı körpü rolunda", "Cənubi Qafqazda münaqişələrin həll olunmasında EU -in rolu" mövzuları da konfransda iştirakçılar tərəfində müzakirə edilib.

 

 

Mətləb

 

Səs.- 2009.- 20 yanvar.- S.10.