"Azərbaycan Almaniya arasındakı akademik mübadilə, hazırkı vəziyyət perspektivlər" mövzusunda konfras keçirilib

 

Konfransda ölkəmizi geniş tərkibdə nümayəndə heyəti təmsil edib

 

Diaspora ilə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata əsasən, Almaniyada yeni yaradılan Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyi "Azərbaycan və Almaniya arasındakı akademik mübadilə, hazırkı vəziyyət və perspektivlər" mövzusunda konfrasa qatılıb.

Konfransda Azərbaycanın təhsil naziri Misir Mərdanov, Gənclər və İdman naziri Azad Rəhimov, Milli Məclisin üzvləri R.Rzayev və Əkrəm Abdullayev, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Almaniya Xarici İşlər Nazirliyinin Mədəniyyət və Kommunikasiya şöbəsinin rəhbəri M.Kolber, Alman Akademik Mübadilə Xidmətinin Mərkəzi və Şərqi Avropa, MDB və Türkiyə üzrə qrupunun rəhbəri Dr.G.Berghorn, Bundestaqın deputatları iştirak ediblər.

Konfransda Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin üzvlərindən Mannhaym Universitetinin doktorantı Azər Babayev "Cənubi Osetiya müharibəsinin Dağlıq Qarabağ münaqişəsinə təsirləri" və Vürzburg Universitetinin tələbəsi Nicat Heydərov "AB qonşuluq siyasəti proqramı və Azərbaycan üçün bundan irəli gələn əməkdaşlıq imkanları" mövzularında çıxışlar ediblər. Hər iki çıxış Almaniya dövlətini təmsil edən rəsmi şəxslərin böyük marağına səbəb olub.

Daha sonra Berlində fəaliyyət göstərən "Azərbaycan Evi"ində birliyin toplantısı keçirilib. Tədbirdə birliyin sədri Samir Abbasov Birliyin yaranmasının zəruriliyi və gələcək perspektivləri haqqında ətraflı məlumat verib. Tədbirə qatılan təhsil naziri M.Mərdanov və Milli Məclis üzvləri R.Rzayev və Ə.Abdullayev azərbaycanlı tələbə və elmi işçilərin problemləri ilə maraqlanıb. Onların həlli yollarını birlik üzvləri ilə ətraflı müzakirə ediblər.

Müzakirələrdən sonra qurumun birillik iş planı təsdiqlənib. ATEİB üzvlərinin növbəti görüşünün Vürzburg Universitetində keçirilməsi qərara alınıb. Bu barədə Vürzburg Universitetinin professoru E.Hilgendorfla razılıq əldə edilib.

 

 

Kübra ƏLİYARLI

 

Səs.- 2009.- 23 yanvar.- S.10.