2008-ci il Azərbaycan sənayesi üçün uğurlu olub

 

Arif Vəliyev: "Ötən il Azərbaycanda adambaşına 5,4 min dol-lıq əlavə dəyər istehsal olunub"

 

Dünən Azərbaycan Dövlət Statistika Komitəsində respublikanın 2008-ci ildə sosial-iqtisadi inkişafının yekunlarına dair mətbuat konfransı keçirilib. DSK-nın sədri Arif Vəliyev 2008-ci il ərzində Azərbaycanda ümumi daxili məhsul istehsalının 10,8 faiz və ya müqayisəli qiymətlərlə 3,7 mlrd man artaraq 38 mlrd man-a çatdığını vurğulayıb: "Adambaşına 4439,9 man-lıq (5403,9 ABŞ dol-ı), yaxud 2007-ci ildəkindən 9,5 faiz çox əlavə dəyər istehsal olunub.

A.Vəliyev, həmçinin, bildirib ki, 2008-ci ildə 28 mlrd man-lıq sənaye məhsulu istehsal olunaraq, 2007-ci illə müqayisədə 6 faiz artıb: "2008-ci il ərzində 44,5 mln t neft və 16,3 mlrd kubm qaz hasil olunub ki, bu da 2007-ci ilə nisbətən 4,6 faiz və 50,4 faiz çoxdur".

DSK sədri onu da qeyd edib ki, ötən il Azərbaycanda qarğıdalı da daxil olmaqla 904,7 min ha sahədən ilkin çəkidə rekord səviyyədə - 2498,3 min t taxıl məhsulu toplanılıb ki, hər ha-ın orta məhsuldarlığı 2007-ci ilə nisbətən 0,5 s artaraq 27,6 s-ə yüksəlib. Bundan başqa, 2008-ci ildə Azərbaycanda 6,6 min ha sahədə emal üçün şəkər çuğundurunun əkini aparılıb və həmin sahələrdən 181,5 min t məhsul götürülüb. Nəticədə, 2007-ci ilə nisbətən şəkər çuğundurunun istehsalı 21,2 faiz və ya 31,8 min t artıb.

Komitə sədri 2008-ci ilin Azərbaycan sənayesi üçün uğurlu olduğunu bildirib. Onun sözlərinə görə, ötən il bu sahədə 28 mlrd man-lıq məhsul istehsal olunub. Bu da 2007-ci illə müqayisədə 6 faiz çoxdur. Sənaye məhsulunun 76,6 faizi istehsal olunmuş mədənçıxarma bölməsində istehsalın həcmi 5,3 faiz çoxalıb. İl ərzində ölkədə 44,5 mln t neft, 16,3 mlrd kub m qaz hasii olunub. Yəni, neft hasilatı 2007-ci ildəkindən 1,9 mln t (4,6 faiz), qaz hasilatı 5,5 mlrd kub m (50,4 faiz) artıq olub. Emal bölməsində istehsal olunmuş məhsul sənayenin ümumi məhsulunun 18,7 faizini təşkil edib və 2007-ci illə müqayi-sədə 7,4 faiz artıb. Bölməyə daxil olan məhsullardan neft məhsulları istehsalı 8,4, kimya sənayesi məhsulları 34,2, dəri və ayaqqabı istehsalı 27,2, metallurgiya sənayesi və hazır metal məmulatları istehsalı 23,3, qeyri-metal mineral maddələr istehsalı 0,5, maşın və avadanlıqlar istehsalı 7,9 faiz artıb. Sənaye məhsulunun 4,7 faizi elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində istehsal olunub. Ötən illə müqayisədə bu bölmədə artım 7,9 faiz təşkil edib. Keçən il Azərbaycanda elektrik enerjisinin istehsalı aşağı düşüb. Belə ki, il ərzində 20,2 mlrd kv saat elektrik enerjisi istehsal olunub ki, bu da 2007-ci illə müqayisədə 2 faiz azdır.

DSK sədrinin sözlərinə görə, 2008-ci il ərzində ölkənin tikinti kompleksində aparılan inşaat işləri üçün bütün maliyyə mənbələrindən 9073,6 mln man məbləğində investisiyadan istifadə edilib, o cümlədən, 5620,4 mln man-lıq tikinti-quraşdırma işləri görülüb ki, 2007-ci illə müqayisədə istifadə olunmuş vəsaitin məbləği 34,3 faiz, tikinti-quraşdırma işlərinə sərf olunmuş vəsaitin həcmi isə 56,7 faiz artıb.

Nəqliyyat sahəsində gəldikdə isə, DSK sədri qeyd edib ki, hesabat dövründə nəqliyyat müəssisiləri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 183 mln t yük və 1,2 mlrd sərnişin daşınıb, 2007-ci ilə nisbətən yük daşınması 9,2 faiz, sərnişin daşınması isə 8,2 faiz artıb: "Yüklərin 15 faizi dəmir yolu, 48,1 faizi avtomobil nəqliyyatı, 30,4 faizi boru kəməri vasitəsilə, sərnişinlərin 83,2 faizi avtomobil nəqliyyatı, 16,1 faizi isə metropolitenlə daşınıb".

A.Vəliyevin sözlərinə görə, 2008-ci ilin yanvar-noyabr ayları ərzində ölkənin xarici ticarət dövriyyəsi 53,5 mlrd dol təşkil edərək 2007-ci ilin müvafiq dövrünə nisbətən 5,1 dəfə artıb. Xarici ticarət əməliyyatlarının 42,6 faizi, o cümlədən, idxalın 78,8 faizi və ixracın 37,6 faizi sərbəst dönərli valyuta ilə aparılıb. Xarici ticarətin ümumi həcminin 35,7 faizi İtaliya, 11,4 faizi ABŞ, 6,7 faizi İsrail, 4,7 faizi Hindistan, 4,6 fazi Fransa, 3,3 faizi Rusiya, 2,8 faizi İspaniya, 2,7 faizi Niderland, 2,6 faizi İndoneziya, 2,5 faizi Türkiyə, 2,4 faizi Birləşmiş Krallığın payına düşüb.

A.Vəliyevin sözlərinə görə, ötən ilin yanvar-noyabr ayları ərzində əhalinin banklardakı əmanətləri 2007-ci ilin 11 ayının göstəriciləri ilə müqayisədə 32,2 faiz artaraq 1,8 mlrd man-a çatıb.

DSK sədri onu da vurğulayıb ki, 2008-ci ilin yanvar-noyabr aylarında maliyyə-kredit təşkilatları tərəfindən ölkənin hüquqi və fiziki şəxslərinə verilmiş kreditlərin məbləği 58,6 faiz artaraq əvvəlki illərdə verilmiş kreditlər də nəzərə alınmaqla 6,9 mlrd man-a çatıb. Kreditlərin 69,2 faizi uzun müddətə verilib, 2,1 faizinin ödəmə vaxtı keçib.

DSK sədri siyahıyaalma ilə bağlı məlumat verərək hazırda bununla bağlı hazırlıq işlərinin getdiyini bildirib. A.Vəliyevin sözlərinə görə, artıq bu məsələ ilə bağlı hazırlıq işləri başa çatmaq üzrədir, lazımi maliyyə vəsait ayrılıb və zəruri texnika alınıb: "Hazırda əhalini siyahıya alacaq 25 min kadrın seçilməsi aparılır ki, sonradan onlar təlim keçəcək. Bu da, təxminən fevral-mart aylarında baş tutacaq. Aprelin 13-də isə əhalinin siyahıya alınması başlanacaq".

A.Vəliyev onu da bildirib ki, Azərbaycanda əhalinin siyahıya alınması on ildən bir keçirilir: "Azərbaycan əhalisinin sayı ötən il ərzində 1,2 faiz və ya 100 min nəfər artaraq 2009-cu ilin əvvəlinə 8,73 mln nəfərə çatıb".

Bu ilin yanvar-dekabr aylarında Azərbaycan iqtisadiyyatında çalışan işçilərin orta aylıq əməkhaqqının artması ilə də bağlı məlumat verən A.Vəliyev, bu il də artımın olacağını deyib: "2007-ci ilin orta aylıq əməkhaqqına nisbətən ötən il 24,2 faiz artaraq 268 manat təşkil edib. Daha yüksək orta aylıq əməkhaqqı mədənçıxarma sənayesində, maliyyə fəaliyyətində, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində və tikintidə müşahidə olunub. Müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əməkhaqqı 136,7 man və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əməkhaqqı 250,1 man təşkil edib".

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2009.- 24 yanvar.- S. 6.