İslam ölkələrinin qarşılıqlı informasiya dəstəyi...

 

Azərbaycan nümayəndə heyəti İKT İnformasiya Nazirləri Konfransında müvafiq təkliflərlə çıxış edəcək

 

2009-cu il yanvarın 25-də Mərakeşin paytaxtı Rabat şəhərində İslam Konfransı Təşkilatına (İKT) üzv dövlətlərin İnformasiya Nazirləri Konfransının 8-ci sessiyası başlayıb. APA-nın məlumatına görə, sessiyada təşkilata üzv olan 60-dək dövlətin informasiya nazirləri və informasiya məsələləri üzrə rəsmi nümayəndələri iştirak edirlər. Azərbaycanı tədbirdə Prezidentin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Sessiyada İslam ölkələri arasında informasiya-kommunikasiya sahəsində əməkdaşlığın gücləndirilməsi, kütləvi informasiya vasitələri arasında informasiya mübadiləsinin yaxşılaşdırılması, İslam ölkələrinin vahid informasiya siyasətinin inkişaf etdirilməsi, İKT-yə üzv ölkələrinin KİV-inin istiqamətləndirilməsinə dair Məcəllənin qəbulu, İKT mediasının və kommunikasiya sektorunun fəaliyyətinin aktivləşdirilməsi, Beynəlxalq İslam Xəbər Agentliyinin və İslam Yayım Birliyinin yenidən qurulması, İKT-nin 40 illiyinin qeyd olunması və digər məsələlər müzakirə olunacaq.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Ə.Həsənov tədbirdə çıxış edərək, son illər Azərbaycanın keçdiyi inkişaf yolu, Azərbaycanla İslam ölkələri arasında əlaqələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verəcək. Ə.Həsənov müsəlman dövlətlərində baş verən hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında bütün üzv dövlətin İnformasiya vasitələrinin imkanlarından istifadə olunması, İKT üzvü olan ölkələrin KİV-inin fəaliyyətinin əlaqələndirilməsi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında təşkilata üzv dövlətlərin dəstəyinin gücləndirilməsi və digər məsələlərə dair təkliflər irəli sürəcək.

 

 

Səs.- 2009.- 27 yanvar.- S.4.