"Nabucco" reallığa
çevrilir
Prezident İlham Əliyevin də iştirak edəcəyi
Budapeşt sammitində bununla bağlı mühüm qərarlar
qəbul ediləcək
Yanvarın 26-27-də
Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək
"Nabucco" sammitində bu strateji layihənin
reallaşdırılması istiqamətində müzakirələr
aparılacaq. Ona qədər ölkənin dövlət
başçısının qatılacağı zirvə
toplantısında Prezident İlham Əliyevin də
iştirakı gözlənilir. Xarici işlər naziri Elmar Məmmədyarovun
sözlərinə görə, Prezident İlham Əliyevin
iştirak edəcəyi sammitdə Avropa Birliyinin "Şərq
tərəfdaşlığı" proqramı və
"Nabucco" layihəsi müzakirə olunacaq...
Qeyd edək ki, Azərbaycan
qazını Türkiyə ərazisindən keçməklə
Mərkəzi Avropaya çatdıracaq "Nabucco" boru kəməri
2012-ci ildə istismara hazır olacaq. Kəmərin əməliyyatçısı
Avstriyanın "OMV" şirkətidir. İlkin mərhələdə
kəmərlə ildə 30 mlrd kub m mavi yanacağın nəqli
planlaşdırılır. Ən yaxşı halda bu həcmin
üçdə biri Azərbaycanın payına düşəcək.
Kəmərin işə düşməsinə 3 il qalsa da,
artıq Avropa ölkələri 15 mlrd kub m-ə yaxın
qazın alınmasına hazır olduqlarını bəyan
edib. Həcmin qalan yarısının isə
alıcıları Mərkəzi və Qərbi Avropa ölkələri
olacaq.
Onu da qeyd edək ki,
Türkiyə ərazisindən keçməklə
Rumıniya, Bolqarıstan, Macarıstan və Avstriyaya qədər
3300 km uzunluğunda yeni kəmərin inşası,
iştirakçılara 5 mlrd dol-a başa gələcək. Kəmərin
inşasına səhmdarlardan başqa beynəlxalq maliyyə
institutları da pul ayıra bilər. Səhmdarlar borcun
alınmasının kredit üzrə faiz dərəcələrindən
asılı olduğunu bildirir. "Nabucco" kəməri ilə
Azərbaycandan başqa Türkmənistan, İran və
İraq qazının ixracı da nəzərdə tutulur. Qiymətlərə
gəlincə, "OMV" şirkətinin ekspertləri hesab
edir ki, bu gələcəyin işi olduğundan, indidən
konkret heç nə demək olmaz: "O vaxta qədər
yanacaq bazarında vəziyyətin necə olacağı dəqiq
məlum deyil. Bir də qiyməti alıcı ilə
satıcı müəyyən edir. Səhmdarlarsa kəmərin
sahibi kimi yalnız tranzit haqqı tələb edə bilər".
Azərbaycan tərəfi isə bəyan edir ki, Xəzər
qazının "Nabucco" kəməri ilə nəqli və
satışı kommersiya şərtlərindən
asılı olan bir məsələdir.
Dövlət Neft
Şirkətindən isə bildiriblər ki, Azərbaycan
"Şahdəniz" qazının Avropaya
satışında maraqlıdır və yatağın
işlənməsinin 2-ci mərhələsində əlavə
həcmlərin satışı üzrə
danışıqlar aparıla bilər. Ekspertlərin fikrincə,
şərtlər qaneedici olsa Türkmənistan qazının
bu istiqamətə cəlbində problem yaranmayacaq. Lakin
"Nabucco" kəmərinin Orta Asiya infrastrukturu ilə birləşməsi
üçün uzunluğu 300 km olan sualtı kəmər
çəkilməlidir. Qeyd edək ki, artıq
"Nabucco" layihəsi işə düşəndə təkcə
"Şahdəniz" dən ildə 20 mlrd kub me-ə
yaxın qaz çıxarılacaq. Bunun da təqribən 40
faizinin Avropaya nəqli planlaşdırılır.
Rusiya isə iddia
olunduğunun əksi olaraq, "Nabucco" layihəsinin
reallaşmasına əngəl törətməyəcək. Bunu
Rusiyanın baş naziri Vladimir Putin bəyan edib. Onun sözlərinə
görə, rəsmi Moskva, enerji ehtiyatlarının nəqli
üçün alternativ yolların tərəfdarıdır:
"Biz "Nabucco" layihəsinin
iştirakçılarından deyilik. Amma onun
reallaşmasına da mane olmayacağıq. Əgər ehtiyat və
müqavilələr varsa, qoy reallaşdırsınlar".
Qeyd edək ki, Azərbaycanda
artıq Avstriyanın "OMV" neft-qaz konserninin daimi
nümayəndəliyi açılıb. Xəzər enerji
ehtiyatlarının Avropaya çatdırılması layihəsinin
- "Nabukko Qas Pipeline Kompany" şirkətinin
icraçı direktoru Reynxard Mitşekin verdiyi məlumata
görə, Avstriyanın "OMV" neft-qaz konserninin
nümayəndəliyinin açılması Azərbaycanın
təbii qazının Avropaya daşınmasına müsbət
təsir göstərəcək: "Biz Mərkəzi Asiya
ölkələrindən qazın "Nabucco" kəməri
vasitəsilə nəqli planlarımızda Azərbaycanın
dəstəyini gördük"-deyə Mitşek bildirib.
Sənaye və Energetika
naziri Natiq Əliyevin verdiyi məlumata görə, Bakıda Azərbaycan
və Avstriya arasında imzalanmış
qarşılıqlı anlaşma memorandumu ölkələr
arasında "Nabucco" qaz kəməri sahəsində əməkdaşlığın
dərinləşməsinə imkan verəcək: "Mən
hesab edirəm ki, bu gün "Nabucco" üçün
real mənbə (qazın daşınmasının) Azərbaycandır.
Azərbaycan Dövlət Neft Şirkəti artıq layihədə
səhmdar qismində iştirak etmək üçün dəvət
olunub"- deyə nazir bildirib. Nazirin sözlərinə
görə, Azərbaycanın bu layihədə böyük
iştirak payına malik olmasına ehtiyac yoxdur. Onun sözlərinə
görə, Avropaya qazın çatdırılması Azərbaycan
üçün bir saylı məsələdir. "Biz
artıq "Şahdəniz" yatağının işlənməsinin
ikinci mərhələsi ərəfəsindəyik. Mərhələnin
2011-ci ilə qədər qüvvəyə minməsi gözlənilir"
- deyə nazir bildirib.
Budapeşt sammiti ərəfəsində
enerji rəqabəti uğrunda ABŞ və Avropa Birliyi ilə
Rusiya arasında qarşılıqlı ittihamların daha kəskin
səslənməsinə rəğmən, proseslərin mərkəzində
iddialı oyunçı kimi Türkiyənin də
dayandığını görmək olar. Çünki
regionun enerji ehtiyatları məhz Türkiyə ərazisi vasitəsilə
Avropaya çıxa bilər. Hətta yaxın gələcəkdə
ABŞ-ın və Avropa Birliyinin Yaxın Şərq
qazını İraq ərazisindən keçməklə
Türkiyə ərazisində "Nabucco" kəmərinə
qoşmaq planlarının olduğu bildirilir. Bu baxımdan,
Türkiyənin tranzit ölkə kimi nəinki əhəmiyyəti
artır, həmçinin, 3300 km uzunu, 12 mlrd dol dəyəri
olan "Nabucco" layihəsi ödəmə qabiliyyətinə
görə digər müştəri dövlətləri də
özünə cəlb edə bilər. Türkiyənin TPAO
şirkətinin Aşqabad şəhəri
yaxınlığında Türkmənistanın ən iri qaz
yataqlarından birinə 10 mln dol sərmayə yatırması
barədə razılığın əldə olunması isə
bu məsələyə ümidləri bir qədər də
artırıb. Uzun illər Türkiyə ilə davam edən
soyuq münasibətlərdən sonra rəsmi Aşqabadın
belə addım atması, artıq regionda böyük geosiyasi
və geoiqtisadi dəyişikliklərin
başlanğıcı hesab olunur.
Avropa Birliyinin energetika
komissarı Andris Piebalgs isə Böyük Britaniyada nəşr
olunan "The Guardian" qəzetinə
açıqlamasında deyib ki, elə məhz son hadisələrə
görə alternativ kəmər marşrutları indi çox
vacibdir: "Biz "Nabucco" layihəsi
qarşısındakı bütün siyasi maneələri
aradan qaldırmaq üçün daha çox siyasi cəhdlər
göstərməliyik".
ABŞ-ın "Financial
Times" qəzetinin enerji məsələri üzrə
eksperti Heyq Simonyan isə hesab edir ki, Azərbaycanın yeni
yataqlarından 2013-cü ildən etibarən qidalana biləcək
"Nabucco" kəmərini doldurmaq üçün ilkin mərhələdə
8 mlrd kub m qaz kifayət edəcək. "Nabucco"-nun ayrıca
bir qolu Türkmənistandan çəkilə bilər ki, bu da
nəqli ildə 31 mlrd kub m-ə çatdıra bilər. "Financial
Times" yazır ki, "Nabucco" elə bir geniş layihədir
ki, o, hətta müəyyən tarixi kəsimdə İraq və
İran kimi ölkələri də əhatə edə bilər.
Beynəlxalq hüquq üzrə
ekspert, professor Rüstəm Məmmədov isə hesab edir ki,
Budapeşt sammiti Xəzər regionunda və o cümlədən,
Cənubi Qafqazda son vaxtlar baş verən siyasi ziddiyyətlər
fonunda yeni həyatın başlanğıcına oxşar
haldır: "Əgər Xəzəryanı dövlətlər
bir-biri ilə dil tapırsa, əməkdaşlığa can
atırsa, deməli, regionda əmin-amanlığı real surətdə
qoruyub saxlamaq mümkün olacaq. Bu mənada Azərbaycanla
Türkmənistanın da əməkdaşlığı
mühüm əhəmiyyət kəsb edir. Türkmənistan
prezidentinin Bakıya səfərindən sonra aydın oldu ki, bu
iki qardaş ölkə bir-biri ilə əl-ələ verərək
işləməyə hazırdır. Dünyanın da buna
böyük marağı var. Əgər Türkmənistanla
Azərbaycan əməkdaşlıq edirsə, deməli, Mərkəzi
Asiya ilə Cənubi Qafqaz və Avropa arasında bir növ
real körpü yarandı. Bu isə böyük iqtisadiyyat,
yüksək gəlir və maddi-rifah halının
yaxşılaşması deməkdir. Hesab edirəm ki, bu
ölkələrin neft-qaz sektoru üzrə
yaxınlaşması iqtisadiyyatın digər sahələrinə
də müsbət təsir göstərəcək və
onların dinamik inkişafına səbəb olacaq".
Ekspert hesab edir ki, Azərbaycanla
Türkmənistan arasında enerji tərəfdaşlığının
qurulması "Nabucco" layihəsinin
reallaşmasını zəruri edir. Çünki Mərkəzi
Asiya dövlətləri Rusiya və Çinlə enerji sahəsində
əməkdaşlıq etməklə kifayətlənə
bilməz. Ona görə də, Azərbaycan vasitəsilə
Avropa bazarına çıxış bu dövlətlər
üçün daha sərfəlidir: "Bunu, sadəcə
olaraq, elə etməyə çalışırlar ki,
Rusiyanı qıcıqlandırmasınlar. Rusiya isə öz
payını aldıqdan sonra bu layihəyə mane
olmamalıdır". Layihənin təhlükəsizliyinin təmin
olunması imkanlarına gəlincə, R.Məmmədov qeyd
etdi ki, Qərb Rusiyanın enerji layihələrini güc yolu
ilə nəzarətə götürməsinə
qarşı çıxacaq. Eyni zamanda, ABŞ-ın bu prosesdə
kənar oyunçu olduğunu deyən mütəxəssis,
hesab edir ki, həmin məsələdə Azərbaycan,
Türkmənistan və Rusiya birgə anlaşmaya nail
olmalıdır: "Enerji layihələrinin təhlükəsizliyi
modelini hələ tapa bilməyiblər. Hələlik, bu,
şəxsi imkanlar hesabına təmin olunur. Tarix özü qərar
verəcək ki, xalqlar özləri bu layihələrin təhlükəsizliyi
formasını tapa bilsinlər. ABŞ kənar oyunçu
olduğu üçün birbaşa müdaxilə edib
Rusiyanın sərt müqaviməti ilə üzləşmək
istəmir. Ona görə də, bu dövlətlər özləri
Rusiya ilə öz paylaşmasını dəqiqləşdirməlidir".
Yeri gəlmişkən,
Avstriyada nəşr olunan nüfuzlu "FURXE" qəzetində
Volfqanq Maksrayskın "Kəmər müharibəsində
silahlanma yarışı" sərlövhəli məqaləsi
dərc edilmişdir. Məqalədə Azərbaycanın
"Nabucco" layihəsinin gerçəkləşməsinə
hər cür dəstək verməkdə, öz təbii qaz
ehtiyatlarının Avropaya nəqlində və Avropanın
enerji təhlükəsizliyində maraqlı olduğu qeyd
edilir. Müəllif yazır ki, "Nabucco" kəməri
Avropanı Rusiyanın enerji asılılığından azad
etməlidir. Lakin Moskva özünün "Cənub
axını" layihəsi ilə bunun əleyhinə
çıxır. Yazıda deyilir ki, dünya şöhrətli
İtalya bəstəkarı Cüzeppe Verdi yaradıcılığının
şedevri olan "Nabucco" operasında ekstremal gərginliyi,
romantik həyəcanı ilə qəlbləri titrədən
xor səhnəsindəki məşhur partiyada, insanların əbədi
xoşbəxtlik və azadlıq arzularının təntənəli
əks-sədası ucalır: "Uçun, vüsal
duyğuları, xoş düşüncələrlə dolu
azad, xoşbəxt yaşadığınız tarlalara
enin!"
Bu gün isə
dünya siyasət və mediasının gündəmində
duran ən ümdə mövzulardan biri "Nabucco" adı
daşıyan boru kəməri layihəsidir. Avropanı
Rusiyanın enerji asılılığından xilas etmək məqsədilə
ortaya qoyulan bu layihə mavi yanacağın Azərbaycandan
başlayaraq Gürcüstan, Türkiyə, Bolqarıstan,
Rumıniya və Macarıstandan keçməklə Avropa
bazarlarına çatdırılmasını nəzərdə
tutur. 3300 km uzunluğunda bu təbii qaz kəməri Xəzər
hövzəsindən Vyanaya qədər uzanacaq. Layihənin ən
böyük üstünlüyü isə onun Rusiya ərazilərindən
yan keçməklə çəkilməsidir. Müəllif
xatırladır ki, Rusiyanın sərt qış aylarında
Ukrayna və Qərbi Avropaya qaz verilməsini dayandırmaqla bu
dövlətləri təhdid etməsi, hələ də
yaddaşlardan silinməyib. Bir dövlətdən total enerji
asılılığı təhlükəlidir, buna
alternativlərin olması isə zəruridir.
ABŞ-ın Hadson
İnstitutunun Avrasiya siyasəti üzrə mərkəzinin
direktoru Zeyno Baran kəmərin əhəmiyyətini belə
qiymətləndirir: "Nabucco" vacibdir, çünki
Rusiya tərəfindən nəzarət edilməyən
qazı Avropa bazarına gətirir".
Bütün bu və digər
məqamlar Budapeşt sammitinin ölkəmiz üçün
böyük əhəmiyyətini ifadə edir və eyni
zamanda, Azərbaycanın regionun enerji təhlükəsizliyinə
mühüm töhfələr verdiyini təsdiqləyir.
Y.Əliyeva
Səs.- 2009.- 23 yanvar.- S. 4.