"Davamlı İnkişaf" təşəbbüs qrupu yaradıldı

 

Təşəbbüs qrupunda idmançı gənclər və QHT nümayəndələri təmsil olunurlar

 

Məlum olduğu kimi, ölkəmizdə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı martın 18-də referendum keçiriləcək. Bununla bağlı təşəbbüs qrupları yaradılmaqdadır. Hər bir kəs ölkəmizin dinamik inkişafı fonunda, bu dəyişikliklərin zəruriliyini qeyd edir. Bu fakt isə onu göstərir ki, ölkə əhalisi son beş il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən mühüm inkişaf və tərəqqi siyasətinin davamlı şəkildə reallaşdırılması və Azərbaycanın gələcəyinin bundan sonra da etibarlı əllərdə olması üçün konstitusiyada əlavə və dəyişikliklərə böyük ehtiyac duyur.

Bunu keçirilən bütün yığıncaq və toplantılarda səsləndirilən fikir və təkliflər də sübut edir. Xalq bir şəxsin iki dəfədən artıq prezident seçilməsini qadağan edən bəndin aradan qaldırılmasının vacib olduğunu martın 18-də keçiriləcək referendumda bir daha ortaya qoyacaq. Bu bənd, ilk növbədə, vətəndaşların hüquq və azadlıqlarının məhdudlaşdırılması deməkdir. Deməli, yeni inkişaf, hər şeydən əvvəl, yeni dəyişikliklər tələb edir. Azərbaycan artıq ilk dəfə keçirilən 1995-ci ilin noyabrındakı müddətdən bəri xeyli dəyişib və inkişaf edib. Bu isə ciddi dəyişikliklər tələb edir.

Dünən iki minə qədər idmançının və QHT nümayəndələrinin iştirakı ilə referendumla bağlı yaradılan təşəbbüs qrupunun təsis yığıncağı keçirildi. Olimpiya çempionu Elnur Məmmədli çıxış edərək bildirdi ki, ölkəmizin hər yerində martın 18-də keçiriləcək referendumla bağlı təşəbbüs qrupları yaradılır ki, bu da xalqın Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərə dəstək verdiyini göstərir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə olimpiya və idman hərəkatının geniş vüsət aldığını deyən E.Məmmədli bildirdi ki, son illər Azərbaycan idmanı misli görünməmiş bir inkişaf dövrü yaşamaqdadır. 2008-ci il Afina Yay Olimpiadasında Azərbaycan idmançılarının uğurla çıxış etdiklərini deyən E.Məmmədli vurğuladı ki, hazırda bütün gənclərimizin idman hərəkatına qoşulması, ölkəmizdə mənəvi və fiziki baxımından sağlam bir gəncliyin meydana çıxdığını göstərir. O, vurğuladı ki, martın 18-də bütün Azərbaycan vətəndaşları kimi, idmançılarımız da referendumda fəal şəkildə iştirak edəcəklər və dəyişikliklərə səs verəcəklər.

Gənclərin nümayəndəsi Ramin Əliyev isə, Azərbaycan gəncliyinin son beş il ərzində böyük uğurlara nail olduğunu bildirərək, ölkəmizin böyük inkişaf və dəyişikliklər dövrünü yaşadığını bildirdi. O, vurğuladı ki, ilk referendumun keçirilməsindən ötən müddət ərzində, Azərbaycan təsəvvürəgəlməz dərəcədə dəyişib və inkişaf edib. 2008-ci il Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olan Fuad Aslanov çıxış edərək bildirdi ki, hər bir inkişaf etmiş ölkə kimi, Azərbaycanın da bu inkişafa uyğun olaraq öz qanunlarını tənzimləməsi vacibdir. Konstitusiyaya əlavə və düzəlişlərin, ilk növbədə, vətəndaşların seçki hüquqlarının təmin edilməsi baxımından böyük əhəmiyyət daşıdığını deyən F.Aslanov, Azərbaycan gəncliyini bu dəyişikliklərə səs verməyə çağırdı. O, vurğuladı ki, martın 18-də keçiriləcək referendum, Azərbaycan xalqının dəyişikliklərə və inkişafa olan dəstəyini bir daha nümayiş etdirəcək. Sonra 25 nəfərdən "Davamlı İnkişaf" ibarət təşəbbüs qrupu yaradıldı. Olimpiya çempionu E.Məmmədli təşəbbüs qrupunun rəhbəri seçildi. Təşəbbüs qrupuna Dünya və Avropa çempionu Xəzər İsayev, güləş üzrə milli komandanın baş məşqçisi Ağayar Axundzadə də daxil edildilər. Səbuhi Rzayev və Azər Cavadov, təşəbbüs qrupunun səlahiyyətli nümayəndələri seçildilər.

 

 

Mətləb

 

Səs.- 2009.- 20 yanvar.- S. 10.