20 Yanvar: faciədən qələbəyə doğru

 

20 yanvar faciəsinin məşum 19-cu ildönümü qeyd edilməkdədir. Bu müsibətin də başında erməni dəstəkçiləri dururdular. Erməni lobbisinin qurduğu plana görə Bakıda yaşayan 100 mindən bir qədər artıq erməni təxribat törədəcəkdi. Bu işə erməni katalikosu xeyir-dua vermişdi. Ancaq bu dəfə ermənilər də, erməni dəstəkçiləri də yanılmışdılar.

Milli şüur səviyyəsi kifayət qədər inkişaf etmiş Azərbaycan xalqı bir yumruq kimi birləşib, ayağa qalxmışdı. Bakı erməniləri bu dalğanın qarşısında heç nə idi. Odur ki, onlar Bakı üsyanı ab-havası altında limana və dəmiryolu vağzalına toplaşmışdılar. Ermənilər kütləvi şəkildə Rusiya və Orta Asiyaya gedirdilər.

Moskvada ermənilərin ən böyük müdafiəçisi qiyafəsində olan Mixail Qorbaçov əsəbdən dodaqlarını gəmirirdi. Onun Bakıdakı əlaltısı Əbdürrəhman Vəzirov Moskvaya müraciət edib, ordu dəvət etmişdi. Yanvarın 19-da saat yeddiyə 26 dəq. işləmiş əsgərlər telekanalın kabelini partlatdılar. Bununla əhalini informasiya almaqdan məhrum etmək istəmişdilər.

Qırğın gecəyarıdan səhərədək və ondan bir neçə gün sonra davam etdirildi. Gecə hücumları arasında çoxlu erməni könüllüsü olmuşdu. Qırğın və talanların böyük əksəriyyəti məhz onlar törətmişdilər. Hər halda, faktik olaraq, paytaxtımızda sovet ordusu qan tökmüşdü. Öldürülənlərin və yaralananların dəqiq sayı haqda beynəlxalq dairələrdə məlumat verilirdi. Ertəsi gün Ə.Vəzirov Moskvaya qaçdı.

Fövqəladə rejim uzun müddət davam etdi. Moskva onun yerinə Ayaz Mütəllibovu gətirdi. Bu şəxs gəlişinin ilk günündən Moskvaya xidmət etməklə erməni dəyirmanına su tökdüyünü sübut etdi. 1990-cı ilin 10 yanvarından sonra paytaxtın iri müəssisələrinin hamısında tətil elan edilmişdi. Ancaq vacib tələbat malları istehsal edən müəssisələr işləyirdi. Hər bir kəs bacardığı işi görməklə vətəninə xidmət etməyə çalışırdı. Nəqliyyat vasitələri pulsuz işləyirdi. Hər bir kollektiv ona tapşırılan sahədə işləyirdi.

1990-cı ilin yanvarında bu sətirlərin müəllifi Səbail ərazisində yerləşən Volodarski adına maşınqayırma zavodunun fəhlə və qulluqçuları ilə təcili yığıncaq keçirib, Tətil Komitəsi yaratdı. İdarə Heyəti yeddi nəfərdən ibarət idi. Bu sətirlərin müəllifi əlaqələndirici vəzifəsini icra edirdi. Məqsəd Səbail rayon şöbəsi ilə əlaqə saxlayıb iş yerini müəyyənləşdirmək idi. Bizim kollektivə indiki prezident aparatının şərq hissəsini zəncirvari şəkildə kəsib, işçilərin giriş-çıxışını qadağan etmək idi.

Zavodda direktordan tutmuş fəhlələrədək hamı birləşmişdi. Zavodun avtomobillərinin hamısı tətilçilərin ixtiyarına verilmişdi. Biz səhər saat 6 radələrində yuxudan durub, zavodun həyətində görüşür və maşınlara minib prezident aparatındakı "iş yerimizə" gəlib, gecə yarıyadək ac-susuz yerimizdə dayanır, sonra isə yorğun-arğın, payi-piyada 20-ci sahədə yerləşən evimizə gedirdik.

Yanvarın 19-dan 20-nə keçən gecədə həmişəki kimi keçdi. Gecə saat birə yaxın evimizə gedib ölü kimi yatmışdıq. Səhər tezdən oyananda qırğın törədildiyindən xəbər tutduq. Bizim ərazidən şəhərə girən ordu heyətinin üzvləri 40 gün işə çıxmadı. Yanvarın 20-də səhər prezident aparatının qarşısına getdi. Digərləri kimi mən də partiya biletimi atdım. Vertolyotlar havadan üstümüzə yazılı kağızlar atır, dağılışmağı tələb edirdilər. Həmin gün zavoddan prezident aparatına piyada gəlmişdik. Bayıl dairəsi yaxınlığında bir dəstə əsgər üstümüzə avtomat çəkdi. Komandirləri onların atəş açmalarına icazə vermədi. Bir rus qadını dişinin dibindən çıxan söyüşü əsgərlərə yağdırırdı.

A.Mütəllibov ordunun törətdiyi qırğına haqq qazandırırdı. Yalnız Moskvada yaşayan ümummilli lider qırğının törədilməsində Qorboçovu günahlandırıb, etirazını bildirmişdi. Hadisələrə nə A.Mütəllibov, nə də Ə.Elçibəy siyasi qiymət verməmişdi. Bu məsuliyyəti 1993-cü ildə ümummilli lider Heydər Əliyev üzərinə götürdü. Azərbaycan xalqının erməni və erməni dəstəkçilərindən xilası da məhz həmin vaxtdan etibarən başlandı.

 

 

Mirzə QƏRƏNFİL

 

Səs.- 2009.- 20 yanvar.- S. 4.