BUDAPEŞTDƏ NABUKKO LAYİHƏSİNƏ
DAİR ENERJİ SAMMİTİ KEÇİRİLİB
İlham Əliyev: "Azərbaycan Avropanın
enerji təhlükəsizliyində mühüm rol oynayır"
Macarıstanın paytaxtı
Budapeştdə Nabukko layihəsinə dair enerji sammiti
keçirilmişdir. Parlament binasında başlayan
sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Macarıstanın
Baş naziri Ferents Dyurçan, Çexiyanın Baş
naziri Mirek Topolanek, Bolqarıstanın Baş naziri Sergey
Stanişev, Gürcüstanın Baş nazirinin birinci
müavini, maliyyə naziri Nika Giluari, Avropa Komissiyasının
energetika məsələləri üzrə komissarı
Andris Piebalqs, Avstriyanın iqtisadiyyat və əmək
naziri Reynhold Mitterlehner, Rumıniyanın iqtisadiyyat
naziri Adrian Videanu, Misirin neft naziri Amin Samih Fəhmi,
Türkiyənin energetika və təbii sərvətlər
naziri Hilmi Gülər, Türkmənistanın Karbohidrogen
Ehtiyatlarının İdarəedilməsi və İstifadəsi
üzrə Dövlət Agentliyinin direktoru Yaxşıgəldi
Kakayev, habelə Almaniyanın, İraqın,
ABŞ-ın nümayəndələri, Avropa İnvestisiya
Bankının, Avropa Yenidənqurma və İnkişaf
Bankının prezidentləri iştirak edirdilər.
Xəzər hövzəsi
və Mərkəzi Asiyadan, gələcəkdə isə
Yaxın Şərqdən təbii qazın Avropaya nəqlini
nəzərdə tutan Nabukko layihəsi ilə bağlı
yaradılmış transmilli konsorsiuma Avstriyanın
OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulqarqaz",
Rumıniyanın "Transqaz", Türkiyənin BOTAŞ
və Almaniyanın RWE şirkətləri daxildir. Fransanın "Qaz de Frans" şirkəti də konsorsiuma qoşulmaq niyyətini bildirmişdir.
Nabukko layihəsinin operatoru
qismində Avstriyanın
OMV şirkəti çıxış
edir. Konsorsium üzvləri layihə
üzrə hökumətlərarası
sazişi imzalamağı
planlaşdırırlar ki, bu da
kəmərin tikintisinin
qanunverici bazasının
yaradılması üçün
zəruri hesab olunur.
Layihə dəyəri 8 milyard avro olan və
ildə təqribən
26-32 milyard kubmetr qaz ötürəcək
Nabukko kəmərinin
inşası 2014-cü ilədək
yekunlaşmalıdır. Nabukko boru
kəməri ilə
2012-ci ildə Azərbaycan,
sonra Qazaxıstan və Türkmənistan
qazının nəqli
nəzərdə tutulur.
Növbəti mərhələdə,
2017-ci il üçün bu kəmərlə İran,
İraq və Misir qazının nəqli də istisna olunmur.
Nabukko ilk qaz xəttidir ki, dünyanın bir çox regionu arasında əlaqə yaradacaqdır. Uzunluğu
3,3 min kilometr nəzərdə tutulan
kəmərin marşrutunda
əsas tranzit ölkə Türkiyə
olacaqdır (2 min kilometr).
Layihəyə görə
kəmərin 400 kilometri
Bolqarıstan, 460 kilometri
Rumıniya, 390 kilometri
Macarıstan, 50 kilometrə
qədəri isə
Avstriyanın ərazisinə
düşür.
Sammit açıq
elan olunduqdan sonra çıxış
edən Macarıstanın
Baş naziri Ferents Dyurçan Azərbaycan Prezidenti İlham Əliyevi və digər iştirakçıları salamladı, dostluq xarakteri daşıyan Nabukkonun hamını birləşdirən layihə
olduğunu vurğuladı.
Son illər Avropa ölkələrinin enerji
problemləri ilə
üzləşdiyini, onların
iqtisadiyyatında geriləmə
müşahidə olunduğunu
deyən Baş nazir Avropanın enerji təhlükəsizliyinin,
eləcə də ayrı-ayrı ölkələrin
müstəqilliyinin möhkəmləndirilməsi
baxımından yeni
alternativ layihəyə
ehtiyac duyulduğunu
söylədi. Bu məqsədlə
də Nabukko layihəsinin reallaşdırılmasına
qərar verilmişdir.
Bu işdə Azərbaycana və Türkmənistana ümid
böyükdür. Bu
layihənin maliyyələşdirmə
mənbələrinin müəyyənləşdirilməsi
və kreditlərin
alınmasında problem yaranmayacaqdır.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi. Sammitin
yüksək səviyyədə
təşkilinə görə
minnətdarlığını bildirən dövlətimizin
başçısı dedi
ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində
mühüm rol oynayır. Azərbaycan etibarlı tərəfdaş
ölkədir və
öz təbii sərvətlərini Xəzər
hövzəsindən Avropaya
nəql edir. Azərbaycanın həyata keçirdiyi
neft-qaz siyasəti xalqın mənafeyinə
xidmət edir. Biz bir çox
istiqamətlərdə yeni boru xətləri
çəkmişik. Biz boru xətlərinin
çoxşaxəliliyinin tərəfdarıyıq. Bizim qaz ehtiyatlarımız
zəngindir. 2-3 trilyon kubmetr qaz ehtiyatı var ki, bu
da onilliklər ərzində ehtiyacımızı
ödəyəcəkdir.
Azərbaycanın Nabukko
layihəsini həmişə
dəstəklədiyini bildirən Prezident İlham Əliyev dedi ki, bu
dəstək gələcəkdə
də davam edəcəkdir. Bakıda keçirilən
sammitdə Azərbaycan
öz mövqeyini ortaya qoymuşdur.
Bu layihədə iştirak edən bütün tərəflər
əməkdaşlığa hazırdırlar. Bu gün Azərbaycan təkcə tranzit ölkə deyil, həm də enerji mənbələri
ilə zəngin olan ölkədir.
Bu layihə
çərçivəsində yaxşı tərəfdaşlıq
əlaqələrinin yaranacağına
əmin olduğunu bildirən Prezident İlham Əliyev dedi ki, birgə
əməkdaşlıq nəticəsində
bütün işlərin
öhdəsindən gəlmək
mümkündür. Azərbaycan bu cür layihələrin
icrasına dostluq əlaqələri kimi
baxır. Azərbaycan Avropa İttifaqına
və Avratlantik məkana inteqrasiyaya üstünlük verir və bu siyasət
bundan sonra da davam etdiriləcəkdir.
Çexiyanın Baş naziri Mirek Topolanek çıxışında Avropa
İttifaqı ölkələri
üçün Nabukko
layihəsinin əhəmiyyətini
vurğulayaraq bildirdi
ki, Avropa qaz təchizatındakı
asılılıqdan qurtarmalıdır
və bunun üçün Nabukkonun
reallaşması zəruridir. Bir neçə həftə
davam etmiş məlum qaz böhranı zamanı
Avropa ölkələrinə
2-3 milyard dollar məbləğində
zərər dəydiyini
bildirən Baş nazir dedi ki,
qarşıda duran əsas vəzifə Nabukko kəmərinin nəzərdə tutulan
vaxtda tikintisinə
başlamaqdır. Bu istiqamətdə bütün
səylər birləşdirilməlidir
və əminik ki, biz məqsədimizə
çatacağıq. Bu məsələlərdə
Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə
səmərəli əməkdaşlığı
genişləndirməliyik. Bir sözlə, bu layihənin həyata keçirilməsinə yaşıl
işıq yandırılmalıdır
və bu sammitin keçirilməsi
bu layihəyə siyasi dəstəyin göstəricisidir.
Mirek Topolanek onu da vurğuladı ki, layihə Rusiyaya qarşı yönəldilməmişdir. Rusiyanın rəsmiləri bu layihənin əleyhinə
olmadığını bildirmişlər. Biz
"Cənub axını"
layihəsinə də
diqqət yetiririk və bu layihə
üzrə də sammitin keçirilməsi
nəzərdə tutulmuşdur.
Sonra çıxış
edən Bolqarıstanın
Baş naziri Sergey Stanişev dedi ki, Avropanın qaz təchizatı üçün yeni ideyalara və layihələrə ehtiyac
var. Biz irəliyə baxmalıyıq
və Nabukko layihəsinin reallaşması
üçün alternativ
mənbələr axtarmalı,
Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin
təbii qazının
Avropa məkanına
çatdırılmasına nail olmalıyıq. Avropa İttifaqına
üzv olan ölkələrin təbii
qaz təchizatının
yaxşılaşdırılması
məqsədi daşıyan
Nabukko layihəsinə
tərəfdaş ölkələr
siyasi dəstəklərini
vermişlər. Bolqarıstan üçün Nabukko prioritet xarakter daşıyır və
biz bunun gerçəkləşməsi
üçün əlimizdən
gələni edəcəyik.
Baş nazir vurğuladı ki, bütün tərəfdaş ölkələr
Azərbaycanın mövqeyini
yüksək qiymətləndirir.
Sonra Avropa Komissiyasının
sədri Joze Manuel Barrozunun sammit iştirakçılarına məktubu oxundu. Məktubda Azərbaycanın
tutduğu mövqe təqdir edilir və Nabukko layihəsinin dəstəkləndiyi
bildirilir.
Sammitdə digər nümayəndə
heyətlərinin rəhbərləri,
habelə potensial hasilatçı və tranzit ölkələrin
təmsilçiləri də
çıxış etdilər. Onlar belə
bir ümumi fikir bildirdilər ki, Nabukko qaz
kəmərinin tikintisi
layihəsində iştirak
edən dövlətlərin
sammiti bu layihənin həyata keçirilməsinə müsbət
təsir edəcəkdir.
Tərəfdaş ölkələrin nümayəndələri
çıxışlarında layihənin reallaşdırılması
ilə bağlı bütün siyasi səyləri yüksək
qiymətləndirdilər. Vurğuladılar ki, Rusiya ilə
Ukrayna arasında yaranmış qaz böhranı Nabukko layihəsini daha da aktuallaşdırmışdır
və Xəzər hövzəsinin təbii
qazının Avropanın
enerji təhlükəsizliyində
rolunu ön plana çıxarmışdır.
Nabukko kəmərinin çəkilişi
üçün bütün
qüvvələr səfərbər
ediləcəkdir. Maraqlı tərəflər
çoxdur və layihəni reallaşdırmaq
üçün imkanlar
kifayət qədərdir.
Sammitdə çıxış
edən ABŞ dövlət
katibinin Avrasiya məsələləri üzrə
müşaviri Mətyu
Brayzə dedi ki, Birləşmiş Ştatlar Nabukko layihəsinin həyata
keçirilməsində maraqlıdır, bunu dəstəkləyir və
layihənin təhlükəsizliyinin
təmin edilməsində
öz rolunu oynayacaq və hər zaman tərəfdaşlarının yanında olacaqdır.
Avropa İnvestisiya Bankının,
Avropa Yenidənqurma
və İnkişaf
Bankının prezidentləri
də Avropa üçün mühüm
əhəmiyyət kəsb
edən Nabukko layihəsinin maliyyələşdirilməsinə
hazır olduqlarını
bildirdilər.
Sammitdə bu layihədə maraqlı olan tərəflərin öhdəliklərini
müəyyən edən
bəyannamə qəbul
olundu.
Sammit iştirakçıları
birgə foto çəkdirdilər.
Daha sonra Macarıstan Elmlər Akademiyasının
binasında Nabukko
sammitinin qapalı
iclası oldu. İclasda layihə
ilə bağlı işin sürətləndirilməsi,
maliyyələşdirilməsi və qaz nəqli
məsələləri müzakirə edildi.
Bununla da sammit işini
başa çatdırdı.
Sammit başa çatdıqdan
sonra Macarıstanın
Baş naziri Ferents Dyurçanın adından nümayəndə
heyətlərinin rəhbərləri
üçün nahar
verildi.
Naib Niftəliyev
Səs.- 2009.- 28 yanvar.-
S. 2.3.