İqtisadi islahatlar ölkənin bütün sahələrinə müsbət təsir edib

 

Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş müşavirəsində açıqlanan statistik rəqəmlər bunu bir daha təsdiqləyib

 

Sınaqdan çıxmış aksiomadır ki, güclü və müstəqil olmaq üçün güclü iqtisadiyyat lazımdır. Bu da, öz növbəsində, dövlətin siyasətini gücləndirir. Lakin o da məlumdur ki, azad iqtisadiyyatın inkişafına yönəldilmiş radikal iqtisadi islahatlar kursunun ardıcıl davam etdirilməsi, yalnız güclü siyasi hakimiyyətin sayəsində mümkündür. Azərbaycanda da iqtisadi transformasiya prosesinin dönməz xarakter almasında siyasi hakimiyyətin gücü və iradəsi həlledici rol oynamaqdadır. Bu, ümummilli liderimiz Heydər Əliyevin uğurlu siyasətinin davamçısı ölkə Prezident İlham Əliyevin iqtisadi quruculuq sahəsindəki fəaliyyətinin nəticəsində həyata keçirilir. Təsadüfi deyil ki, xarici ekspertlər ölkənin siyasi rəhbərliyi tərəfindən ictimai sabitliyin təmin edilməsini və milli iqtisadiyyatın formalaşdırılması sahəsində strateji addımların atılmasını ölkəmizin mövcud potensialının reallaşdırılması üçün "imkanlar pəncərəsi" kimi dəyərləndirirlər. Sözsüz ki, bu "pəncərə"nin yaratdığı imkanlardan maksimum və daha səmərəli istifadə edilməlidir.

2008-ci ilin 9 ayının nəticələri ilə bağlı Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetində keçirilən müşavirədə səslənən rəqəmlər də bir daha bu uğurların reallıqlarını təsdiqlədi: "Azərbaycan ÜDM-in və sənaye istehsalının artımına görə dünyada liderdir. 2008-ci ilin 9 ayında iqtisadiyyatımız 26 faiz ümumi daxili məhsul 39 faiz, sənaye istehsalı 47 faiz, orta əməkhaqqı 20 faiz, əhalinin gəlirləri 18 faiz artmışdır. Pensiyaların orta aylıq məbləği 19 faiz təşkil etmişdir. Bizim iqtisadi siyasətimiz çox uğurludur və real nəticələr verməkdədir" - bu fikirlər dövlət başçısının iqtisadi siyasətinin əsil mahiyyətini bir daha göz önündə canlandırır.

Ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında bir daha diqqəti ölkəmizin bu və ya digər sahələrdə qazandığı uğurlara yönəldərək, bildirdi ki, bu nailiyyətlərin təməlində düşünülmüş siyasət, ölkənin milli maraqlarının qorunması, siyasi-iqtisadi islahatlar, demokratik proseslər dayanır. Bu gün ölkənin hərtərəfli inkişafına nail olmaq istiqamətində atılan addımların uğurlu nəticələri göz qabağındadır. Prezident İlham Əliyev bütün çıxışlarında bəyan edir ki, iqtisadiyyatın inkişafını yalnız neft amili ilə bağlamaq olmaz. Bu da faktdır ki, ÜDM-də özəl bölmənin payı 84 faizdən artıqdır. Elə bu faktın özü dövlətin qeyri-neft sektorunun inkişafına göstərdiyi diqqəti bir daha ortaya qoyur. Dövlət başçısı müşavirədə xüsusi olaraq vurğuladı ki, Azərbaycan neft gəlirlərindən səmərəli istifadə etməli və bu gəlirlər qeyri-neft sektorunun inkişafına xərclənməlidir: "Neft gəlirlərinin səmərəli idarə olunması qarşıda duran vacib məsələlərdəndir. Qarşıda duran vacib məsələlərdən biri neft gəlirlərinin səmərəli idarə olunmasıdır. Böyük infrastruktur layihələri indi də həyata keçirilir, gələcəkdə də həyata keçiriləcəkdir. Tikinti-abadlıq işləri aparılır, sosial sektorun inkişafına dair tədbirlər görülür".

Ölkə Prezidentinin sərəncamı ilə təsdiqlənmiş "Regionların sosial-iqtisadi inkşafına dair Dövlət Proqramı"nın uğurla yerinə yetirilməsi əldə olunan nəticələrdə də qabarıq şəkildə özünü büruzə verir. Dövlət Proqramının uğurlu icrası nəticəsində ölkə iqtisadiyyatı şaxələndirilib, bütün regionlarda yeni infrastruktur layihələri həyata keçirilib. Ötən beş ildə Prezident İlham Əliyevin bölgələrə 60-dan artıq səfəri olub. Hər bir səfər isə yeni müəssisələrin, təhsil, səhiyyə ocaqlarının, idman komplekslərinin açılış və təməlqoyma mərasimləri ilə yadda qalır. Təbii ki, bu diqqət və qayğı ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir, gələcəyə olan ümidlərini daha da artırır.

Prezident İlham Əliyev hələ 2003-cü ildə keçirilən andiçmə mərasimində vurğulamışdı: "Minimum əməkhaqları ildə ən azı iki dəfə artırılmalıdır." Son beş il ərzində Beynəlxalq Valyuta Fondunun ayırdığı kredit əsasında 2003-2005-ci illəri əhatə edən "Yoxsulluğun azaldılması və iqtisadi inkişaf proqramı"nın davamı olaraq 2006-2015-ci illər üçün "Yoxsulluğun azaldılması və davamlı inkişaf Proqramı" həyat keçirilir. 2003-cü ildə yoxsulluq həddi 49 faiz idisə, bu gün 13,2 faiz təşkil edir. Bu, bir daha onu göstərir ki, ölkədədə aparılan əsaslı, köklü iqtisadi islahatlar həm ölkənin iqtisadi potensialının möhkəmlənməsinə yönəldilib, eyni zamanda, insanların rifah halının yaxşılaşmasında özünü göstərir. Onu da qeyd edək ki, son beş ildə dövlət başçısının əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən onlarla fərman və sərəncamları da deyilənlərə əyani sübutdur.

Dövlət başçısı müşavirədəki çıxışında bir daha bəyan etdi ki, müstəqilliyimizi qoruyub-saxlamaq üçün yeganə yol-Azərbaycanda güclü iqtisadiyyat yaratmaqdır. Məlumdur ki, müstəqil dövlət kimi Azərbaycanın bu dövrdə əldə etdiyi bütün uğurlar, birmənalı olaraq, ümummili lider Heydər Əliyevin adı ilə bağlıdır. 1991-ci ilin sonundan 1992-ci ilin iyununa qədər beş dəfə siyasi rəhbərliyi dəyişən, sənaye və kənd təsərrüfatı bərbad hala düşən, qanunsuz silahlı qüvvələrin meydan suladığı, əvəzində Qarabağda döyüşməyə ordusu olmayan Azərbaycanın bu gün regionun ictimai-siyasi cəhətdən ən sabit, iqtisadi inkişafına və potensialına görə ən perspektivli ölkəyə çevrilməsi bilavasitə ümummilli lider Heydər Əliyevin əməyi, təcrübəsi və qüvvəti sayəsində mümkün olması təkzibedilməz faktdır. Bu yol ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, son beş ildə dövlət başçısı İlham Əliyevin addımları təsdiqləyir ki, ölkəmizin gələcəyi üçün fərqli imkanlar dövrü başlanıb. Azərbaycanın hərtərəfli inkişafının yeni mərhələsi kimi səciyyələndirilən bu dövrdə, Prezident İlham Əliyev tərəfindən ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri ardıcıl olaraq müəyyənləşdirilərək uğurla həyata keçirilməkdədir. Prezident İlham Əliyev müşavirədə iqtisadi siyasət sahəsində atılan bu addımların artıq öz bəhrəsini verdiyini bildirdi: "Regionların hamısında inkişaf geniş vüsət alıb. 740 min yeni iş yerinin açılması böyük göstəricidir. Gələn ilin büdcəsində rayonların sosial-iqtisadi inkişafına daha böyük dəstək verilməlidir, daha böyük həcmdə vəsaitlər ayrılmalıdır ki, rayonlarda insanları narahat edən bütün məsələlər tezliklə öz həllini tapsın".

Bütün bunlar bir daha təsdiqləyir ki, ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin oktyabrın 15-də növbəti dəfə Azərbaycan Prezidenti seçilməsi ölkəmizin iqtisadi inkişafına yeni bir vüsət vermiş oldu. Təsadüfi deyil ki, 2008-ci ilin 9 ayı ərzində əhalinin pul gəlirləri 42 faiz artmışdır. Bütün bunlara əsaslanaraq, deyə bilərik ki, hökumətin həyata keçirdiyi ən mühüm vəzifə əhalinin sosial müdafiəsinin təmin edilməsidir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsində də deyilir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır. Bununla müəyyən edilmişdir ki, bütün inkişaf etmiş sivil dövlətlərdə olduğu kimi, iqtisadiyyat fərdin maddi, sosial və mənəvi tələbatlarının ödənilməsinə istiqamətləndirilməlidir. Buna görə də, sosial yönümlü iqtisadiyyat vasitəsilə insanların firavan yaşayışına zəmanət verən, onların hüquq və azadlıqlarını təmin edən əhalinin sosial müdafiəsi sisteminin qurulması prosesi uğurla həyata keçirilir.

Bu gün ölkə Prezidenti İlham Əliyevin əsas strateji məqsədi ondan ibarətdir ki, bütün bölgələr monolit dövlət modelinin qurulması prosesində fəal iştirak etsin. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının qəbul edilməsi regionlarla paytaxt arasında fərqin azaldılmasına, bölgələrin sürətli inkişafına, yerli potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin tərəqqisinə, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılmasına, sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına yol açır. Beş il ərzində proqramın icrası nəticəsində 1960 sənaye və emal müəssisəsi fəaliyyətə başlamış, müasir tipli təhsil və tibb ocaqları, olimpiya idman kompleksləri, qaçqın və məcburi köçkünlər üçün qəsəbələr tikilib istifadəyə verilmişdir. Yollar, qaz, su kəmərləri, elektrikötürmə xətləri çəkilmiş, mühüm infrastruktur layihələri həyata keçirilmişdir.

Bir məqamı da xüsusi qeyd etmək istərdik ki, Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi iqtisadi cəhətdən müstəqilliyini daha da möhkəmləndirir. Böyük enerji layihələrinin əsas iştirakçısı və təşəbbüsçüsü olan ölkəmiz, onların reallığa çevrilməsi istiqamətində atdığı addımları ilə bir daha siyasətində müstəqil olduğunu nümayiş etdirir. Bu fikir beynəlxalq ekspertlər tərəfindən də hər zaman vurğulanır ki, yalnız iqtisadi siyasətində müstəqil olan dövlət müstəqil siyasət həyata keçirə bilər. Respublikamız bu sahədə nümunəvi ölkə kimi qeyd olunur. Bu gün Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilməsi ölkəmizin artan önəminin təsdiqidir. Həm neft hasilatçısı, həm qaz hasilatçısı, həm neft-qaz ixrac edən, həm də tranzit ölkə kimi bizim heç bir problemimiz yoxdur və etibarlı tərəfdaş kimi, dost ölkə kimi Azərbaycan dünya miqyasında öz müsbət imicini daha da gücləndirir.

Bugünün reallıqları ulu öndər Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" fikrinin həqiqətə söykəndiyini bir daha təsdiqləyir. Regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycan BTC və BTƏ neft-qaz kəmərlərinin reallaşması, BTQ dəmir yolunun yaxın gələcəkdə istismara verilməsi ilə uzunmüddətli iqtisadi inkişafını təmin edəcək. Təbii ki, bunlar əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının nəticəsidir. "Azərbaycanın təbii sərvətləri xalqa məxsusdur" deyən Prezident İlham Əliyev həmin strategiyanı uğurla həyata keçirərək, xalqın yaxşı yaşamasına çalışır.

Ölkə Prezidenti İlham Əliyevin tədbirdəki giriş və yekun nitqlərində Azərbaycanın ötən il, eləcə də, son beş ildə enerji sahəsində gördüyü misilsiz işlər bir daha vurğulandı. Qeyd olundu ki, bu gün Azərbaycan özünü elektrik enerjisi ilə, neft və qazla təmin edən bir ölkəyə çevrilib.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2009.- 22 yanvar.- S.3.