2008-ci il təhsilimizin tarixində uğurlu olub

 

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan təhsil islahatı ötən il ərzində ölkə Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilib. Təhsil sahəsində əldə olunmuş nailiyyətlər, dövlət proqramlarının yerinə yetirilməsi, təhsil infrastrukturunun müasir tələblərə uyğun təkmilləşdirilməsi təhsilin məzmununun yeniləşdirilməsi və buna müvafiq yeni dərslik siyasətinin reallaşdırılması istiqamətində islahatların həyata keçirilməsi, əmək bazarının tələbatına uyğun kadr hazırlığının və pedaqoji kadrlarla təminatın yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi və digər bu kimi aktual məsələlər ötən ilin uğurlu yekununun nəticəsidir. Məhz bunun nəticəsidir ki, ötən il milli təhsilimizin tarixinə əlamətdar hadisələrlə dolu bir il kimi daxil olub.

Ötən il ölkə Prezidentinin imzaladığı dövlət proqramlarının həyata keçirilməsi istiqamətində görülən işlər xüsusi olaraq diqqətəlayiqdir. Bu proqramlar təhsilin bir neçə sahəsinə aiddir. Ən başlıcası orta ümumtəhsil məktəblərinin inkişafı ilə bağlı olub. Ötən il ölkədə 4545 ümumtəhsil müəssisəsi, o cümlədən, 31 ümumtəhsil internat məktəbi, 50 lisey, 8 gimnaziya fəaliyyət göstərib. Bu məktəblərdə 1483311 şagirdin təlim-tərbiyəsi ilə 175222 pedaqoq işçi məşğul olub. Eyni zamanda, 16 özəl ümumtəhsil məktəbində 6841 şagird təhsil alıb. Şagirdlərin dərsliklərlə təminatı məqsədilə qəbul olunmuş "Dərsliklərlə təminat Proqramı (2006-2015)," eyni zamanda, "Məktəblərin avadanlıqlarla təminatı Proqramı (2005-2009)", "İKT ilə təminat Proqramı" və s. dövlət proqramlarının həyata keçirilməsi istiqamətində uğurlu nəticələr əldə olunub. Söz yox ki, bu proqramlar arasında məktəb tikintisi, məktəblərə əlavə korpusların inşası, eləcə də, əsaslı təmir işləri üzrə proqramın reallaşması üzrə görülən işlərin miqyası daha da genişləndirilib. Təkcə 2008-ci ildə 161 yeni məktəb və əlavə korpus tikilib, 129 məktəb əsaslı təmir olunub.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında ötən il bir sıra bölgələrdə yeni məktəblər inşa olunub və bu gün də bu istiqamətdə işlər davam etdirilir. Ötən ilin ən uğurlu yekunlarından biri məktəblərin "İKT ilə təminatı Proqramı"nın reallaşması istiqamətində həyata keçirilən tədbirlərdir. Cənab Prezident İlham Əliyev cənablarını bu məsələyə xüsusi önəm verməsinin nəticəsidir ki, 2004-cü ildə imzalanmış Dövlət Proqramı artıq reallaşdırıldı. İndi isə 2008-2012-ci illəri əhatə edən ikinci Dövlət Proqramı artıq həyata keçirilməyə başlanılıb. İndi Azərbaycanın hər 29 şagirdinə 1 kompyüter nisbəti həll olunub.

Təhsilin keyfiyyətinin xeyli yüksəlməsinin nəticəsidir ki, yeni dərs ilində kurrikulum islahatına başlanıldı. Artıq bu dərs ilində 1-ci siniflərdə dərslər kurrikuluma uyğun olaraq keçirilir. Bu, təhsil sistemində yeni mərhələnin başlanğıcı oldu.

Ötən il möhtərəm Prezidentin Sərəncamına əsasən "Ən yaxşı məktəb", "Ən yaxşı müəllim" müsabiqəsinə yekun vuruldu. 50 məktəbin hər biri 10000 manat, 100 müəllim isə 50000 manat məbləğində mükafatlandırıldı. Bu gün məktəblərimiz və müəllimlərimiz bu yarışlarda iştirak etmək üçün öz imkanlarını maksimum səfərbər etməyə çalışırlar.

2008-ci ildə müəllim kadrlarına olan tələbatın ödənilməsi istiqamətində görülmüş işlər də təqdirəlayiqdir. "2005-2009-cu illər üçün ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə Dövlət Prqramı" bu sahədə mühüm rol oynadı. Ötən il bu proqramın reallaşması üçün ciddi tədbirlər həyata keçirildi.

Orta ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş buraxılış test imtahanları da öz müsbət nəticəsini verdi. Belə ki, ali məktəblərə qəbul imtahanları zamanı 600-dən yuxarı bal toplayan şagirdlərin sayı ilbəil artıb. 2008-ci ildə onların sayı rekord həddə - 1582 nəfərə çatdı.
   Ötən il, həmçinin, dünya fənn olimpiadalarında və beynəlxalq bilik yarışlarında şagirdlərimizin göstərdiyi nailiyyətlər də sevindiricidir.

Ötən il məktəbəqədər tərbiyə müəssisələrinin fəaliyyətində də uğurlu il olub. Belə ki, 2008-ci ildə 21 uşaq bağçası əsaslı təmir olunub, yeni avadanlıqlarla təmin edilib. Eyni zamanda, bu müəssisələr üçün 24 adda 254 min nüsxədə təlim materialı hazırlanıb. Bu sahədə dövlət başçısının imzaladığı (2007) Dövlət Proqramının hazırda həyata keçirilməsi ilə bağlı ciddi işlər görülür.

Artıq Azərbaycanda təhsil islahatı çox məsuliyyətli dövrünə qədəm qoyub. Ötən il məhz gələcək inkişaf üçün yaradılan stimul imkan verəcək ki, 2009-cu ildə də milli təhsilimiz daha da tərəqqi etsin. Ölkə Prezidentinin təhsilə göstərdiyi qayğı bu inkişafın davamlı olacağına böyük inam yaradır.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2009.- 24 yanvar.- S.10.