Davos görüşü
münaqişənin həllinə
təkan verə bilər
Mübariz Əhmədoğlu: "Belə
görüşlərin keçirilməsi ilə Azərbaycan
öz məqsədinə yaxınlaşmış olur "
Artıq 2009-cu ilin ilk
ayında Dağlıq Qarabağ münaqişəsi ətrafında
danışıqlara start verildi. Belə ki, Minsk Qrupunun həmsədrlərinin
Azərbaycan və Ermənistana Avropa Birliyi nümayəndəsinin
region ölkələrinə səfəri bu ilin ilk
danışıqları oldu. Bu görüşlərin
keçirilməsinin əhəmiyyətinə gəlincə
isə, onlar yalnız qarşıdakı görüşlərə
zəmin yaratmaq məqsədilə keçirildi. Əlbəttə
ki, məqsədə nail olmaq üçün iki dövlət
arasında razılaşmanın olması vacibdir. Bu məqsədlə
yanvar ayının sonunda dövlət
başçıları səviyyəsində Davosda iqtisadi
forumda ikitərəfli görüşün keçirilməsi
nəzərdə tutulur. Bu görüşdən nə kimi
mütərəqqi nəticələr gözləmək olar
və ümumiyyətlə, Dağlıq Qarabağ
münaqişəsinin yaxın gələcəkdə
hansı istiqamətdə inkişaf edəcəyi barədə
və digər suallar ətrafında politoloq Mübariz Əhmədoğlu
ilə söhbət etdik, onun fikirlərini öyrəndik.
- Mübariz müəllim,
ilk növbədə, prezidentlərin Davos
görüşü barədə fikirlərinizi öyrənmək
istərdik. Bu görüşdən hansı mütərəqqi
nəticələri gözləmək olar?
- Zaman keçdikcə
belə görüşlərin keçirilməsi ilə Azərbaycan
öz məqsədinə, yəni, həlledici məqama
yaxınlaşır. Bütün baş verən proseslər,
görüşlər nə qədər çox olarsa, bu, Azərbaycanın
həlledici məqama yaxınlaşmasını sürətləndirəcək.
Azərbaycan təkcə danışıqlarla kifayətlənmir.
Bununla yanaşı, iqtisadiyyatımızı, hərbimizi də
gücləndirir.
Davos forumuna gəlincə,
o Ermənistan üçün ağır bir
toplantıdır. Çünki ora dünyanın varlı
dövlətlərinin yığışdığı bir
yerdir. Oraya dünya iqtisadiyyatının idarə olunmasında
yeri olan dövlətlərin başçıları dəvət
olunur. Mən bir tədqiqatçı kimi deyə bilərəm
ki, ümumiyyətlə, müstəqillik dövründə
hansısa bir Ermənistan prezidentinin birmənalı şəkildə
ora dəvət olunması qeyd olunmamışdır. Hətta
dəvətsiz də olsa, Ermənistanın orada
iştirakı yada düşmür. Amma diqqət etsək
görərik ki, ümummilli liderimiz Heydər Əliyev öz
sağlığında ikən bu forumda iştirak etmişdir.
Amma İlham Əliyev Prezident olduqdan sonra Azərbaycan bu forumun
ən arzuolunan iştirakçılarından birinə
çevrilib. Yəni, Azərbaycanın Davosda reytinqi var, Ermənistanın
isə yoxdur. Ermənistan rəhbərliyi özü də
başa düşür ki, o, kasıb ölkədir. Bu
baxımdan, Davos Ermənistan üçün bir o qədər
rahat yer deyil. Belə bir psixoloji şəraitdə
görüşün keçirilməsi bizə sərf edir.
ATƏT-in Minsk Qrupunun həmsədrləri
çalışırlar ki, Madrid prinsiplərində olan bəzi
detalları bir-birinə yaxınlaşdırsınlar. Təbii
ki, Ermənistan çalışır ki, müqavimət
göstərsin. Ümumiyyətlə, Madrid protokolundakı əsas
prinsiplərin düzülüşü,
ardıcıllığı, təsviri Azərbaycanın
xeyrinədir. Bir daha qeyd etmək istəyirəm ki, belə
görüşlərlə Azərbaycanın həlledici məqamı
yaxınlaşır. Onu da deyə bilərəm ki, Mins Qrupunun
üzvü olan dövlətlərdən yəni, ABŞ,
Fransa və Rusiyadan xarici işlər nazirləri iştirak edərsə,
bu görüşdən daha effektiv nəticələr
gözləmək olar.
- Yaxın günlərdə
bildiyiniz kimi, Avropa Birliyi nümayəndəsinin regiona səfəri
zamanı Azərbaycanda da oldu və onun səsləndirdiyi
fikirlərdən biri də Dağlıq Qarabağ
münaqişəsinin yalnız sülh yolu ilə həll
olunmalıdır. Sizcə, AB nümayəndəsinin belə
bir fikri qəti şəkildə səsləndirməsi təşkilatın
Azərbaycanın problemi hərbi yolla həll etməsi
mövqeyinin üstündən birdəfəlik xətt çəkməsi
demək deyil ki?
- Əvvəla, mən
sizə Avropa Birliyinin mövqeyi ilə bağlı deyim ki, bu
birliyinin mövqeyində dəyişiklik var. Cüzi dəyişiklik
olsa da, bu, Azərbaycanın xeyrinədir. Hələ görməmişəm
ki, Avropa Birliyinin belə yüksək rəsmisi Ermənistanda
olarkən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi
ilə bağlı açıq bəyanat versin. Valdner Ermənistanda
olarkən ərazi bütövlüyü prinsipi ilə öz
müqəddəratını təyinetmə prinsipi əsasında
balans, eyni zamanda, ortaq məxrəc təpılmalıdır
fikrini çox qətiyyətlə bildirdi. Bu vaxta qədər
Ermənistanın Avropa Birliyində mövqeyi çox
güclü idi. Avropa Birliyindən olan nümayəndələr,
adətən, Ermənistanda bu sözü demirdilər. Azərbaycanda
və ya digər ölkələrdə bunu bildirsələr
də, Ermənistanda bu hələ səslənməmiş
bir fikir idi. Ona görə də, Avropa Birliyinin mövqeyinin də
cüzi Azərbaycanın xeyrinə dəyişdiyini
müşahidə edirik.
O ki, qaldı məsələnin
həlli yoluna, Azərbaycanın xarici siyasətini, o cümlədən,
Dağlıq Qarabağla bağlı siyasətini müəyyənləşdirən
Azərbaycanın Prezidentidir. O da dəfələrlə hətta
Moskva bəyamnaməsindən sonra İtaliyada olarkən də
qeyd etmişdi ki, heç bir şey hərbi yolla Azərbaycanın
torpaqlarını işğaldan azad etməsi hüququnu əlindən
ala bilməz. Sadəcə olaraq, Azərbaycan çalışır
ki, ruhdan düşməsin, müharibə olmasın, bir
sözlə, sülh əldə olunsun. Yox, əgər ermənilər
sülhə razı olmasalar, təbii ki, biz hərb yoluna əl
ata bilərik. Ona görə, nə Valdnerin dediyi, nə də
digər sənədlər hərbi yolu Azərbaycanın əlindən
ala bilməz.
- Barak Obamanın ABŞ
prezidenti seçilməsindən sonra onun münaqişə
bölgələrinə nümayəndələrin göndərilməsi
ilə bağlı tapşırığı olub. Sizcə,
bu, Azərbaycanın xeyrinə sayıla bilərmi və
ümumiyyətlə, yeni prezidentin dövründə məsələnin
həlli yolunda hansı dəyişiklikləri gözləmək
olar?
- Mən belə
düşünmürəm ki, ABŞ Ermənistanın
mövqeyini dəstəkləyir. Yalnız iki halda
ABŞ-ın Ermənistanın tərəfdaşı saymaq
olar. Bunlardan birincisi, BMT-nin sessiyalarında Dağlıq
Qarabağla bağlı məsələdə neytral mövqedə
dayanması və ona yardım etməsidir. Bundan başqa,
bütün hallarda ABŞ Azərbaycanın tərəfindədir.
Hətta 2008-ci ildə Dağlıq Qarabağ münaqişəsinin
tənzimlənməsi ilə bağlı yeni formula meydana gəldi
ki, əvvəlcə ərazi bütövlüyü prinsipi,
sonra isə qalan prinsiplər uzlaşdırılmalıdır.
Ona görə də, belə düşünürəm ki,
Obamanın prezidentliyi dövründə Dağlıq
Qarabağ münaqişəsinin həllində aktivlik
yaranacaq.
- Rusiyanın Ermənistana
kütləvi şəkildə silah satması bu
münaqişənin yenidən alovlanmasına səbəb ola
bilərmi?
- Dağlıq Qarabağ
münaqişəsinin hərbin alovlanması ilə
bağlı onu deyə bilərəm ki, elə təsəvvür
edin ki, artıq quru odunlardan tonqal düzəldilib, benzin də,
kibrit dəvar. Bircə qalıb ki, kimsə onu
alovlandırsın. Dağlıq Qarabağ alovlanmağa ən
yaxın sönmüş münaqişədir. Bu təkcə
Yaxın Şərq məsələləri ilə
bağlı deyil, həm də Rusiyanın öz daxilində
olan münaqişəli etnik regionlarda -tatarlar,
başqırdlar və digərləri xeyli fəallaşıb.
Bütün bunlar onu göstərir ki, Dağlıq Qarabağ
münaqişəsi çox tez bir zamanda alovlana bilər.
Murad İSMAYILZADƏ
Səs.- 2009.- 27 yanvar.- S. 8.